Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları İkinci Qarabağ müharibəsində düşmənə sarsıdıcı zərbə vuraraq dövlət sərhədlərimizə tam nəzarətin bərpa edilməsi və sərhədlərimizin mühafizəsinə nail olunması yolunda əsl qəhrəmanlıq və şücaət göstəriblər.
Vətən müharibəsi başlayan gündən sərhədçilərimiz Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini düşməndən təmizləyib, o cümlədən 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla ermənilərə sarsıdıcı zərbələr endirib və dövlət sərhədlərimiz boyu tarixi torpaqlarımıza Azərbaycanın üçrəngli şanlı bayrağını sancıb.
2020-ci il oktyabrın 18-də Arazboyu əməliyyatları nəticəsində qədim Xudafərin körpüsü düşməndən azad edildikdən sonra istiqamət Zəngilan şəhəri və ətraf əraziləri olub. DSX-nin hərbi qulluqçuları tarixi Azərbaycan torpağı olan Zəngilan şəhərində ermənilərlə qanlı döyüşlərə girib, şəhər qısa müddət ərzində düşməndən təmizlənib.
Döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib. Düşmənin sağ qalan şəxsi heyəti isə silah-sursatını ataraq döyüş meydanından qaçmağa məcbur olub.
2020-ci ilin məhz bu günü – oktyabrın 20-də sərhədçilər tərəfindən azad edilən Zəngilan şəhərində Azərbaycanın üçrəngli şanlı bayrağı ucaldılıb. Şəhərin azad edilməsini Ali Baş Komandana DSX-nin zabiti, Arazboyu əməliyyatlarında böyük şücaət göstərmiş Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərov məruzə edib.
Bu tarixi gün münasibətilə Arazboyu əməliyyatlarda iştirak etmiş bir qrup sərhədçi Zəngilan şəhərinə səfər edib, vaxtilə düşmənlə üz-üzə döyüşdükləri ərazilərə baş çəkiblər. Onlar çətin və ağır döyüşlərlə bağlı xatirələrini bölüşüblər, məhv etdikləri düşmənin silah-sursatını ataraq necə qorxaqcasına qaçdığından danışıblar.
DSX polkovniki, Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərov “Report”un Zəngilan şəhərinə ezam olunan əməkdaşına müsahibəsində bildirib ki, Arazboyu əməliyyatların planına əsasən, oktyabrın 19-da Zəngilan istiqamətində hərəkət ediblər.
Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsində Zəngilan şəhərinin işğaldan azad edilməsi ən itisürətli əməliyyat kimi yadda qalıb:
“Biz şəhər istiqamətində sürətlə hərəkət etdik. Qruplarımızı Zəngilan şəhərinin girəcəyindəki körpüyə yaxınlaşdırdıq və müşahidə apardıq. Gördük ki, şəhərdə qanunsuz məskunlaşdırılan mülki əhali oradan çıxmağa başlayır. Yüksək təpəliklərdə atəş dəstə qrupları yaradaraq şəhəri nəzarətdə və atəş altında saxladıq. Bizə əməliyyat məlumatı verildi ki, düşmən hərbçiləri şəhərin kənarında pusqu quraraq gözləyirlər. Qruplarımız arama-tarama işləri aparıb Zəngilan şəhərinə daxil oldu. Şəhərin mərkəzi və küçələri düşməndən təmizləndi və üçrəngli şanlı bayrağımızı Zəngilan şəhərinə sancdıq. Bu barədə Müzəffər Ali Baş Komandana məruzə etdik. Daha sonra təpələrdə qruplarımızı yerləşdirdik və dairəvi olaraq şəhərin müdafiəsini təşkil etdik. Ehtimal edirdik ki, ermənilər Qafan istiqamətindən biz tərəfdə olan hərbçilərinə kömək göndərə bilər. Ehtimalımız da doğru çıxdı və düşmən 300-dən çox şəxsi heyəti və bir çox texnikasını Zəngilan şəhəri istiqamətinə göndərdi. Onları müşahidə altında saxladıq. Ermənilər bizim yüksəkliklərdə yerləşdiyimizi bilmirdilər. Bunun nəticəsində döyüşə tam hazır vəziyyətə gəldik”.
Onun sözlərinə görə, oktyabrın 21-i səhər saat 06 radələrində Zəngilan şəhərində şiddətli döyüşlər başlayıb. İgid sərhədçilərimiz xarabalıq ərazidə düşməni tam olaraq məhv edib: “Sağ qalan ermənilər isə silahlarını ataraq qaçmağa başladı. Şiddətli döyüşlər zamanı şəhidlərimiz və yaralılarımız oldu. Yaralı hərbçilərimizin təxliyə olunmasına şəxsən mən rəhbərlik edirdim. Yüngül yaralanan sərhədçilərimiz təxliyə olunmaqdan imtina edirdilər və döyüşü davam etdirməyə çalışırdılar. Zəngilanda döyüşlər zamanı Vətən Müharibəsi Qəhrəmanı Azər Yusifli, Məhəmmədəli Ələkbərov, Xudayar Yusifzadə, Mirağa Qasımov şəhidlik zirvəsinə yüksəldi. Allah bütün şəhidlərimizə rəhmət etsin!”
DSX-nin polkovniki, “Zəfər” ordenli Nəsib Mirzəyev də Zəngilan şəhərinin azadlığı uğrunda gedən döyüşlərə komandirlik edən şəxslərdən biri olub. O, rəhbərlik etdiyi qrupla birgə şəhərin ətraf ərazisinə oktyabrın 19-da daxil olduqlarını söyləyib.
Polkovnik bildirib ki, Cəbrayılın Əmirvarlı, Soltanlı kəndlərini və Xudafərin körpüsünü azad etmək üçün keçirilən əməliyyatları uğurla başa çatdırdıqdan sonra növbəti tapşırıq Zəngilan şəhəri və ətraf ərazilərin düşməndən azad edilməsi olub.
“Tapşırıq əsasında təminat və təchizatlarımızı normal vəziyyətə gətirərək Zəngilana doğru hərəkətə başladıq. Sözsüz ki, Arazboyu və Zəngilan yolu ilə hərəkət edirdik. Həkəri çayı istiqamətində körpünün olmaması bizə bir az çətinliklər yaratdı. Həmin vaxt Araz çayı tərəfə istiqaməti dəyişdik.
Şəhərə çatdıq, körpünün ətrafında mövqeləndik və ərazinin kəşfiyyatını aparmaq üçün qruplara bölündük. Sonra şəhərin mərkəzinə sızma əməliyyatını həyata keçirdik. Düşmənin bir çox döyüşçüləri şəhərdə məhv edildi. Daha sonra ermənilər şəhər istiqamətinə xüsusi təyinatlılarını hücuma göndərdilər, lakin onları da darmadağın etdik. Sağ qalan hərbçilər isə qaçmaq məcburiyyətində qaldılar”, - “Zəfər” ordenli zabit vurğulayıb.