Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyini uğurla başa vurduqdan sonra da beynəlxalq iqlim diplomatiyasında fəal rolunu davam etdirir. Bu kontekstdə artıq üçüncü ildir ki, ardıcıl olaraq keçirilən qeyri-rəsmi Şamaxı görüşü davamlı beynəlxalq platformaya çevrilərək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) danışıqlar qruplarının sədrlərini və iqlim danışıqlarına məsul olan bir sıra tərəf dövlətlərin nümayəndə heyətlərinin rəhbərlərini bir araya gətirir.
Qaziler.az xatırladır ki, bu günlərdə Şamaxı şəhərində Azərbaycanın təşkilatçılığı və sədrliyi ilə, eləcə də COP31-ə həmsədrlik edən Türkiyə və Avstraliyanın əməkdaşlığı çərçivəsində sözügedən üçüncü qeyri-rəsmi görüş baş tutub.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "Bakinski raboçi" qəzetinə müsahibəsində Şamaxı görüşünün formatı və Azərbaycanın beynəlxalq iqlim diplomatiyasındakı rolu haqqında ətraflı danışıb. “AzPolitika” müsahibənin təqdim edir:
– Sadiq müəllim, Şamaxı formatının qlobal iqlim danışıqları üçün praktiki dəyəri nəidən ibarətdir?
– Şamaxı formatının praktiki dəyəri, ilk növbədə, danışıqlar prosesinin əsas iştirakçıları arasında daha açıq və məzmunlu dialoq üçün şəraitin yaradılmasındadır. İqlim danışıqları maliyyələşmə, adaptasiya, emissiyaların azaldılması və ədalətli keçid məsələlərində ciddi fikir ayrılıqları ilə xarakterizə olunur. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının rəsmi sessiyaları çərçivəsində iştirakçılar müəyyən edilmiş prosedurlar, sıx gündəlik və uzlaşdırılmış milli mövqelərə açıq şəkildə sadiq qalmaq zərurəti ilə bağlıdırlar. Buna görə də danışıqlar qruplarının rəhbərlərinin və dövlətlərin aparıcı iqlim danışıqçılarının qeyri-rəsmi görüşü daha açıq, konstruktiv və məzmunlu dialoq üçün zəruri məkan yaradır.
Həmçinin Şamaxı formatının praktiki dəyəri onun keçirilmə vaxtı ilə də bağlıdır – bu görüş UNFCCC köməkçi orqanlarının Bonndakı yay sessiyası başa çatdıqdan təxminən bir ay sonra və Pre-COP keçirilənədək baş tutur. Beləliklə, bu format danışıqlar təqvimində mühüm bir aralığı doldurur: Bonnda əldə olunmuş nəticələri təhlil etməyə, saxlanılan fikir ayrılıqlarının səbəblərini müəyyənləşdirməyə və rəsmi prosesin növbəti mərhələsinə keçənədək onların yaxınlaşdırılması istiqamətində işi davam etdirməyə imkan verir. Qeyri-rəsmi və açıq atmosfer iştirakçılara öz mövqelərini daha sərbəst ifadə etmək, bir-birinin prioritetlərini daha yaxşı anlamaq və gələcək kompromis istiqamətlərini əvvəlcədən müəyyən etmək imkanı verir.
Şamaxı formatı rəsmi danışıqları əvəz etmir və razılaşdırılmış qərarların qəbul edilməsini məqsəd qoymur. Onun tapşırığı – tərəflər arasında etimadı möhkəmləndirmək və COP çərçivəsində növbəti konsensusun əldə olunması üçün siyasi və məzmunlu zəmin hazırlamaqdır. Görüşün artıq üçüncü ildir ki, ardıcıl olaraq keçirilməsi və UNFCCC danışıqlar qruplarının sədrlərini, eləcə də iştirakçı dövlətlərin nümayəndə heyətlərinin rəhbərlərini birləşdirməsi bu mexanizmə olan tələbatı təsdiqləyir. Şamaxı formatı beynəlxalq iqlim danışıqları prosesinin fasiləsizliyinə və nəticəliliyinə töhfə verən mühüm qeyri-rəsmi meydança kimi formalaşıb.

– Bu gün Şamaxı formatının iqlim diplomatiyası üzrə en nüfuzlu beynəlxalq meydançalardan birinə daxil olduğunu söylemək olarmı?
– Belə bir nəticəyə gəlmək üçün ciddi əsaslar var. Bununla belə, Şamaxı formatının nüfuzu, ilk növbədə, onun praktiki effektivliyi ilə müəyyən edilir. Üçüncü görüş 34 dövlətin, UNFCCC katibliyinin 70-dən çox nümayəndəsini, danışıqlar qruplarının rəhbərlərini, nümayəndə heyətlərinin başçılarını, nazirləri, nazir müavinlərini və iqlim məsələləri üzrə xüsusi nümayəndələri bir araya gətirdi.
İştirakçılar Şamaxı görüşünün daimi platformaya çevrilməsi ideyasını dəstəklədilər, COP32-yə ev sahibliyi edəcək Efiopiya isə 2027-ci ildə dördüncü görüşü Azərbaycanla birgə təşkil etməyə hazır olduğunu bildirdi. Bu, formatın beynəlxalq səviyyədə tanınmasının mühüm göstəricisidir.
Bu il iqlim maliyyələşdirilməsi, adaptasiya, emissiyaların azaldılması, ədalətli keçid, "Belem Missiyası 1,5°C" və COP31-in prioritetləri müzakirə olunub. Görüşün Antalyaya doğru rəsmi "yol xəritəsi"nə daxil edilməsi də onun tədricən illik iqlim təqviminin davamlı elementinə çevrildiyini təsdiqləyir.
– Şamaxı formatının Azərbaycan üçün əhəmiyyəti nədir?
– Ölkəmiz üçün bu formatın faydalılığı bir neçə ölçüyə malikdir. Birincisi, o, ölkənin COP29 sədrliyinin siyasi irsini möhkəmləndirir. Azərbaycan göstərir ki, onun rolu Bakıdakı konfransın bitməsi ilə yekunlaşmayıb və əldə olunmuş razılaşmaların reallaşdırılmasına kömək etməyə, COP29, COP30 və COP31 sədrlikləri arasında varisliyi dəstəkləməyə davam edir.
İkincisi, Şamaxı görüşü Azərbaycanın diplomatik subyektliyini gücləndirir. Ölkə yalnız ev sahibi kimi deyil, həm də inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər, donorlar və maliyyə alanlar, enerji resurslarının istehsalçıları və istehlakçıları arasında dialoqu dəstəkləməyə qadir olan vasitəçi kimi çıxış edir.
Üçüncüsü, bu format Azərbaycana xüsusi ekspertizanı toplamağa, əsas danışıqçılarla işçi əlaqələrini möhkəmləndirməyə, habelə beynəlxalq iqlim gündəliyinin formalaşmasında iştirak etməyə imkan verir. Nəhayət, davamlı beynəlxalq brend – "Şamaxı İqlim Dialoqu" yaranır. Bu, yalnız Bakının değil, Azərbaycanın regionlarının da beynəlxalq diplomatiya meydançası kimi təşviq edilməsinə töhfə verir.
– Şamaxı formatının Türkiyənin COP31 sədrliyi üçün praktiki xeyri nədir?
– Şamaxı formatı Türkiyəyə mühüm köməklik göstərmək iqtidarındadır, lakin o, rəsmi danışıqları əvəz etmir. Onun əsas funksiyası – Antalyada COP31 başlamazdan əvvəl danışıqlar risklərini azaltmaqdır. Şamaxıda COP31 sədrliyinin nümayəndələri ən mürəkkəb məsələlər üzrə nümayəndə heyətləri rəhbərlərinin mövqelərini birbaşa eşitmək imkanı əldə etdilər: iqlim maliyyəsi, adaptasiya üzrə qlobal hədəf, iqlim dəyişmələrinin fəsadlarının yumşaldılması üzrə proqramın gələcəyi, ədalətli keçid mexanizmi və ikinci qlobal yekunların çıxarılması. Bu, konsensusu hansı məsələlərin bloklaya biləcəyini əvvəlcədən müəyyən etməyə və müvafiq diplomatik strategiyanı qurmağa imkan verir. Görüşün Azərbaycan tərəfindən COP31 sədrliyi – Türkiyə və Avstraliya ilə qarşılıqlı əlaqədə keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə bir mexanizm əvvəlki sədrliklərin təcrübəsini yeni sədrliyin ehtiyacları ilə birləşdirir. Həmçinin Ankaraya daha balanslı iş proqramı hazırlamağa, danışıqlar qrupları ilə etibarlı kontaktlar qurmağa və ehtimal olunan kompromisləri əvvəlcədən müəyyənləşdirməyə kömək edir.
Yəni Şamaxı Türkiyəyə gələcək danışıqların özünəməxsus "diaqnostik xəritəsini" təqdim edir. Bu xəritə nə qədər dəqiq olarsa, Antalyada mütəşəkkil prosesin və məzmunlu nəticələrin əldə olunma ehtimalı bir o qədər yüksək olar.
– Azərbaycanın qlobal iqlim diplomatiyasındakı rolu necədir?
– COP29-dan sonra Azərbaycan qlobal iqlim diplomatiyasında diqqətəlayiq və bir çox cəhətdən unikal rol formalaşdırıb. Bu rol üç əsas funksiyaya əsaslanır. Birincisi – vasitəçilik funksiyasıdır. Bakı müxtəlif iqtisadi imkanlara və inkişaf səviyyələrinə malik dövlət qrupları arasında toxunma nöqtələrinin axtarışına kömək edir. İkincisi – Tərəflər Konfransının ardıcıl sədrlikləri arasında əlaqələndirici bənd funksiyasıdır. "Üçlük" mexanizmi çərçivəsində Azərbaycan Braziliya və COP31 sədrliyi ilə qarşılıqlı əlaqədə görünərək Bakıda qəbul edilmiş qərarlar, Belemdəki gələcək işlər və Antalyada gözlənilən konfrans arasında varisliyi təmin edir.
Üçüncüsü – praktiki qərarların təşəbbüskarı funksiyasıdır. COP29-un ən vacib nəticələrinə iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin müəyyən edilməsi, İtki və Zərər Fondunun tam fəaliyyətinin təmin olunması, Paris Sazişinin 6-cı maddəsinin mexanizmləri üzrə çoxillik danışıqların başa çatdırılması, habelə inkişaf etməkdə olan ölkələr üçün illik iqlim maliyyələşdirilməsini 2035-ci ilə qədər 1,3 trilyon dollara çatdırmağa yönəlmiş "Belemə doğru 1,3 trilyonluq Bakı Yol Xəritəsi"nin irəli sürülməsi daxildir.
Azərbaycanın uzunmüddətli rolunun mühüm təsdiqi kimi 2026-cı il sentyabrın 7-11-də Bakıda BMT-nin İqlim Həftəsinin keçirilməsi olacaq. Bu beynəlxalq tədbirin keçirilməsi üçün Bakının seçilməsi Azərbaycana olan etimaddan, onun dövlətləri, beynəlxalq təşkilatları, maliyyə institutlarını, biznesi və ekspert birliyini iqlim qərarlarının praktiki reallaşdırılması ətrafında birləşdirmək bacarığının tanınmasından xəbər verir. Azərbaycan artıq yalnız COP29-a ev sahibliyi etmiş ölkə rolu ilə məhdudlaşmır. O, beynəlxalq iqlim gündəliyinin varisliyini təmin edən və qəbul edilmiş razılaşmalardan onların praktiki icrasına keçidə kömək edən qlobal iqlim diplomatiyasının uzunmüddətli iştirakçısına, vasitəçisinə və təşkilatçısına çevrilir.
“AzPolitika.info”

