“Qarabağ əlilləri çox ağır həyat tərzi keçirirlər”

“Qarabağ əlilləri çox ağır həyat tərzi keçirirlər” backend

Firudin Məmmədov: “Bərpa mərkəzlərindən narazılığımız yoxdur” Hazırda Qarabağ Müharibəsi əlillərinə dövlət qayğısı ölkə başçısı səviyyəsində göstərilir. Onların mənzil şəraitinin yaxşılaşdırılması, avtomobillə təmin olunmaları birbaşa Ali Baş Komandanın nəzarətində həyata keçən məsələdir. Müqəddəs torpaqlarımız uğrunda canını-qanını verən, ölümün gözünün içinə dik baxan mərd oğullarımız indi də sağlamlıqları uğrunda mücadilə aparırlar. Müharibə əlillərinin problemləri haqda bizə ətraflı məlumat verəcək müsahibimiz “Vətən Müharibəsi Əlilləri İctimai Birliyi”nin sədri, 1-ci qrup Qarabağ qazisi (əlili) Firudin Məmmədovdur.

- Firudin bəy, hazırda Qarabağ əlillərinin hansı problemləri var?

- Qarabağ əlillərinin əsas problemi sağlamlıqla bağlıdır. Bildiyiniz kimi, müharibə əlilləri sağlamlıqlarını müharibədə qurban vermiş insanlardır. Zaman keçdikcə əksər əlillərdə sağlamlıq ciddi problemə çevrilir. Hətta Qarabağ əlilləri arasında vəfat edənlərin göstəriciləri sıravi insanların göstəricilərindən bir neçə dəfə çoxdur. 40-45 yaşına qədər vəfat edənlərin içərisində müharibə əlilləri statistik göstəriciləri təhlil etsək 20-25 dəfə çox olduğunu görərik. Bu da ondan irəli gəlir ki, müharibə əlillərinin müalicə problemləri səhiyyə sistemində olan müəyyən problemlərlə əlaqədar olaraq onlara sağlamlıqlarını qoruyub formada saxlamalarına təminat vermir. Ona görə də biz müharibə əlillərinin və ailə üzvlərinin tibbi sığortası ilə bağlı dəfələrlə məsələ qaldırmışıq. Amma təəssüf ki, həmin məsələ hələ də həll olunmamış qalıb. Hesab edirik ki, yaxın gələcəkdə, bəlkə də bu ilin sonuna qədər, ölkədə tibbi sığorta ilə bağlı konkret işlər görüləcək.

İkinci əsas problem isə əlillərin pensiya və müavinətlərinin azlığıdır. Əgər müharibə əlilləri orta hesabla 150-200 manat arası pensiya alırsa, 3-cü qrup əlillər lap az alır, Prezident təqaüdü ilə birlikdə onların gəlirləri ümumilikdə 280-290 manata çatır. 12 min Qarabağ əlilinin 8 min nəfəri 2-ci qrup Qarabağ müharibəsi əlilidir. Orta statistik Azərbaycan ailəsinin 4 nəfərdən ibarət olduğunu nəzərə alsaq, bu rəqəm yaşayış minimumundan 2 dəfə azdır. Hazırda yaşayış minimumu 125 manatdır. Minimal yaşayış həddini təmin etmək üçün 4 nəfərlik ailəyə 500 manat lazım olduğu halda, o, 280 manatla ailəsini saxlamaq məcburiyyətindədir. Bir az da müalicəyə xərcini nəzərə alsaq, bu pul onu saxlayacaq həddə olmadığını görərik. Ona görə də bizim Qarabağ əlilləri çox ağır həyat tərzi keçirirlər. Düzdür, dövlət əlillərə müəyyən işlərdə köməklik göstərir. Bura avtomobillərin, mənzillərin verilməsi daxildir. Amma bu, gündəlik maddi vəziyyəti təmin etmir. Onun müalicəsi, onun övladlarına təhsil verməsi, xeyrə-şərə getməsi və sairə işlər üçün vəsait lazım olur. Bu gün orta məktəblərdə verilən təhsil imkan vermir ki, şagirdlər özləri imtahan verib ali məktəbə daxil olsunlar. Bu, bu günün reallığıdır. Bu üzdən Qarabağ əlilləri öz övladlarına repetitor tutmaq məcburiyyətində qalır. Müəllimlər də 50-70-100 manat arasında hazırlaşdırır uşağı. Tutaq ki, 5 fəndən repetitor tutub uşağı hazırlaşdıranda bunun üçün də hardasa 400-500 manat ödəməlisən. Təbii ki, bu da xeyli vəsait edir ki, bu da əlilin pensiyasından çox azdır. Buna da əlilin qətiyyən imkanı yoxdur. Bu baxımdan Qarabağ əlilləri övladlarının qarşısında sınıq vəziyyətə düşürlər.

- Əlillərin Reabilitasiya Mərkəzlərinin işi Qarabağ müharibəsi əlillərini qane edirmi?

- Azərbaycanda bərpa mərkəzləri bir neçə rayonda fəaliyyət göstərir. Bakıda da əsasən 3 bərpa mərkəzi var: 6-cı mikrorayonda, Şağanda və Kirov adına institutda. Reabilitasiya Mərkəzləri əsasən nevroloji xəstələrin müalicəsi nəzərdə tutulub. Bərpa mərkəzlərindən bizim narazılığımız yoxdur. Etiraf edim ki, onlarla bağlı elə bir ciddi problem olmur. Amma bu mərkəzlər əlilləri əhatə edən xəstəliklərin 10-15 faizini təmin edir. Əlillərdə daha ağır xəstəliklər var. Hepatitlərdir, qan xəstəliyidir, serrozdur və digərləridir. Bilirsiniz, bu da ondan irəli gəlir ki, döyüşlərdə yaralanarkən bizə qan vurulurdu. Yaralı o qədər çox idi ki, heç baxmırdılar kimin qanıdır, xəstədir, sağlamdır. Elə vururdular ki, sağ qalaq. 2-3 litr qan itirənlər var idi. Mən yaralanan döyüşdə 90 nəfər itki olmuşdu, 57 yaralı 1 saatın işində gəlmişdi. Qan verən insanlar elə yoldan keçənlər idi, qanı araşdırmağa o zaman vaxt yox idi. Kimdəsə yoluxucu xəstəlik var idisə, artıq indi o özünü göstərir. Son vaxtlar düzdür, hepatitlərlə bağlı məsələni dövlət öz üzərinə götürüb.

- Necə düşünürsünüz, bəlkə Qarabağ müharibəsi əlilləri üçün ayrıca bir klinika yaradılsın? Ya hansısa xəstəxananın nəzdində bir şöbə açılsın ki, müharibə əlillərinə xidmət göstərsin...

- Bununla bağlı biz hətta 90-cı illərdə təklif də vermişdik. Sonra bu məsələ dayandı. Qazilərin özlərinin personal travmotoloji klinikasını yaratmaq istəyirdik. Bu sahədə xeyli işlər də görülmüşdü. Amma Qarabağ Əlillər Cəmiyyətinin qeydiyyatı ləğv olundu və bu məsələ də qaldı. Məsələn, Şağandakı mərkəzdə əvvəllər yazılmışdı ki, Qarabağ əlillərinin bərpa mərkəzi, sonra başqa əlillərin də ehtiyacını nəzərə alaraq oradakı “müharibə” sözünü çıxardılar. Dövlət bütün əlillərin sağlamlığının təminatçısıdır, bu baxımdan biz buna etiraz etmirik. Amma xarici ölkələrdə, məsələn, Türkiyə Respublikasının təcrübəsində Qazilər klinikası var. “Gülhanə” Klinikası var ki, orada həm hərbi xidmətdə olan və həm də xidmətini başa vurmuş hərbçilərin müalicəsi çox yüksək səviyyədə həyata keçirilir, həm də istirahət təminatı verilir. Bizdə hərbi hospital var, amma artıq orada müharibə əlilini müalicəyə götürmürlər. Əvvəllər götürürdülər, təmirdən sonra qəbul etmirlər. Biz mülki şəxs olmamalıyıq. Bizə əmək pensiyası verirlər, amma biz müharibə əliliyik, əmək yox. Məsələnin kökündə də duran budur ki, bizə müharibə əlili statusu vermirlər. Milli Məclisdə bununla bağlı qanun qəbul edilməlidir ki, biz bu statusu alaq. Biz Milli Məclis sədri ilə görüşə bilmirik. Baxmayaraq ki, spiker deputatlığa namizədliyini məhz əlillər yaşayan kvartaldan vermişdi və bizə də çoxlu vədlər vermişdi. Bizim Səhiyyə Nazirliyində, Əmək və Əhalinin Müdafiəsi Nazirliyində görüşlərimiz olub. Biz konkret təkliflə çıxış etmişik orda. Neqativ halları nəzərlərinə çatdırmışıq. Düzdür, Səhiyyə Nazirliyindən klinikalara məktub göndərdilər ki, Qarabağ müharibəsi əlillərinə xüsusi diqqət yetirilsin. Amma özəl klinikalara bunun heç bir aidiyyatı yoxdur. Özəl klinikalar bizi boğaza yığıb, o qədər bizə qarşı laqeyddirlər ki...Bir müayinə 60 manatdır. Şəxsən özüm getmişdim, soruşuram ki, Qarabağ müharibəsi əlillərinə güzəşt var sizdə? Deyir bilmirəm. Bizim vicdanlı həkimlərimiz də var, amma vicdansızlarımız da az deyil. Gündə evinə 1000 manat aparan həkim bir Qarabağ əlilinə güzəşt edə bilər də. Biz Səhiyyə Nazirliyi ilə yaxınlarda yenidən görüşəcəyik. Mən orada məhz özəl klinikaların Qarabağ müharibəsi əlillərinə qarşı laqeyd münasibətindən danışacağam. Orada heç olmasa bizə 50 faiz güzəşt eləsinlər. Adicə dövlət xəstəxanasına müalicəyə gedirsən, o da analizləri vermək üçün göndərir özəl klinikaya. Orada həkimlərin öz maraqları var. Özəl klinikada da elə qiymətlər qoyublar ki, dəhşətdir. Orada da əgər əlil dava-qırğın eləsə, güzəşt edərlər, o da 10 faiz...

(ardı var)

Sevda Elay
Diaspora