"Gələcəyin komandasını qurmaq üçün iki il idi ki, düşünürdük" - Qurban Qurbanov

"Gələcəyin komandasını qurmaq üçün iki il idi ki, düşünürdük" -  Qurban Qurbanov backend

"Futbolçularımı təbrik etmək istəyirəm. Mövsüm hələ bitməyib. Çox layiqli çempionluq əldə etdilər. Demək olar ki, mövsümə necə başladıqsa, bu günə kimi eyni tempdə gəldik. Bu il futbolçularımın böyüməsi, məsuliyyəti daha çox hiss etməsi baxımından əhəmiyyətli oldu".

Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 25-ci turunda "Sabah"la bu gün keçirilən oyundan (1:1) son mətbuat konfransında deyib.

O, komandasının çempionluğunu belə şərh edib: "Paltardəyişmə otağında ilk dəfə çempion olanları ayrıca təbrik etdim. İdmançının arzusu çempion olmaqdır. Həmin futbolçularımı ürəkdən təbrik etdim. Onların bizimlə birlikdə bu ada gəlib çatması məni çox sevindirdi. Möhtəşəm azarkeşlərimizi təbrik edirəm, o cümlədən də rəhbərliyi. Qarşıda hələ xeyli sayda oyunumuz var. Son 15 gündə ağır oyunlar oldu. Bəzi futbolçularımızın yorğunluğu hiss olundu. Rəqib də bizi bu gün yorulmağa məcbur etdi. Son günlər çox yaxşı performans göstərən “Sabah”a qarşı oynadıq. Onlar avrokuboklarda oynamaq istəyirlər. Hər bir halda qalib gəlməsək də, titulu əldə etdik. “Qarabağ” camiəsini təbrik edirəm". 

- “Qarabağ”ın Çempionlar Liqasında hədəfi nədən ibarət olacaq?

- Vaxt verin, tam fikirlərimi çatdıra bilməyəcəm. Çünki qarşıda oyunlar var. Hələ gələn ilin ümumi planını tutmamışam. Bütün fikrim çempionatdadır. Hər bir halda indi turnirə daha rahat hazırlaşa biləcəm. Bu gün sizə tam cavab verə bilməyəcəm. Amma istənilən turnirdə istəyirik ki, ən yaxşısını edək. Çalışacağıq ki, o turnirdə elə ilk oyundan ən yaxşı formamızı bərpa edək, elə başlayaq.

- Futbolçuları növbəti matçlara psixoloji cəhətdən hazırlamaq çətin olmayacaq ki?  

- Son vaxtlar futbolçularımla peşəkarlıqdan daha çox danışıram. Bu, bizim işimizdir. Əgər azarkeşlər bizi dəstəkləməyə gəlirsə, istəyirik qələbələr qazanaq, onlar oyundan həzz alsınlar. Ona görə biz məğlub ola bilərik, amma zəif oynaya bilmərik. Hansısa yorğunluq ola bilər. 

- Patrik Andradenin məsələsi nə yerdədir?

- Danışıqlar gedir. Xeyirlisi nədirsə, o olsun.

- Ötən il “Neftçi”yə son turdakı məğlubiyyətdən sonra mətbuat konfransında dediniz ki, “paltardəyişmə otağına girdim və futbolçulara dedim ki, məğlub olmağı bacarmaq lazımdır”. Bu, bir ildə nə dəyişdi?

- Böyük uğurlardan sonra hardasa arxayınlıq olur. Ötən il ən ağır mövsümlərdən idi. Dəyişikliklər çox oldu. Gələcəyin komandasını qurmaq üçün iki il idi ki, düşünürdük. Həmin xarakterdə olan futbolçular tapmaq lazım idi. Keçən ilki məğlubiyyət bizə həm də daha çox vaxt ayırmağı tələb etdi. Digər tərəfdən bizim gələcək işimizə faydası oldu. Cavabdeh mənəm, komandanı mən hazırlamalıyam, futbolçularda günah görmürdüm. Fiziki və psixoloji güc futbolçulara daha çox düşür. Hamısı məsuliyyətli uşaqlardır. “Sabah” az vaxtda böyük işlər görüb, dinamik komandadır. Məşqçilərin elmi daha da artır. Rəqibi analiz etmək üçün o qədər elementlər var ki, hətta çatdırmırsan onları analiz etməyə. Autsayder deyilən komanda yoxdur. Bir məğlubiyyətimiz elə “Səbail”dəndir. Böyük titulu əldən verdik. Hər bir halda üzülməmişdim. Gələn il də çempion olmasaq, üzülmərəm. Əgər məsuliyyətlə çalışıramsa, belədir. Bilsəm ki, futbolçularım məsuliyyətlə çalışır, ən yaxşısını etmək istəyirlər, olmasa da, üzülmərəm. 

- Kubokda “Zirə” ilə oynayacaqsız. Rəşad Sadıqova qarşı oyun necə olacaq?

- Rəşadla “dır-dır” oynayırıq, aqressiv alınır. Bu cür də hazırlaşacağıq. Mənim üçün maraqlı olacaq. Rəşad çox düşünən, ideyaları olan insandır. Həyatda və idmanda da belədir. Bəlkə bir komandaya analiz üçün bir gün vaxt ayırıramsa, Rəşadın komandasına üç gün vaxt ayırıram. Rəşada qarşı oynamaqdan zövq alıram. Həmin oyuna hələ vaxt var. Həvəslə hazırlaşıb, həvəslə oynayacağıq.

- Çempionluqda xüsusi kimlərin rolu var?

- Futbolçular nələr çəkib, hansı əziyyətdən çıxıblar… Bu gün kimisə ayırsam, mənə yaraşmaz. Futbolçularım sanki kasıb uşaqlar idi, böyümək, varlanmaq istədilər. Heç birini ayırmaq istəmirəm. Əsasən futbolçularıma görə çempion olmağımızı istəyirdim. Məsələn, Kadi Borges Portuqaliya birinci liqasında sonuncu pillədə gedən komandadan gəldi, böyük futbol gördü. Digər futbolçular millidə, avrokuboklarda oynadılar, nə əziyyət çəkdilər. Əsl kollektiv idik, bu istəyi qoruyub-saxlasaq, məğlubiyyətlərə o qədər də üzülmərəm. 

- Matçdan sonra Patriki qucaqladınız. Psixoloji gərginlik var idi onda?

- İlk çempionluğu idi, ona görə getdim təbrik etdim. Heç bir psixoloji gərginliyi də yoxdur. Meydanda xarakterli futbolçularımdan biridir. Qırmızı vərəqəyə görə özü də üzülmüşdü, narahat idi. (sportal.az)

Diaspora