Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – TBNM) inkişafı qlobal logistikanın əsas mövzularından birinə çevrilib. Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropanı birləşdirən bu marşrut ənənəvi nəqliyyat yollarına səmərəli alternativ kimi getdikcə daha çox diqqət çəkir.
TBNM Beynəlxalq Assosiasiyasının Baş katibi Qaydar Abdikerimov “Report”a müsahibəsində cari və perspektivli infrastruktur layihələri, yük axınının gözlənilən artımı, rəqəmsal həllərin tətbiqi, həmçinin dəhlizin inkişafında Azərbaycanın rolu barədə danışıb.
Həmin müsahibəni oxuculara təqdim edirik:
- Orta Dəhlizin inkişafı üçün qısa və uzunmüddətli perspektivdə hansı infrastruktur layihələri planlaşdırılıb?
- Hazırda TBNM dəhlizi çərçivəsində marşrutun ötürmə qabiliyyətinin sinxron qaydada artırılmasına yönəlmiş genişmiqyaslı yol xəritəsi həyata keçirilir. Bu layihə Qazaxıstan, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə vasitəsilə Çindən Avropaya qədər olan ərazini əhatə edir.
Orta Dəhlizin inkişaf proqramı 5 il - 2027-ci ilə qədər olan dövr üçün nəzərdə tutulub. Biz bu işlər çərçivəsində yüksək keyfiyyətli nəql və logistika infrastrukturu yaradacağıq.
Hazırda dəhlizin imkanlarının genişləndirilməsində əhəmiyyətli irəliləyiş müşahidə edirik. Qazaxıstan, Azərbaycan və Gürcüstan marşrutun səmərəliliyini artırmaq üçün həm texniki inkişafa, həm də təşkilati aspektlərə fəal şəkildə sərmayə qoyur. Bütün iştirakçılar infrastrukturun modernləşdirilməsi və sinxron inkişafı üçün böyük səylər göstərirlər ki, bu da tranzit daşımaların sabit artımını təmin etməyə imkan verəcək.
- Orta Dəhliz üzərindən yükdaşımalarla bağlı ortamüddətli proqnozlar hansılardır?
- 2025-ci ildə Orta Dəhlizlə ümumi yük daşımalarının həcminin 5,2 milyon ton səviyyəsində olacağı gözlənilir (avtomobil daşımaları nəzərə alınmaqla). TBNM assosiasiyasına üzv ölkələrin xətti ilə 4,2 milyon ton yük (2,5 milyon ton quru yük (96 min TEU), 1,7 milyon ton neft) daşınacaq.
Bu hədəflərə çatmaq üçün bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır, yəni dəmir yolu operatorları və limanlar keçid məntəqələrində vaqon və konteynerlər gecikmələrini minimuma endirməlidir, gəmiçilik şirkətləri isə fider gəmilərinin sayını 10 vahidə qədər artırmaq imkanını nəzərdən keçirir. Öz növbəsində, ortamüddətli perspektivdə - 2030-cu ilə qədər TBNM Beynəlxalq Assosiasiyası daşımaların həcmini 6 dəfə artırmağı və konteyner daşımalarını ildə 300 min TEU-ya çatdırmağı hədəfləyib.
- Səmərəliliyi artırmaq, işi optimallaşdırmaq və nəqliyyat axınlarının təhlükəsizliyini təmin etmək üçün hansı qabaqcıl logistika və rəqəmsal həllərin tətbiqi planlaşdırılır?
- Bildiyiniz kimi, təkmilləşdirmələrin sonu yoxdur. Biz daim dəhlizin rəqəmsallaşdırılması üzərində işləyirik. Artıq ilk addımlar atılıb və indi Digital Transport Corridor adı ilə vahid rəqəmsal platforma fəal şəkildə inkişaf etdirilir. Bu sistem dövlət orqanları - gömrük, fitosanitar və sərhəd nəzarəti ilə qarşılıqlı əlaqəni inteqrasiya etməyə imkan verəcək. Biz həmçinin müxtəlif nəqliyyat növlərinin daha sıx inteqrasiyasını da planlaşdırırıq. Başladılan layihələrdən biri olan "Test Customs" artıq Qazaxıstan və Çin sərhədində fəaliyyət göstərir. O, tranzit bəyannamələrini cəmi 20 dəqiqə ərzində avtomatik olaraq rəsmiləşdirməyə imkan verir ki, bu da konteynerlərin daşınması prosesini əhəmiyyətli dərəcədə sürətləndirir.
- Azərbaycanın tranzit potensialını artırmaq üçün konkret tədbirlər və layihələr varmı?
- Əlbəttə, biz Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisini, Ələt limanının ikinci fazasını görürük. Yeni, son dərəcə müasir bir liman inşa edilib və bu, həqiqətən də heyranedicidir. Bu gün Azərbaycan Qafqazda əsl regional tranzit mərkəzidir. O, təkcə bu regionda deyil, həm də şərq-qərb və şimal-cənub istiqamətlərində liderdir və çox dinamik inkişaf edir. Bu, şübhəsiz ki, ölkə rəhbərliyinin xidmətidir.
- Qlobal rəqabət və regional çağırışlar fonunda Orta Dəhlizlə tranzit daşımalarının dayanıqlığını artırmaq üçün hansı tədbirlər görülür? Marşrutun səmərəliliyini artırmağa imkan verən əsas prinsiplər və texnologiyalar hansılardır?
- Orta Dəhlizin rəqabət qabiliyyətini və dayanıqlığını təmin etmək üçün yüklərin fasiləsiz hərəkətini nəzərdə tutan inteqrasiya olunmuş logistik həllər tətbiq edirik. Əsas yanaşmalardan biri müştərilərin tələblərinə çevik uyğunlaşmağa imkan verən və minimum gecikmələrlə müşayiət olunan kompleks multimodal daşımalar təklif edən xidmətin yaradılmasıdır.
Gömrük və sərhəd prosedurlarını sadələşdirən və yüklərin emal vaxtını azaldan "bir pəncərə" prinsipinə böyük diqqət yetirilir. Rəqəmsallaşma fəal şəkildə inkişaf edir - "Digital Transport Corridor" vahid rəqəmsal platforması dəmir yolu operatorları, limanlar, gömrük orqanları və prosesin digər iştirakçıları arasında məlumat inteqrasiyasını təmin edəcək ki, bu da tranzitin şəffaflığını və səmərəliliyini artıracaq.
Bununla yanaşı, biz müştəriyönümlülüyə, operativliyə və sürətə üstünlük veririk. Bu, təkcə çatdırılma vaxtının azaldılması deyil, həm də infrastrukturun modernləşdirilməsi, ötürmə qabiliyyətinin artırılması və logistika zəncirlərinin optimallaşdırılması hesabına marşrutun etibarlılığının yüksəldilməsi deməkdir. Bütün bu tədbirlər hətta sərt rəqabət şəraitində Orta Dəhlizə tələbin yüksək olaraq qalmasına və yükdaşıma həcmlərinin artırılmasına imkan verir.
- Orta Dəhlizin inkişafı çərçivəsində Azərbaycanın iştirakı ilə hansı əsas investisiya layihələri həyata keçirilir? Onlar marşrutun səmərəliliyinə necə təsir göstərəcək?
- Azərbaycan Orta Dəhlizin inkişafında aparıcı rol oynayır və nəqliyyat infrastrukturuna fəal şəkildə sərmayə qoyur. Ən böyük layihələrdən biri regionun əsas logistika mərkəzinə çevrilən Ələt limanının genişləndirilməsi və modernləşdirilməsidir. Bununla yanaşı, müasir universal bərələr inşa edilir, həmçinin marşrutun Xəzər seqmentinin imkanlarını artırmaq üçün gəmiqayırma sahəsində yeni təşəbbüslər nəzərdən keçirilir.
Dəmir yolu şəbəkəsinin inkişafı da prioritet olaraq qalır. Dəmir yollarının ayrı-ayrı hissələrinin modernləşdirilməsi, yeni hərəkət tərkibinin alınması, həmçinin Gürcüstanda dəhlizin səmərəliliyi ilə birbaşa bağlı olan infrastruktur layihələri həyata keçirilir. Bütün bu təşəbbüslər tranzit daşımalarının sürətləndirilməsinə, marşrutun etibarlılığının artırılmasına və Azərbaycanın Şərq-Qərb istiqamətində əsas tranzit qovşağı kimi mövqeyinin gücləndirilməsinə yönəlib.
- Orta Dəhlizin inkişafı üçün hansı investisiya təşviqi mexanizmləri nəzərdə tutulur? Xarici və özəl investorlara nə kimi şərtlər təklif olunur?
- Orta Dəhlizin inkişafı çərçivəsində biz limanlar, dəmir yolları, gəmiçilik və logistika mərkəzləri kimi əsas infrastruktur istiqamətlərini əhatə edən investisiya layihələri paketi formalaşdırmışıq. Onların həyata keçirilməsi üçün dövlət-özəl tərəfdaşlığı, özəl investisiyalar və dövlət vəsaiti daxil olmaqla müxtəlif maliyyələşdirmə modelləri nəzərdə tutulub.
Biz investorlar üçün cəlbedici və qarşılıqlı faydalı şərtlər yaratmağa çalışır, çevik əməkdaşlıq sxemləri, uzunmüddətli zəmanətlər və dəhliz iştirakçısı olan ölkələrin hökumətləri səviyyəsində dəstək təklif edirik. Bu tədbirlər təkcə strateji tərəfdaşları cəlb etməyə deyil, həm də əsas nəqliyyat infrastrukturunun inkişafını sürətləndirməyə, Orta Dəhlizi daha rəqabətqabiliyyətli və səmərəli etməyə imkan verir.
- Orta Dəhlizin inkişafına hansı yeni şirkətlər və ölkələrin cəlb edilməsi planlaşdırılır? Bu, onun gələcək inkişafına necə təsir göstərəcək?
- İştirakçıların tərkibinin genişləndirilməsi Orta Dəhlizin inkişafı və gücləndirilməsi üçün əsas amillərdən biridir. TBNM Beynəlxalq Assosiasiyasının 22-ci iclasında layihəyə üç yeni şirkət qoşulub: "Poti TransTerminal" SC (Gürcüstan), “Xi'an Free Trade Port Construction and Operation Co., LTD” (Çin) və “UZ Cargo Poland Sp. z o.o.” (Polşa). Onların iştirakı logistika imkanlarının inkişafına, yükdaşımaların səmərəliliyinin artırılmasına və marşrutun coğrafiyasının genişləndirilməsinə kömək edəcək.
Bundan başqa, biz yeni ölkələrin təşəbbüsə qoşulması ilə bağlı danışıqlar aparırıq. Lakin bu mərhələdə konkret razılaşmaları açıqlamaq hələ tezdir. İştirakçıların coğrafiyasının genişləndirilməsi dəhliz çərçivəsində əməkdaşlığı gücləndirəcək və beynəlxalq səviyyədə onun strateji əhəmiyyətini artıracaq.
- Yeni təşəbbüslərin, məsələn, Bolqarıstanın təklifinin daxil edilməsi zamanı hansı meyarlar nəzərə alınır və bu, Orta Dəhlizin strateji inkişafına necə təsir göstərə bilər?
- İstənilən yeni təşəbbüs onun marşrutun ötürmə qabiliyyətinə, logistik səmərəliliyinə və imkanlarının genişləndirilməsinə təsiri baxımından qiymətləndirilir. Bolqarıstan bizim üçün strateji əhəmiyyətli istiqamətdir, çünki Orta Dəhlizin Qara dənizə və daha sonra Avropa bazarlarına çıxışını təmin edir.
Bu gün “BMF Port Burgas” şirkəti assosiasiyamızın üzvüdür və bu, Bolqarıstanı dəhlizin logistika zəncirində vacib həlqəyə çevirir. Bolqarıstanlı tərəfdaşlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi yüklərin tranzitini optimallaşdırmağa, çatdırılma müddətini qısaltmağa və marşrut imkanlarını genişləndirməyə imkan verəcək ki, bu da Orta Dəhlizin ümumi inkişaf strategiyasına müsbət təsir göstərəcək.
- Orta Dəhlizin ötürmə qabiliyyətini 2027-ci ilə qədər 10 milyon tona çatdırmaq üçün əsas amillər hansılardır və nə qədər investisiya tələb olunur?
- Bu məqsədə çatmaq üçün dar boğazların sinxron qaydada aradan qaldırılması, infrastrukturun modernləşdirilməsi və logistika xidmətinin keyfiyyətinin artırılmasını əhatə edən kompleks yanaşma lazımdır. Əsas istiqamət dəmir yolu şəbəkəsinin, liman infrastrukturunun inkişafı və Xəzər dənizi üzərindən daha səmərəli tranzit üçün fider gəmilərinin sayının artırılmasıdır.
Bundan əlavə, proseslərin rəqəmsallaşdırılması, gömrük məntəqələrində yüklərin rəsmiləşdirilmə vaxtının azaldılması və dəhlizin iştirakçısı olan ölkələr arasında koordinasiyanın yaxşılaşdırılması mühüm rol oynayır. Bütün bu tədbirlər həm dövlət strukturları, həm də özəl investorlar tərəfindən böyük investisiyalar tələb edəcək ki, bu da qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi üçün maliyyələşdirmə məsələsini strateji cəhətdən vacib edir.
- Bakı limanının "Azərbaycan Dəmir Yolları" QSC-yə qoşulması Orta Dəhlizin logistika sisteminin səmərəliliyinə necə təsir göstərəcək?
- Bu addım bizim üçün bir qədər gözlənilməz oldu, lakin ölkə rəhbərliyi tərəfindən qəbul edilən istənilən qərar kimi, bu addım da strateji maraqlar nəzərə alınmaqla diqqətlə işlənib hazırlanıb. Biz inteqrasiya prosesini diqqətlə izləyirik və əminik ki, uzunmüddətli perspektivdə bu, logistika sisteminin səmərəliliyinin artmasına gətirib çıxaracaq.
- Orta Dəhlizin infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə institutları ilə hansı əməkdaşlıq imkanları nəzərdən keçirilir?
- Orta Dəhliz üç əsas qlobal təşəbbüsə inteqrasiya edilib: Çinin "Bir kəmər, bir yol" (Belt and Road Initiative) proqramı, Avropa İttifaqının infrastrukturun inkişafına yönəlmiş “Global Gateway” proqramı, həmçinin strateji nəqliyyat layihələrinə investisiyaların cəlb edilməsini nəzərdə tutan PGII (Partnership for Global Infrastructure and Investment).
Bu proqramlar çərçivəsində güzəştli şərtlərlə maliyyə vəsaiti və investisiya dəstəyi təqdim edən beynəlxalq maliyyə institutları fəal şəkildə işləyir. Onların arasında Asiya İnkişaf Bankı (ADB), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Avropa İnvestisiya Bankı (EIB) və Dünya Bankı var. Bu təşkilatlar Orta Dəhlizi strateji əhəmiyyətli istiqamət kimi nəzərdən keçirir və biz dəmir yollarının modernləşdirilməsi, limanların inkişafı və nəqliyyat proseslərinin rəqəmsallaşdırılması da daxil olmaqla, əsas infrastruktur layihələrinə investisiyaların cəlb edilməsi üçün onlarla sıx əməkdaşlıq edirik.
- Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu qlobal nəqliyyat sistemində və Avropa ilə Asiya arasında beynəlxalq ticarətdə hansı rolu oynayır?
- Orta Dəhliz Cənub-Şərqi Asiyanın Avropa ilə birləşdirilməsində strateji rol oynayır və ənənəvi marşrutlara səmərəli alternativ təmin edir. Dəhliz Çin, Qazaxıstan, Xəzər regionu, Azərbaycan, Gürcüstan və Türkiyə arasında yüklərin daha sonra Avropaya maneəsiz daşınmasına imkan verir.
Marşruta marağın artması sayəsində Orta Dəhliz vasitəsilə yük daşımalarının həcmi sürətlə artır. 2024-cü ildə Transxəzər marşrutu ilə daşımalar 62 % artaraq 4,5 milyon tona çatıb. 2023-cü ildə Azərbaycan, Gürcüstan və Qazaxıstanın “Middle Corridor Multimodal Ltd.” birgə dəmir yolu şirkətinin yaradılması təşəbbüsü səmərəliliyin artırılması istiqamətində mühüm addım olub.
Gələcəkdə dəhlizin ötürmə qabiliyyətinin 2027-ci ilə qədər 10 milyon tona çatdırılması planlaşdırılır, bu isə onun davamlı inkişafını təmin edəcək və beynəlxalq nəqliyyat sistemində mövqeyini möhkəmləndirəcək.