Karatedən güləşə, müharibədən sinfə – gənc müəllimlə MÜSAHİBƏ

Karatedən güləşə, müharibədən sinfə – gənc müəllimlə  MÜSAHİBƏ backend

 Ülvi Qurbanov Bakı şəhəri 184 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimidir. O, idman sahəsində zəngin təcrübəyə malik müəllim və peşəkar idmançıdır. Karyerasına karate ilə başlayan Ülvi müəllim bu sahədə böyük uğurlar qazanıb. 2007-ci ildə Moldovada keçirilmiş Dünya Çempionatında III yerə, Macarıstanda təşkil olunmuş Avropa Çempionatında isə II yerə layiq görülüb. Daha sonra o, fəaliyyətini Olimpiya idman növü olan sərbəst güləş istiqamətində davam etdirib və yüksək nəticələr göstərib. 2012-ci ildə Litvada keçirilmiş Avropa Çempionatında qızıl medal qazanıb. İdman sahəsində əldə etdiyi nailiyyətləri ilə gənc nəslə nümunə olan Ülvi Qurbanov hazırda pedaqoji fəaliyyətini uğurla davam etdirir. AZƏRTAC onunla müsahibəni təqdim edir.

- Müəllim olmağa necə qərar verdiniz?

- Mən əvvəllər Heydər Əliyev adına Beynəlxalq Hava Limanında xüsusi təyinatlı dəstədə xidmət edirdim. Adəm adlı bir müəllim iş yoldaşım vardı. O, mənə bir neçə dəfə təkidlə təklif etdi ki, gəl müəllim işlə. Əvvəlcə hazırlaşdım, testlərdən yüksək bal toplayaraq 184 nömrəli orta məktəbdə fiziki tərbiyə müəllimi kimi fəaliyyətə başladım.

Məktəbdə illərində də öz müəllimlərimə çox böyük hörmətim var idi, onları çox sevirdim. Onlar da mənə təkidlə deyirdilər ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmisən, özün də idmançısan, nəyə görə gəlib insanlara düzgün töhfə vermirsən? Onların bütün bu fikirlərinə qarşılıq olaraq artıq mən qarşıma məqsəd qoydum, motivasiya tapdım, hazırlaşmağa başladım. Şagirdlərin sevgisini qazandıqdan sonra müəllimliyə olan həvəsim daha da artdı.

- Müəllimlik peşəsində qadınların üstünlük təşkil etməsi hamımıza məlumdur. Kişi müəllim olaraq uşaqlara hansı dəyərləri daha çox ötürməyə çalışırsınız?

- Bəli, bu peşədə demək olar ki, müəllim heyətinin 70 faizi qadınlardan ibarətdir. Bu, normaldır.

Azərbaycan müəllimi olaraq borcumuzdur ki, cəmiyyət üçün şəxsiyyət formalaşdırıb yetişdirək. Doğrudur, qadın müəllimlərimiz sağ olsunlar, bu işdə dövlətimizə böyük dəstək olurlar. Amma düşünürəm ki, ən azından məktəb rəhbərliyi, direktor və sinif rəhbərləri kişi müəllimlər olsa daha yaxşı olar. Çünki kişi müəllimlərin məktəbdə olması şagirdlərdə bir növ mərdlik, igidlik simvolu yaradır və onlar üçün nümunə olur.

Bizim saysız qəhrəmanlarımız olub. Mübariz İbrahimov, Polad Həşimov və digərləri kimi zabitlərimiz vətənimizi qoruyublar. İdman sahəsində də çoxlu igid idmançılarımız var, onlar Azərbaycan bayrağını xarici arenalarda tanıdıblar. Mən şagirdlərimə həmişə vətənpərvərlik ruhu aşılayıram, deyirəm ki, güclü olun, xarakterli olun, iradəli olun, çünki siz gələcəyin əsgəri, gələcəyin vətən qoruyucularısınız.

- Bir çoxumuzun məktəb illərində şahidi olduğumuz bir hal vardı: idman dərsi bəzən riyaziyyat və ya başqa fənlərlə əvəz olunurdu. Sizcə, bu yanaşma uşaqların inkişafına necə təsir göstərib?

- Bəli, olub ki, bəzi müəllimlər üzrlü səbəblərə görə dərsə gələ bilməyiblər. Fiziki tərbiyə dərsləri başqa müəllimlərə tapşırılıb və ya ləğv edilib.

Mən bununla razı deyiləm. Bunu müəllim kimi yox, şəxsi fikrimlə əsaslandırıram. Fiziki tərbiyə fənni məktəbdə ən vacib fənlərdən biridir. Çünki ilk növbədə uşaqların sağlamlığı bizim üçün əsasdır. Sağlamlıq olmayan yerdə gələcək yoxdur.

- Siz bir müəllim olaraq idman dərsinə “ikinci dərəcəli" dərs yanaşmasının dəyişməsi üçün nə edirsiniz?

- Təklif edərdim ki, məktəblərdə idman dərslərinin vacibliyinə daha çox diqqət yetirilsin. Bəli, bu fənn xüsusi istedad və bacarıq tələb edir. Amma məqsəd yalnız yarış deyil, sağlamlığı möhkəmləndirməkdir. Mən özüm də Avropa çempionuyam, professional idmançı olmuşam, buna görə də bu sahədəki bilik və təcrübəmi şagirdlərimə ötürmək istəyirəm.

Azərbaycanda keçirilmiş Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 və digər yarışlar ölkəmizin dünyada tanınmasında mühüm rol oynayıb. Bir idmançının Azərbaycan bayrağını xarici arenada dalğalandırması təkcə qələbə deyil, həm də ölkəmizin tanınmasıdır. Xarici ölkələr maraqlanır ki, bu hansı ölkənin idmançısıdır? Azərbaycan deyəndə artıq bizim ölkəmiz haqqında araşdırma aparmağa başlayırlar. Bu isə turizmə, iqtisadiyyata və ümumiyyətlə, dövlətimizin nüfuzuna müsbət təsir edir.

- Siz həm də Vətən müharibəsi iştirakçısısınız. Müharibə xatirələrinizdən hansı anı şagirdlərinizə örnək kimi danışırsınız?

- Müharibə kənardan asan görünsə də, içində olmaq çox çətindir, həyatını itirmək, əsir düşmək, xəsarət almaq riski var. Amma içində “Mən düşməni məhv edib, torpaqlarımızı azad edəcəyəm” hissi var. Mən bu ruhu hər zaman şagirdlərimə aşılayıram. Deyirəm ki, güclü olun, psixoloji və fiziki cəhətdən hazırlıqlı olun. Fiziki tərbiyə dərsləri sayəsində bu müharibədə 18 yaşlı gənclərimiz bir an belə tərəddüd etmədən döyüşdülər.

- Müharibədən sonra məktəbə qayıdanda şagirdləriniz sizi necə qarşıladı? O anı necə xatırlayırsınız?

- Müharibədən sonra məktəb rəhbərliyim və şagirdlərim məni böyük hörmətlə qarşıladılar. Hər il sentyabrın 27-də Anım Günündə və Zəfər Günündə mən şagirdlərə nümunə kimi göstərilirəm. Hətta cəbhə yoldaşlarım üçün də mənim bu mövqeyim böyük motivasiyadır.

- Gənc həmkarlarınıza və müəllim olmaq istəyənlərə hansı tövsiyələriniz var?

- Gənc həmkarlarıma tövsiyəm odur ki, fiziki tərbiyə fənnini sevsinlər. Peşəkarlıqla yanaşsınlar. Belə olduqda biz sağlam, mərd, vətənpərvər övladlar yetişdirəcəyik.

- Müəllimlər Günündə şagirdlərinizdən aldığınız ən maraqlı və ya ən dəyərli təbrik nə olub?

- Müəllimlər Günündə şagirdlərimin “Bayramınız mübarək” deməsi mənim üçün kifayət edir. Bu, ən böyük hədiyyədir. Onların diqqəti, sevgisi hər şeydən qiymətlidir.