Artıq Ukraynada humanitar fəlakət başlayıb. Söhbət ilk növbədə hazırda əlaqə kəsilmiş ərazilərdən (Ukraynanın qalan hissəsi ilə – red.) gedir. İnsanların suyu, yeməyi, işığı yoxdur. Onlar, mahiyyət etibarilə tibbi yardımdan məhrumdurlar, zirzəmilərdə yaşayırlar.
Bunu Oxu.az-a müsahibəsində Ukraynanın siyasət və dövlət xadimi, Ukraynanın əməkdar həkimi, tibb elmləri doktoru Olqa Boqomolets deyib:
- Bu insanları çıxarmaq cəhdləri heç də həmişə uğurlu olmur. Humanitar dəhlizlər atəşə tutulur, Rusiya tərəfi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Xəstəxanalarımız, teatrlarımız, sığınacaqlarımıza mütəmadi hücumlar olur, mülki əhaliyə zərbələr endirilir.
Xüsusilə qeyd etmək istəyirəm ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) öz funksiyalarını qətiyyən yerinə yetirmir. BQXK Maydan zamanında olduğu kimi indi öz uğursuzluğunu nümayiş etdirir. Bu, zəif təşkilatdır və rəhbər dəyişikliyinə ehtiyacı var.
- Dünyanın bir çox ölkələri, o cümlədən Azərbaycan Ukraynaya humanitar yüklər göndərir. İnsanların ən çox nəyə ehtiyacı var?
- Qərbi Ukraynadakı anbarlarda xeyli humanitar yardım toplanıb. Amma bunu insanlara çatdırmaq mümkün deyil. Ümumilikdə isə Ukraynanın hər cürə yardıma ehtiyacı var.
Silahlı qüvvələrimiz yaxşı təchiz olunub, lakin ərazi müdafiəsi nümayəndələrinin elementar ilkin tibbi yardım dəstləri, ağrıkəsicilər, təcili yardım vasitələri yoxdur, zirehli gödəkçələrdən isə ümumiyyətlə danışmıram. Bütün bunlar çox zəruridir.
- Bəs Ukrayna cəmiyyətinin əhval-ruhiyyəsi necədir?
- Sizə bir misal deyim. Bu gün iki əməkdaşımdan - ata və oğlundan mesaj aldım. Onlar məndən xahiş etdilər ki, Ukrayna silahlı qüvvələri sıralarına tezliklə qəbul olunsunlar. Onlar qeydiyyatdan keçdilər, amma uzun növbə yaranmışdı.
Beləliklə, Ukrayna döyüşməyə hazırdır, təslim olmaq, güzəştə getmək niyyətində deyil. Ölkəmiz fərqli olub - daha da birləşib. Ağrı, göz yaşları olsa belə, qələbəni qoparacağıq. Bizim vəzifəmiz isə (tibb işçiləri - red.) döyüşçülərimizin həyatını xilas etməkdir. Biz bunu maksimum keyfiyyətlə edirik və edəcəyik.
- Bu günlərdə Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç ukraynalıları məhbusları ələ salmaq və ya hərbçi uşaqlarından qisas almaq çağırışlarından çəkinməyə çağırıb, çünki belə hallar Ukraynanın imicinə ciddi zərbə vurur. Bu, Birinci könüllü səyyar hospitalın yaradıcılarından olan Qennadi Druzenkonun həkimlərə əsir götürülmüş rusiyalı əsgərləri axtalamaq barədə göstəriş verdiyini söyləməsindən sonra baş verib. Daha sonra o, dediyi sözlərə görə üzr istədi...
- Aleksey Aretoviçin bəyanatı mənim Ali Radanın deputatlarına, Milli Müdafiə və Təhlükəsizlik Şurasının üzvlərinə göndərdiyim bəyanatdan sonra oldu. Bu mətn bir çox həkim və ictimai xadim tərəfindən imzalanıb. Ukraynanın patriotu kimi tanıdığım Qennadi Druzenko niyə belə açıqlamalar verib? Şəxsən mən başa düşmürəm. Bəlkə də bu, dramatik hadisələrin - qollarında insanların ölməsi və bu halda heç nə edə bilməməsinin nəticəsidir.
Amma hərbi əsirlərlə rəftar haqqında Cenevrə Konvensiyasının pozulması Ukrayna üçün qəbuledilməz və qeyri-mümkündür. Ukrayna Silahlı Qüvvələri, hərbçi və mülki həkimlər hər kəsə yardım edir. Rusiyalı hərbi əsirlər isə, bunu xüsusən vurğulayım, əlahiddə dəyərə malikdirlər.
Ukrayna onların sağlamlığının qayğısına qalacaq, baxmayaraq ki, Rusiya bütün qaydaları pozur (müharibə aparır - red.). Birincisi, ümid edirik ki, onlar artıq silaha sarılmaq və Ukraynaya qarşı döyüşmək istəməzlər. İkincisi, hələ heç kim “mübadilə fondunu” ləğv etməyib. Deməli, bizim tərəfimizə əsir düşən bütün rusiyalı əsgərlər sağ-salamat lazımdır.