“Düşmən sentyabrın 12-si və 13-də törətdiyi təxribatların cavabını aldı. Lokal əməliyyat keçirildi. Düşmən nə qədər ki təxribatlara əl atacaq, qarşısında daim Azərbaycan Ordusunu görəcək”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) xidmət etmiş Vətən müharibəsi qazisi Bəhruz Məmmədzadə deyib.
Onun sözlərinə görə, son döyüşlərdə yaralanan əsgərlər yenidən döyüşə qayıtmaq istədiklərini bildiriblər:
“12-13 sentyabrda yaralanan yoldaşlarımızı ziyarət etdim. Hamısı döyüşə qayıtmaq istəyirdi. 44 günlük müharibədə də belə idi. Yaralansalar belə, təxliyə olunmaq istəmirdilər. Bir hədəf var idi, o da irəli getmək. Təxliyə olunanlar da iki gün sonra döyüş meydanına qayıdıb gəlirdilər”.
Vətən müharibəsi qazisi hərbiyə atasının tövsiyəsi ilə yollandığını deyib:
“Hərbiyə marağım valideynimin tövsiyəsi ilə olub. Vətən müharibəsində unuda bilmədiyim çox anlar oldu. Sözlə ifadə etmək mümkün deyil. Yaşayıb görəsən gərək. Yoldaşlarımın şəhid olması, Şuşa əməliyyatları - bunlar heç vaxt ağlımdan çıxmayacaq. Yaralıları özümüzlə birlikdə irəli aparırdıq. Çünki hər kəs o yerləri görmək arzusunda idi. Şükür Allaha, qalib gəldik”.
Bəhruz Məmmədzadə deyir ki, döyüş zamanı irəli gedəndə dua edirmişlər ki, işlərini sonlandırmamış şəhid olmasınlar:
“Şəhidlik uca zirvədir. İlk günlərdə itki olmasını istəmirdik. Çünki hər kəs axıra qədər gedib, o anı görmək istəyirdi. Hərbçilərin bir məqsədi olur - o da qarşıya qoyulan tapşırığı yerinə yetirmək. Kaş 44 günlük zəfərimizi şəhid olan qardaşlarımız da görərdilər”.
Vətən müharibəsi qazisi sonda səngərdə olan əsgərlərə müraciət edib:
“Səngərdə olan əsgərlərimizə demək istərdim ki, mətin olsunlar. Böyük qardaşları olaraq hər zaman onların yanındayıq. Sentyabrın 12-də də biz könüllü olaraq öz bölmələrimizə müraciət etdik. Onların yanında olmaq istədik. 44 günlük müharibədə Azərbaycan xalqı necə arxa-dayaq oldusa, biz də o qaydada əsgərlərimizin yanında olacağıq”.
Qeyd edək ki, Vətən müharibəsi qazisi Bəxtiyar Məmmədzadə Kəlbəcər, Cəbrayıl, Füzuli, Xocavənd, Şuşa döyüşlərində iştirak edib. Şuşa döyüşündə yaralanıb. Kəllə-beyin travması alıb. Döyüşlərdə fərqləndiyinə görə 16 medalla təltif olunub. Bunların sırasına yubiley və xüsusi xidmət medalları da daxildir.