Azərbaycan və İsrail çoxtərəfli formatda birgə layihələr həyata keçirə bilərlər.
Bunu Bakıda səfərdə olan İsrail Dövlətinin Maliyyə Nazirliyində Şimal və Cənubun Bərpasına cavabdeh nazir, Azərbaycan–İsrail Birgə Komissiyasının həmsədri Zeev Elkin Trend-ə verdiyi özəl müsahibədə bildirib.
“Birgə layihələrin çoxtərəfli formatda da reallaşdırılması üçün potensial görürəm. Məsələn, Qazaxıstanın iştirakı ilə üçtərəfli layihələr həyata keçirə bilərik. İsrail öz növbəsində layihələrə texnoloji baxımdan töhfə verə bilər.
Məsələn, kənd təsərrüfatı sahəsində İsrailin “knowhow”su, Azərbaycanın investisiya imkanları, Qazaxıstanın torpaq və insan resursları, eləcə də kənd təsərrüfatı məhsullarına böyük tələbat olan Çində istehsal imkanlarını birləşdirən birgə layihələr həyata keçirmək olar. Belə dördtərəfli model çox maraqlı ola bilər, çünki hər bir ölkə digərində olmayan resursu təqdim edir və əməkdaşlıq sinerjisi yaranır. Buna görə də ikitərəfli münasibətlərin hüdudlarından kənara çıxan geosiyasi imkanlar görürəm”, – deyə o qeyd edib.
Birgə hökumətlərarası komissiyanın növbəti iclasının mümkün vaxtlarına toxunan Elkin bildirib ki, bu məsələ Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarovla müzakirə olunub.
"Görüşdə hökumətlərarası komissiyanın irəlilədilməsi mexanizmini ətraflı müzakirə etdik və növbəti iclasın 2026-cı ilin ikinci yarısında Bakıda keçirilməsini planlaşdırdıq. Eyni zamanda, komissiya protokoluna daxil edilmiş məsələlərin icrasının səmərəliliyini artıracaq müəyyən mexanizmin təşəbbüsünü də razılaşdırdıq. Komissiyanın rəhbərləri olaraq razılaşmaların icra prosesini izləmək məqsədilə aramızda rüblük “Zoom” konfranslarının keçirilməsi barədə razılığa gəldik. Bu mexanizm 2026-cı ildən etibarən tətbiq olunacaq”, – deyə Elkin bildirib.
Nazir həmçinin vurğulayıb ki, İsrail şirkətləri arasında Azərbaycana investisiya qoyuluşuna maraq getdikcə artır.
“İşgüzar səfərlərin intensiv xarakteri, hökumətlərin iqtisadi əlaqələrin inkişafına göstərdiyi maraq biznes strukturları üçün özlüyündə əlamətdardır. Onlar Azərbaycanda əlverişli mühit görürlər, Azərbaycan hakimiyyətinin İsrail şirkətlərinə və İsraillə dialoqa müsbət yanaşdığını görürlər. Təxminən 2026-cı ilin yanvar ayının sonunda İsrailin xarici işlər naziri Gideon Saarın Azərbaycana səfəri planlaşdırılır. Biznes əlaqələrinin genişləndirilməsi üçün platforma yaratmaq məqsədilə səfəri böyük biznes nümayəndə heyətinin müşayiət edəcəyi gözlənilir”, – deyə o bildirib.
İki ölkə arasında enerji sahəsində əməkdaşlığa toxunan Elkin, xüsusilə Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) İsrailin qaz sənayesində iştirakına dair əldə olunmuş razılaşmaların əhəmiyyətini vurğulayıb.
“SOCAR İsrailin ən iri qaz yataqlarından biri olan "Tamar"da səhmlərin 10 faizini əldə edib və beynəlxalq konsorsium çərçivəsində İsrailin dəniz iqtisadi zonasının bəzi ərazilərində qaz axtarışları aparmaq üçün tənzimləyici icazə alıb. Bu, münasibətlərimizə çox ciddi təkan verib. Bütün tənzimləyici icazələrin çox qısa müddətdə verilməsi İsrailin Azərbaycanla münasibətlərə verdiyi önəmi göstərir”, – deyə nazir qeyd edib.
Elkin eyni zamanda qeyd edib ki, iki ölkə “yaşıl enerji" sahəsində də əməkdaşlıq edə bilər.
“Bir çox İsrail şirkəti məhz günəş enerjisi sahəsində texnologiyaların tətbiqi ilə məşğuldur – həm İsrail daxilində, həm də digər ölkələrdə. Düşünürəm ki, məhz texnologiyalar baxımından təcrübəmizi Azərbaycanla bölüşə bilərik”, – deyə Elkin bildirib.
Nazir həmçinin, çətin dövrlərdə Azərbaycan–İsrail strateji tərəfdaşlığının davam etdirilməsinin vacibliyini vurğulayıb.
“Ölkəmiz müharibə dövründə çox çətin iki il yaşadı. Belə anlarda dostlar tanınır. Bu iki il ərzində Azərbaycanla İsrail arasında dostluq münasibətləri davam etdi, enerji resurslarının tədarükü ilə bağlı bütün öhdəliklər yerinə yetirildi, ikitərəfli aviareyslər davam etdi; təhlükəsizlik məqsədilə müəyyən müddətlərə dayandırılsa belə, qısa vaxt ərzində bərpa olundu. Azərbaycan və İsrail strateji tərəfdaşdır. Son illərdə İsrail ilə Azərbaycan arasında ticarət dövriyyəsi müharibəyə baxmayaraq çox sürətlə artmaqdadır”, – deyə o qeyd edib.
Bundan əlavə, Elkinin sözlərinə görə, iki ölkənin xalqları arasında möhkəm əlaqə körpüsü qurulub.
“Azərbaycanda böyük yəhudi icması yaşayır, İsraildə isə Azərbaycandan olan geniş bir icma mövcuddur; onların nümayəndələrini bu gün İsrail siyasətində, iqtisadiyyatında və bələdiyyə idarəçiliyində hər yerdə görmək mümkündür. Mən həmçinin bu gün İsrail dövlətinin keçmiş Sovet İttifaqı ərazisindəki yəhudi icmaları ilə iş aparan "Nativ" təşkilatına cavabdehəm. Azərbaycanda icma rəhbərləri ilə görüşürəm. Fürsətdən istifadə edərək, Prezident İlham Əliyevə, Azərbaycan hökumətinə Azərbaycandakı yəhudi icmasına göstərilən dəstəyə və son dərəcə müsbət münasibətə görə dərin təşəkkürümü bildirmək istəyirəm.
Adətən hansısa ölkəyə səfər edəndə yəhudi icmaları özlərinin həll edə bilmədikləri məsələləri qaldırmağımı xahiş edirlər. Lakin Azərbaycana səfər çərçivəsində belə müraciətlər ümumiyyətlə olmadı — burada, Bakıda, hər şey yerində həll olunur. İsrail tərəfinin hər hansı yardımı və ya müdaxiləsinə ehtiyac yoxdur. Bu da Azərbaycanın yəhudi icması ilə ölkə rəhbərliyi arasında mövcud münasibətlərin səviyyəsindən çox şey deyir. Biz bunu çox yüksək qiymətləndiririk və belə bir dəstəyə görə səmimi minnətdarlığımızı bildiririk”, – deyə nazir yekunlaşdırıb.



