Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan və xalqın rəğbətini, sonsuz sevgisini qazanan qəhrəmanlarımızdan biri barədə danışacağıq.
44 günlük haqq savaşımızda qəhrəmanlıqlar göstərən, öz canını doğma torpağımıza qurban verən, Vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etməklə adını tarixə yazdıran hərbçilərimizdən biri də İsrafil İbrahimovdur.
Tərcümeyi-hal: İsrafil Zülfüqar oğlu İbrahimov 1997-ci il oktyabrın 16-da Bakıda anadan olub. Əslən Ağdam rayonundan idi. 2004-cü ildə Nərimanov rayonunda Alı Mustafayev adına 202 nömrəli tam orta məktəbə gedib, 2013-cü ildə isə həmin məktəbin 9-cu sinfini bitirib. 2013-2015-ci ildə Ağdam rayonu 2 saylı məktəbi bitirib. 2015-ci ilin oktyabrında hərbi xidmətə yollanıb, 2017-ci ildə xidməti başa vurub. 1 il 6 ay Azərbaycan Sülhməramlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) olub.
Azərbaycan ordusunun kiçik çavuşu olan İsrafil İbrahimov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 26-da Laçın uğrunda gedən döyüşlərdə şəhid olub. Göstərdiyi şücaətlərə görə “Vətən uğrunda”, “Vətənə xidmətə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
Oxu.Az-ın əməkdaşı şəhidin atası Zülfüqar İbrahimovla danışıb.
- Zülfüqar bəy, bildiyimiz qədərilə İsrafil hərbçi olub. Oğlunuz döyüşə nə zaman qatıldı?
- O, həmişə hərbçi olmağı arzulayırdı. Müharibədə iştirak etmək arzusu idi. Hərbi xidmətdən gələndən sonra yenidən hərbçi kimi Ağdamda qulluq etmək istəyirdi. Xidmət dövrünü Qarabağ zonasında keçirməyi arzulayırdı. Arzusu həyata keçdi. Müharibə başlamamışdan öncə könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrə qoşuldu. Sentyabrın 27-ə qədər təlimlərdə oldu.
- İsrafilin müharibədə iştirak etmək arzusu olduğunu dediniz. Bu istəyi onda nə zaman hiss etmisiniz?
- Mən özüm də Qarabağ qazisiyəm. Həmişə döyüşməyə can atırdı. Mən də deyirdim ki, müharibə olanda hamımız gedəcəyik. O, uşaqlıqdan ancaq vətənlə bağlı kəlamlar eşidib. Həmişə maraqlanırdı. Özümüz də qarabağlıyıq. Müharibə başlayanda onu tanıyan dostları deyir ki, İsrafil o qədər sevincli idi ki, sanki bunu çoxdan gözləyirmiş.
Bizə şəhidlik qismət olmadı. Bu gün isə mən şəhid atasıyam. 30 illik Qarabağ həsrətinə son qoyuldu. Qanımız-canımız bahasına torpaqlarımızı azad etdik. Bu günə şükürlər olsun.
- Şəhadət şərbəti içməmişdən 10 gün öncə qəhrəman döyüşçümüzün 23 yaşı tamam olub.
- İsrafil 23 yaşını döyüş meydanında qeyd etdi. 3-4 dəfə Füzuliyə getdim. Əlaqə qurdum, deyirdi ki, mümkün deyil. Şəhid olmamışdan bir gün öncə hamı ilə telefonla danışdı. Səhəri gün 5-6 radələrində xəbəri gəldi. Bizimlə on gündən bir danışırdı. Qohum uşaqlar soruşublar ki, niyə valideynlərinə gec-gec zəng vurursan? Cavab verib ki, öyrəşsinlər, həyatın işini bilmək olmaz, döyüş elə bir yerdir ki, nə olacağını bilmək mümkün deyil. Allahın təqdiridir, ən uca məqama yüksəldi. Şəhidlərin yeri behiştdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Müharibəyə mən getmək istəyirdim. Çünki mən müharibə görmüşdüm. Deyirdi ki, elə şey olar ki, mən qalım, sən gedəsən? Özünə sığışdıra bilmirdi.
- İsrafilin ən böyük arzusunu bizimlə bölüşə bilərsiniz?
- Onun ən böyük arzusu Şuşanı azad edib toyunu orada keçirmək idi. Biz Şuşa qeydiyyatındayıq. Mənə qazilik, övladıma şəhidlik qismət oldu. Bu gün təsəllimiz qalib xalq olmağımızdır.
Dediyim kimi, oğlum Laçında şəhid oldu. Birinci Qarabağ müharibəsində mən də həmin yerləri keçmişdim, Füzuli, Qubadlı, Laçın, Güləbird... Amma onlar bizdən də önə gedib çıxmışdılar, Laçın dəhlizinə yaxınlaşmışdılar. Hərbçilərimiz düşmənin 50-dən çox əsgərini məhv edib. Onlar isə dağ-daş arasında gizlənib bizimkilərə ziyan vurublar. İsrafil də o döyüşdə şəhid olub. Mən keçən yolları keçib getdi, şəhid oldu. Allahın qisməti belədir...
Mən İsrafillə danışanda həmişə deyirdim ki, hansı gün Şuşaya, Laçına bayraq sancdınsa, o gün mənə xəbər elə. Mənim üçün ən əziz gün o gün olacaq. O da gülərək deyirdi ki, yaxşı, ata. Laçına kimi gedib çıxdı. Dostlarına deyirmiş ki, əsas odur Laçına, Şuşaya çata bilim, nə olarsa, ondan sonra olsun. Qismət elə gətirdi ki, Laçın torpağında şəhidliyə qovuşdu.
- İsrafilin Qarabağdan qayıdışını necə gözləyirdiniz?
- Şəhid olacağı ağlıma gəlirdi. Sanki hiss edirdim. Hər şəhid, yaralı xəbəri gələndə o hissləri keçirirdim. Sonunda hisslərim düz çıxdı.
O mənim hələ də yuxularıma girmir. Qohumlarım belə görüb. Maraqlandım dedilər ki, şəhidlər valideynləri pis olmasın deyə, onların yuxusuna girmir. Narahat etməmək üçün edirlər.
- Oğlunuzun şəhadətə qovuşmasını normal qarşıladığınızı söylədiniz...
- Oktyabrın 26-sı idi. Mən yoldaşlarımla bir yerdə idim. Bu anda Şuşadan zəng gəldi. Dedilər ki, oğlunuz şəhid olub. Bu reaksiyanı gözləyirmiş kimi dedim ki, Vətən sağ olsun. Reaksiyama hamı şoka düşdü. Allahdan özümə səbir dilədim. Möhkəm dayandım. Hətta kənardan baxıb, mənə “daş” deyənlər də oldu. Qadınlar daha çox kövrək olurlar. Mən gizlətməyə çalışıram. Özümə o cür ölüm arzulayıram. Qələbə xəbərini eşidəndə demədim ki, kaş 10 gün də dözərdi. Qisası alındı deyə, çox sevindim. Oğlum ən uca məqama yüksəldi. Son baş verən hadisələr də məni o günə qaytardı.
- İsrafilin yolunu gözləyən var idimi?
- Oğlum çox gənc idi. Şuşada toy etmək arzusu ürəyində qaldı. Mənə sevdiyi olduğunu deməmişdi. Mənimlə məsafə saxlayırdı. Elə söhbətlər etməzdi. Eşitdiyim qədəri ilə sevdiyi var imiş. Qismət olmadı.
Qeyd edək ki, şəhid İsrafil İbrahimov Azərbaycan Xalq artisti Mənsum İbrahimovun qardaşı oğludur.