“Türkiyədə fasiləsiz zəlzələlərin hamısı bir ocaqdan qidalanır. Bunun səbəbi isə nəhəng Afrika platformasının bizim yerləşdiyimiz Avrasiya materikini şimala doğru sıxmasıdır. Uzun müddət davam edən və millimetrlə müşahidə edilən prosesin ölçüləri böyüyərək metrlərə çatdı, nəhayət, güclü təkana çevrildi”.
Bunu Oxu.Az-a açıqlamasında ekoloq, seysmoloq Ənvər Əliyev deyib.
O bildirib ki, uzun müddət yığılan enerji yeraltı təkanlar formasında özünü göstərir:
“Heç kim yeraltı təkanlardan sığortalanmayıb. Dünyanın ən seysmik zonası Aralıq dənizi ətrafı hesab olunur. Bütün dünya geoloqları, seysmoloqları Türkiyədə yeraltı təkanların olacağını gözləyirdilər. Təəssüf ki, gözləntilər reallaşdı. İnşallah, daha bu zəlzələ təkrarlanmaz. Əslində, yeraltı təkanların İstanbulda olacağı düşünülürdü, lakin ətraf rayonlarda, bölgələrdə müşahidə edildi.
Bu səbəbdən Azərbaycanda da zəlzələ ola bilər. Bunu əhalini qorxutmaq üçün demirik. Uzun illər əvvəl müxtəlif vaxtlarda Naxçıvanda, Gəncədə, eləcə də Göygölün əmələ gəlməsi ilə nəticələnən güclü zəlzələlər baş verib. 1192-ci ildən 2002-ci ilə qədər Şamaxını yerlə bir edən təxminən səkkiz zəlzələ olub. Bəzi məlumatlara görə, 1667-ci ildə Şamaxıda baş verən zəlzələdə 80 minə yaxın adam ölüb. Yəni bu yeraltı təkanlar min illər ərzində olub, yenə də ola bilər. Bunların qarşısını almaq, öncədən bilmək mümkün deyil. Lakin maariflənmək olar. Bina inşa edərkən, körpü salarkən bu nüanslar düşünülməlidir”.
Ə.Əliyev qeyri-rəsmi mənbələrə görə, dörd milyona yaxın əhalisi olan, seysmoloji xəritə üzrə səkkiz ballıq zəlzələyə dözəcəyi düşünülən paytaxt Bakı ilə bağlı narahatlıq keçirdiyini qeyd edib:
“Ölkə əhalisinin 40 faizi Bakıda cəmləşib. Bu gün bu qədər əhalisi olan şəhərdəki bütün binaların səkkiz ballıq zəlzələyə dözəcəyinə inanmıram. İnşa edilən binalar o qədər bir-birinə yaxındır ki, zəlzələ anında binalardan biri silkələnib digərinə dəysə, domino daşı kimi hamısı yerlə bir ola bilər. Allah eləməsin ki, belə bir hadisə olsun, amma bu məsələdə diqqətli olmaq lazımdır. Köhnə, qəzalı binalar çoxdur, yeni tikilənlərin də hamısına etibar yoxdur. Heç kim zəmanət vermir ki, bu binalar standarta uyğundur və səkkiz ballıq zəlzələyə dözəcək. Belə başa düşürəm ki, biz yeraltı təkanlara hazır deyilik. Zəlzələnin müddəti 2000-ci illərdə olduğu kimi, bəlkə, 10-13 saniyə olmaz, 30-40 saniyə olar. Qorxmaq yox, hazır olmaq lazımdır. Camaatı başa salmaq lazımdır. Yenə deyirəm, heç kim heç nədən sığortalanmayıb”.
“Azərbaycanlı seysmoloqların 1977-ci ildə apardıqları araşdırmalar nəticəsində tərtib etdikləri seysmoloji xəritəyə əsasən ərazilərin bölgüsü aparılıb. Qafqazın cənub yamacından Balakən, Şamaxıya qədər olan ərazilər 8-9 ballıq, Bakı 7-9 ballıq zəlzələyə dözümlüdür. Bu xəritədə hansı regionun neçə ballıq zəlzələyə dözə bildiyi üzrə rəqəmlər qeyd edilib”, - deyə seysmoloq əlavə edib.