44 günlük Vətən müharibəsinin həkimi: "Gücsüzəm, yorulmuşam, işləyə bilmirəm" deməyə haqqımız yoxdur - MÜSAHİBƏ

44 günlük Vətən müharibəsinin həkimi: "Gücsüzəm, yorulmuşam, işləyə bilmirəm" deməyə haqqımız yoxdur - MÜSAHİBƏ backend

Səhər saat 9-a hələ xeyli vaxt vardı. 44 günlük Vətən müharibəsi zamanı yaralı hərbçilərin müalicəsində iştirak edən cərrahlardan biri olmuş Bəhruz Paşayevlə müsahibə üçün Xətai Tibb Mərkəzinə nəzərdə tutulan vaxtdan bir qədər tez çatmışdım. Mən içəri daxil olanda Bəhruz həkim artıq iş başında idi. Səhərin erkən saatlarında xəstələri ilə maraqlanır, bir otaqdan digərinə tələsirdi. Yaxınlaşıb əvvəlcədən razılaşdığımız müsahibə üçün gəldiyimi, bir qədər tez çatdığımı və istəsə, saat 9-a qədər gözləyə biləcəyimi dedim. O isə gözləməyimə ehtiyac olmadığını bildirərək məni otağına dəvət etdi.

Hal-əhval tutduqdan sonra vaxt varkən özüm üçün öncədən qeydlər götürdüyüm, mütləq soruşmalı olduğum suallardan bir neçəsini ona göstərdim. Həkim sualları nəzərdən keçirərkən birində dayandı. Eynəyinin üstündən mənə baxıb: "Bu sualı yaman çətin qoymusunuz", - gülümsəyərək dedi. Həmin sualın hansı olduğu müsahibəmiz ərzində aydın olacaq. O sualın cavabını mən də maraqla gözləyirdim...

"Report" Xətai Tibb Mərkəzinin ümumi cərrahı Bəhruz Paşayevlə müsahibəni təqdim edir.

– Sizinlə müsahibə barədə danışanda həm Birinci Qarabağ, həm də 44 günlük Vətən müharibəsi ərzində fəaliyyət göstərdiyinizi demişdiniz. Həkim kimi bu iki müharibənin fərqini ilk olaraq nədə hiss etdiniz?

– Mən Rusiyada cərrah işləyirdim, eyni zamanda xəstəxananın baş həkimi idim. Ora getməkdə məqsədim daha çox öyrənmək, sonra Vətənə qayıdaraq xalqıma xidmət etmək idi. Lakin 1990-cı illərdə Qarabağda müharibə başlayanda Rusiyada qalmaq mənim üçün mümkün olmadı. Yaxın çevrəmdə olan bir erməninin müharibə ilə bağlı danışdıqları da məndə Vətənə qayıtmaq istəyini daha da gücləndirdi. O bir gün mənə yaxınlaşıb: "Sizinkilər bizə hücum edirlər, təhqir edirlər, müharibə başlayıb", - dedi. Həmin vaxt çox gənc idim, bu sözlər mənə həddindən artıq ağır gəlirdi və nə olursa-olsun, ölkəmə dönməli olduğumu düşünürdüm.

İlin ortası olduğuna görə işdən ayrılmağım asan deyildi, icazə vermirdilər. Çətinliklə də olsa, Azərbaycana qayıtdım.

 

Respublikaya qayıtdıqdan sonra ilk yaralıları Daxili İşlər Nazirliyinin xəstəxanasında qəbul etmişəm. Onlara ilk tibbi yardımı göstərirdik. Sonradan Xətai Tibb Mərkəzində çalışmağa başladım və bu gün də burada cərrah kimi fəaliyyət göstərirəm.

Mənim işlədiyim 25 il ərzində xəyalımdan, yaddaşımdan heç vaxt silinməyəcək bir xatirə var – 44 günlük Vətən müharibəsinin yaralıları...

İlk günlərdən bu müharibənin Birinci Qarabağ müharibəsindən fərqli olduğunu başa düşmüşdüm. Yaralıların vəziyyətinə baxanda 44 günlük müharibədə düşmənin müasir silahlardan istifadə etdiyini hiss edirdim. Çünki 44 günlük müharibədə gördüyüm yaralar əvvəlki müharibədəki yaralılardan tamamilə fərqlənirdi. Xüsusilə yanıq xəsarətləri çox ağır idi. Güllə yaralarında zədələnmə, əsasən, güllənin daxil olduğu və çıxdığı nahiyə ilə bağlı olur. Yanıqlarda isə vəziyyət başqadır. Burada təkcə dəri zədələnmir, xəstə eyni zamanda yanıq xəstəliyi ilə üzləşir. Yəni ki, maye itkisi, yanıq şoku, güclü ağrı və sonradan infeksiya riski yaranır. Buna görə də belə xəstələr daha çox diqqət və kollektiv əmək tələb edir.

– Bu yanıqlar necə yaranırdı?

– Böyük əksəriyyətinin xəsarətləri tankların vurulması və yanması nəticəsində yaranmışdı. Bu zaman tankın daxilindəki metalın temperaturu min dərəcədən yuxarı qalxa bilirdi. Belə vəziyyətdə həmin metala toxunmaq, oradan tutub çıxmaq insan üçün olduqca böyük risk idi. Bu hərbçilərin böyük əksəriyyətində olan yanıqlar onların sümüyünə qədər dərin olurdu. Onlar tankdan çıxmaq üçün səy göstərərkən bütün dəri və dərialtı toxumaları yanırdı. Bütün bu ağır xəsarətlərə baxmayaraq, hərbçilərimiz yaşamaq, həyata qayıtmaq və gələcəkdə yenidən Vətənə xidmət etmək arzusu ilə mübarizə aparırdılar.

 

– Bəs gündəlik neçə yaralı qəbul edirdiniz? Hər birinin müalicəsi nə qədər davam edirdi?

– Bəzi günlər 20-yə yaxın yaralı qəbul edirdik. Onların bir qisminin yanıqları nisbətən səthi olduğundan ambulator yardım göstərilir və evə buraxılırdı. Ağır vəziyyətdə olanlar reanimasiya şöbəsinə, orta ağırlıqlı xəstələr isə cərrahiyyə şöbəsinə yerləşdirilirdi.

Reanimasiyada həyat funksiyaları bərpa olunduqdan sonra xəstələri cərrahiyyə şöbəsinə köçürürdük. Sonrakı mərhələdə yaraların sağalması ilə məşğul olur, ehtiyac olduqda dəri köçürülməsi – qreft əməliyyatları aparırdıq.

Yanıq xəsarətlərinin müalicəsi bəzən aylarla, hətta illərlə davam edir. Çünki xəstəyə yalnız fiziki deyil, psixoloji reabilitasiya da lazım olur. Bəzi yaralıların bu gün də psixoloji reabilitasiya prosesi davam edir.

Yanıq xəsarətləri alan xəstələrlə işləmək fərqli yanaşma tələb edir. Biz bu zaman reanimatoloqlarla birlikdə komanda şəklində fəaliyyət göstərirdik. Çünki ilk növbədə xəstənin həyat funksiyalarını bərpa etmək, onu həyata qaytarmaq lazım idi. Yalnız bundan sonra cərrahlar yanıqların müalicəsinə başlaya bilirdi.

Bu işdə reanimasiya şöbəsinin həkimlərinin, tibb bacılarının və kiçik tibb işçilərinin əməyi böyük idi.

– İlk yaralıları gördükdə dediniz ki, müharibənin miqyasını həkim kimi hiss edirdiniz. Bəs onun nə qədər davam edəcəyini düşünürdünüz? Qələbəyə bu qədər qısa müddətdə çatacağımıza inanırdınızmı?

– Açığı, müharibənin 44 günə başa çatacağına inanmırdım. Ermənilərin müdafiə xətləri qurduqları, bunların aşılmasının çətin olduğu deyilirdi.

Amma müharibənin gedişatını hər gün televiziyadan izləyirdim. Özüm də cəbhə bölgəsində fəaliyyət göstərmişəm. O zaman müharibənin gedişatını daha yaxından izləmək imkanım olmuşdu. Lakin gün keçdikcə ordumuzun irəlilədiyini gördükcə məndə böyük ümid yaranırdı. Düşmənin geri çəkilməsi, mövqelərimizin azad edilməsi bizi ruhlandırırdı. Getdikcə qələbəyə inamım artırdı.

– Könüllü gedirdiniz cəbhəyə?

– Mən müharibə bölgələrinə könüllü gedirdim. İlk getdiyim ərazilərdən Qubadlı, Laçın və Şuşanı qeyd edə bilərəm. Sonradan Goranboyda, uzun müddət isə Ağdam bölgəsində oldum. Həmişə getməkdə israrlı idim, imkan düşən kimi ilk gedənlərdən olurdum.

Orada əsasən ilkin tibbi yardım göstərirdik. Daha sonra yaralıların Bakıdakı mərkəzi xəstəxanalara, o cümlədən yanıq mərkəzinə təxliyəsi təşkil olunurdu.

 

– Bu qədər yaralı arasında elə insanlar olubmu ki, onların taleyi illər keçsə də yaddaşınızdan çıxmır?

– Hər bir yaralımız haqqında ayrıca hekayə danışmaq olar. Onlardan biri Həmid adlı gənc zabit idi. Yanıq xəsarətləri almışdı. Ona yardım göstərdik, müalicəsi bir aydan artıq davam etdi. Yaraları sağalmağa başlayanda yenidən hərbi hissəsinə, döyüşə qayıtmaq istədiyini bildirdi. Dediyini də etdi.

Təəssüf ki, 2023-cü ildə antiterror əməliyyatı zamanı onun qəhrəmancasına həlak olduğunu eşitdik. Bu xəbər bütün kollektivimizi sarsıtdı. Onun övladı da çox kiçik idi. Heç kim onu yenidən döyüşə qayıtmağa məcbur etməmişdi. Bu, özündə olan qeyrət və Vətən sevgisi idi. Həmin gəncin taleyi bu gün də söhbətlərimizdə xatırlanır.

Bir başqa xəstəmiz Şaban adlı gənc idi. Çox ağır yanıq xəsarətləri almışdı. Müalicəsi təxminən bir il səkkiz ay davam etdi. Hər gün səhərdən axşama qədər sarğı prosesləri aparılırdı. Yaraları çətin sağalır, köçürülən dəri çox vaxt tutmurdu. Bacısı tez-tez mənə zəng edərək onun vəziyyəti ilə maraqlanırdı, necə olacağını soruşurdu.

Ancaq biz ümidimizi itirmirdik. Məqsədimiz Şabanı sağaltmaq, həyata qaytarmaq idi. Nəhayət, buna nail olduq. İndi yəqin ki, öz işi ilə məşğuldur, həyatına davam edir.

– Həmin ağrılarla yoldaşlarını xatırlayıb soruşmaq çox maraqlı məqamdır. Belə hərbçilərlə tez-tez qarşılaşırdınız?

– Çox olurdu. Yanıq xəsarəti alan hərbçilərin böyük əksəriyyəti tez sağalıb yenidən döyüş bölgəsinə qayıtmaq istəyirdi. Bəzən öz travmalarını, ağrılarını unudub ilk növbədə cəbhədəki vəziyyətlə, döyüş yoldaşlarının taleyi ilə maraqlanırdılar. Biz də bildiklərimiz daxilində onları məlumatlandırmağa çalışırdıq.

Onların söhbətlərində yaşamaq ümidi, yenidən döyüş bölgəsinə qayıtmaq və düşmənlə mübarizəni davam etdirmək istəyi üstünlük təşkil edirdi.

– Bəzən xəstənin həyatını xilas etmək üçün saniyələrlə yarışdığınız anlar olubmu? Həmin an necə qərar vermisiniz?

– Belə hadisələr az olmur əlbəttə ki. Hətta belə hadisələrdən biri Birinci Qarabağ müharibəsi zamanı baş vermişdi. Xəstənin ürəyi qısa müddətə dayanmışdı. Ona ürək masajı etdim. Hətta masaj zamanı bir-iki qabırğası sınmışdı, amma xəstəni həyata qaytara bildim. Ürək masajı düzgün aparılmalıdır ki, ürək yenidən fəaliyyətə başlasın. Qabırğaların sağalması müəyyən vaxt aparsa da, əsas məsələ insanın həyatını xilas etmək idi.

 

– Həm müharibə bölgəsində, həm də xəstəxanada ağır mənzərələrlə qarşılaşırdınız. Üstəlik, həmin vaxt COVID-19 pandemiyası da davam edirdi. Özünüzü fiziki və psixoloji cəhətdən necə qoruyurdunuz?

– Mən o günlərdə heç vaxt özümü zəif hiss etməmişəm. Hətta avtomobilim də yox idi. Bəzən gün ərzində üç dəfə gəlib-gedir, yaralılarla maraqlanırdım. Düşünürdüm ki, bu insanlara biz kömək etməsək, kim kömək edəcək? Onlar bizim gələcəyimiz, bizi və övladlarımızı qoruyan insanlardır.

Kollektivimizin də bu işdə böyük rolu vardı. Hamımız komanda şəklində çalışırdıq. Cərrahlar, reanimatoloqlar, tibb bacıları – heç kim kənara çəkilmirdi. Həmin əməkdaşlarımızla birlikdə gecə-gündüz işləyirdik. Mən də bu prosesdə koordinator kimi fəaliyyət göstərirdim.

Evə getmək çox az hallarda mümkün olurdu. Həmin vaxt COVID-19 pandemiyası da davam edirdi, amma biz bunları düşünmədən yaralılarla məşğul olurduq. Hamımızın bir məqsədi vardı: onları sağaltmaq və yenidən həyata qaytarmaq.

– Müharibə bitəndən sonra gündəlik həyata qayıtmaq necə oldu? Sizin yaddaşınızda ən çox nə qalıb?

– Xəstəxanaya daxil olanda bəzən hələ də həmin yanıq qoxusunu hiss edirəm. İş yoldaşlarıma deyirəm ki, "sanki, nəsə qoxu var". O vaxt yaralıların vəziyyəti o qədər ağır idi ki, yanmış insan bədənlərinin qoxusu uzun müddət xəstəxananın divarlarından çəkilmirdi.

Bəzi yaralıların tamamən sifətləri, əlləri, gözləri, ayaqları yanmışdı. Bu mənzərələr uzun müddət yuxularımdan çıxmırdı. Elə yaralar, elə görüntülər var ki, onları heç vaxt unutmaq mümkün deyil.

Şəhid olan hər bir əsgərimizə Allahdan rəhmət diləyirəm. Sağ qalanlara isə cansağlığı arzulayıram. İstəyirəm ki, onlara göstərilən qayğı daha da yaxşı olsun. Çünki bu insanlar gələcək nəsillər üçün böyük örnəkdir.

– Bu gün müalicə etdiyiniz hərbçilərlə əlaqəniz qalırmı? Yenidən qarşılaşdığınız zaman nə hiss edirsiniz?

– Bəli, sağ qalan yaralılarımızın bir çoxu ilə münasibətim davam edir. Onlarla yalnız həkim-xəstə münasibətimiz yoxdur, bir qardaş kimi yaxın olmuşuq. Gəlib görüşənlər, zəng edənlər var.

Şuşadan olan bir xəstəm yadımdadır. Donma nəticəsində ayaqlarından biri amputasiya olunmuşdu. Sonradan digər ayağının da amputasiyasına tibbi göstəriş yaranmışdı. Özü də ağrılarından dolayı bunun edilməsini istəyirdi. Hazırda dizdən aşağı hər iki ayağı amputasiya olmasına baxmayaraq, üç övlad atasıdır. Özünü xoşbəxt hiss edir. Tez-tez mənə zəng edir, mən də onunla maraqlanıram. Danışır, həmin günləri xatırlayırıq (gülümsəyir).

Belə görüşlər insanı sevindirir. Çünki bir vaxtlar həyatını xilas etmək üçün mübarizə apardığın insanın bu gün öz ailəsi, övladları ilə yaşadığını görürsən.

 

– Müsahibəyə başlamazdan əvvəl bir sualı oxuyanda gülümsəyib çətin sual olduğunu demişdiniz. Gəlin həmin suala qayıdaq: bu gün yenidən o günlərə qayıtsaydınız, özünüzə nə demək istəyərdiniz?

– Bu gün o günlərə qayıtsaydım... Özümə deyərdim ki, daha da güclü ol. Başqa söz deməzdim. Mən həm fiziki, həm də psixoloji cəhətdən güclü olmağa həmişə hazır olmalıyam. Çünki həyatdır, sabah yenə belə ağır yaralarla, başqa hadisələrlə qarşılaşa bilərik. Həkim hər zaman xəstələri qəbul etməyə və onlara yardım göstərməyə hazır olmalıdır.

Həkim heç vaxt ruhdan düşməməlidir. "Gücsüzəm, yorulmuşam, işləyə bilmirəm" deməyə həkimin haqqı yoxdur. O, hər bir çətin vəziyyətə psixoloji cəhətdən hazır olmalıdır.

Artıq 40 ildir ki, cərrahiyyə sahəsində çalışıram. Gənc həkimlərə də tövsiyəm budur ki, ağır vəziyyətlərdə komanda şəklində işləsinlər, bir-birinə dəstək olsunlar. Çünki birlikdə çalışanda xəstənin sağalmaq şansı artır, həkimin üzərinə düşən ağır hisslər də bölüşdürülür. Mən onların həmişə birlikdə işləməsini arzulayıram.

Müsahibə bitir. Kamera dayanır, suallar susur. Həkimlə sağollaşıb xəstəxanadan ayrılıram. Amma qapıdan çıxanda söhbətimiz də mənimlə gəlir. Fikrimdə bir-birinə qarışan səhnələr var: alovların içindən çıxarılan, bədəninin böyük hissəsi yanmış, amma yaşamaqdan vaz keçməyən əsgərlər, onların yaralarını sağaltmaq üçün gecəni gündüzə qatan, bəzən evə getməyi belə unudan həkimlər...

Düşünürəm ki, müharibə bəziləri üçün son atəş səsləri ilə bitir, bəziləri üçün isə həmin səslər illərlə yaddaşda əks-səda verir. Bəzən bir qoxu, bir görüntü, bir ad insanı yenidən o günlərə qaytarmağa kifayət edir.

Xəstəxanadan ayrılarkən bir daha anlayıram: müharibədə yalnız silah tutanlar mübarizə aparmır. Bəziləri həyatla ölüm arasındakı sərhəddə, ağ xalatın içində öz döyüşünü verir. Və o döyüşün qəhrəmanları da bəzən illər keçsə belə, xilas edə bildikləri insanların taleyində yaşamağa davam edirlər.