“Niyə əsgərə paltarı Türkiyədən, xəstəxanaya yataq dəstini Çindən gətirməliyik?” - MÜSAHİBƏ

“Niyə əsgərə paltarı Türkiyədən, xəstəxanaya yataq dəstini Çindən gətirməliyik?” - MÜSAHİBƏ backend

Əli Nağıyev: “Prezidentə dəqiq məlumat verməli olan adamların özləri nə işlə məşğuldurlar?” Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belarusdakı sabiq səfiri, YAP-ın qurucularından biri Əli Nağıyev manatın devalvasiyası və onun iqtisadiyyata təsiri ilə bağlı Modern.az saytının suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

- Əli müəllim, manatın ikinci dəfə devalvasiyayası iqtisadi sahədə ciddi problemlər yaratdı. Sizcə, istehsal və istehlak sahələrində iqtisadi tənzimləmə necə aparılmalıdır?

- Söhbət devalvasiyadan gedirsə, hesab edirəm ki, bu, qaçılmaz idi. Çünki neftin qiyməti təxminən 4 dəfə aşağı düşüb. Amma bunu yalnız neft qiymətinin aşağı düşməsi ilə bağlamaq da olmaz. Burada hökmən əvvəlki illərdən bu günə qədər izafi xərcləri göz önünə gətirmək lazımdır. Bu izafi xərclər olmasa, devalvasiya yumşaq olardı və əhaliyə ziyanı az ola bilərdi. Hesab edirəm ki, iqtisadi qurumlara rəhbərlik edənlər vaxtında prezidentə hesabat təqdim edərək inandırmalı idilər ki, vergi və gömrükdən mədaxili 5 milyard olan büdcənin xərcləri 24 milyard ola bilməz. Yəni büdcəni bu qədər şişirtmək lazım deyildi ki, indi birdən-birə 40 faizə qədər azaltmaq lazım gəlsin.

- Əli müəllim, söhbət hansı izafi xərclərdən gedir?

- Elə məsələlər var ki, onun haqqında izahat vermək lazım deyil. Onlara baxanda bunun arxasında nə qədər eybəcər əməllərin gizləndiyini görmək olar. MTN-nin binası Bakının ən yaraşıqlı, müasir tikililərindən biri idi. Onu yenidən üzləmək üçün nə qədər xərc çəkildiyini onun rəhbərindən, ona nəzarət edən qurumlardan vaxtında soruşmaq lazım idi. Bu cür xərclərin 100-nü saya bilərəm ki, hər birinin arxasında elə onun qədər dövlətdə uca mövqeyi olan adamlar durur.

Əvvəla, manatın devalvasiyası inflyasiya deməkdir. Bu əhalinin sosial durumuna çox mənfi təsir edən faktordur. Bunun nəticəsi olaraq istehsalla məşğul olan şəxslər var ki, satış mallarının qiymətini bahalaşdırdı. Bu kateqoriyaya daxil edilən insanları ehtiyatla qınamaq, ehtiyatla tənbeh etmək lazımdır.

Dövlətin iqtisadi yardımı hesabına istehsalla məşğul olan adamların mallarının qiyməti ilə öz şəxsi vəsaiti hesabına hansısa məhsul buraxan şəxslərin istehlak bazarına çıxartdığı mallara qiymət qoyulması arasında fərqli yanaşma olmalıdır. Buna qısa olaraq nümunə göstərmək istərdim.

Tutaq ki, bir istehsalçı yumurta, digər istehsalçı isə alma istehsalı ilə məşğuldur. Yumurta istehsal edən şəxsin aptekdən əldə etdiyi dərmanın da, uşağının xəstəxana məsrəfləri də, dünən əldə etdiyi istehlak mallarına tələbatı da bu gün bahalaşıb. Keçənilki satdığı məhsuldan əldə etdiyi gəlirlə öz istehlak tələbatını ödəyən yumurta, alma istehsalçısı builki satdığı məhsullarla ailənin məsrəflərini ödəyə bilmir. Keçənilki istehsal tələbatını ödəməsi üçün nə etməlidir?! Birinci, o ola bilər ki, dünən istehlak etdiyi mal və xidmətləri bu gün az istehlak etsin. Bu dövlətə ziyandı. Çünki istehlak azalanda istehsal da azalacaq. Bu isə başqa sosial problemlər yaradır.

İş yerlərinin itirilməsi və sairəni də demək olar. İkinci odur ki, öz şəxsi təsərrüfatından öz vəsaiti hesabına alma, yumurta istehsal edən istehsalçı həmin məhsulları baha qiymətə satsın. Bu, dövlətə də, həmin şəxsin özünə də ziyandır. Özünə ona görə ziyandır ki, birinci, ikinci, üçüncü addımda ola bilər ki, baha satmaq hesabına müəyyən vəsait əldə edə bilər. Sonradan bu cür satıcıların sayı çoxaldığına və istehlakçıların qiymətin bahalığı səbəbindən aazalmasına görə mallarını sata bilməyəcəklər. Malları əllərində qalıb xarab olacaq. İkinci bir tərəfdən dövlətə də ziyandır.

Ona görə ki, istehlak bazarında qiymətlərin artması zamanı istehlak aşağı düşür. Avtomatik olaraq istehsal da aşağı düşür. Üçüncü, hesab edirəm ki, ən düzgün yoldur. Nədir bu?!. Dünənki istehsalçı öz istehsalını artırmalıdır ki, əlavə istehsal etdiyi məhsulun satışından əldən etdiyi vəsait hesabına devalvasiya nəticəsində ortaya çıxan əlavə xərclərini bağlaya bilsin. Burda iki məsələnin həlli vacibdir. İstehsalçının əlavə istehsal üçün çəkdiyi xərclər. İkincisi isə istehsalçının əlavə istehsal etdiyi məhsulun satılmasıdır ki, bundan ötrü dövlətin istehsalçını stimillaşdırması zəruridir.

– Dövlət başçısı hökumət üzvlərinin iştirakı ilə keçirdiyi müşavirədə tapşırıqlar verdi. Dövlət büdcəsindən maliyyələşdirilən qurumlarda çalışanlarla bağlı sərəncam imzaladı. Bu görüş barədə nə deyə bilərsiz?

- Hesab edirəm ki, cənab prezident dünənki müşavirədə iqtisadi qurumun rəhbərləri ilə görüşü zamanı devalvasiyanın yaratdğı problemlərin aradan qaldırılması istiqamətində çox ciddi məsələlər ortaya qoydu. Faktiki olaraq böhrandan çıxış yollarını göstərdi və əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün bir çox sərəncamlar imzaladı. Düşünürəm ki, bundan sonra iki istiqamətdə çox ciddi nəzarət olmalıdır.

- Sizcə, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində nəzarət hansı formada olmalıdır?

- Əhalinin sosial problemlərin həlli ilə bağlı məsələlərdə ədalətin pozulmasına yol verməmək və dövlətin sosial təminat imkanlarının əhalinin, xüsusilə, aztəminatlı əhalinin maneəsiz istifadə edə bilməsinə şərait yaratmaq. Xüsusilə, səhiyyə sistemində insanlar çox əziyyət çəkir. Çox təəssüflər olsun ki, prezidentə dəqiq məlumat verməli olan adamların özləri nə işlə məşğuldurlar, bilmirəm. Qazaxıstanda MDB dövlət başçılarının sammitində möhtərəm prezident Suriya məsələsi ilə əlaqədar fikir söyləyərkən qeyd etdi ki, bir çox hallarda problemləri özümüzdə axtarmalıyıq.

Daxildəki böhranı yaradan səbəblərdən biri kimi sosial ədalətsizliyi göstərdi. Ona görə də Azərbaycanda sosial məsələlərə nəzarət edən qurumların rəhbərləri bilməlidir ki, bu sahə insanların çox həssas yeridir. Burada hətta, biganəliyə də yol vermək olmaz. İkinci məsələ isə istehsalın artırılması istiqamətində çox ciddi işlər görülməlidir ki, gələcək illərdə büdcənin formalaşması neft faktoru hesabına deyil, əsasən yüksək texnologiya əsasında həyata keçirilən istehsaldan asılı olsun. Burda da xüsusi nəzarətə ehtiyac var.

Hesab edirəm ki, möhtərəm prezident dövlət başçısı kimi bu məsələnin həlli ilə bağlı nə qərar qəbul etməli idisə, etdi. Bundan sonra iqtisadi qurumlara nəzarət edən şəxslər həm prezident üçün yeni ideyalar istehsal etməli, həm də bugünkü qərarların icrasını dəqiq həyata keçirməlidirlər. Onu da deyim ki, Azərbaycanın hələ sabahkı yüksək intellektual potensial tələbatını bir kənara qoysaq belə, bugünkü potensialla, istehsalı əhəmiyyətli dərəcədə artırmaq imkanları çox böyükdür. Bir faktı deyəcəyəm. Azərbaycanın Müdafiə Nazirliyinin şəxsi heyəti, Sərhəd Qoşunları, Daxili Qoşunlar, polis, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Prezidentin Mühafizə Qvardiyası - bunların hamısının şəxsi heyəti bir yerdə 400 min civarındadır. Bunların geyimləri və yataq ləvazimlatları Azərbaycanda istehsal oluna bilər. Üstəgəl səhiyyə sistemində istifadə olunan trikotaj məmulatları, Təhsil Nazirliyi və sosial müdafiə sisteminin internat evində olan tələbatları, Ədliyyə Nazirliyi sisteminin tələbatları - bunları nəzərə alsaq, Azərbaycan ən azı 300 min ton pambıq istehsal edib öz daxili tələbatına yönəldə bilər.

Bu isə 10 minlərlə iş yeri deməkdir. Ancaq son illərdə televiziyadan müşahidə edirəm ki, Azərbaycanda pambıq istehsalı az qala 100 min tondan da aşağı həddə düşüb və pambıq istehsalçılarının başına nə oyun gətirirlər, Allah göstərməsin. Dediyim sözlərin hər biri üçün məsuliyyət daşıyıram. Çünki bildiyimlə danışıram, eşitdiyimlə yox.

- Dedikləriniz hansı formada necə tətbiq oluna bilər?

- Bu gün Azərbaycanın neftdən qazandığı pullar var və yüngül sənayeni inkişaf etdirmək üçün ən yüksək texnologiyanı Azərbaycana alıb gətirmək olar. Heç bir ehtiyac yoxdur ki, Azərbaycan əsgərinə Türkiyədən paltar tikilib gəlsin. Heç bir ehtiyac yoxdu ki, Azərbaycan xəstəxanaları üçün Çindən və yaxud Pakistandan yataq dəstləri gətirilsin.

Heç bir ehtiyac yoxdur ki, Azərbaycan şagirdləri üçün tikilən paltarların parçaları xaricdən gətirilsin. Bu saydığım məhsulların hamısına olan tələbat dövlət sifarişi hesabına həyata keçirilir. Onu icra etmək çox sadədir.

Daha bir faktı deyim. Kənd təsərrüfatının stimullaşdırılmasına yardımlar çox ciddi nəzarətə götürülməlidir. Qoyulan investisiyanın hər manatının effektivliyi tələb olunmalıdır. Çünki Kənd Təsərrüfatı istehsalının həcmi ilə əlaqədar verilən hesabatlar çox şübhəlidir.

Bir məsələni də vurğulamaq istəyirəm. Bu da çox narahatedici məsələdir. Bütün rayonların Bakıya axın etməsinə şərait yaratmaqla paytaxtı bu qədər yükləmək olmaz. Bu, çoxsaylı problemlər yaradır. Bunun qarşısını almaq, təcili tədbirlər görmək lazımdır. Düşünürəm ki, bunların hamısını sadalasam, gərək bir kitab yazaq.

Namidə BİNGÖ
modern.az
Diaspora