Maaşı 200 min dollardan başlayan azərbaycanlı: “Google”da fərqli iş görmürəm”

Maaşı 200 min dollardan başlayan azərbaycanlı:  “Google”da fərqli iş görmürəm” backend

28 yaşı olan Altun Şükürlü 10 ildən çoxdur ki, Amerika Birləşmiş Ştatlarında (ABŞ) yaşayır və hazırda dünyanın ən böyük axtarış sistemi olan “Google”da fəaliyyət göstərir. Reklam sahəsində ixtisaslaşmış transmilli şirkətdə əsas vəzifəsi proqram mühəndisi olan azərbaycanlının “Google”da 3 ildən çox təcrübəsi var. 

Oxu.Az-a müsahibəsində şirkətdə çalışmağa başlayana qədər aldığı təhsil, keçdiyi inkişaf yolundan danışan Altun “Google”da çalışmağa maraqlı olan gənclər üçün öz təəssüratlarını bölüşüb.

Müsahibəni təqdim edirik:

- Təhsiliniz haqda məlumat verin.

- Məktəbi Bakıda bitirmişəm, özəl liseydə. Daha sonra isə ABŞ-a köçdüm. İndianada Perdyu Universitetində kompüter elmləri və riyaziyyat üzrə dörd il bakalavr təhsili aldım, sonra iki il kompüter elmləri üzrə Virciniya Universitetində magistr oxudum.

- “Google”da çalışmağa başlamamışdan əvvəl hansı şirkətlərdə özünüzü sınamısınız?

- “Google”dan əvvəl çox da iş təcrübəm yox idi. Magistr təhsili aldığım zaman yay tətili ərzində üç ay “Cvent” aldı bir şirkətdə çalışdım. Təhsilimi bitirdikdən sonra Kaliforniyaya köçdüm. Orada “IXL Learning” şirkətində işləməyə başladım, iki il keçmədən “Google”a köçdüm.

- “Google”a qədər keçdiyiniz inkişaf yolundan danışa bilərsiniz?

- Əslində inkişafın çoxu lisey illərindən başlayır. Həmin illərdə mən riyaziyyat və digər fənlər üzrə olimpiadalara qoşulurdum. Olimpiadalara hazırlaşmaq dərslərdən daha çətin idi. Günümüzün çoxunda riyaziyyatla məşğul olurduq. Təbii ki, nəticəsi də olurdu. Respublika üzrə riyaziyyat üzrə olimpiadalarda 3 qızıl, beynəlxalq olimpiadalarda isə 2 gümüş, 1 bürünc medal qazandım. Liseyi bitirdikdən sonra xaricə köçməyə qərar verdim. ABŞ, Sinqapur, Türkiyə, Kanada və bu kimi digər ölkələrin universitetlərinə müraciət etdim. Nəticədə ABŞ-da qərar qıldıq. ABŞ-a gəldikdən sonra təhsil, hətta iş həyatı belə daha asan gəldi. ABŞ-da kompüter mühəndisliyi üzrə altı ilə təhsil aldım. Daha sonra Kaliforniyaya köçüb və “Google”da çalışmağa başladım.

- Bu zaman nə qədər iş təcrübəniz var idi?

- İki il.

- Müraciət etməyə necə qərar verdiniz?

- “Facebook, “Google” kimi innovativ şirkətlərdə çalışmağı çox istəyirdim. Kollec və magistr illərində baş vurmuşdum, lakin qəbul edilməmişdim. İki “IXL Learning”də işlədikdən sonra qərar verdim. Bu şirkətdə işlərimiz yaxşı getmirdi. Düşündüm ki, indi başqa şirkətə keçmək üçün yaxşı vaxtdır. Müsahibələrə hazırlaşdım və qəbul oldum.

- Hazırda burada hansı vəzifəni icra edirsiniz? Sizə olan münasibət necədir?

- “Google”da mobil reklamlar üzrə proqram mühəndisi (software engineer) olaraq çalışıram. Əslində çox da fərqli bir iş görmürəm. Hər hansı bir mühəndisin işini görürəm. Sadəcə “Google” şirkəti bir az fərqlidir, burada hər şey çox tez dəyişir, inkişaf edir. Mənə olan münasibət isə fərqli deyil. Burada işləyən xarici vətəndaş çoxdur. Ümumiyyətlə burada çox bacarıqlı, işində böyük nailiyyətlər əldə etmiş insanlar var. Buradakılardan fərqlənmirəm.

- “Google”da nə qədər azərbaycanlı çalışır?

- Burada mənim bildiyim qədəriylə 15-ə yaxın azərbaycanlı çalışır. Hamısı ilə tanış deyiləm. Amma bəziləri sən demə yaxın dost imiş.

- Nə vaxtsa orada çalışmaq fikriniz olub?

- Bu, heç vaxt imkansız fikir kimi gəlməyib mənə. ABŞ-a köçdükdən sonra bu kimi şirkətlərdə çox insanın işlədiyini görürdüm. Daha çox insan tanıdıqca isə burada çalışmaq fikri daha realistik gəldi mənə. Yəni, çətin deyil, bacara biləcəyiniz bir işdir.

- Şirkətdə mühəndis vəzifəsini icra edən əməkdaşlar nə qədər əməkhaqları əldə edirlər?

- Normalda burada maaşlar mühəndislər üçün 200 min dollardan başlayır, 400 min dollar və daha çox olur. Yüksək əməkhaqqı üçün səviyyəniz də yüksək olmalıdır. Mühəndislərin 8 səviyyəsi olur. Səviyyə III başlayır və XI qədər artır. III başlanğıc səviyyədir, XI isə CEO sayılır. Normalda insanlar III, IV, V, VI səviyyələrə çatırlar. VI çox çətin səviyyədir, VII isə artıq bir layihəni idarə edirsiniz. 

- “Google”da çalışmaq istəyənlərə tövsiyələriniz, haradan başlamalıdırlar?

- Vaxtlarını daha yaxşı dəyərləndirsinlər. İnsanın həyatında heç vaxt idarə edə bilməyəcəyi şey vaxtdır. Müəllimlər, universitetlər, qazandığınız pulun həcmi və s. dəyişə bilər. Daha çox pul qazana, daha yaxşı müəllimlərdən dərs ala, nüfuzlu universitetlərdə təhsilinizi artıra bilərsiniz. Zamanın isə həyatımızdakı yeri sabitdir. Onu yaxşı dəyərləndirmək lazımdır. Çünki, illər keçir. Ötən vaxt isə geri qayıtmır. İlkin 20-30 yaşlar inkişaf üçün çox vacibdir. Bundan sonra isə inkişaf etmək çətinləşir. Ailə həyatı başlayır, yaşlandıqca daha fərqli məsuliyyətlər yaranır. Ona görə də, iş həyatında qabağa getmək üçün məktəb, lisey, kollec və daha sonrakı dövrü yaxşı dəyərləndirmək lazımdır.

Diaspora