Vətən müharibəsi iştirakçısı fındıq satır: “Pul qazanmağa bir yerdən başlamaq lazımdır”

Vətən müharibəsi iştirakçısı fındıq satır:  “Pul qazanmağa bir yerdən başlamaq lazımdır” backend

44 günlük Vətən müharibəsi iştirakçısı özünü sahibkar kimi sınamağa başlayıb.

1999-cu il təvəllüdlü Teymurlu Seymur Əbülfət oğlu Oğuz rayonu Xaçmaz kəndində anadan olub. Bakı Dövlət Universitetinin Geologiya mühəndisliyi ixtisasını bitirib. Ali təhsilini bitirdikdən sonra Seymur həqiqi hərbi xidmətə yola düşüb. Qəhrəmanımız 44 günlük müharibədə də iştirak edib.

Oxu.Az-ın əməkdaşı 23 yaşlı Vətən müharibəsi iştirakçısı ilə həmsöhbət olub.

Seymur deyir ki, döyüşlər başlayan zaman Füzuli istiqamətində həqiqi hərbi xidmətdə olub:

“Dövlət Sərhəd Xidməti (DSX) sıralarında Vətənə xidmət etmişəm. Müharibə başlayanda mən DSX-nin xüsusi təyinatlı çevik hərəkət taborunda idim. Bir neçə gün sonra biz də aktiv döyüşlərə qoşulduq. Zəngilan, Cəbrayıl, Laçın istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Mənə “Cəbrayılın azad olunmasına görə” medalı təqdim edilib. Mən medala görə vuruşmamışam, dövlətimə, Vətənimə olan borcumu yerinə yetirmişəm”.

Müharibədə kontuziya alan Seymur deyir ki, bu, ağır travma hesab olunmadığı üçün ona qazi statusu da verilməyib. Psixoloji yardım aldığını deyən Seymur ən çətin günlərinin travmadan sonra başladığını deyib:

“Hərbi xidmətdən qayıtdıqdan sonra iki ay psixoloji, tibbi yardım aldım. Müalicə prosesi ilə əlaqədar işdən tez-tez icazə aldığım üçün çalışdığım yerlərdən çıxarılırdım. Lakin son dörd-beş ay ərzində sahibkarlardan, iş adamlarından mənəvi dəstək gəldi. Biznes ideyası verib yönləndirdilər”.

Seymur deyir ki, hazırkı dövrdə əlində olan fürsətləri dəyərləndirmək əzmindədir, bu da yalnız ailəsinə aid fındıq sahələrinin olmasıdır:

“İş axtardım, lakin tapmadım. Bakıda yaşayıram. Kirayə haqqını ödəmək üçün mütləq qaydada gəlir mənbəyim olmalıdır. Oxuduğum ixtisas üzrə ən optimal variantlar şirkətlərdə olan vakansiyalardır. Lakin təəssüf ki, hələ ixtisasım üzrə iş tapmaq qismət olmayıb. Təbii ki, istəyərdim ki, stabil aylıq gəlirim olsun. Lakin hələ mümkün olmur. Dövlət Məşğulluq Agentliyindən bu istiqamətdə dəstək verəcəkləri ilə bağlı söz veriblər. Gözləyək, görək necə olacaq. İşsiz olduğumu bilirlər.

Başqa çarəm yoxdur, pul qazanmağa bir yerdən başlamaq lazımdır. Sosial şəbəkədə mənim haqqımda paylaşım edərək, bu məsələni gündəmə gətirdikləri üçün hər kəsə təşəkkür edirəm. Hazırda fındıq satışı ilə bağlı müəyyən çevrə yaratmağa çalışıram. İnşallah, daha yaxşı nəticələrə gəlib çata bilərəm”.

Qeyd edək ki, Vətən müharibəsi iştirakçısı olan Seymur məhsulun satışını da, kuryerliyini də özü edir. Bir kq fındıq ləpəsini 15 manata almaqla onun qurmaq istədiyi xırda ticarətinə dəstək ola bilərsiniz.

Diaspora