XTQ-nin Füzulidə ön xətti yarma əməliyyatı: "50-100 metr məsafədə qızğın döyüşlər gedirdi"

XTQ-nin Füzulidə ön xətti yarma əməliyyatı:  "50-100 metr məsafədə qızğın döyüşlər gedirdi" backend

"Yanan tankın içərisindən çıxan hərbi qulluqçumuzu görüb dəhşətə gəldim. Həmin vaxt onu mütləq söndürməliydim. Müharibənin ilk psixoloji zədəsini də məhz bu hadisə zamanı aldım".

Bunu "Report"un Füzuli rayonuna ezam olunmuş əməkdaşına müsahibəsində Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) keçmiş hərbi qulluqçusu, Vətən müharibəsi qazisi Ayar Abbasov deyib.

Bildiyiniz kimi, erməni silahlı bölmələri 30 ilə yaxın davam edən işğal dövründə güclü mühəndis-istehkam maneələri qurmuşdular.

Döyüş yolundan danışan qazi bildirib ki, 2020-ci il sentyabrın 28-də saat 06 radələrində Füzulinin Qaraxanbəyli kəndi istiqamətindən ön xətti yarıblar və çayqırağı maneələrdən istifadə edərək düşmənin istehkamına yaxınlaşıblar.

"Bizim arxamızca isə tank bölmələrimiz gəlirdi. Artıq düşmənlə təmas xəttinə, təxminən, 5 km məsafə qalmışdı. Həmin anda öncü qrupunda olan kəşfiyyatçımız gizir Aslan Şərifov düşmən gülləsinə tuş gəldi. Ona ilk tibbi yardımı sonralar döyüşlərdə şəhidlik zirvəsinə yüksələn gizir Kərim Əliyev göstərdi və arxaya çəkdi. Düşmən istehkamını aşaraq təmas xəttinə irəliləyəndə bu dəfə gizir Vasif Məmmədovu snayperlə vurdular. Bunun ardınca isə arxamızda olan tanklardan biri vuruldu. Yanan tankın içərisindən çıxan hərbi qulluqçumuzu görüb dəhşətə gəldim. Onu söndürməkdən başqa çarəm olmadı. Döyüşün ilk psixoloji travmasını da elə məhz bu hadisə zamanı aldım. Biz güclə ərazidəki xarabalığa çatdıq, çünki düşmən güclü müqavimət göstərirdi. Ərazini də əllərinin içi kimi tanıyırdılar", - A.Abbasov söyləyib.

Yaralı vermədən irəliləməyin mümkün olmadığını vurğulayan Vətən müharibəsi qazisi deyib ki, həmin vaxt ermənilər məhz artilleriya və minaatanlardan daha çox istifadə edirmişlər: "Elə bir vəziyyət idi ki, döyüş yoldaşım şəhid Kərim Əliyev güllə yağışı altında rabitə aparatına batareya gətirmək məcburiyyətində qaldı. Sentyabrın 29-da səhər saatlarında qarşımızdakı xarabalıqlarda 30-a yaxın düşmənin mövqeləndiyini gördük. Qrup komandirim Qarabağ ordenli şəhidimiz kapitan Kamil Şirinov tabor komandiri ilə rabitə əlaqəsinə girərək oraya hücum etmək icazəsi istədi. Tabor komandirimiz təhlükəli olduğunu deyərək səbr etməyini xahiş etdi. Lakin kapitanımız təkid edərək icazə aldı və 5 nəfərlə hücum etdik. Bir məsələni xüsusi vurğulayım ki, əgər biz ora hücum etməsəydik, ermənilər bölmələrimizi pusquya salıb bütün döyüş planımızı alt-üst edəcəkdi".

A.Abbasov diqqətə çatdırıb ki, Vətən müharibəsindən 2 il keçməsinə baxmayaraq işğaldan azad edilən Füzuliyə ilk dəfədir gəlir: "Hisslərimi ifadə etmək mənimçün çox çətindir. Çünki buranın hər daşı, hər qayasında bir xatirəm var. Şəhid döyüş yoldaşlarım var ki, burada onlarla birlikdə düşmənə qarşı amansız döyüşlərimiz olub. Şəhid dostlarımla olan xatirələr mənim yaddaşımdan heç vaxt silinməyəcək".

Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş XTQ-nin digər qazisi Şamil Məmmədovun sözlərinə görə, həmin döyüş tapşırığını yerinə yetirərkən düşmən onların sol tərəfindən manevr edib ordumuzun bölmələrini pusquya salmaq istəyib: "Bizi atəşə tutdular və həmin mövqedən geri çəkilmək məcburiyyətində qaldıq. Uçuq binaların birinə çəkiləndə ermənilər gizirimiz Seyidbala Əliyevin hər iki ayağından vurdu. Seyidbala hər iki ayağı qırılmış vəziyyətdə yerdə qaldı. Şəhidimiz Vətən müharibəsi qəhrəmanı gizir Elyar Vəliyev, Vətən Müharibəsi Qəhrəmanı, şəhid baş gizir Camal İsmayılov və qrup komandirimiz şəhid kapitan Kamil Şirinov digər uçuq binalarda mövqe tutdular. Mən isə pulemyot ilə tək atəşlə dəstək oldum. Digər qruplarımız bizə çatdı və düşmənlə ara məsafəsi 50-100 metr olan qızğın döyüş baş verdi. Güllə yağışı altında Seyidbalanı arxaya çəkə bildik. Elyar Vəliyev, Kamil Şirinov və mən onun təxliyəsi ilə məşğul olduq. Ağrıya dözə bilməyən döyüş yoldaşım Seyidbala cibindən yenicə doğulmuş körpəsinin şəklini çıxararaq baxıb ağladı.

Kapitanımız Kamil Şirinov onu sakitləşdirmək üçün zarafatyana "döz canavarım, döz.. inşallah müharibədən sonra sənin rütbəni artıracağam" dedi. Həmin an hamımız gülüşdük və o gülüş müharibədə bizim son gülüşümüz oldu. Çünki Seyidbalanın başı üzərində dayanan Kamilin başının aşağı düşdüyünü, əlinin boşaldığını və burnundan qan gəldiyini gördük. O, nankor düşmənin snayperdən açdığı atəşdən şəhid oldu. Bu məqamda şəhidimiz gizir Kərim Əliyev bizə tərəf qaçaraq "Sarı komutanıma" nə oldu deyərək ağladı. Mən Kərimlə çiyinlərimizi yapışdıraraq 10-a yaxın düşməni məhv etdik. Hər erməni məhv etdikcə "komutanımızın qisasını aldıq" deyirdik.

Komandirimin nəşini belimdə aparacağım heç ağlıma gəlməzdi. Təxliyə qrupu yaralıları aparanda mən dedim ki, komutanımı özüm aparacağam. Xidmətdə olan digər yoldaşım da irəli atılaraq "mən də sənə kömək edəcəyəm" dedi. Şəhidimizi birgə aparanda çox yoruldum və oturmaq istəyəndə yanımdakı döyüş yoldaşımı vurdular. Bu anda sözün həqiqi mənasında havalandım. Qışqırdım ki, heç olmasa sən ölmə. Yarasını sarıdım ona səngərə saldım, sonra da şəhidimizin nəşini təxliyə etdim.

Qeyd edək ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə A.Abbasov “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, "Şücaətə görə", "Cəsur döyüşçü", Ş.Məmmədov isə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Diaspora