Baş qazi Qarabağ əlillərinin əsas problemlərini bir daha dilə gətirdi “Vətənin 20 faizi gedibsə, bizim də canımızın 20 faizi gedib. Vətənin 20 faizi gedibsə, bu insanlar da şəhid olublar”
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları, tapşırıqları və tövsiyələri ilə Qarabağ müharibəsi əlillərinin (Qazilərin), şəhid ailələrinin sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görülür. Onlar pulsuz mənzillər və avtomobillərlə, əlil arabaları və protez ortopedik məmulatlarla təmin edilirlər. Həm respublikamızda, həm yaxın xaricdə əlillərin müalicə - reabilitasiyası kursları həyata keçirilir. Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovdan fərqli olaraq 2013-cü ilin payızından bu posta yeni nazir edilən Səlim Müslümovun rəhbərliyi ilə xeyli işlər həyata keçirilib. Proses bu gün də davam edir. Amma yaşadığımız cəmiyyətdə Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin problemləri, onların yaşadıqları çətinliyi tez-tez müşahidə edirik. Bəs real vəziyyət necədir, onların əsas problemləri nədir? Elə bu sualla da, “Qarabağ qaziləri” birliyinin sədri, Qarabağ qazisi Etimad Əsədova müraciət etdik. QAZİLER.AZ saytı onunla müsahibəni təqdim edir:- Etimad bəy, bu gün vətən uğrunda canından keçən Qarabağ qazilərinin (əlillərin) hazırkı durumu necədir?
- Baxmayaraq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəxsən bu istiqamətdə çox ciddi sərəncamlar verir, işlər görür, amma Qarabağ qazilərinin (əlillərinin), şəhid ailələrinin vəziyyəti yaxşı deyil. Onların problemləri həddindən artıq çoxdur. Qarabağ əlillərinin ən vacib problemi onların pensiyalarının az olmasıdır. Bu gün 2-ci qrup Qarabağ müharibəsi əlili 160 manat pensiya və 130 manat prezident təqaüdü alır, 290 manatla o, 4-5 nəfər ailə üzvünü yaşatmalıdır. Bu mümkün deyil axı! Bizim hökumətimiz minimum yaşayış həddinin adambaşına 125 manat olduğunu açıqlayıb. Orta hesabla Azərbaycan ailəsinin 4 nəfərdən az olmadığını nəzərə alsaq, hətta 5 nəfərdən çox olan əlil ailələri də var, bu baxımdan minimum 500-600 manat pensiya almalıdırlar ki, öz ailələrini normal yaşada bilsinlər. Biz bu və digər məsələləri hökumət orqanları qarşısında dəfələrlə qaldırmışıq, təkliflərlə çıxış etmişik. Əmək və Sosial Müdafiə Naziri ilə görüşüb həmin təklifləri təqdim etmişik və söhbətlər aparmışıq. Düzdür, ötən ilin martında Prezidentin sərəncamı ilə bu qəbildən olan insanların Prezident təqaüdü ortalama 45 manat artırıldı. Amma bu da dediyim məbləğin alınması üçün yetərli deyil.
Yaxşı olar ki, heç olmasa, ailələrini dolandırmaq üçün onlara hər hansı bir gəlir sahəsi yaradılsın. Di gəl ki, əlilə və ya şəhid ailəsinə öz kiçik biznesini qurmağa da şərait yaradılmır. Buna da məmurlar imkan vermir. Birmənalı olaraq onlar müraciətlərinə bəzi kommersant icra başçıları tərəfindən yox cavabı alırlar. Açığı, Qazilərdən rüşvət istəyirlər! Vermədikləri üçün də onlara razılıq verilmir. Amma bildiyiniz kimi, respublikamızın paytaxtında və əyalətlərdə hər gün yeni-yeni ticarət və digər obyektlər tikilir, insanlar sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Amma döyüşçülərə o şərait yaradılmır. Əslinə qalsa 1-ci növbədə vətən qarşısında xidmətləri olan insanlar üçün bu şərait yaradılmalıdır.
“Kəmaləddin Heydərov Qarabağ əlilinə verdiyi sözə əməl etmədi”
İkinci məsələ - Qarabağ əlillərinin tibbi sığorta məsələsidir. Rəsmilər deyirlər ki, onlar müalicə alırlar, amma hamı bilir ki, bu gün xəstəxanalarda vəziyyət nə yerdədir? Kiməsə nəsə verməyincə proses çox ləng gedir, əlillərimizin müalicəsi başdansovdu edilir, dərman preparatlarının təminatı ilə bağlı ciddi problemlər var. Bu qəbildən olan insanlar artıq yaşa dolurlar və onlarda müxtəlif xəstəliklər meydana gəlir, bu zaman vəziyyət daha da mürəkkəbləşir. Dərmanların alınması xeyli miqdarda vəsait tələb edir. Düzdür, təşkilatımız tərəfindən Səhiyyə Nazirliyi ilə normal əlaqələr qurulub. Müraciət edəndə imkanları daxilində kömək edirlər. Amma ciddi problemlər hələ də var. Buna görə də düşünürəm ki, Qarabağ müharibəsi əlilləri tibbi sığorta olunaraq sığorta kartı almalı və həmin kartlar hesabına da xəstəxanalarda normal şəkildə müalicə olunmalıdırlar. Hazırda Azərbaycanda müharibə əlilləri ilə iş aparan təşkilat olaraq bilirik ki, çoxlu sayda hepatitdən əziyyət çəkən Qarabağ əlillərimiz var. Onların müalicələri çox ciddi problem yaradır. Bu baxımdan tibbi sığorta çox ciddi məsələdir. Məsələn, Qəbələ rayonundan qara ciyər hepatitindən əziyyət çəkən Qarabağ əlilimiz var – üç övlad atası Pərviz Əhmədov. Ötən ilə bununla bağlı Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun da qəbulunda olub, nazir də söz verib, amma əməl etmədi. Ailə üzvləri donor kimi öz ciyərlərini ona verməyə hazırdırlar. Amma əməliyyat üçün 40-45 min pul lazımdır. Biz bu məsələləri həyata keçirə bilmirik. İstəyirik, lakin imkanımız çatmır, adamın ürəyi ağrıyır.
Üçüncü məsələ mənzillə təminatla bağlıdır. Rəsmi rəqəmlərə görə 2014-cü ilədək bu kateqoriyadan olan 4278 əlil və şəhid ailəsi mənzillə təmin edilib, 5731 nəfər yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınıb. Evlər də tikilir. Amma bu proses də çox ləng gedir. 15 il ərzində 4278 Qarabağ qazisi və şəhid ailəsi ev alıbsa, 5731-i ev növbəsindədir. Məntiqlə qalan 5 mindən çox insana da 15 il ərzində ev veriləcək. Belə olanda, onların yaşını da hesablayanda heç bəlkə o mənzili almağa onların həyatları çatmadı. Çünki artıq həmin yaralı insanlar yaşlanırlar...Ona görə də bu proses tezləşməlidir. Məhz bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2014-cü ilin 20 iyununda bu məsələnin birdəfəlik həlli üçün sərəncam imzaladı. Həmin sərəncamda konkret bildirilir ki, 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər və şəhid ailələri 2014 – 2018 - ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilsin.
“...məsələ yenə uzansa o insanların çoxu dünyasını dəyişmiş olacaqlar”
Ancaq nəzərə alsaq ki, son 10 ildə bir neçə dəfə şifahi də olsa, belə göstərişlər verilib, amma buna baxmayaraq, proses uzanıb və bu dəfə də belə olması qorxusu yaranıb. Çünki, məsələ yenə uzansa o insanların çoxu dünyasını dəyişmiş olacaqlar. Yəni, demək istədiyim odur ki, mənzil problemi ən vacib məsələlərdən biri olaraq qalır.
Ümumiyyətlə, mənzil məsələsi üç istiqamətli bir işdir – Qarabağ əlillərinin icra hakimiyyətlərində güzəştli mənzil növbəsinə götürülməsi, mənzillərin tikilməsi və paylanması. Hər üç iş ciddi şəkildə nəzarətdə olmalıdır.
Bu sahədə də ciddi problemlər mövcuddur. Yəni, mənzil növbəsində durmaq problemi var, növbələrin pozulması var. Bir çox rayon icra hakimiyyətlərində növbə ilə bağlı çox ciddi saxtalaşdırmalar aparılır. İki il öncəyə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəhbərlik edən Füzuli Ələkbərov adlı biznesmenin dövründə Qarabağ müharibəsi əlilinə mənzili, avtomobili də rüşvətlə verirdilər. Çox biabırçı bir vəziyyət yaranmışdı...
Amma üçüncü ən əsas və ciddi məsələ, bütün bu problemlərin fövqündə duran - Azərbaycan insanının, dövlət məmurlarının, cəmiyyətin müharibə əlillərinə, şəhid ailələrinə olan ögey münasibətidir. Bizi ən çox incidən bax bu münasibətdir. Məmurların şəhid ailələrinə, müharibə əlillərinə olan laqeyd, ögey münasibəti, onları get-gələ salmaları, təhqir etmələri, qəbul etməmələri bizi çox incidir. Unutmayaq ki, Şəhidlər Allah yanında diridirlər! Allah yanında bundan yüksək məqam yoxdur ki, başqa insanlar o məqama yüksələ bilsin. Amma məmur tərəfindən onun ailəsinə qarşı haqsızlıqlar, təhqirlər olur! Bu yolverilməzdir və bunu edənlər mütləq cəzalanmalıdır.
“Füzuli Ələkbərovun dövründə rüşvət halları ilə bağlı çoxlu müraciətlər daxil olurdu”
- Bəs indi?
- Əlbəttə Səlim Müslümov nazir təyin olunandan sonra yaxşılığa doğru müəyyən irəliləyişlər var. Həmişə də çıxışlarımızda bunu vurğulamışıq. Son bir il ərzində yeni nazirlə bizim bir neçə dəfə görüşümüz olub. Təkliflərimizi onlara vermişik. Yeri gəlmişkən, Füzuli Ələkbərovun dövründə rüşvət halları ilə bağlı çoxlu müraciətlər daxil olurdu, biz də şəffaflığın təmin olunması baxımından onlara müraciət edirdik ki, nazirliyin nəzdindəki komissiyalarda şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin də nümayəndələri təmsil olunsunlar. Amma onlar buna imkan vermirdilər. Həmin komissiyalarda bir neçə QHT təmsil olunurdu. Amma onlar bu neqativ hallarla bağlı Füzuli Ələkbərovun qarşısında öz sözlərini deyə bilmədilər, ya da demədilər, ya da istəmirdilər. Ona görə də ciddi rüşvətxorluq və korrupsiya halları baş verirdi. İndi o komissiya, ümumiyyətlə ləğv olunub. Biz bununla bağlı iki dəfə Səlim Müslümovla görüşəndə bu təklifləri ona təqdim etmişik. Avtomobillərin, mənzillərin verilməsi ilə bağlı məsələlərdəki neqativ halları nazirin nəzərinə çatdırmışıq. O da bildirib ki, nə problem olsa ona deyək, o da ölçü götürəcək.
“Qarabağ əlillərinin, şəhid ailələrinin problemlərini gizlətmək, üstünü malalamaq olmaz – onları həll etmək lazımdır”
Bilirsiniz, Qarabağ əlillərinin, şəhid ailələrinin problemlərini gizlətmək, üstünü malalamaq olmaz. Bunlar çox həssas təbəqədir. Problem varsa həll etmək lazımdır. Əks təqdirdə döyüşçülərlə məmurlar arasında ciddi problem yaranır. Təəssüflər olsun ki, bəziləri bu yoldadır. Hamının bildiyi real həqiqəti, faktı səsləndirirsən nazirlik, icra hakimiyyətləri rəsmiləri at kimi adamın üzünə dirənirlər ki, yox, elə şey ola bilməz, onu eləmişik, bunu eləmişik. Elə danışırlar ki, sanki, Qarabağ əlili, şəhid ailəsi yağ-bal içində yaşayır! Ayıbdır ey! Ona görə təklif etdik ki, QHT-lərin iştirakı ilə nazirlikdə bir komissiya yaradılsın, orada Qarabağ Qaziləri, 20 Yanvar, Şəhid Ailələri, Müharibə veteranları, Əfqanıstan veteranları, Çernobıl Əlilləri cəmiyyətləri və başqa bu yönümlü təşkilatlar da təmsil olunsunlar və biz birlikdə bu problemlərin həllinə nail olaq. Ancaq nədənsə bu proses də gecikir. Həmin haqsızlıqlar yenə gündəmə gəlir, məsələn, son zamanlar ünvanlı sosial yardımların verilməsində pul tələbi ilə bağlı şikayətlər gəlir, mənzil, avtomobil növbəsinə götürülmələr zamanı və onların alınmasında söz-söhbətlər bitmir. Bu problemlərin aradan götürülməsi üçün mütləq bu komissiya və ya bir işçi qrupu yaradılmalıdır. Nazir bizə tam şəffaf iş aparılacağına söz vermişdi. Bizə bildirmişdi ki, harada nöqsan görsəniz dərhal bizə çatdırın. Biz də bu baxımdan istəyirik yardımçı olaq, bu məsələlər araşdırılsın. Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri öz haqlarına qovuşsunlar. Bu yaxınlarda bizə Beyləqan rayonunda bir nəfər Qarabağ müharibəsi əlilindən şikayət daxil olub. Material Qaziler.az saytında da yerləşdirilib. Keçmiş nazir Füzuli Ələkbərovun vaxtında 2010-cu ildə Şahsevən kənd sakini, 2-ci qrup Qarabağ əlili Nağdəli Məmmədovun mənzil tikintisi ilə əlaqədar 52 minə yaxın vəsait ayrılıb və xəcrlənib. Ancaq indi məlum olur ki, həmin vəsaitin böyük bir hissəsi mənimsənilib. Tikinti yarımçıq saxlanılıb. Mənzilin saunuzel qovşağı tam yararsız vəziyyətdədir. Ora heç elektrik xətti belə çəkilməyib. İki otaqlı kiçik həcmli bir evə 52 min manatın silinməsi 100-də 100 korrupsiyadan xəbər verir. Nəticədə isə Qarabağ əlili mənzilinə köçə bilmir.
“Qarabağ əlillərinə tikilən fərdi yaşayış evləri ilə bağlı ciddi korrupsiya faktları var”
Düşünürəm ki, dövlətin ayırdığı vəsaitdən - hansı ki, cənab prezident şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzil və avtomobil təminatı ilə əlaqədar məsələlərin daim diqqətdə olduğunu vurğulayır və vəsait ayırır - səmərəli istifadə edilmir. Həmin məbləğə ən azından 3 iki otaqlı ev tikmək olarıdı. Özü də yüksək keyfiyyətli və yaşayış üçün tam yaralı. Daha belə, keyfiyyətsiz və yarım-yarımçıq yox. Onların tikdiyi evin heç 8-10 min manat dəyəri yoxdur. Vəsait mənimsənilməsəydi, ev növbəsində duranların da sayı azalardı. Daha 1000-1500 nəfər əlil və ya şəhid ailəsi ev almış olardı. Bu işdə çox ciddi yeyinti halı, korrupsiya faktı var. Cənab nazir bizə bildirmişdi ki, bu nazirliyin qapısından bir qara qəpik də girməyəcək, harada yeyinti halı baş verərsə, aidiyyatı orqanlar qarşısında məsələ qaldıracaq. Bu baxımdan, cənab nazirin səmimiyyətinə tam inanıram və ondan xahiş edirəm, həm də müraciət edirəm ki, əvvəlki nazirin vaxtında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2010-cu ildə həyata keçirilmiş bu işdə korrupsiya faktı var. Qoy bunu da araşdırıb Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim eləsin. Çox təəssüflər olsun ki, həmin vaxt o prosesi həyata keçirən tikinti komissiyası indiki nazirin dövründə də mövcuddur və həmin komissiyanın rəhbərliyi də yerində qalır və onlar bu işi yenə də davam edirlər. Məndə olan məlumata görə, daha bir neçə rayonda da belə fərdi evlər tikilib başa çatmaq üzrədir. Orada da bu halların baş verməməsi üçün təcili olaraq nazirlik QHT-lərin, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin və Respublika Prokurorluğunun nümayəndələrindən ibarət komissiya yaradılmalı və məsələ araşdırılmalıdır. Bundan əlavə, keçmiş nazirin və indiki nazirin vaxtında tikilmiş və hazırda tikilən mənzillərin inşası prosesi ciddi nəzarətə götürülməlidir ki, dövlət tərəfindən ayrılan vəsait mənimsənilməsin, korrupsiya halları baş verməsin. Bu qəbildən olan insanlar normal şəraitli evlərlə təmin olunsunlar.
“Qazilər övladlarının qarşısında aciz durumda qalırlar, atalıq qürurunu itirirlər...”
- Etimad bəy, elə Qarabağ qazilərimiz var ki, yataq xəstəsidir, elələri də var ki, əlil arabasına məhkum olunub. Bax, onların müalicəsi, onlara göstərilən sosial xidmət məsələsi nə yerdədir?
- Bilirsiz, əlillərlə bağlı qanunda əlillərin qayğı ilə əhatə olunması birbaşa əks olunub. Qanunda çox gözəl maddələr var. Əfsuslar olsun ki, qanunda nəzərdə tutulsa da, bunların çoxu həyata keçirilmir. Bu qanunların icrasına nəzarət edən ciddi QHT-lərlə dövlət orqanlarının birgə işçi qurumu olmadığı üçün bu hallar baş alıb gedir. Qarabağ müharibəsində əlil olmuş insanlar, iki əli, iki gözü olmayan, əlil arabasına məhkum və yaxud da tamamilə hərəkət məhdudiyyəti olan insanların sayı 200-250 nəfər olar. Bundan artıq deyil ki...Düşünürəm ki, əgər vətən qarşısında xidmətləri olan insanlara qayğıdan danışırıqsa, xüsusi olaraq həmin insanlar nazirlik və icra hakimiyyətləri tərəfindən nəzarətə götürülməlidirlər. Onlara 200-300 manat pensiya verib taleyin ümidinə buraxmaq olmaz. Elə onlar üçün qanunda nəzərdə tutulan sosial xidməti də onun öz ailəsi, övladları yerinə yetirir də. Elə ona normal pensiya verilsin, o da qürur duysun vətən qarşısındakı xidməti ilə. Onu peşman etmək lazım deyil! Onlar yetərincə övladlarını yedirə, geyindirə bilmir. Övladları üçün ataları qəhrəmandır, amma onlar övladının qarşısında aciz durumda qalırlar, atalıq qürurunu itirirlər...Onları belə aşağılamaq doğru deyil axı...
“Şəhidin qanpulunu vermirlər...Bunu istəyən şahid anasını, xanımını Bakı Baş Polis İdarəsinə çağırıb incidirlər”
- Etimad bəy, qonşu ölkələrdə müharibə əlillərinə münasibət necədir? Heç müqayisə aparmısınızmı?
- Qardaş Türkiyədə müharibə qazilərinə hörmət çox yüksək səviyyədədir. Dövlət törənlərində, prezidentin, baş nazirin iştirak etdiyi törənlərdə qaziləri ön sırada əyləşdirirlər. Bu çox qürurvericidir. Türkiyə çox şəhid verən ölkədir, orada şəhidlərə, şəhid ailələrinə, qazilərə münasibəti hamı bilir ki, necə yüksək səviyyədədir. Bizdəki vəziyyət onlarla müqayisə olunacaq səviyyədə deyil. İran dövlətinə gəldikdə isə orada da bu məsələ Türkiyədən də ötədir. Orada müharibə əlillərinə canbazlar deyirlər. Mən İranda olmuşam. Orada canbazlar yüksək keyfiyyətli mənzillərlə təmin olunur. Bütün vergi və rüsumlardan azaddırlar. Onlara istədiyi qədər faizsiz kreditlər verilir. İranda canbazların özlərinin böyük mərkəzləri, kinozalları, şadlıq sarayları var. Hətta onların şəhid və əlillərin muzeyləri var. Mən bir şeyin də şahidi oldum ki, təzə ailə quran cütlüklər o muzeyi ziyarət edib sonra kəbinə gedirlər. Türkiyədə də, İranda da onlara ayrıca hərbi və mülki xəstəxanalarda yüksək münasibət var.
Bizdə isə şəhid ailələrinə verilməli olan “qan pulu” deyilən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında qanun”la onlara çatacaq pul var, neçə ildir onu vermirlər. 2014-cü ilin yanvarından üzü bəri bu məsələ uzana-uzana gedir. Şəhid ailələri və əlillər bütün məhkəmə instansiyalarını keçib Konstitusiya Məhkəməsinə qədər getdilər. İş uduldu. Məhkəmə qərar qəbul etdi ki, vəsait ödənilsin. Və xırdaca bir tövsiyə ilə həmin qərarı Milli Məclisə göndərdi. Əslində, bu vəsaiti ödənilməyə borclu olan Azərsığorta Dövlət Şirkəti ödənişi həyata keçirmir. Deyir gərək Milli Məclis meyarları müəyyənləşdirsin. Milli Məclis də deyir ki, nə meyar? Biz qanun qəbul eləmişik işimizi görümşük, indi Azərsığorta Dövlət Şirkəti zəhmət çəkib Şəhid ailələrinin pulunu ödəsin. Şəhid ailələri, Qarabağ əlilləri də qalıb qapılarda. Fikir verin, ölkənin müqəddəratını həll etməli bir qurumdur Milli Məclis. Onlar bu məsələni müzakirə edib həmin vəsaitin Maliyyə Nazirliyi tərəfindən Azərsığorta şirkətinə ödənilməsini və bu qəbildən olan insanlara verilməsini təmin edə bilərlər, amma etmirlər. Konstitusiya Məhkəməsi ikibaşlı qərar çıxarıb. Şəhid hələ öz “qan pulu”nu ala bilməyib, üstəlik onun övladı da gedib şəhid olub...Bunun adı yoxdur ey!
- “Qan pulu”nun məbləği nə qədərdir ki?...
- Şəhid olanın ailəsinə 11 min manat. Heç bir ölkədə belə bir şey baş vermir. Hətta həmin şəhid ailələri Milli Məclisin qarşısında deputatlardan haqlarını tələb elədikləri üçün onları Bakı Baş Polis İdarəsinə çağırıb incidirlər. Saatlarla onları orada saxlayırlar ki, niyə orada gedib etiraz edirsiniz? Bu, məmurlarımızın, parlamentimizin şəhid ailələrinə olan münasibətidir, sıravi vətəndaş da bundan örnək götürür. Sanki Qarabağ torpağının işğalda olmasının günahkarı bizim şəhid ailələridir, şəhidlər və Qarabağ müharibəsi əlilləridir. Biz gedib orada şikəst olmuşuq. Vətənin 20 faizi gedibsə, bizim də canımızın 20 faizi gedib. Vətənin 20 faizi gedibsə, bu insanlar da şəhid olublar. Heç olmasa, onlar şəhid zirvəsinə yüksəlməklə o qara ləkəni alınlarından siliblər. Bizim də azacıq alnımızda varsa, o ləkəni qanımızla yumuşuq. Canımızı qoymuşuq, amma müharibədən xəbəri olmayan insanlar bu gün bizi alçaldırlar. “Getməyəydin!”, “gedib neyləmisən!”, “torpaq vermisən!” deyirlər. Bizi günahlandırırlar. Dünyanın heç bir yerində hərbçisinə, döyüşçüsünə belə münasibət bəsləyən bir ölkə tanımıram. Elə bir ölkə yoxdur ki, müharibədə gedib yaralansın gəlsin, onu mülki şəxsə çevirib mülki şəxs kimi əmək pensiya təyin olunsun.
“Qarabağ əlillərinin statusu yoxdur”
- Bu, nəyə görə belədir?
- Bu, Azərbaycanın acı reallığıdır! Hərbçi olaraq döyüşüb əlil olan insanlara olan ögey münasibətdir! Diskriminasiyadır! Yəni, bu gün Qarabağda döyüşmüş hərbçi adi təqaüdçü ilə müqayisə olunaraq mülki şəxs sırasına qoyulur. Həmin hərbiçi döyüşçü əmək təqaüdçüsündən az təqaüd alır. Mülki şəxslər üçün nəzərdə tutulan xəstəxanalarda müalicə olunurlar. Halbuki, hərbçilər üçün olan hərbi hospitalda müalicə almalıyıq. Bizi ora buraxmırlar.
- Nəyə görə?
- Ona görə ki, biz mülki şəxslərə çevrilmişik. Biz sağlam olanda, güclü olanda, vətəni müdafiə üçün silaha sarılanda hərbçi idik, amma şikəst olub əlil arabasına məhkum olanda çevrilib oluruq mülki şəxslər. Mülki şəxslərlə eyni səviyyədə tutuluruq, mülki şəxslərə verilən təqaüd bizə verilir, mülki şəxslərin müalicə olunduğu xəstəxanalarda müalicə olunuruq. Bu gün Azərbaycanda çox təbəqənin statusu var, amma Qarabağ əlillərinin statusu yoxdur. Bizimlə bağlı bütün problemlər ya “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında qanun”la ya də prezidentin sərəncam və fərmanları ilə həll olunur. Dəfələrlə Milli Məclisə müraciət etmişik. Əksər millət vəkilləri bizimlə görüşdən qaçırlar. Milli Məclisin qarşısında onların Şəhid ailələrinə, Qarabağ əlillərinə çəpəki baxışlarını kaş görəydiniz! Ciddi problemlər var...
“Hətta əlillərə verilən avtomobildən kondisioneri də çıxarılır!”
- Etimad bəy, Qarabağ müharibəsi əlillərinə verilən avtomobillərin keyfiyyəti necədir? Qaziler. Az saytının redaksiyasına bununla bağlı müxtəlif şikayətlər daxil olur...
- Avtomobil məsələsi də ağrılı yerimizdir. Avtomobillər verilərkən əlil arabalarında olan və ya iki ayağını itirən insanlar nəzərə alınmayıb. Onlar üçün əllə idarəedilən sükanlı avtomobil olmalıdır. Gedib o maşınları gətirib onlara verməklə iş bitmir. Onlar o maşınları idarə edə bilmirlər. Cəmiyyət üçün təhlükəyə çevrilirlər. Özlərinin də, ailələrinin də, başqalarının da həyatlarını təhlükəyə atırlar. Əslində Nazirlik ayaqları olmayan, əlil arabasında oturan insanlara o tipli avtomobilləri verməklə onların həyatını təhlükəyə atır. Yollarda qəza vəziyyəti yaranır. Biz nazirin diqqətinə çatdırdıq bu məsələni. Deyirlər ki, yeni gətiriləcək avtomobillərin arxadan minmək üçün qapısı olacaq, əlil arabasında oturan insan birbaşa minib - düşə biləcək. Amma hələ görməmişik. Fikir vermisinizsə, Bakı şəhərində 150-200 min manat qiyməti olan bahalı avtomobillərin əksəriyyətinin nömrə nişanı dövlət nömrə nişanıdır. Onların hamısı məmur balalarıdır. Atalarının dövlət nömrəsini həmin bahalı maşınlara vurub sürürlər. Onlar hansı xidmət müqabilində ona layiqdirlər? Amma vətən qarşısında gedib bütün sağlamlığını, gəncliyini itirmiş insanlar 5-6 minlik avtomobillərə layiqdirlər? Və onu da ki, əl idarəetməsi olmadan, sanki, həyatlarını təhlükə altına atılmaq üçün verilir. Hətta kondisioneri də çıxarılır əlilə verilən avtomobildən!
Biz bu kimi məsələləri hər dəfə deyirik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birbaşa şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə işləyən bir qurumdur. Bütün bu problemləri həll etmək üçün tərkibində ən azından Səhiyyə Nazirliyindən nümayəndə də olmaqla bir komissiya yaradılmalıdır. Ayda 1-2 dəfə bu məsələləri müzakirə etməsələr, həlli yolunda addım atmasalar, həll olunan deyil. Mən üzümü cənab nazirə tutub müraciət edirəm, bu avtomobillərin məsələsi, yataq xəstələrinin təqaüd və müalicə məsələsi, əlil arabasına təhkim olunmuş insanların məsələsi bu komissiyada müzakirə edilib həll olunmalıdır.
“Qarabağ əlillərimizin üzündə elə bir iztirab olur ki, mən onlardan xəcalət çəkirəm”
- Etimad bəy, manatın məzənnəsi düşdü. Siz pensiya təminatında bu məsələnin kompensasiya olunması məsələsi barədə nə deyərdiniz?
- Bunu millət vəkilləri düşünməlidir. Manatın məzənnəsinin düşməsi hamının büdcəsinə təsir edib. Əlbəttə ki, Qarabağ əlillərinə də verilən pensiya və təqaüdləri də ən azından manatın aşağı düşdüyü qədər kompensasiya ödənilməlidir. Bunu Milli Məclisin İqtisadi – Siyasət Komissiyası bir yaxşı – yaxşı düşünsün. Bəlkə də öz maaşlarını artıracaqlar. Yəqin onda biz də yada düşərik.
- Təşkilat olaraq əyalətlərdəki Qarabağ əlillərinin vəziyyəti ilə maraqlana bilirsinizmi? Onların vəziyyəti nə yerdədir?
- Mənim bir ayağım yoxdur, əlil adamam. Ayağı olmayanın nə çəkdiyini çox yaxşı bilirəm, amma əlil arabasında olanın nə çəkdiyini bilə bilmirəm axı. Sizi inandırım ki, bölgələrdən gələn Qarabağ əlillərimizin üzündə elə bir iztirab olur ki, mən onlardan xəcalət çəkirəm. Onların valideyn kimi, ailə başçısı kimi necə əzab çəkdiklərini görürəm. Onlar banklardan pul götürüb balalarını müalicə etdirirlər, sonra da banklara pul ödəyirlər. Necə deyim, mən onların vəziyyətini sözlə ifadə etməyə çətinlik çəkirəm. Rayonlarda iş yox, güc yox. Əyalətlərdə toyuq-cücə saxlamaqla, göy-göyərti ilə, qohum-əqrəba hesabına, zülm-zillətlə başlarını girələyirlər. Onların nicatı Azərbaycan məmurlarının bu insanlara vicdanla yanaşmasından keçir ki, o da onların təqaüdünün artırılmasıdır, tibbi sığortalarının təminatıdır.
“Xahiş edirəm Qarabağ əlillərinin, şəhid ailələrinin əsas problemlərinin həlli üçün onların pensiya təqaüdləri artırılsın!”
Açığı, biz Prezidentdən razıyıq! O, sərəncam imzalayır, tapşırıq və tövsiyə verir, amma bir çox harınlamış məmurlar buna məhəl qoymurlar! Mən üzümü cənab Prezidentə, Milli Məclisə və nazirlərə tutub müraciət edirəm! Xahiş edirəm, Qarabağ əlillərinin, şəhid ailələrinin əsas problemlərinin həlli üçün onların pensiya təqaüdləri artırılsın! Onların mənzil və avtomobil təminatındakı süründüməçilik halları yığışdırılsın, onlara göstərilən ögey, laqeyd, soyuq münasibətə son qoyulsun! Xahiş edirəm, onların aşağılanması, alçaldılıb təhqir olunmasına yol verilməsin, bunu edən həmin məmurlar, bəzi kommersant icra başçıları cəzalandırılsın. İcra hakimiyyəti işçilərinin bu qəbildən olan insanlara münasibəti dəyişilsin. Harınlamış dövlət məmurları bu hərəkətlərini yığışdırsınlar. Yeni-yeni günahlar işlədib boyunlarına yükləməsinlər, onsuz da bu illər ərzində etdikləri günah yükünün altından o dünyada çıxa bilməyəcəklər...
QAZİLER.AZ