İlham İsmayılov: "Nuru Paşa Türkiyə və Azərbaycanın tarixi dostluq və qardaşlığının simvollarından biridir"
"Hər bir azərbaycanlı Nuru Paşanın necə bir xilaskar olduğunu bilir və onun adının əbədiləşdirilməsini könüldən istəyir"
Sentyabrın 15-də Qafqaz İslam Ordusu Azərbaycana gəlişi və Bakının qurtuluşundan artıq 104 il keçir. Uzun illərdir ki, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) bu günü bayram olaraq qeyd edir, silsilə tədbirlər keçirir. Əslində, Osmanlı dövlətinin ən ağır dönəmində Azərbaycana köməyə gələn Qafqaz İslam Ordusunun xilaskar missiyasını Allahın xalqımıza bir lütfü kimi də qiymətləndirmək olar. Mövzu ilə bağlı ATXƏM-in sədri İlham İsmayılovla görüşüb, söhbət etdik.
- İlham müəllim, Qafqaz İslam Ordusunun Bakını erməni-boşevik işğalından qurtarmasından və Bakının ilk dəfə paytaxt olaraq tarixə keçməsindən 104 il ötür. Bu günün əhəmiyyətini necə izah edərdiniz?
- Ötən əsrin əvvəllərində çar Rusiyasının dağıldığı, Rusiyanı və bütün regionu inqilab alovlarının bürüdüyü bir vaxtda cərəyan edən tarixi-siyasi hadisələr, Birinci Dünya müharibəsinin başlanması Türkiyə və Azərbaycanda yaşayan müsəlman-türk xalqlarını növbəti ağır sınağa məruz qoydu. Tarixin bütün dövrlərində olduğu kimi, həmin mərhələdə də ölüm-dirim mübarizəsi ilə üzləşən xalqlarımız qəddar və amansız düşmənlə mübarizədə bir-birinə dəstək verərək ayağa qalxdılar.
Eyni hadisələr 1918-ci ilin mart-sentyabr aylarında yenidən təkrarlandı. Bakıda hakimiyyəti ələ keçirmiş erməni-bolşevik daşnakları çar Rusiyasının ordusundan qalan silah-sursatı ələ keçirərək, Bakıda və Azərbaycanın digər bölgələrində misli görünməmiş vəhşiliklər – soyqırımlar, qətliamlar törədərək 50 mindən çox dinc azərbaycanlını qətlə yetirdilər.
Türkiyə özü Birinci Dünya müharibəsində böyük dünya gücləri ilə üz-üzə olsa da, belə bir çətin vaxtda Osmanlı dövlətinin hərbi naziri Ənvər Paşanın qardaşı general Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusu Azərbaycan xalqının köməyinə gəldi. Gəncə ətrafında, Göyçayda, Şamaxıda, Salyanda, Qubada, Lənkəranda və digər ərazilərdə gedən qanlı döyüşlərdə Qafqaz İslam Ordusunun 7500 nəfərlik əsgərin və yerli könüllülərdən ibarət dəstələrin qəhramancasına döyüşməsi sayəsində erməni-daşnak bolşeviki Stepan Şaumyanın Azərbaycanı və Bakını tam ələ keçirib burada “dənizdən-dənizə böyük Ermənistan” dövləti yaratmaq ideyası həyata keçmədi. 1918-ci il sentyabr ayının 14-15-də Bakı ətrafında gedən döyüşlərdə cəsur və qəhraman sərkərdə olan Nuru Paşa Bakını erməni-daşnak və sentrokaspi diktaturasının təpədən-dırnağa qədər silahlanmış quldur dəstələrindən azad etdi. Məhz bu qələbədən sonra Azərbaycan hökuməti Bakıya köçdü və Azərbaycan Demokratik Respublikası dünya dövlətləri tərəfindən tanındı. Beləliklə də, Bakı Azərbaycanın paytaxtı kimi əbədiyaşarlıq qazandı.Hesab edirəm ki, bu günü biz həm də paytaxt günü olaraq qeyd etməliyik.
- ATXƏM neçə illərdir ki, elə bu günü böyük təmtəraqla, bayram havasında qeyd edir...
- Əslində bu il də Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik birləşmələrindən azad etməsinin 104-cü ilini böyük bir tədbirlə qeyd olunacaqdı. Təəssüflər olsun ki, sentyabırın 12-də Ermənistan ordusunun cəbhədə Azərbaycan ordusuna təcavüzü nəticəsində 50 şəhidimiz oldu. Bunu nəzərə alaraq, tədbirlərimizi təxirə saldıq. Fikir verirsinizsə, biz 104 il sonra da eyni hadisələrlə qarşı-qarşıyayıq, ermənilərin Azərbaycan xalqına qarşı soyqırım siyasəti davam edir, torpaqlarımıza qarşı məkrli erməni planları hələ də davam etməkdədir. Bu o deməkdir ki, Qafqaz İslam Ordusunun missiyası bu gün də davam edir. Məhz bu gün yenə də biz erməni işğalının durdurulmasında, ermənilərin təkrar soyqırım törətmələrinin qarşısının alınmasında yenə də Qafqaz İslam Ordusunun xələfləri olan qardaş Türkiyə Ordusunu görürük, onların təmənnasız dəstəyini hiss edirik.
Bilirsiniz, bir neçə il əvvələdək Nuru Paşanın fəaliyyəti ilə bağlı cəmiyyətdə çox az məlumatlar var idi. Neçə illərdir ki, Azərbaycan və Türkiyə cəmiyyətinin aktiv təbəqəsi olaraq apardığımız fəaliyyətlər nəticəsində hər iki ölkədə Qafqaz İslam Ordusunun komutanı Nuru Paşa haqqında tam dolğun məlumatlar formalaşıb. Artıq bu əfsanə qəhramanı hər kəs tanıyır və onun adının əbədiləşdirilməsini istəyirlər. Biz tariximizə nəzər salanda görürük ki, erməni-daşnak birləşmələrindən xalqımızın xilas olunmasında Nuru Paşanın əvəzsiz xidmətləri olub. Biz erməni vandalizmindən xilas olduğumuza görə həm də onlara borcluyuq və onun adının əbədiləşdirilməsi gələcək nəsillərə örnək olmaq üçün əsl nümunə olardı.
- Səhv etmirəmsə, Siz Nuru Paşanın adının əbədiləşdirilməsi ilə bağlı bir neçə dəfə müraciət də etmisiniz...
- Əlbəttə, biz dəfələrlə bu məsələ ilə bağlı ölkə rəhbərliyinə, müxtəlif icra orqanlarına müraciət etmişik. Əsaslandırmışıq ki, Nuru Paşaya heykəl qoyulması, onun adına küçə və parkların verilməsi bu əfsanə komutana Azərbaycan xalqı olaraq bir vəfa borcumuz olardı. Bu il Astara rayonunda bir küçəyə Nuru Paşanın adı verilib. Bu addımı yükək qiymətləndirirəm. Hesab edirəm ki, Qafqaz İslam Ordusunun Bakıya gəldiyi marşurt üzrə bütün rayonlarımızda bu gözəl təşəbbüs qiymətləndirilməlidir. Yerli icra orqanları da bu məsələdə aktivlik göstərib, təşəbbüs etsələr lazımı nəticəni də əldə edə bilərik. Ola bilsin ki, əvvəllər Qafqaz İslam Ordusu, Nuru Paşa ilə bağlı məlumatlar az olduğundan, bu olaylar haqqında insanlarda tam dolğun fikirlər formalaşmamışdı. Artıq zaman yetişib, indi hər bir azərbaycanlı Nuru Paşanın necə bir xilaskar olduğunu bilir və onun adının əbədiləşdirilməsini könüldən istəyir. Azərbaycan xalqının ürəyində Qafqaz İslam Or¬dusuna və onun komandanı general Nuru Paşaya böyük sevgi və rəğbət kök salıb. Nuru Paşa Türkiyə və Azərbaycan dövlətlərinin tarixi dostluq və qardaşlığının simvollarından birinə çevrilib. Buna görədir ki, 1918-ci ildə Bakını azad etmiş Qafqaz İslam Ordusunun komandanı general Nuru Paşanın adının əbədiləşdirilməsi təkcə bizim deyil, qardaş Türkiyə ictimayyətinin də arzusudur. Hesab edirəm ki, Azərbaycan xalqının bu böyük sərkərdəyə olan minnətdarlıq duyğusuna qarşılıq ola¬raq, Bakı şəhərinin görkəmli yerlərinin birində və onun döyüş yolu keçdiyi digər ərazilərdə Nuru Paşanın abidəsi ucaldılacaq, mərkəzi küçələrdən birinə onun adı veriləcək.