Qafqaz üçün Paşinyan vacib fiqurdur - Mirmahmud Mirəlioğlu

Qafqaz üçün Paşinyan vacib fiqurdur - Mirmahmud Mirəlioğlu backend

Mirmahmud Mirəlioğlu: "Mən də, yoldaşım da təqaüdçüyük, dolanışığım məni qane edir"

 

"Xatirələrimi, gündəliklərimi kitaba çevirmək istəyirəm"

 

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Modern.az-a müsahibə verib. O, "Ramiz Mehdiyev işi"ndən, Ermənistandakı seçkilərdən, uzun müddət ortada olmamasının səbəblərindən və dolanışığı ilə bağlı məsələlərdən danışıb.

 

Mirmahmud Mirəlioğlu ilə müsahibəni təqdim edirik:

 

- Mirmahmud bəy, bir müddətdir ki, partiyanızın aktiv fəaliyyəti hiss olunmur. Siz də ictimaiyyət arasında, mediada görünmürsünüz. Bunun, eləcə də Klassik Xalq Cəbhəsi Partiyasının son zamanlar bir qədər sönük fəaliyyət göstərməsinin səbəb nədir?

 

- Mənim görünməməyim partiyamın fəaliyyətinin sönük görünməsi demək deyil. Bu, bir az doğru yanaşma deyil. Partiyamız fəaliyyətdədir. Mən bir müddət öncə, 1 il 8 ay əvvəl əməliyyat olunmuşam və həkimlərimə təşəkkür edirəm. Ciddi əməliyyat oldu, amma şükür ki, uğurlu keçdi. Ona görə həkimlərimə minnətdaram. Əməliyyatdan sonra 6-7 ay karantin dövrü oldu. Karantindən sonra da səhhətimlə bağlı bəzi problemlər yaşamışam.

 

Sonra da məlum hadisə oldu - ailəmdə böyük faciə baş verdi. Beşinci faciə. Ona görə görünməməyimin əsas səbəbi sırf şəxsi həyatımda baş verənlərlə bağlıdır. Amma təşkilat fəaliyyətini davam etdirir. İndi daha çox siyasət və partiyaları bilən şəxslərlə əlaqəlidir deyə, belə şeylər o cür qapanır. Amma fəaliyyət davam edir. Artıq bir aya yaxındır ki, özüm də fəaliyyətimi bərpa etməyə çalışıram. Efirlərdə yoxam, müsahibələrim yoxdur. Amma indi başlayırıq.

 

- Xəstəliyiniz nə ilə bağlı idi?

 

- Heç kəs xəstəlikdən sığortalanmayıb. Boyun nahiyəsində bir şiş var idi. Uzun müddət müalicə olundum, sonra müdaxilə olundu, əməliyyat edildim və şükür Allaha ki, yaşadıq.

 

 

- Partiyanın yeni dönəm üçün planları nədən ibarətdir? Hansı hədəfləri qarşınıza qoymusunuz? 

 

- Təqvim planlarımız var, fəaliyyət istiqamətləri müəyyənləşdirilir. Hər ilin sonunda həmin fəaliyyət istiqamətləri Ali Məclis tərəfindən təsdiq olunur və yerinə yetirilir. Yəni qeyri-adi bir şey yoxdur. Strateji hədəfimiz bəllidir, hər kəs bunu bilir. Amma sadəcə olaraq indi bir az gündəmi zəbt edən məsələlərin ardınca gedirik. Dünyanı idarə edən dövlətlər belə bu gün özlərinin yaratdıqları problemlərin ardınca sürünməkdədirlər. Və biz də ənənəvi planımıza uyğun olaraq fəaliyyətimizi davam etdiririk.

 

- Bəs üzvlərinizin sayında artım olub?

 

- Azdır, amma var. Son 1 ildə partiyamıza 500 nəfər yeni üzv yazılıb.

 

- Partiyanın gənclər təşkilatı, qadınlar təşkilatı və ağsaqqallar şurası varmı?

 

- Bunların hamısı var. Təşkilatların hamısının fəaliyyəti Azərbaycan reallıqlarına uyğun və bir az da indiki məqamda arzularımıza uyğun getmir.

 

- Partiyanın həmin strukturlarında rəhbərlər kimlərdir? 

 

- Qadın qollarının sədri Südabə xanım Süleymanova, gənclər şəbəkəsinin sədri İlham bəy Xanməmmədov 

Ağsaqqallar şurasının sədri isə Zakir bəy Quliyevdir.

 

- Klassik Xalq Cəbhəsi Partiyası olaraq, Qarabağda şöbə yaratmaq barədə planınız varmı?

 

- Klassik Xalq Cəbhəsi Partiyasının ərazisi işğal olunmuş rayon və şəhər şöbələrimiz olub, bu gün də ərazisi işğaldan azad olunmuş rayon və şəhər şöbələrimiz faktiki olaraq var. Amma bu şöbələr hələ ki, Abşeron yarımadasında, Bakıda fəaliyyət göstərir və bizim üçün bu məsələ problem deyil. O məsələnin siyasi qərarı olmalıdır. Ola bilsin kimsə bir az zamanı qabaqlamaqla bağlı öz perspektivindən belə ideyalar irəli sürür. Qarabağ şöbəsi olsun, Xankəndi şöbəsi olsun, Şuşa şöbəsi olsun – bizdə bunlar var. Yəqin ki, ora köçəndə fəaliyyəti Qarabağda göstərəcəklər. Sadəcə onların köçürülməsi qalır.

 

- Mirmahmud bəy, "Ramiz Mehdiyev işi" ilə bağlı qənaətiniz nələrdir?

 

- Bu məsələ həm ciddi, həm də qeyri-ciddi məsələdir. Ciddidir, çünki ortada ağır ittihamlar var. Bu adamın gördüyü fəaliyyətlər mövcuddur. Vaxtilə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının sədri seçiləndə parlamentdə demişəm ki, maraqlıdır, ölkənin ən böyük korrupsioneri Korrupsiyaya qarşı mübarizə Komissiyasına sədr seçilir. Bu, mənim sözümdür. Ancaq bu məsələyə qoşulmaq olmaz. Çünki bu, hakimiyyətin sırf daxili işidir. Qoşulmaq olar, istənilən məsələdə, istənilən mövzuda danışmaq olar. Amma adamın bir az da danışmağa haqqı olmalıdır. Hakimiyyətin özünün Ramiz Mehdiyevlə, onun dəstəsi ilə, onun bütün şəcərəsinin, qohum-əqrəbasının, sülaləsinin gördüyü işlərlə bağlı bildikləri bizim bildiklərimizdən qat-qat çoxdur. Biz onun ancaq görünən tərəfini bilirik, görünməyən tərəflərini isə onlar bilirlər.

 

- Qonşuluğumuzda baş verənlərlə bağlı da fikirlərinizi bilmək istərdik. Ermənistanda bazar günü parlament seçkiləri keçiriləcək. Seçki ilə bağlı gözləntiləriniz nədir? Hər hansı hakimiyyət dəyişikliyi ehtimalı varmı? Ümumiyyətlə, situasiyanı necə dəyərləndirirsiniz?

 

- Mən Nikol Paşinyana uğurlar arzulayıram. Bizim qonşumuz olduğuna görə. Dünənki ilə bugünkü vəziyyət başqa cürdür. Vəziyyət sabah tamamilə başqa cür də ola bilər. Amma Qafqaz üçün Paşinyan vacib fiqurdur. Xüsusilə də Azərbaycan-Ermənistan məsələləri hələ bitmədiyinə görə vacibdir. Mən həm də inanıram ki, Paşinyan qalib gələcək. Bunu təhlillər də, ona olan həm daxili seçici dəstəyi, həm də xarici dəstək göstərir. Bu bizim də istəyimizdir. Perspektiv üçün belə olsun. Rusiya faktorunu gözdən qaçırmaq olmaz. Rusiya öz şeytani işlərini görür. Ermənistan seçicisi də ayıq-sayıq olmalıdır. Ona görə də, ruspərəstlərin, üstəgəl Azərbaycana düşmən kəsilənlərin fəallaşması var ki, onların arxaslında da Rusiya dayanır. Amma arzularımızla reallıqları bir-birinə qarışdırmamalıyıq. Təbii ki, asan olmayacaq, amma demokratiya öz sözünü deyəcək. Ermənistanda demokratiya qalib gələcək.

 

 

- ABŞ-İsrail və İran arasındakı konfiliktlə bağlı düşüncələriniz nədir? Siz bu proseslərin sonunu necə görürsünüz?

 

- Hələ 1994-cü ildə İrana "İran anti-İslam Respublikası" adını vermişəm. Bu adın müəllifi mənəm. Mənim bu məsələdə haqlı olduğum zamanla təsdiqlənəcək. İran anti-İslam Cümhuriyyəti 1979-cu ildən bəri dinsiz cəmiyyət və rejimdir. Dinsizin də öhdəsindən imansız gəlir. Allah orada törədilən bütün haqsızlıqlara görə, nahaqq qanlara, xüsusilə də anti-Türk siyasətə görə ona bəlasını verdi. Amma dinsiz və imansızın qiymətləndirməsi bərabər olmalıdır. İndi doğru və həqiqəti söyləmək çox çətindir. Nə millətin, nə də ilahi ədaləti müdafiə etmək istəyənlər var. Danışanlar ya ABŞ-ni, ya da İran anti-İslam respublikasını müdafiə edirlər. Haqqı, Allahın dediyini, türkün hüququnu müdafiə etmək məsələsi yoxdur.

 

Müharibə özünü idarə edə bilmir, amma dünyanı idarə edənlərin istəklərinə uyğun bitəcək. Müharibənin ən qızğın vaxtında belə, onun başında duran və bunu həyata keçirən rəhbərlər – Tramp və yaxud Netanyahu günün əvvəlində bir cür, günün ortasında başqa cür, günün sonunda isə tamamilə ayrı cür mövqe ortaya qoyurdular. Bu da göstərir ki, xaos çox uzanacaq. Amma inşallah, sonu yaxşı olar və türk millətinin istədiyi bütöv Azərbaycan qurular.

 

- Bildiyim qədərilə pensiya yaşındasınız. Aldığınız pensiya sizi qane edirmi?

 

- Azərbaycanda maddi vəziyyət hətta milyarderi də qane etmir. O da daha çox qazanmaq istəyir. Dünən milyonçu idi, bu gün milyarderdir. Bu, onu qane etmir. Məncə, istənilən halda, ailə büdcəsi insanları qane etməsə belə, onu idarə edə bilir, uyğunlaşdırır, nəzərə alırlar. Bunlar olur. Mən narazı deyiləm. Artıq iki nəfərik. Dolanışığımız iki nəfər üçün kifayətdir.

 

Uşaqların anası da təqaüddədir, mən də. Amma cəmiyyəti dolanışığı qane etmir. Cəmiyyətin vəziyyəti yaxşı deyil. Gündəlik bahalaşma var. Dünənki qiymətlərlə bugünkü qiymətlər uyğun deyil, fərqlidir. Əhalinin istehlak zənbili onu qane etmir. Digər problemlər var.

 

Milyarderlərdən, milyonerlərdən başladım ki, onları qane etmirsə, sıravi vətəndaşı heç qane etmir. Mən o sıravi vətəndaşlardan biriyəm, amma narazı deyiləm. Amma əhalinin vəziyyətindən çox narazıyam.

 

- Sizin bir UAZ markalı avtomobiliniz vardı. O hələ də qalırmı?

 

- Niyə qalmır ki, qərargahın qabağındadır. 

 

- Yenə də, partiyanın qərargahına Sumqayıtdan gəlib-gedirsiniz?

 

- Mən Saray qəsəbəsində qalıram. Oradan da gəlib-gedirəm.

 

- Niyə Bakıya köçmürsünüz?

 

- Bakıya köçmək üçün ən azı adamın burda evi olmalıdır. Ev alsanız köçərəm...

 

- Siz siyasi partiya liderisiniz, siyasətçisiniz, həm də təqaüdçüsünüz. Bununla yanaşı, kitab yazmaq və ya başqa fəaliyyətlə də məşğul olursunuzmu?

 

- Ola bilsin ki, xatirələrimi, yazdıqlarımı, gündəliklərimi kitaba çevirim. Xüsusilə də son iki ilə yaxın müddətdə baş verənlər bunu vacib edir. 1967-ci ildən gündəlik yazıram. Yəqin ki, nəsə yazaram.