Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan və xalqın rəğbətini, sonsuz sevgisini qazanan qəhrəmanlarımızdan biri barədə danışacağıq.
44 günlük haqq savaşımızda qəhrəmanlıq göstərən, canını doğma torpağımıza qurban verən, Vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərə atılmaqla adını tarixə yazdıran hərbçilərimizdən biri də Zaur Cəfərovdur.
Tərcümeyi-hal:
Cəfərov Zaur Hüseyn oğlu 1980-ci il martın 4-də Kəlbəcər rayonunun Başlıbel kəndində ziyalı ailəsində dünyaya gəlib. İbtidai təhsilinə 1986-cı il indiki şəhid Namiq Əbdüləliyev adına Başlıbel kənd orta məktəbində başlayıb. 1993-cü il aprelin 2-də erməni silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal olunması nəticəsində məcburi köçkün kimi əvvəlcə Qax rayonuna, sonra isə Bakıya köçüb. Orta təhsilini 1997-ci ildə Qaradağ rayonu Qızıldaş qəsəbəsində şəhid Azər Namazovun adını daşıyan orta məktəbdə başa vurub. 1997-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2001-ci ilə qədər ali hərbi məktəbdə təhsil alıb.
Hərbi təhsilini 2001-ci ildə leytenant rütbəsi ilə bitirib.11-22 sentyabr 2000-ci ildə Rumıniya və Türkiyəyə kurs və təlimlərə göndərilib. Azərbaycan Ali Hərbi Məktəbini bitirərək Dövlət Attestasiya Komissiyasının 20 avqust 2001-ci il tarixli qərarı ilə ona “Raket qoşunlarının artilleriya və raket artilleriya qoşunlarının döyüş fəaliyyətinin idarə edilməsi, operativ-taktiki, taktiki-raket, yerüstü artilleriya və sahil raket artilleriya silahlarının döyüş tətbiqi, yerüstü artilleriyanın taktiki komandanlığı” ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilib.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində zabit ixtisas kursunu müvəffəqiyyətlə bitirib. Xidmətinin böyük bir hissəsi Naxçıvan dağlarında - Əlahiddə Ümumqoşun Ordu Korpusunda keçib. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində artilleriya batareya komandiri kursunu, artilleriya divizionu komandirinin maddi-texniki təminat üzrə müavini kursunu, artilleriya divizionunun qərargah rəisi - divizion komandirinin müavini kursunu, artilleriya divizionunun komandiri kursunu müvəffəqiyyətlə bitirib. Zaur Cəfərov ailəli idi. 2 qız, bir oğul övladı var.
Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” yubiley, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalları ilə təltif olunub.
Vətəninin darda olduğunu dərindən dərk edən və işğal altında olan torpaqları azad etmək fikrini ehtiyata buraxılmaqdan üstün tutan Zaur hərbi xidmətini davam etdirmək üçün 2014-cü ilin sentyabr ayında imtahan verərək magistratura səviyyəsi üzrə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olub. Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə təltif olunub. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının İxtisaslaşdırılmış elmi şurasının 16 iyun 2016-cı il tarixli qərarı ilə “Hərbi və dövlət müdafiəsini idarəetmə” ixtisasının “Hərbi idarəetmə (əməliyyat-taktiki səviyyə) ixtisaslaşması üzrə magistr elmi-ixtisas dərəcəsi verilib. Təhsilini bitirdikdən sonra polkovnik-leytenant rütbəsinə yüksəlib və xidmətini Birinci Ordu Korpusunda davam etdirib. Nümunəvi xidmətinə görə qısa müddət ərzində diviziya komandiri vəzifəsindən hərbi hissənin qərargah rəisi vəzifəsinə qədər yüksəlib. Komandir yoldaşları onu “Ağır artilleriyanın atası” adlandırıb. Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin əmri ilə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalı və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalı ilə təltif edilib.
Polkovnik-leytenant Cəfərov 2016-ci il Aprel döyüşləri və 2020-ci il Tovuz döyüşlərində öz əsgərləri ilə birgə səngərdə düşmən həmlələrinə qarşı mübarizə aparıb.
2020-ci il sentyabrın 27-də döyüşlər zamanı qərargah rəisi kimi briqadası ilə savaşıb. Madagiz-Ağdərə istiqamətində rəhbərliyi ilə keçirilən hərbi əməliyyatlar zamanı düşmənin 77-ci tank taborunun 4 tankı məhv edilmiş, 3 tankı isə qənimət götürülüb.
Həmçinin Ermənistan Silahlı Qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib. Zaur Cəfərovun son döyüşü Ağdərə istiqamətində olub. Polkovnik-leytenant 2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən sərəncamında olan minik avtomobili ilə minaya düşərək şəhid olub. 19 oktyabr tarixində polkovnik-leytenant Zaur Cəfərovun nəşi əvvəlcə valideynlərinin yaşadığı Bakı şəhəri Yeni Ramana qəsəbəsinə gətirilib. Zaur Cəfərov həmin gün II Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Oxu.Az-ın əməkdaşı şəhidin həyat yoldaşı Gülbəniz Cəfərova ilə danışıb.
- Gülbəniz xanım, Zaurla bağlı xatirələrinizi bölüşə bilərsiniz?
- Onunla bağlı xatirələrimi danışsam, günlərlə, aylarla bitməz. Onun ailəsində hərbçi olmayıb. Məcburi köçkün düşdükləri üçün qisas hissi ilə böyüyüb. Qarşısına məqsəd qoyub ki, hərbçi olacağam. O, 25 il idi ki, hərbidə idi. Deyirdim ki, çıx, bizdə rahat olaq. Deyirdi ki, nə qədər torpaqlar işğal altındadır, mən çıxıb rahat evdə otura bilmərəm. Torpaqlarımız azad olunanda mən də çıxacağam. Zaurun xidmət dövrü bitmişdi. Çıxa bilərdi. Amma çıxmadı.
- Gəncədə yaşadığınızı dediniz. Gəncə hadisələri zamanı orada idinizmi?
- Zaur Ağdamda işlədiyi üçün Gəncədə yaşayırdıq. Gəncə hadisələrinin canlı şahidi olduq. Uşaqlar qorxurdu. Hamı deyirdi ki, körpələri çıxart. Zaur dedi ki, sən zabit ailəsisən, orada qalmalısan. Sən çıxsan, ətrafdakılar necə qalar?
“N” saylı hərbi hissəyə yaxın olduğumdan uşaqların fəryadı hələ də qulağımdadır. Bir müddət qaldıq. Uşaqlar xəstə idi deyə, çıxmaq məcburiyyətində qaldıq. Bərdəyə yerləşdik. Orada da eyni şey təkrarlandı. 3 övladım var. Oğlum Həsənin hazırda 14 yaşı, Səlbinin 12, Zaurun 7 yaşı var.
- Sonuncu dəfə onu nə zaman görmüsünüz?
- Biz avqust ayında uşaqların gözünə görə Bakıya gəlmişdik. O, məzuniyyət götürdü. Bir neçə gün qaldıq. Daha sonra yenidən çağırdılar. Qalmadı. Sentyabrın 23-ü sonuncu dəfə evdə oldu. Bizə müharibəyə getməyini demədi. Görüşüb çıxdı. Görüşəndən sonra uşaqlara dedi ki, gəlib bir də görüşəcəyəm. Oğlum sual verdi ki, ata, sən nə qədər vaxta gələrsən? Dedi ki, bilmirəm. Daha sonra mənə dedi ki, gedişdir, dönüşü olmaya bilər.
Axırıncı dəfə oktyabrın 8-i danışdıq. Bərdədə qaldığımız üçün dedi ki, evə getmək istəyərsiniz? Dedim ki, hə. Dedi, sizə maşın göndərəcəyəm, evə qayıdarsınız. Sonra 9-u mesaj yazmışdım, yazdı ki, yaxşıyam. Şəhid olması xəbərini oktyabrın 13-ü aldıq. İki gün zəng çatmadı.
- Zaurun sonuncu dəfə oğlu Həsənlə görüşdüyünü dediniz...
- Oktyabrın 6-ı oğlumu yanına çağırdı. Biz də getmək istədik, qoymadı. Həsən deyir ki, atanın üzündə sanki nur var idi. Yanından ayrılmaq istəmirdim. Qardaşımla əmisi aparmışdı. Həsənə deyib ki, evin kişisi sənsən, anaya-bacıya, nənəyə həyan ol. Onlar sənə əmanətdir. Oğluma deyib ki, anana de ki, qurban kəssin. Mən Zaura dedim ki, sən gələndə kəsərik. Lakin o, razı olmadı.
- Uşaqlar atalarını yuxularında görüblərmi?
- Atalarını hər gün, hər saniyə xatırlayırlar. Hər addım atanda atalarını düşünürlər. Onlar uşaq olsalar da, çox düşüncəlidirlər. Çünki böyüyüblər. Üçü də yuxuda görürlər. Ən çox da ortancıl qızım görür. Deyir ki, ata mənə tapşırıqlar verir.
Övladları ilə bağlı ən böyük arzusu onları sağlam görmək idi. Uşaqların gözlərində ciddi problem var deyə, çox narahat idi.
- Zaurun Qarabağdan qayıdışını necə gözləyirdiniz?
- Zaurun şəhid olacağı ağlıma gəlmirdi... Qorxurdum. Amma inanmırdım. Onun müharibədən qayıdacağını düşünürdüm. İfadə edə bilmirəm. İstəyərdim ki, yanımızda olsun. Zəfər paradında iştirak etsin. 25 il əziyyət çəkdiyi zəhmətinin bəhrəsini görsün, arzusunda olduğu torpaqları azad görsün. Sonuncu dəfə deyib ki, İnşallah Kəlbəcərdə görüşərik.
- Son olaraq əsgərlərimizə nə demək istəyərdiniz?
- Sentyabr hadisələri məni iki il öncəyə qaytardı. O acını yenidən yaşadım. Neçə gün özümə gələ bilmədim. Eyni ab-hava oldu. Körpələrə görə çox üzülürəm. Özümü yox, körpələrimi düşünürəm. Düzdür, ataları qəhrəmandır. Onunla fəxr edirlər. Amma hamı kimi onlar da atalarının yanında olmasını istəyərdilər. Çox çətindir. Kiçik qızım elə bilir ki, atası qayıdacaq. Maşın səsi gələndə qapıya qaçır ki, gələn atadır. Allah vətən keşiyində dayanan əsgərlərimizi, qazilərimizi qorusun. Bütün şəhidlərin qisası alındı.
Qeyd edək ki, Vətən müharibəsindəki hərbi vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə ölümündən sonra Zaur Cəfərov “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.