"Ermənilərin təhvil verilməsi mənim üçün ağrılıdır, amma dövlət qərar veribsə…"

"Ermənilərin təhvil verilməsi mənim üçün ağrılıdır, amma dövlət qərar veribsə…" backend

Azərbaycan və Ermənistan arasında əldə olunmuş ikitərəfli razılığa və humanizm prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələrilə təqsirli bilinərək ölkəmizdə cəza çəkən 4 nəfər - Xaçaturyan Vaqif Çerkezi, Sujyan Gevorg Rubenoviç, Davtyan David Tiqrani və Eulcekcian Viken Abrahamın Ermənistana təhvil verilib.

Bununla bağlı “Operativ Məlumat Mərkəzi-OMM”ə açıqlamasında keçmiş deputat Tahir Kərimli bildirib ki, bu məsələyə şəxsi baxımdan yanaşmaq onun üçün olduqca çətindir.

Keçmiş deputatın sözlərinə görə, ailəsində Qarabağ müharibəsi zamanı çoxsaylı itkilər olub: bacısının oğlu ermənilər tərəfindən qətlə yetirilib, digər qohumları isə həlak olub və ya ağır xəsarətlər alıblar. Buna görə də ermənilər onun ailəsində düşmən millət kimi tanınır.

Bununla belə, keçmiş deputat vurğulayıb ki, Azərbaycan dövləti humanizm və dövlətçilik prinsipləri əsasında qərar verirsə, bu addımı anlayışla qarşılamaq lazımdır. Onun fikrincə, əgər Ermənistanla daimi sülhün əldə olunması üçün bu cür addımlar zəruri hesab edilirsə, bu, dövlət maraqlarından irəli gəlir.

Keçmiş deputat xüsusilə Vaqif Xaçaturyanın adını çəkərək bildirib ki, onun Xocalı soyqırımı ilə bağlı etirafları haqqında məlumatlıdır. Lakin həmin şəxsin yaşlı və ağır xəstə olduğunu, saxlanılmasının artıq Azərbaycan dövləti üçün yükə çevrildiyini qeyd edib.

Açıqlamada vurğulanıb ki, bu şəxslər Azərbaycan məhkəmələrinin hökmü ilə cəzaya məhkum edilmişdilər və onların təhvil verilməsi dövlətin verdiyi siyasi qərardır. Tahir Kərimli qeyd edib ki, əgər bu addımın Azərbaycan üçün ciddi siyasi risklər yaratdığına dair konkret məlumatı olsaydı, narahatlıq keçirərdi. Hazırkı vəziyyətdə isə bu qərarı humanizm aktı kimi dəyərləndirir.

O, həmçinin bildirib ki, sözügedən şəxsləri hazırda məhkəmələri davam edən separatçı cinayətkarlardan fərqləndirmək lazımdır. Onun fikrincə, təhvil verilənlər mülki şəxslər hesab olunub və Azərbaycan tərəfi humanist mövqe nümayiş etdirib.