Mərhum deputatın əmisi: “Qənirə xanım üç tədbirdən sonra Masazırdakı evində huşunu itirmişdi” - MÜSAHİBƏ

Mərhum deputatın əmisi: “Qənirə xanım üç tədbirdən sonra Masazırdakı evində huşunu itirmişdi” -  MÜSAHİBƏ backend

“Bir vaxt vardı, deyirdilər ki, “Qənirə Qəzənfər müəllimin qardaşı qızıdır”. Son 15 ildə isə deyirdilər ki, “Qəzənfər Paşayev Qənirə xanımın əmisidir”.

Bu sözləri Modern.az saytına müsahibəsi zamanı Əməkdar Elm Xadimi, Filologiya elmləri doktoru və professor, folklorşünas, dilçi, mətnşünas alim Qəzənfər Paşayev deyib.

Müsahibəni təqdim edirik:

-  87 yaşlı professordan öncə soruşmaq istərdik ki, özünü necə hiss edir?

- Çox sağ olun, Allaha şükür ki, yaxşıyam. Adam yazıb-yaradanda yaxşı olur, özünü toparlayır. İndinin özündə də mən Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda işləyirəm. Elmi Şuranın üzvüyəm. 2004-cü ildən Yazıçılar Birliyinin Təftiş komissiyasının sədriyəm. Yəni ictimai işlər və yaradıcılıqla məşğulam. Bu gün mənim “525-ci qəzet”də 2 səhifəlik yazım çıxıb. İraqla mədəni, ədəbi əlaqələrimizin inkişafında rol oynamış Bəndəroğlu barəsində şənbə günü 2 səhifəlik yazım çıxacaq. Bu o deməkdir ki, hələlik hər şey yaxşıdır. Əlim qələm tutur. Baş az-çox işləyir. Bundan böyük xoşbəxtlik varmı?! Yaradan mənə gümrah ömür bəxş edib. Mən həmişə yaradana dua edirəm. Deyirəm ki, mənə bundan sonra da gümrah ömür versin, başqalarının xidmətinə ehtiyacım olmasın. Arzu edirəm ki, siz də bu yaşa çatasınız. Onda bu yaşın ləzzətini anlayacaqsınız.

- Siz “6 il Dəclə və Fərat sahillərində” kitabının müəllifi kimi məşhurlaşmısınız. Yəqin ki, Yaxın Şərqdə baş verən prosesləri izləyirsiniz. Bu gün İraqda, Fələstində fəlakətli günlər yaşanır: terror, qan-qada, ölüm-itim... Bunlar sizə necə təsir edir?

- Yaxın Şərqdə baş verənlər böyük problemdir. İraqı çox bərbad vəziyyətə qoydular. Guya ki, orada atom silahı vardı. Əslində, bu, belə deyildi. Hamısı bəhanə idi. Liviya lideri Müəmmar Qəddafini nə günə saldılar? Liviya dünyanın elə bir nümunəvi ölkəsi idi ki, orada 5000-dən çox əcnəbi gəlib işləyirdi və 1000 dollardan aşağı maaş yox idi. Eləcə də Fələstin məsələsi tarixi bir problemdir. Bu, çətin həll olunası məsələdir. İmkan vermirlər ki, problem həll olunsun. Dünyanın əksər dövlətləri Fələstinin dövlət olmasını istəyir. Bir-iki güclü dövlət buna imkan vermir. O “yekə” dövlətlər kiçik dövlətləri həmişə təzyiq altında saxlayırlar. Kiçik xalqların faciəsi böyük olur.

Təbii ki, İraq mənim üçün vətəndir. Mən həm də İraq vətəndaşıyam. Mənim “6 il Dəclə və Fərat sahillərində” kitabımı bu yaxınlarda yenə ərəbcə buraxıblar. Kitab 20 ərəb ölkəsinə yayılır. O kiçik ensiklopediya hesab olunur. Ona görə ki, orada hər şeyi vicdanla yazmışam. Bir kəlmə də o yan-bu yan yoxdur. Bu yaxınlarda “525-ci qəzet”də biri yazıb ki, “mən Qəzənfər Paşayevin “6 il Dəclə və Fərat sahillərində” kitabında “Coca-Cola” kimi içkilərə nəsə qatıldığını və bunun sayəsində insanın ondan davamlı içmək istədiyi ilə bağlı məlumat oxudum. Mən buna əvvəl inanmırdım. Deyirdim ki, yarım saat yox, lap 10 dəqiqədən bir içim, təki “Coca-Cola” içim. Yazını oxuduqdan sonra bu içki tərəfə baxmıram”. Görün, “6 il Dəclə və Fərat sahillərində” kitabından bu adam nələr götürüb. Çünki Qəzənfər Paşayev məlumatı dəqiq verib.

Bu əsərdə çox maraqlı nüanslar var. İraqda imkanlılarla imkansızlar arasında bir az fərq yaratmışdılar. Xalqı görün necə bölürdülər?! Bir dəfə avtobusla gedirdim. “Konduktor” mənə dedi ki, sən harada durmusan? Soruşdum ki, necə yəni? Dedi ki, yox, sən ya belə, ya da elə durmalısan. Bir kərküklü gördüm, o mənə məsələni izah etdi. Dedi ki, bu tərəf bahalıdır, digər tərəf isə ucuz. Xarici olduğum üçün bahalı tərəfdə durdum. Bütün bunların hamısı dünyanı bölüb parçalayanların siyasəti idi. İraqda əvvəllər küçədə meyvə-tərəvəz filan satılardı. Axşam olanda üzərinə bir brezent-filan çəkib çıxıb gedərdilər. “Məhsulların oğurlanmasından qorxmursunuzmu?”, - deyə soruşduqda şəhadət barmaqlarını göyə tutub, “onu qoruyan var deyərdilər”. İndi küçədə bir şey qoyub gedə bilərsən? İraqda xalqın vəziyyəti çox ağırlaşıb.

- Son illər türkdilli xalqların birliyi istiqamətində mühüm işlər görülür. Türk Dövlətləri Təşkilatı yaradılıb. Sizcə, bu təşkilat gələcəkdə dünyanın güc mərkəzlərindən biri ola bilərmi?

- Bilirsiniz, bəzən çox ucadan danışıb çığır-bağır salırıq. Lakin elə etmək lazımdır ki, çox gözə girməyəsən. Türk dövlətlərinin birləşməsi əlbəttə ki, yaxşıdır. Hətta mən bu dövlətlərin birləşib hərbi qurum da yaratmalı olduqlarını düşünürəm. Əlbəttə, güc olanda artıq sənə toxuna bilmirlər. Türkiyə bu gün çox güclü bir dövlətdir. Ordusu dünyanın ən güclüləri arasında ilk “onluq”dadır. Türkiyə gəmilər, təyyarələr, silahlar istehsal edir. İstehsal etdiyi silahları dünyaya satır. Bunu gözü götürməyənlər və mane olmaq istəyənlər var. Zəlimxan Yaqub deyirdi ki, “Əvvəl-axır dünya türkün olacaq”. Amma mən belə demirəm. Deyirəm ki, əvvəl-axır dünyada türkün yeri olacaq. Vaxtilə bu, belə olub. Türk İmperatorluğu olub. İmperatorluğu adi xalqlar yarada bilmir. İmperiyalar ağılla, idrakla, güclə yaradılır. Biz indi qurulacaq sistemi birlik adlandıracağıq. Necə ki, Avropa Birliyi, NATO var. Türk Birliyi də olacaq, inşallah! Mən bunu hiss edirəm.

- Hazırda hansısa araşdırma və ya kitab üzərində işləyirsinizmi? Yaxın zamanlarda yeni əsərinizin çap olunması gözlənilirmi?

- Hazırda “Həyat düşüncələrim” adlı əsər üzərində çalışıram. Bu da maraqlı məsələdir. İnsan yaşa dolduqca, xatirələrlə yaşayır və yaddaş bərpa olunur. Bu baxımdan mən belə bir əsər üzərində işləyirəm. Yoldaşlar da mənə təkidlə deyirdilər ki, xatirələrini yaz. Allah ömür versə, onu işləyib bitirəcəyəm. İndi də dayanmadan çalışıram. Akademiyanın nəzdində İraq-türkmən araşdırmaları üzrə əlaqələndirmə şurası yaradılıb. Akademiyanın nəzdində olduğuna görə şuranın sədri akademik Teymur Kərimlidir. Sədrin müavini isə mənəm. Yəni böyük işlər görürük. Bizim birliyimiz barədə ulu öndər Heydər Əliyev “Qardaşlıq” dərgisinə müsahibəsində münasibət bildirib: “Tarixi araşdıranda görülür ki, Quzey Azərbaycan, Güney Azərbaycan və İraq Türkmənləri bir bütövün tərkibidir”.

- Qəzənfər müəllim, qardaşınız qızı mərhum Qənirə Paşayeva ilə bağlı da suallarımız var. Sözsüz ki, həm sizin üçün, həm Azərbaycan üçün böyük itkidir. Yəqin ki, sizə Qənirə xanımın yoxluğu ilə barışmaq çətindir...

- Mən bunu birinci dəfə açıb deyirəm: biz ailədə 4 qardaş olmuşuq. Birinci dünyasını dəyişən Qənirənin atası olub. Qardaşım uşaqları arasında ilk dünyasını dəyişən isə Qənirə olub. Mən 60-dan çox kitab yazmışam. 40 ildən çoxdur ki, elmlə məşğulam. Əməkdar Elm Xadimiyəm. Bir vaxt vardı, deyirdilər ki, “Qənirə Qəzənfər müəllimin qardaşı qızıdır”. Son 15 ildə isə deyirdilər ki, “Qəzənfər Paşayev Qənirə xanımın əmisidir”. Bu o demək idi ki, Qənirə böyük səviyyədə inkişaf etdi. Onun yoxluğu təbii ki, nəslimiz üçün çox böyük itkidir. Tək nəslimiz üçün yox, Azərbaycan xalqı və Türk dünyası üçün də böyük itkidir. Çünki o həyatını yalnız xalqa həsr etmişdi. Öz həyatı yox idi. Ailə həyatı qurmadı. Onun xoşbəxtliyi onda idi ki, Heydər Əliyev məktəbi keçdi. O məktəbin də amalı xalqa, dövlətə sədaqətlə xidmət etmək idi. Qənirə buradan başladı. Özülü quruldu, təməli də vardı. Sonra inkişaf etməyə başladı. O yazıçı kimi, alim kimi tanındı. Eyni zamanda, şairə idi. Millət vəkili idi, hətta komitə sədri də seçilmişdi. Tovuzda Heydər Əliyevə həsr olunan yığıncaqda mən də, Qənirə xanım da iştirak edirdik. Mən məruzə etdim. Məruzəmdən sonra o, 40 dəqiqə danışdı. Danışandan sonra dedim ki, mən yenidən yazdıqlarıma baxıb düzəlişlər edəcəyəm. Yığıncaq bitən kimi maşına mindi, dedi ki, “mən Tovuza getməliyəm”. Dedilər ki, “bir qismət çörək ye, çay iç, sonra gedərsən”. Dedi ki, “yox, Bakıda şəhidə həsr olunmuş film var, mən onun məsləhətçisiyəm, gedib çatmalıyam, yoxsa film başlamayacaq”. Bax belə ömrünü mədəniyyətimizə, elmimizə, xalqımıza həsr edirdi.

- Hamı Qənirə xanımı çılğın və emosional insan, hadisələrə çevik reaksiya verən deputat kimi xatırlayır. Siz Qənirə xanımın əmisi olaraq onun bizim bilmədiyimiz hansı digər xüsusiyyətlərindən danışa bilərsiniz?

- Qənirə cəmi 48 il yaşadı. Bu 48 ilin 18 ilini çıx. Çünki o oxudu, universitetə daxil oldu. Tibb İnstitutuna daxil oldu, daha sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil aldı. Biz belə rahat danışırıq, lakin bütün bunlar üçün vaxt və enerji, eləcə də ömür gedir. O, sutkada 3-4 saatdan artıq yatmırdı. Tarixdə 3-4 saat yatan bir siyasətçi də Böyük Britaniyanın Baş naziri olmuş, “Dəmir ledi” ləqəbli Marqaret Tetçer olub. Qənirə xanım məhz 3-4 saat yatmağın hesabına bütün bu uğurları qazanıb. Yoxsa onun gördüyü işlərə ömür çatmaz. Yaşamağı yaratmaqda görürdü. Çox deyirdim ki, belə olmaz, özünə fikir ver. Deyirdi ki, “əmi, məndən asılı deyil. Mən özümlə bacarıb, özümə qalib gələ bilmirəm”. Onun atasının sinə daşı üzərində Səməd Vurğunun, Üzeyir Hacıbəylinin dəfn mərasimində söylədiyi şeir bəndini yazmışdılar. Qənirənin sinə daşında da eyni şeir bəndinin yazılmasını çox istərdim. Həmin şeir bəndində bu sözlər deyilir:

Ölüm sevinməsin qoy! Ömrünü vermir bada!

El qədrini canından daha əziz bilənlər,

Şirin bir xatirətək qalacaqdır dünyada

Sevərək yaşayanlar, sevilərək ölənlər.

Amma öz yazdığı şeir bəndi sinə daşında qeyd olundu.

- Adətən dünyadan köçən insanların yaxınları ondan qalan yadigarlara baxıb təsəlli tapırlar. Amma təəssüf ki, Qənirə xanım heç zaman ailə həyatı qura bilmədi. Ondan heç bir nişanənin qalmaması sizə necə təsir edir?

- Əslində, ondan nişanələr qaldı. Fikir verdinizsə, Qənirənin vəfatına görə təəssüf hissini ən çox gənclər keçirdi. Mən belə hesab edirəm ki, o, elə gənclərin müəllimi idi. Gənclərin ürəyində məskən salmışdı, onların məhəbbətini qazanmışdı. Hətta deyirdilər ki, gənclərimiz anasız qaldı. Qənirə çox yüksək səviyyədə tapşırıqla son mənzilə yola salındı. Buna görə şəxsən mən Qənirə xanımın böyük qardaşı Hüseynlə birlikdə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür məktubu ünvanladım. Nə qədər əklil, gül-çiçək göndərilmişdi. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da əklil göndərmişdilər. Fövqəladə Hallar Nazirliyindən gələn olmasına baxmayaraq, nazir Kəmaləddin Heydərov da ayrıca əklil göndərmişdi. Yəni Qənirə həm xalqın, həm də dövlət adamlarının sevgisini qazanmışdı.

- Qənirə xanımın ölümünü bir çoxları bu gün də müəmmalı və qəfil hadisə kimi qiymətləndirirlər. Bu məsələyə hansı aydınlıq gətirmək olar? Onu xilas etmək niyə mümkün olmadı?

- Qənirə xanımın ölümünün müəmmalı olması ilə bağlı söylənilən fikirlərin hamısı əfsanədir. Qənirə xanım 3 yığıncaqdan sonra Masazırda yaşadığı evə gedib. Yeməyən, içməyən adam... Orada huşunu itirib. Evi qəsəbənin çox ucqar yerində idi, gölün yanında. Təcili Tibbi Yardım çox gec gəlib. Vaxtında iş görülmədiyi üçün belə oldu. Bundan başqa söylənilənlər əfsanədir. O boyda şəxsiyyət, xalqına xidmət edən insan üçün bunları demək ədalətsizlikdir.

- Bu günlərdə mərhum deputatımızın qəbirüstü abidəsinin şəkli yayıldı. Sosial şəbəkələrdəki müzakirələrdə çoxları belə sadə abidənin qoyulmasına təəssüfləndi. Əksəriyyət hesab edir ki, Qənirə xanımın qəbirüstü abidəsi də onun özü kimi çılğın, emosiyalı, danışan olmalı idi. Siz necə düşünürsünüz?

- Turqay, görürsən necə yalan danışırlar. Abidənin necə olması ailəsinin xahişi ilə olub. Sinə daşına vurulan foto da ailəsinin xahişi ilədir. Proyekti də qardaşları xahiş edib, onun üzərində işləyiblər. Ona görə də sinə daşı gecikdi. Bu cür söz deyənlər niyə belə edir, anlamıram. İnsafları yoxdur. Bəzən insafsızlıq edirlər. Dünyasını dəyişmiş adamın ruhunu incitmək olmaz.

- Onun adının əbədiləşdirilməsi üçün hansı digər işlər görülə bilər?

- Mən istərdim ki, sinə daşında “professor və millət vəkili” sözləri yazılsın. Qənirə xanımın böyük qardaşı Hüseynlə bu məsələni danışdım, sinə daşının niyə sadə hazırlandığını soruşdum. Dedi ki, “onsuz da hamı Qənirə xanımın kim olduğunu tanıyır, bilir. Bunların hamısı özümüzün işidir, belə istəmişik”. Görün indi nələr yazır, nələr danışırlar.

- Qəzənfər müəllim, Qarabağ işğaldan azad ediləndən sonra heç oralara səfər edə bilmisinizmi, hansı təəssüratlarınız var?

- Mən hələ Qarabağa gedə bilməmişəm. Avtobusla o qədər yolu gedib, bir gün də qayıda bilmərəm. Mən Qarabağa yalnız öz maşınımla gedəcəyəm. İndi buna imkan yaranmır. İmkan olan kimi gedəcəyəm.

- Sonda müsahibəni özünüzlə bağlı sualla yekunlaşdırmaq istərdik: boş vaxtlarınızda istirahətinizi necə keçirirsiniz?

- Vallah boş vaxtım olmur. Boş vaxt nə deyən şeydir? Mən o saat darıxıram. Bilmirəm nə edəm. Qarşıma məqsəd qoyuram ki, bunu etməliyəm. Ona mən girişənə qədər vaxtım keçir. Özümü çox pis, xəstə hiss edirəm. Boş vaxtımda yalnız filmlərə baxıram. Türklərin “Möhtəşəm Yüzyıl”, “Diriliş Ərtoğrul” filmlərinə baxmışam. İndi isə “Gənc Osman”a baxıram. Bunlar bizim keçmişimizdir.

Bayaq Qənirə xanımdan söhbət etdik. Onun “Addım-addım Türkiyə” filmini də verdilər. Hətta onu Nizami adına kinoteatrda göstərdilər. O filmdə mən Qənirənin Ərtoğrulun qəbrini tapdığını görəndə dəhşətə gəldim. Mən elə bilirdim ki, Ərtoğrul əfsanədir. Ancaq bu, tarixi bir şəxsiyyət imiş. Sonra Osmanın qəbrini gedib tapdı. Elə bildim Qənirə xanım dünyanı mənə verdi.

Diaspora