“Sentyabrın 4-dən Misir və Sübhan aclıq aksiyasına başlayıblar. Məhkəmə Misiri zaminliyə buraxmaqdan imtina edir. Səfirlik zaminliyə götürə bilər. Buna səlahiyyəti də var. O, həbsdən çıxarılsa, hər şey aşkarlanacaq”.
Bunu bir il Ukraynada həbsdə saxlanılan azərbaycanlı qazi, Vətən müharibəsinin iştirakçısı, Misir Qasımlının vəkili Aygül Rəfiyeva Oxu.Az-a müsahibəsində deyib.
Müsahibəni təqdim edirik:
- Aygül xanım, hadisə baş verməmişdən daha əvvələ qayıdaq. Misir Qasımlı necə oldu ki, Ukraynaya yollandı?
- 29 yaşlı Misir ailəsi ilə birlikdə Rusiyada yaşayırdı. Hərbi xidməti də Azərbaycanda başa vurub. Daha sonra yenidən Rusiyaya qayıdıb, orada işləyirdi. 44 günlük müharibə başlayanda könüllü olaraq müharibəyə yollanıb. Müharibə bitdikdən sonra iş tapa bilmədiyindən Ukraynaya getmək qərarı alıb. Xüsusən Ukraynaya getməsinin də səbəbi var. O, evli idi. Həyat yoldaşı və onun doğma bacısı Ukrayna vətəndaşıdırlar. Bacısı ailəsi ilə birlikdə orada yaşayır. Misirin özünün də orada yaşamaq icazəsi var.
- Hadisənin başvermə səbəbi ilə bağlı məlumatı da bizimlə bölüşün.
- Bu işdə Misir tək deyil. Misir ilə birlikdə Sübhan Quliyev də var. Misirin dostu Sübhan Quliyevin doğum günü imiş. Qeyd etdikləri restoran da elədir ki, qabaqcadan hər masaya görə depozit ödənilir. Həmin restoranda İspaniya və Britaniya vətəndaşı olan şəxslər olublar. Atası ərəb, anası erməni olan şəxs özü Misirgilə yaxınlaşıb, deyib ki, “mən görürəm ki, burada sizə xüsusi diqqət var. Sizinlə tanış olmaq istəyirəm”. Bir qədər zarafatlaşıblar. Onlar gedəndə məlum olub ki, həmin şəxs hesabı ödəyib. Misirgil onun ödədiyi məbləği geri qaytarıblar. Daha sonra həmin şəxs deyib ki, “dostlar, məni də hoteldə düşürərsiniz”. Birlikdə Misirin maşınına miniblər. Misir içkili olmayıb. Misir ümumiyyətlə içki içmir. Misirin ayıq sürücü çağırmaqda məqsədi şəhəri yaxşı tanımaması olub. Ayıq sürücü hər şeyin şahididir.
Restoranda tanış olduqları şəxs Misirgilə narkotik işi ilə məşğul olduğunu bildirib və əlavə edib ki, “sizin kimi idmançı uşaqlar bizə lazımdırlar”. Misir əsəbiləşib, onu maşından düşürüb. Daha sonra əlaqələri olmayıb.
Səhəri gün Misiri polisin axtardığı məlum olub. Misiri nə maşın nömrəsi, nə də ofisiantlar vasitəsilə axtarıblar. Onu yalnız müharibə vaxtı çəkilən şəkli ilə axtarırmışlar. Misir onlara deyib ki, mən nədənsə qaçmıram. Onlar gəlib Misiri aparıblar. Misir deyib ki, “tutmaq istəyirsiniz, tutun”.
- Misirgildən axtarış zamanı silahların aşkarlandığı ilə bağlı məlumatlar var. Buna aydınlıq gətirə bilərsiniz?
- Maşında bıçaq aşkarlanıb. Misirə məxsus olduğunu bildiriblər. Lakin Misir onun olmadığını təsdiqləyib. Ona bildiriblər ki, “götür bax, gör, sənindir?” Təbii ki, Misir bunu etməyib. Onu əl izlərinin qalması üçün deyiblər. Ekspertiza keçirilib. Məlum olub ki, bıçaq və əl izləri Misirə məxsus deyil. Misir yoldaşları ilə kirayədə yaşayırdı. Evə baxış keçirilib. Misir özü orada iştirak etməyib.
Misir saxlanılarkən belə, yanında nə tərcüməçi, nə də vəkili olub. Bütün hüquqları pozulub. Evdən tapança çıxdığı bildirilib. Lakin Misirin həmin silahla bağlılığı olmadığı aşkara çıxıb.
İddia ediblər ki, Misirgil o adamın “Rolex” saatını oğurlayıblar. “Rolex”in qiyməti 13 000 dollardır. “Rolex”in adına sənəd olur. Bu elə saatdır ki, sən onunla bağlı şikayət verirsənsə, İnterpola dərhal bununla bağlı məlumat veriləcək. 10 000 dollardan artıq qızıl-zinət əşyaların varsa, xarici vətəndaş olaraq, deklarasiya etməlisən. Heç biri yoxdur. Bu iddialar erməni lobbisinin təşəbbüsü ilə irəli sürülüb.
- Təqsirkar hansı iddia ilə həbs edilib?
- Məlum olur ki, zərərçəkmiş ölkəyə iki günlük gəlib. Bir dəfə də olsun məhkəmələrdə iştirak etməyib. Zərərçəkmiş iddia edir ki, guya Misirgil bunun ayağına bıçaqla vurublar. Pulunu almaq üçün etdiklərini deyib. Daha sonra başına da tapança tutublar ki, “tez ol, kredit kartlarının parollarını ver”. Zərərçəkmiş həkimə müraciət etməyib. Məhkəməyə şalvar təqdim olunub. Şalvarda nə zərərçəkmişə, nə də Misirə aid iz aşkar edilib.
- Hadisə zamanı maşını ayıq sürücünün idarə etdiyi qeyd olunub. Hadisə şahidləri məhkəməyə çıxarılıblarmı?
- Restoranda məlum olub ki, ofisiantlar nə həmin gündən əvvəl, nə də sonra orada işləyiblər. Şahidlərdən biri ayıq sürücü idi. O, şahid qismində məhkəməyə buraxılmayıb. Zərərçəkmiş ərizədən başqa, gəlib orada qol çəkməlidir. Onun vəkili erməni lobbisidir. Zərərçəkmiş İspaniyadan sənəd göndərib. Psixoloji cəhətdən məhkəmədə iştirak etməyə hazır olmadığını deyiblər. Zərərçəkmiş müalicə olunmayıb.
- Cinayət işindən danışaq. Misirin qeyri-qanuni şəkildə təcridxanada saxlanıldığı deyilir. Bu nə dərəcədə doğrudur?
- Ukrayna qanunvericiliyinə görə, həbs qətimkan tədbirinə səbəb olan şikayət veriləndə məsələyə iki ay ərzində baxıla bilər. Təəssüf ki, bu məsələyə altı aydır ki, baxılır. Apellyasiya məhkəməsi keçirilmir. Cümə günü məhkəmə olmalı idi. Bu gün zəng vurub, deyirlər ki, “proses baş tutmayacaq”. Səbəb də göstərmirlər. Bu gün gedilib. Görüblər ki, Misir olmadan proses keçiriblər. Vəkillər etiraz ediblər. Hakim iki-üç gün təxirə salıb. Misir qanunsuz şəkildə həbs edilib. Məhkəmə sənədləri itirdiyini deyib. Misir 18 maydan etibarən məhkəmə prosesinə gətirilmir. Ukrayna məhkəməsində korrupsiya var.
Misirə prokuror “başkəsən” deyib, “onun kimiləri azadlığa buraxmaq olmaz” kimi fikirlər irəli sürüb. O şəxs istintaq qrupunun rəhbəridir. Danışığını bilmədiyinə görə prosesdən uzaqlaşdırılıb. Məqsədimiz haqq-ədaləti ortaya çıxarmaqdır. Misir azadlığa qovuşmalıdır.