"Zəngəzur dəhlizi bütün Zəngəzur bölgəsini əhatə etməlidir" - Prezident

"Zəngəzur dəhlizi bütün Zəngəzur bölgəsini əhatə etməlidir" -  Prezident backend

"Bildiyiniz kimi, Ermənistan tərəfi bu Zəngəzur dəhlizi ifadəsinə çox böyük qısqanclıqla yanaşır. Bilmirəm, nəyə görə? Amma deyə bilərəm ki, bu terminin - təvazökarlıqdan uzaq olsa da, - müəllifi mənəm. Nə üçün mən bunu məhz Zəngəzur adlandırdım? Ona görə ki, birincisi, bu, Zəngəzurdur, bunun tarixi adıdır. Azərbaycan toponimidir, necə ki, Zəngilan, Zəngəzur, Zəngi çayı, - hansı ki, ermənilər indi Razdan adlandırırlar, - Azərbaycan toponimidir. İkincisi, biz bu dəhlizə, sadəcə olaraq, dəmir yolu kimi baxmırıq. Çünki bu dəhlizdən həm dəmir yolu keçəcək, həm avtomobil yolu keçəcək".

Qaziler.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

"Bizim planımızda var, gələcəkdə oradan Naxçıvana elektrik xətləri çəkilsin. Çünki bizim elektrik enerjisi ilə bağlı çox böyük ixrac planlarımız var. Mən qeyd etdim ki, sabah 240 meqavatlıq külək elektrik stansiyasının təməli qoyulacaq. Cəbrayıl rayonunda 240 meqavatlıq yeni günəş stansiyasının tikintisi ilə bağlı xarici investorlar artıq bizə rəsmən müraciət edib. Xudafərin, Qız qalasında biz 140 meqavat elektrik enerjisi əldə edə bilərik. Kəlbəcər və Laçında isə 10 min meqavata yaxın potensial var, külək və enerji gücləri almaq imkanımız var. Ona görə biz elektrik xətləri də nəzərdə tuturuq. Ondan sonra ola bilsin ki, qaz xətləri də oradan keçsin. Bir xətt Qafandan, bir xətt Mehridən keçə bilər. Bir xətt Qarakilsədən keçə bilər, onlar Sisyan adlandırırlar. Ona görə Zəngəzur dəhlizi bütün Zəngəzur bölgəsini əhatə etməlidir. Ermənistan tərəfi, bildiyiniz kimi, ilkin mərhələdə həm bu söz ifadəsinə etiraz edirdi, həm də ki, bütövlükdə buna etiraz edirdi. Hətta bu gün də belə Ermənistan siyasi məkanında bu dəhlizin Ermənistan üçün əlverişsiz olması ilə bağlı fikirlər var.

Biz isə ardıcıl olaraq bu məsələnin həlli ilə bağlı çalışmışıq. Bildiyiniz kimi, Rusiya, Azərbaycan, Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrup fəaliyyət göstərir. Onun başlıca vəzifəsi budur. Bu işçi qrup Ermənistan ərazisində olub və avtomobil yolunun mümkün olan marşrutlarını da incələyib. Çünki Ermənistan tərəfi ilkin mərhələdə qeyd edirdi ki, orada avtomobil yolu çəkmək mümkün deyil. Halbuki biz bilirik ki, bu, mümkündür və sovet vaxtında belə bir layihə var idi. Sovet vaxtında Ermənistan bu layihəyə etiraz edirdi və qeyd edirdi ki, bu, mümkünsüzdür. O vaxt Heydər Əliyev Moskvada Siyasi Büronun üzvü idi və sovet hökumətinin Nazirlər Soveti sədrinin birinci müavini idi. Məhz onun göstərişi və təkidi ilə Ermənistanın ovaxtkı rəhbərliyi – birinci katib və hökumətin rəhbəri məcbur olub bu layihəyə icazə verdilər. Necə icazə verdilər? O vaxt Dövlət Plan Komitəsi və digər aidiyyəti qurumlar yerində tanış oldular və bunu artıq plana salmışdılar. Avtomobil yolunun tikintisi də artıq başlanmışdı. Baxın, ermənilər hələ o vaxt istəmirdilər ki, Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında avtomobil bağlantısı olsun. Hələ o vaxt buna müxtəlif bəhanələrlə etiraz edirdilər. Yəni, bu imkanlar var. Bu gün bu işçi qrup da bunu təsbit edib. Ermənistan isə ilkin mərhələdə dəmir yoluna elə bil ki, razılığını verdi. Ondan sonra avtomobil yolunun çəkilişinə razılığını verdi. Artıq bu, təsdiqləndi. Hazırda avtomobil yolunun marşrutu məsələsi müzakirə olunur, haradan keçəcək. Bizim əsas şərtimiz ondan ibarətdir ki, ən qısa marşrut olmalıdır və ilin bütün fəsillərində bu marşrutdan istifadə etmək mümkün olsun. Çünki orada həm hava şəraiti bəzi yerlərdə əlverişsizdir, həm relyef. Bax belə. Bu dəhlizlə bağlı məsələ bu yerdədir.

Onu da bildirməliyəm ki, bizim səylərimiz nəticəsində artıq bu termin beynəlxalq leksikona da daxil edilib. Hətta qeyd etdiyiniz kimi, xarici jurnalistlər mənə sual verdikdə də Zəngəzur dəhlizi deyirlər. Bunu hər dəfə eşitdikcə, necə deyərlər, mənə çox xoş olur. Hər dəfə təxmin edirəm ki, Ermənistan tərəfi yəqin, yenə də başını divara vurur. Ona görə ki, bu, artıq beynəlxalq leksikona daxil edildi və əlbəttə, həyata keçiriləcək.

Bildiyiniz kimi, 3+3 formatı çərçivəsində də, - baxmayaraq, birinci görüş tanışlıq xarakteri daşıyırdı, - mən əminəm ki, ikinci görüşdə daha predmetli müzakirələr aparılacaq, ilk növbədə, kommunikasiyaların açılması ilə bağlı. Burada hər bir ölkənin fayda götürməsi göz önündədir. Sadəcə olaraq, Ermənistan öz antiazərbaycan, islamofob, antitürk xislətlərindən əl çəkməlidir. Ermənistan da təbii olaraq bundan fayda götürə bilər", - Prezident qeyd edib.

Diaspora