AYNA-nın İdarə Heyətinin sədri: Yol qəzalarında ölüm sayı kifayət qədər yüksəkdir - MÜSAHİBƏ

AYNA-nın İdarə Heyətinin sədri: Yol qəzalarında ölüm sayı kifayət qədər yüksəkdir - MÜSAHİBƏ backend

Son günlər paytaxt Bakının və ümumilikdə ölkəmizin nəqliyyat sektoru ən çox müzakirə olunan mövzulardandır. Həm ölkə daxilində nəqliyyatın inkişaf perspektivləri, həm də Azərbaycanın coğrafi olaraq ən mühüm nəqliyyat qovşağında yerləşməsi nəqliyyat sahəsinə dövrün tələblərinə uyğun yeni baxışı vacib edir.

Qeyd olunan mövzularla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevin APA-Economics”ə müsahibəsini təqdim edirik.

 

- Anar müəllim, AYNA-nın bu il üçün hədəfləri nədir? Ötən dövrdə qarşıya qoyduğunuz məqsədlərə çata bilmisinizmi?

- Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) qarşısında nəqliyyat sahəsində geniş spektrli vəzifələr qoyulub. Əsas hədəflər yükdaşıma və sərnişindaşımada xidmətin keyfiyyətinin artırılması, əlçatanlığın təmin edilməsi, “AYNA” İnformasiya Sisteminin yaradılması, istifadəyə verilməsi, xidmətlərin daha keyfiyyətli və qüsursuz şəkildə təqdim olunmasıdır.

Düşünürəm ki, gələcəyə ötən dövrdə görülən işlərin prizmasından baxılmalıdır. 2022-ci il uğurlu nəticələrlə yadda qalıb. Ötən ildə “İcazə” blanklarının verilməsi üçün yeni mexanizm yaradılıb, daşıyıcıların bazar payları hesablanıb. 80-dən çox bölgü keçirilib. BNF icazələrinin bölgüsündə Keyfiyyət Xartiyasının tələbləri təmin edilib. Azərbaycanda beynəlxalq avtomobil daşımaları xidmətinin inkişafına böyük təsir göstərən “Daşıyıcı bələdçisi” xidmətindən 96 daşıyıcı istifadə edib. “Bakı KOB evi”ndə AYNA-nın əməkdaşları tərəfindən vətəndaşlara xidmət göstərilməsinə başlanılıb. Ötən il peşəkarlıq səriştəsi üzrə 2600-dən, rəqəmsal taxoqraf üzrə isə 1500-dən çox şəxsə təlim keçirilib.

2022-ci ilin uğurları arasında, həmçinin şəhərlərarası (rayonlararası) avtobus marşrutlarının müsabiqəyə çıxarılması da var. Ötən il 23 marşrut müsabiqəyə təqdim edilib. Qanunsuz daşımaların qarşısının alınması istiqamətində görülən işlər çərçivəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə 48 reyd keçirilib, 1100-dən artıq protokol tərtib edilib, 4000-dən çox sürücü ilə maarifləndirmə işi aparılıb. Ötən müddət ərzində görülən işlər göstərdi ki, bu istiqamətdə düzgün fəaliyyət aparılır və proses davam etdirilməlidir. İnsan həyatını yaxşılaşdıran, ölkə iqtisadiyyatına töhfə verən, təhlükəsiz, səmərəli və ekoloji cəhətdən dayanıqlı yerüstü nəqliyyat sisteminin qurulmasını təmin etmək kimi missiyanı rəhbər tutan AYNA-nın builki hədəfləri də bəllidir. Əsas hədəflər arasında “AYNA” İnformasiya Sisteminin yeni komponentlərinin istifadəyə verilməsi, ictimai nəqliyyatın transformasiyası üzrə konsepsiyanın hazırlanması, beynəlxalq avtomobil daşımalarına buraxılış qaydalarının tətbiqi, beynəlxalq daşımaları yerinə yetirən sürücü və daşıyıcılara 4000-dən çox taxoqraf kartının verilməsi var. “Biletim.az” portalı üzərindən müntəzəm avtobus marşrutları üzrə onlayn satılan biletlərin xüsusi çəkisinin artırılması, şəhərlərarası daşımalarda ən azı 100 lot üzrə müsabiqənin keçirilməsi və şəhərdaxili (rayondaxili) müsabiqənin başlanılması, avtovağzal (avtostansiya) olmayan məntəqələrdə avtokassaların yaradılması, avtovağzal sisteminin fəaliyyətinin davamlı təkmilləşdirilməsi 2023-cü ilin prioritetləri və məqsədləri sırasındadır.

- AYNA İnformasiya Sistemini vurğuladınız. Sistem özündə nəyi ehtiva edir?

- Ötən il Prezident İlham Əliyev “AYNA” İnformasiya Sisteminin Əsasnaməsinin təsdiq edilməsi ilə bağlı Fərman imzaladı. Fərmana əsasən, avtomobil nəqliyyatı sahəsinin vahid informasiya sistemi bir sıra xidmətlərin təmassız təqdim edilməsinə, dövlət tənzimlənməsi mexanizmlərinin effektiv tətbiqinə, yarana bilən problemlərin sürətli aradan qaldırılmasına şərait yaradacaq. Onu da deyim ki, AYNA İnformasiya Sistemi sərnişindaşıma və yükdaşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, bu sektorda innovativ həllərin tətbiqinin genişləndirilməsinə xidmət edəcək. Eyni zamanda avtomobil nəqliyyatı sahəsində xidmətlərin elektron formada göstərilməsini və məlumatların əlçatanlığını təmin edəcək, əməliyyatların sürətlənməsinə şərait yaradacaq.

Məlumat üçün bildirim ki, avtobus marşrutlarında nağdsız ödəniş sisteminin tətbiqi layihəsi üzərində iş aparılır. Layihə sərnişinlərə mobil tətbiqlərdən, internet portallardan, bütün növ təmassız bank kartlarından, mobil qurğulardan istifadə etməklə gediş haqqını ödəmək imkanı verəcək. Beləliklə, vətəndaşlar və qonaqlar respublikanın bütün ərazisində müasir ödəniş vasitələrindən istifadə edə biləcəklər. Şəhərlərarası və rayonlararası müntəzəm sərnişin daşımalarında mərkəzləşdirilmiş elektron bilet sisteminin yaradılması, eləcə də onlayn bilet satışının təşkili məqsədilə ötən ilin dekabr ayında “AYNA” İnformasiya Sistemi çərçivəsində “biletim.az” portalı istifadəyə verilib. Bu portala yeni daşıyıcıların və avtovağzalların qoşulması, əhali arasında portaldan istifadənin genişləndirilməsi məqsədilə təşviqedici tədbirlər davam etdirilir.

Əlavə edim ki, AYNA İnformasiya Sistemi çərçivəsində “Elektron əmtəə-nəqliyyat qaiməsi” altsisteminin istifadəyə verilməsi istiqamətində görülən işlər də tamamlanmaq üzrədir. Sözügedən sistem yükgöndərənin, yükalanın və daşıyıcının vahid elektron mühitdə əlaqələndirilməsini təmin edəcək. İstifadəyə verilən sistemlərdən biri də tədrisin elektron idarə edilməsi altsistemidir. Bu altsistem çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən keçirilən müxtəlif istiqamətlər üzrə təlimlərdə tədris və imtahan prosesinin elektron sistem üzərindən idarə edilməsi həyata keçirilir.

Həmçinin Azərbaycan Respublikası ərazisində avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinin hər bir avtomobil nəqliyyatı vasitəsi üçün “Fərqlənmə nişanı” verilməsi xidməti də elektronlaşıb. Yeni yaradılan elektron sistem müvafiq dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiya edildiyindən “Fərqlənmə nişanı”nın verilməsi üçün tələb olunan sənədlərin sayı minimuma endirilib.

Daha bir layihə – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 8 aprel tarixli 149 nömrəli Qərarına uyğun olaraq “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən operatorların uçotu” sisteminin hazırlanması üzərində də iş aparılır.

Beləliklə, nəzərdə tutulan altsistemlər istismara verildikdən sonra rəqəmsal transformasiyanın yeni mərhələsinə qədəm qoya biləcəyik.

- Ötən il və bu il ərzində beynəlxalq yük daşımalarla bağlı xeyli fəaliyyətiniz oldu. Daşıyıcıların buraxılış vəsiqələrinin əldə edilməsi ilə bağlı vəziyyət nə yerdədir?

- Son bir ildə daşıyıcıların sayının 2 dəfə, daşımalarda istifadə edilən nəqliyyat vasitələri parkının 2,7 dəfə artması müşahidə edilir. Görülmüş tədbirlər nəticəsində milli daşıyıcıların beynəlxalq ikitərəfli daşımalar bazarının bütün istiqamətlərində bazar payları artıb, milli daşıyıcıların 3-cü ölkələrin daşımalarında iştirakı ciddi şəkildə genişlənib. Bazarın genişlənməsi və yerli daşıyıcıların payının artması nəticəsində yerli daşıyıcıların gəlirləri də artıb.

Mühüm bir məsələ isə Azərbaycan daşıyıcılarının “İcazə” blanklarına çıxışın asanlaşdırılması ilə bağlıdır. AYNA tərəfindən 2021-ci ildən etibarən beynəlxalq yükdaşımaları üçün tələb olunan “İcazə” blanklarının avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarında iştirak edən daşıyıcılar arasında bölgüsü şəffaf mexanizm əsasında həyata keçirilir. İcazələrin bölgüsü prosesində ictimai iştirakçılıq tam təmin edilir. Yük daşıyıcılarının özləri də bölgü prosesində iştirak edirlər. Daşıyıcılar bölgü nəticəsində onlara ayrılmış “İcazə” blanklarını artıq Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan Bakı, Yevlax və Xaçmaz KOB evlərində AYNA-nın əməkdaşlarından təhvil ala bilirlər. Operativlik və şəffaflıq prinsipləri əsasında həyata keçirilən xidmətlərin bir məkanda toplanması sahibkarların vaxtına və xərclərinə qənaət edir.

Qeyd edim ki, avtomobil nəqliyyatı ilə daşımalar sahəsində sahibkarlığın stimullaşdırılması, milli daşıyıcıların beynəlxalq daşımalar bazarında rəqabət qabiliyyətinin artması, beynəlxalq yükdaşımada əlverişli şəraitin yaradılması bu sahədən olmayan iş adamlarını da investisiya yatırmağa sövq edir. Bunu ölkəyə idxal edilən dartıcı və qoşqu sayındakı kəskin artım da nümayiş etdirir. Belə ki, idxal tempi əvvəlki illərə nisbətən çoxdur. Belə ki, bu ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə dartıcıların, qoşqu və yarımqoşquların sayında 3 dəfə artım var.

Nəzərinizə çatdırım ki, Nazirlər Kabineti tərəfindən 2022-ci il 8 aprel tarixində təsdiq edilən “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”nın tətbiqinə başlanılıb. Ötən 1 il ərzində daşıyıcılarla mütəmadi görüşlər keçirilib, onlara beynəlxalq yük daşımalarını həyata keçirmək üçün tələb olunan sənədlər və prosedurlar barədə ətraflı məlumat verilib, sənədləri toplamaları üçün köməklik göstərilib.

Beynəlxalq daşımalarda iştirak edən şirkətlərin hər birinin nümayəndəsi ilə fərdi qaydada görüşlər keçirilib. Bu şirkətlərin nümayəndələri üçün sosial şəbəkələrdə yaradılan xüsusi qruplarda buraxılış qaydaları haqqında bütün lazımi məlumatlar, sənədləşməyə dair videotəlimatlar, müqavilə nümunələri paylaşılıb və sualları cavablandırılıb. Ölkə hüdudlarından kənarda olan sürücüləri maraqlandıran sualların cavablandırılması məqsədilə virtual platformalardan da geniş istifadə olunur. AYNA-nın Təlim-Tədris Mərkəzi tərəfdaş şirkətlərlə birgə sürücülərin peşəkarlıq səriştəsinə dair təlimlər keçirir. Əyani və distant formada keçirilən təlimlərdə sürücülərə avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının təşkilinin özünəməxsusluğu, bu sahədə mövcud olan hüquq normaları, beynəlxalq daşımalarda istifadə olunan nəqliyyat vasitələrinin istismarına dair tələblər və onların istismar xüsusiyyətləri, habelə ilk tibbi yardımın göstərilməsi və s. haqqında məlumat verilir. Nazirlər Kabinetinin təsdiqlədiyi tədris proqramı əsasında yüksəkixtisaslı, təcrübəli müəllim heyəti cəlb olunmaqla aparılan təlimlərdə bu günədək 7500-dən çox sürücü iştirak edib. Ümumilikdə isə 9000-dən çox sürücünün tədris prosesinə cəlb edilməsi nəzərdə tutulur.

Qeyd edim ki, buraxılış qaydalarının tətbiqi avtomobil nəqliyyatı ilə daşımalar sahəsində sahibkarlığı stimullaşdıracaq, milli daşıyıcıların beynəlxalq daşımalar bazarında rəqabət qabiliyyətini artıracaq, daha peşəkar və beynəlxalq tələblərə cavab verən sürücülərin hazırlanmasına şərait yaradacaq.

Yeri gəlmişkən, xarici dövlətlərin nəqliyyat vasitələrinə “İcazə” blanklarının dövlət sərhədinin buraxılış məntəqələrində verilməsi ləğv edilib. Belə ki, kvotadan artıq xarici nəqliyyat vasitələrinin ölkə ərazisinə daxil olmasına imkan verilməyəcək, beynəlxalq daşımalarda iştirak edən milli avtomobil daşıyıcılarının ölkəmizin geniş nəqliyyat-logistika imkanlarından aktiv istifadə etmələrinə münbit şərait yaranacaq, beynəlxalq daşımalar bazarında milli daşıyıcıların payları və beynəlxalq səviyyədə rəqabətliliyi əsaslı dərəcədə artacaq.

- Paytaxtdan bölgələrə və əks istiqamətə hərəkət edən vətəndaşlar avtovağzalların imkanlarından istifadə etməli olurlar. Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) də daxil olmaqla ölkədə fəaliyyət göstərən avtovağzallarda vəziyyət necədir? Hansı layihələr nəzərdə tutulub?

- Nazirlər Kabinetinin 2009-cu il qərarı ilə təsdiqlənən “Avtovağzal və avtostansiya haqqında” Əsasnaməyə uyğun olaraq mülkiyyət növündən və tabeliyindən asılı olmayaraq, avtovağzal və avtostansiyalara dair tələblər, onların fəaliyyətinin əsasları, funksiya və vəzifələri, eləcə də iş rejimi müəyyən edilib. Şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə müntəzəm sərnişin daşınmasını yerinə yetirən daşıyıcılara və sərnişinlərə xidmət göstərilməsi məqsədilə şəhər və rayonların inzibati mərkəzlərində, sərnişin axını intensiv olan iri nəqliyyat qovşaqlarında təşkil edilən avtovağzal və avtostansiyaların fəaliyyəti üçün onların kateqoriyalarına uyğun pasport verilir. Rəsmi sənəd hesab olunan pasportun verilməsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Əsasnamə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Hazırda ölkə üzrə 32 avtovağzal və 15 avtostansiya olmaqla 47 məntəqə pasportlaşdırılıb. AYNA tərəfindən avtovağzal və avtostansiyalar olmayan regionlarda da məntəqələrin yaradılması və pasportlaşdırılması nəzərdə tutulub.

Məlumat üçün bildirim ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xidmətlərinin elektronlaşdırılması, nəqliyyat sahəsində rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində respublika ərazisində fəaliyyət göstərən avtovağzal və avtostansiyalar mərhələli qaydada “biletim.az” portalına inteqrasiya olunur. Bu da nağdsız ödəniş dövriyyəsinə bir töhfədir. Ölkədə mövcud olan avtovağzal və avtostansiyalara kameralar quraşdırılır və BBAK-da fəaliyyət göstərən Monitorinq Mərkəzi vasitəsilə kassa və perronlara nəzarət etmək mümkündür.

Görülən işlər çərçivəsində Zaqatala, Şirvan və Şəki şəhərlərində aparılan optimallaşdırmanı da vurğulamaq yerinə düşər. Avtovağzal və avtostansiyalarda sərnişinlərin və piyadaların hərəkətinin, təhlükəsizliyinin təmin olunması üçün yenidənqurma işlərinin, müvafiq məlumat və istiqamət nişanlarının qoyulması ilə bağlı tapşırıqlar verilib. Gəncə, Sumqayıt və digər rayonlarda ictimai nəqliyyatın avtovağzal, dəmir yolu vağzalları ilə əlaqələndirilməsi layihələri hazırlanıb. Marşrut xətlərinin optimallaşdırma işləri çərçivəsində Sumqayıt şəhərində əhaliyə göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin və əlçatanlığının artırılmasına, şəhərdaxili marşrut xətlərinin optimallaşdırılmasına, eləcə də Bakı şəhəri və əks istiqamətdə avtomobil tıxaclarının qarşısının qismən alınmasına dair təkliflər müzakirə edilib. Bu istiqamətdə işlər aparılır.

Həmçinin Gəncə şəhərində sərnişindaşıma sahəsinin optimallaşdırılması istiqamətində Gəncə dəmir yolu vağzalının qarşısında nəqliyyat qovşağı, Gəncə beynəlxalq avtovağzalına (Yevlax və Şəmkir istiqamətlərində) marşrutların təşkili və hərəkətin təhlükəsizliyi, Gəncə şəhəri ilə Göygöl rayonunun sərhədində təklif olunan dayanacaq məntəqələri layihələri hazırlanıb. Qeyd edilən layihələrlə bağlı aidiyyəti qurumlara müraciət olunub. Razılaşdırmalar tamamlandıqdan sonra işlərin icrasına başlanılacaq.

- Sərnişindaşımada rentabelliyi artırmaq üçün hansı addımlar atılmalıdır?

- Koronavirus (COVID-19) pandemiyası dövründə qeyri-qanuni sərnişin daşımaları baş verdi. Şəhərlərarası sərnişin daşımaları bərpa edildikdən sonra daşımaların və avtovağzal sisteminin fəaliyyəti, demək olar ki, iflic oldu. Belə ki, avtovağzallara daxil olmadan sərnişinlərin daşınması və kassalardan bilet almadan daşımaların həyata keçirilməsi baş verirdi. Bu da həm avtovağzalların, həm də şəhərlərarası müntəzəm daşımalar həyata keçirən daşıyıcıların rentabelliyinə mənfi təsir göstərir. Əsas problem avtovağzallardan kənar, heç bir texniki yoxlamadan keçməyən və bəzi hallarda sərnişindaşıma tələblərinə cavab verməyən avtobuslarla qanunsuz reyslərin həyata keçirilməsidir. Müntəzəm avtobus marşrutları üzrə qeyri-qanuni sərnişin daşımaları və qeyri-qanuni taksi fəaliyyətinin qarşısının alınması, təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə AYNA və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə birgə reydlər həyata keçirilir. Reydlər respublikanın müxtəlif şəhər və rayonlarından biletsiz sərnişindaşımaya, avtovağzaldan kənar sərnişin daşımalarına qarşı aparılır.

- Sərnişindaşıma sahəsində xidmət keyfiyyətinin artırılması məqsədilə şəhərlərarası müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır. Proses necə tənzimlənir?

- Məlumat üçün bildirim ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi şəhərlərarası və şəhərdaxili sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində müntəzəm avtobus marşrutlarını mərhələli qaydada müsabiqəyə çıxarır. Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Müsabiqədə iştirak etmək üçün iddiaçılar tələb olunan sənədləri AYNA-ya təqdim edirlər. İddiaçıların təklifləri komissiya tərəfindən müsabiqə keçirilən zaman açıqlanır. İddiaçılar və onların müvafiq qaydada rəsmiləşdirilmiş sənədlə müvəkkil etdikləri səlahiyyətli nümayəndələri komissiyanın iclasında iştirak edə bilirlər. Seçim meyarlarına gəlincə, marşrutda işləmək üçün avtonəqliyyat vasitəsinə texniki xidmət göstərilməsi, onun saxlanılması və təmiri üçün texniki-istehsalat bazası olmalıdır, avtonəqliyyat vasitəsi hər hansı səbəbdən marşrut xəttindən çıxdıqda, onun dəyişdirilməsi üçün təklif olunan tədbirlərin təsviri təqdim edilməlidir, operatorun məsul şəxsi Nazirlər Kabineti tərəfindən peşəkarlıq səriştəsinə dair təsdiq olunmuş proqram üzrə hazırlıq və yenidən hazırlıq keçməlidir.

2023-cü ilin bu gününə kimi 14 istiqamət üzrə 72 şəhərlərarası və rayonlararası reys və 4 marşrut xətti müsabiqəyə təqdim olunub.

- Yeri gəlmişkən, işğaldan azad olunan ərazilərə səfərlərin sayı və istiqamətində artım gözlənilirmi?

- Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi müntəzəm avtobus reysləri ilə işğaldan azad olunmuş ərazilərə səfərləri təşkil etməkdə davam edir. Sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və məlumat bazasının formalaşdırılması məqsədilə marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir. Təhlükəsizliyin təmin olunması, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşdirilməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günə qədər 22 mindən çox sərnişin işğaldan azad olunmuş ərazilərə səfər edib.

İşğaldan azad edilmiş ərazilərə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi və müxtəlif istiqamətlərdən yeni avtobus marşrutlarının açılmasına gəlincə, bu, tələbatla yanaşı, mövcud infrastruktur nəzərə alınmaqla tənzimlənir. İşğaldan azad olunmuş ərazilərə səfər zamanı həm sərnişinlərin, həm də ümumilikdə hərəkətin təhlükəsizliyi təmin edilməlidir. 30 illik işğal və müharibə dövründə Qarabağ bölgəsində infrastruktur tamamilə məhv edilib. Torpaqların işğaldan azad edilməsi dağıntıların miqyasının necə böyük olduğunu üzə çıxardı. Hazırda bərpa və quruculuq işləri sürətlə davam etdirilir. Vətəndaşlarımızın azad edilmiş ərazilərə səfərlərini asanlaşdırmaq üçün nəqliyyat infrastrukturu qurulur.

Qeyd edim ki, həftəiçi 5 gün Zəngilan rayonunun Ağalı kəndindən Füzuli rayonunun Horadiz şəhərinə avtobus reysi fəaliyyət göstərir.

- Qarabağa sərnişindaşımaya xarici şirkətlərin cəlb olunması gözlənilirmi?

- İşğaldan azad edilmiş ərazilərə sərnişin daşımalarına cəlbolunma müsabiqə yolu ilə keçirilir. Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarına əsasən, sərnişindaşımada iştirak etmək istəyən şirkətlərin nəqliyyat vasitələri Azərbaycanda qeydiyyatda olmalı, istehsalat bazası olmalı və sərnişindaşımada azı 3 il fəaliyyət göstərməlidir. “Lisenziyalar və icazələr haqqında” Qanuna əsasən, xarici hüquqi şəxsin Azərbaycanda qanuna müvafiq qaydada vergi ödəyicisi kimi qeydiyyata alınmış filialı və ya nümayəndəliyi müsabiqədə iştirak edə bilər.

- Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi istiqamətində müəyyən işlər görülür. Zamanla şəhərlərarası qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan mikroavtobuslarda bədbəxt hadisələrin şahidi olmuşuq. Bunun qarşısının alınması yolları nədir? Qəza sayını və itkiləri azaltmaq üçün AYNA hansı tədbirləri görür?

- Yollarda baş verən qəzalar və ölüm halları təkcə qanunsuz sərnişindaşıma fəaliyyəti ilə bağlı deyil. Qeyd etdiyiniz kimi, bu gün dövlət tərəfindən bu sahədə xeyli işlər həyata keçirilir. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” icra olunmaqdadır. Statistika göstərir ki, ümumilikdə avtomobil sayına münasibətdə yol qəzalarında ölüm sayı ölkəmizin sosial-iqtisadi inkişafı ilə uyğunluq təşkil etmir və kifayət qədər yüksəkdir. Hazırda Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və birbaşa benefisiarı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi olan “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi” Tvinninq layihəsi həyata keçirilir. Layihənin əsas məqsədi ölüm və ya ağır sağlamlıq xəsarətləri və sosial-iqtisadi ziyanla nəticələnən yol-nəqliyyat hadisələrinin azaldılması, Azərbaycanda yol hərəkəti təhlükəsizliyi məsələlərini daha yaxşı idarə etmək və əlaqələndirmək üçün aidiyyəti dövlət qurumlarının və digər maraqlı tərəflərin hüquqi və institusional imkanlarını, kadr potensialını təkmilləşdirməkdir.

- Anar müəllim, bu yaxınlarda Bakı Nəqliyyat Agentliyinin (BNA) Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə qoşulması ilə bağlı qərar qəbul olundu. AYNA-nın bundan sonrakı fəaliyyətini necə görürsünüz?

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2023-cü il Fərmanına əsasən, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib. Nazirliyin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilir. 3 ay müddətində Nazirlər Kabineti normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təklifləri hazırlayıb Prezidentə təqdim etməlidir. Bu müddətdə Bakı Nəqliyyat Agentliyinin balansındakı əmlak AYNA-nın balansına veriləcək. Nəticədə ölkə üzrə avtomobil nəqliyyatının vahid mərkəzdən tənzimlənməsi, idarə edilməsi və digər nəqliyyat növləri ilə qarşılıqlı əlaqədə inkişafı təmin ediləcək.

Diaspora