Nazir Söyüdlü kəndi ilə bağlı bütün suallara cavab verdi

Nazir Söyüdlü kəndi ilə bağlı bütün suallara cavab verdi backend

“Aparılan araşdırmaların nəticəsində hər hansı pozuntular aşkar olunarsa istismarçı şirkət məsuliyyətə cəlb ediləcəkdir”.

Bunu Gədəbəy rayonunun Söyüdlü kəndində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan Komissiyanın rəhbəri və Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Qafqazinfo”ya müsahibəsində deyib.

Onunla müsahibəni təqdim edirik:

- Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin qaldırdığı məsələlərin araşdırılması ilə bağlı işlər necə təşkil olunub?

- Bildiyiniz kimi, Azərbaycan Baş nazirinin 21 iyun 2023-cü il tarixli sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb. Komissiyanın tərkibinə ekologiya və təbii sərvətlər nazirliyi ilə yanaşı digər aidiyyəti qurumlarının səlahiyyətli nümayəndələri daxildir. Komissiyanın işi çərçivəsində 22 iyun 2023-cü il tarixində Söyüdlü kəndində mədən-filiz sahəsinə ilkin baxış keçirilib, operativ monitorinq işləri aparılıb və kənd sakinləri ilə görüş təşkil edilib. Komissiya üzvlərinin sakinlərlə görüşü zamanı sağlamlıq, ekoloji və kənd təsərrüfatı sahəsində onları narahat edən məsələlər dinlənilib və müvafiq qurumların məsul şəxsləri ilə müzakirələr aparılıb.

Sakinlərin sağlamlıqları ilə əlaqədar qaldırılan məsələlərin yoxlanılması üçün 24 iyun tarixindən başlayaraq səhiyyə orqanları tərəfindən kompleks tibbi müayinələr keçirilir. Bu tibbi yoxlamalara bütün kənd sakinlərinin cəlb edilməsi nəzərdə tutulub. Görüş zamanı yeni tullantı anbarının inşasının gündəlikdə olmadığı onların diqqətinə çatdırılıb. Sakinləri maraqlandıran digər məsələ isə mövcud tullantı anbarından zaman-zaman gələn iy-qoxu və ətraf mühitin çirklənməsi ehtimalı idi. Aparılan operativ ekoloji monitorinqlər zamanı tullantı anbarının bütün perimetri boyu hava, su, torpaq nümunələri götürülüb. Cari ilin 22 iyun tarixində ilkin aparılmış təhlillərə əsasən havada zərərli komponentlərin konsentrasiyasının norma daxilində olduğu müəyyən edilib. Digər götürülən nümunələr üzərində isə hazırda ETSN-in və digər stasionar laboratoriyalarda təhlillər aparılır.

Kənd sakinlərinin ekoloji problemlərlə bağlı qaldırdığı məsələlərin araşdırılması üçün ETSN-də “Fəaliyyət planı” hazırlanıb və kompleks ekoloji monitorinq işlərinə başlanılıb. Həmçinin kənd təsərrüfatı bitkilərinə, mal-qaraya və torpağa neqativ təsirlər haqqında səsləndirilən fikirlərlə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin müvafiq xidmətləri tərəfindən kəndin bütün təsərrüfat subyektlərində kompleks araşdırmalara başlanılıb. Yekunda monitorinq işlərinin nəticələri haqqında müvafiq təklif və tövsiyyələr hazırlanacaq və Nazirlər Kabinetinə təqdim olunacaq.

Eyni zamanda Gədəbəy dağ-mədən sənaye kompleksində nüfüzlu beynəlxalq şirkət tərəfindən texniki və ekoloji auditin keçirilməsini zəruri hesab edirik. Müəssisədə az tullantılı, qabaqcıl texnologiyalar əsasında yenidənqurma layihələrinə baxılacaq. Audit və monitorinqlərin nəticələrinə əsasən sözügedən dağ-mədən sahəsində müvafiq reabilitasiya işlərinin aparılması təklif olunacaq.
Ətraflı

Aparılan araşdırmaların nəticəsində hər hansı pozuntular aşkar olunarsa istismarçı şirkət məsuliyyətə cəlb ediləcəkdir.

- Monitorinqlərin nə zaman yekunlaşması nəzərdə tutulur?

- Bayram günləri də daxil olmaqla yaradılmış monitorinq qrupları tərəfindən nəzərdə tutulan işlər intensiv şəkildə davam edəcək. Mütəxəssislər qrupuna AMEA-nın əməkdaşları da cəlb olunacaq. Komissiya üzvlərinin regiona səfərləri çərçivəsində əhali ilə görüşlər keçiriləcək.

- Qeyd olunan və analoji halların gələcəkdə təkrarlanmaması üçün işlər necə təşkil oluna bilər?

- Əlbəttə ki, iri müəssisələrin fəaliyyəti ölkənin və regionların iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Ancaq təəssüf ki, bir sıra hallarda istehsalçılarla əhali arasında kommunikasiyanın düzgün qurulmaması müxtəlif problemlərin yaranması ilə nəticələnir. Belə hallar olmasın deyə müəssisələr ciddi ekoloji yanaşmalar tətbiq etməli və özlərinin sosial korporativ məsuliyyəti çərçivəsində regionda əlavə ekoloji, sosial və iqtisadi dəstək proqramlarının təşəbbüskarı olmalıdırlar.

Məlumdur ki, ölkə rəhbərliyinin siyasətinin mərkəzində vətəndaş və insan amili durur. Bütün hallarda dövlət ilk öncə vətəndaşın sağlamlığı və ekoloji həyat şəraitinin təmin edilməsinin tərəfindədir.

Diaspora