“2022-ci ildə devalvasiya gözləmirəm”
Milli Məclisin deputatı Vahid Əhmədov başa çatmaqda olan 2021-ci il ilin yekunları və qarşıdakı vəzifələrlə bağlı “Yeni Müsavat”ın suallarını cavablandırıb.
- Vahid bəy, başa çatmaqda olan 2021-ci illə bağlı fikirləriniz necədir? Bu ili Azərbaycan dövləti və xalqı üçün uğurlu hesab edirsinizmi?
- Hesab edirəm ki, 2021-ci il müstəqil Azərbaycanın tarixində bəlkə də ən uğurlu illərdən biridir. Amma 2020-ci il 2021-dən də uğurlu oldu. Biz 200 ildən artıq dövrdə torpaqlarımızı itirə-itirə gəldiyimiz halda, möhtəşəm qələbələr qazandıq. 30 il idi ki, düşmənlərimiz torpaqlarımızı işğal altında saxlayırdılar və yurd-yuvamıza gedib-gələ bilmirdik. Nəhayət, 2020-ci ildə torpaqlar işğaldan azad olundu. Müəyyən məsələlər var, onlar da öz həllini tapacaq və Azərbaycan ərazi bütövlüyünü tam bərpa edəcək, buna heç kimin şübhəsi olmasın. 9 ay ərzində Füzulidə hava limanı tikildi, Şuşaya Zəfər yolu çəkildi. Kənd təsərrüfatı, sənaye, tikinti sahəsində çox böyük işlər görüldü və bu işlər davam etdirilir. Zəngəzur dəhlizinin açılması məsələsi faktiki olaraq öz həllini tapıb. Bunu Paşinyan da qeyd etdi. Ümumiyyətlə, son dövrlər Paşinyanın çıxışlarında Azərbaycanla bağlı müsbət məqamlar kifayət qədərdir. Artıq o, başa düşdü ki, Azərbaycansız bölgədə yaşamaq qeyri-mümkündür. Ona görə də çalışır ki, Azərbaycan və Türkiyə ilə müəyyən qədər iqtisadi-siyasi əlaqələr qursun, bu da bizim üçün əhəmiyyətlidir. Bundan əlavə, Qarabağa “Böyük qayıdış” üçün ciddi hazırlıqlar həyata keçirilir, yaşayış evləri sürətlə tikilir. Yəqin ki, gələn ilin əvvəllərində 1400-1800 nəfər öz yurduna - Zəngilana qayıdacaq. Qeyd etmək istərdim ki, Zəngəzur dəhlizinin reallaşması çox mühüm layihədir. Bu, həm logistika üçün çox önəmlidir. Eyni zamanda dəhlizin reallaşmasında maraqlı olan dövlətlər çoxdur, o cümlədən Türkiyə, Azərbaycan, Rusiya, İran, Çin, həmçinin Orta Asiya dövlətləri... Mən Çinin səfirinə qulaq asdım, qeyd etdi ki, bu yol bizim üçün çox böyük əhəmiyyət kəsb edir, istənilən şəkildə biz buna maliyyə yardımı etməyə hazırıq, təki tez icra olunsun. Azərbaycan Zəngəzur dəhlizini açmaqla faktiki olaraq bölgədə çox böyük bir logistik mərkəzə çevriləcək. Həm Bakı-Qars dəmir yolunun, həm də perspektivdə Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycanın gələcək inkişafından xəbər verir və bu layihələr ölkəmizə kifayət qədər dividentlər gətirəcək. 2021-ci ildə Prezidentin siyasi arenada apardığı siyasətin müsbət nəticələrinin ortaya çıxmasını da xüsusi qeyd etmək lazımdır. Fikir verin, 44 günlük müharibə başa çatdı, Azərbaycan öz ərazilərinin əsas hissəsini işğaldan azad etdi, heç bir dövlət bizi qınamadı. Hansı ki, Azərbaycanın əleyhinə olan dövlətlər var ki, müstəqilliyimizi qəbul edə bilmirdilər, amma onlar müharibədən sonra işğaldan azad olunan ərazilərlə əlaqədar bir kəlmə də bizə qarşı söz demədilər.
- Qələbəmizi həzm etdirdik...
- Bəli, həzm etdirdik. Bunun da əsas səbəblərindən biri Prezidentin media ilə yüksək səviyyədə təması oldu. Həm beynəlxalq media, həm Azərbaycan mediası ilə təmasları hər birimizi məmnun etdi. Azərbaycan əhalisinə də bütün məlumatları dövlət başçısı verirdi, yaxşını da deyirdi, pisi də. Prezidentimiz xalqla bir yerdə oldu. Xalq bir nəfər kimi Prezidenti dəstəklədi, bu, böyük hadisə idi. Burada heç bir siyasi təşkilat, heç bir müxalif qüvvə kənarda qalmadı.
- Yeri gəlmişkən, bu il həm də sizin illərdir reallaşmasına çalışdığınız Quba-Qonaqkənd yolunun açılışı ilə yaddaqalan oldu...
- Əlbəttə, bu, şəxsən mənim üçün çox önəmli layihə, Prezidentin səfəri çox əhəmiyyətli səfəri idi. 2012-ci ildə biz Qubada səfərdə olanda mən cənab Prezidentdən bu yolla bağlı xahiş etmişdim. Sonra da bir neçə dəfə yolun çəkilməsi ilə bağlı müraciət etmişdim. Demişdim ki, bura rayon olub, sonra Qubaya birləşdirilib və Quba-Qonaqkənd yolunun böyük əhəmiyyəti var. Cənab Prezident demişdi ki, narahat olma, biz bu yolu çəkəcəyik və səninlə bir yerdə Qonaqkəndə gedəcəyik. Bu il dediyi kimi oldu, Qonaqkəndə səfər etdik, cənab Prezident əhali ilə çox yaxşı görüş keçirdi.
- Necə deyərlər, Prezident doğma kəndinizdə sizin qonağınız oldu...
- Bəli, qonağım oldu. Çox vaxt soruşurlar ki, orada Prezidentlə başqa nə söhbət elədiniz? Deyirəm, Prezident mənim qonağım idi, orada başqa nə söhbət ola bilərdi? Başqa söhbət üçün o qədər başqa yerlər var ki... Çox səmimi görüş oldu. 11 nəfər ağsaqqal yığışmışdı, Prezident dedi maskaları çıxarın, çox yaxşı söhbətlər oldu və Qonaqkənddən çox razı qayıtdı. Həm də Qonaqkənd çox xoşuna gəldi. Dedi turizm üçün çox əhəmiyyətli bir zonadır və buranı inkişaf etdirmək lazımdır. Mən dedim artıq adamlar köçüb gedirlər, evlər tikirlər, dədə-baba yurdlarına qayıdış var. Qısa müddətdə artıq 11 kənd sakini Sumqayıtdan, Bakıdan, Dəvəçidən, Qubadan Qonaqkəndə qayıdıblar, evlər tikirlər. Yəni Qonaqkəndə yol çəkilməsi mənim üçün ən əhəmiyyətli hadisələrdən biri idi. Ora mənim kəndimdir, böyüklərim hamısı orada dəfn olunub.
“Sülhməramlılarla bağlı narahatlığım həmişə var” |
- Vahid müəllim, bir az əvvəl Prezident-xalq birliyindən bəhs etdiniz. Amma postmüharibə dövründə müşahidə olunan bir neqativ var: sanki dövlətlə xalqın arasına girmək istəyən, suları bulandırmağa çalışan qüvvələr ara-sıra fəallaşırlar. Diqqət edirsinizmi? Sizcə, bu cəsarəti sərgiləyənlərlə bağlı perspektivdə nələr olacaq?
- Bəli, o indi də var. Bu gün elə qüvvələr var ki, Azərbaycanın müstəqil dövlət kimi fəaliyyət göstərməyini istəmirlər. Cənab Prezident açıq siyasət aparır. Fikir verirsinizsə, rüşvət və korrupsiyaya qarşı müharibə elan edib, iri ranqlı kadrları vəzifədən azad edir, gənc kadrları təyin edir. Bəzi insanlar yeniliyi qəbul etmək istəmirlər, amma hesablaşmağa məcburdurlar, başqa yolları yoxdur. Ölkədə islahatlar gedir, proses bu şəkildə davam edəcək. Yeni nəsil yetişib və gənc kadrlar gəlib dövlət idarəçiliyində öz yerlərini tutmalıdırlar, bu, xüsusi əhəmiyyət kəsb edir.
- Bu gün cəmiyyətdə Qarabağ bölgəsindəki Rusiya sülhməramlıları ilə bağlı bir narahatlıq var. Müstəqilliyimizin memarlarından biri kimi, bu vəziyyət sizi də narahat edirmi?
- Rusiya sülhməramlılarının Qarabağda oturması, əlbəttə, hamımızı narahat edir. Sizə açığını deyim, mənim bununla bağlı narahatlığım həmişə var, narahatlığımı gizlətmirəm də. Çünki Rusiya harada varsa, orada müəyyən problem həmişə olub. Biz bunu Gürcüstan, Moldova, Ukraynada gördük. İndi də Qarabağdadır. Amma yəqin ki, siyasi vəziyyət bunu tələb edib ki, cənab Prezident buna razılıq verib. Bizim bilmədiyimiz şeylər kifayət qədərdir. Məncə, sülhməramlılar uzun müddət orada qala bilməz, yavaş-yavaş çıxıb gedəcəklər. Kimsə fikirləşirsə ki, orada rus hərbi bazası olacaq, daha onda nə müstəqillik oldu? 1993-cü ildə Azərbaycandan rus ordusunun çıxarılması ilə əlaqədar olaraq millətimiz çox böyük əziyyətlər çəkib. Yaxud cənab İlham Əliyev Qəbələ RLS-lə bağlı kifayət qədər əziyyət çəkdi və oradakı məsələlər həllini tapdı. Ona görə də mən inanmıram ki, ölkəmizdə yenə də hansısa dövlətin hərbi bazası olsun.
- Siz hər zaman Türkiyə ilə müttəfiqlik şəraitində addımlar atmağımızın tərəfdarlarından olmusunuz. Hazırkı şəraitdə bu qardaşlıq əlaqələri barədə nə düşünürsünüz və perspektiv üçün nələr gözləyirsiniz?
- Türkiyə dövləti bizim qardaş dövlətimizdir, 44 günlük müharibədə hər an yanımızda oldu, bu gün də bizimlə birgədir. Türkiyə Silahlı Qüvvələri ilə hər hansı müqavilələr imzalanırsa, birgə hərbi təlimlər keçirilirsə, hərbi-texniki əməkdaşlıq davam etdirilirsə, bu, o demək deyil ki, Türkiyənin Silahlı Qüvvələri burada yüz faiz lazımdır. Yəni əməkdaşlıq olmalıdır, burada heç bir problem yoxdur. Türkiyə dövlət başçısının ən müsbət cəhəti ondan ibarətdir ki, o, siyasətdə bütün dövlətlərə açıqdır, onun gizli siyasəti yoxdur. Hətta 44 günlük müharibədə Azərbaycanı təhdid edən dövlətlərlə bağlı da elə siyasət yürütdü ki, ciddi problem yaranmasın. Yəni o bilir ki, Azərbaycanı istəməyən qüvvələr daxildə də var, xaricdə də. Onlar istəyəcəklər ki, istənilən vaxt müəyyən iğtişaşlar yaratsınlar. Amma Azərbaycan kifayət qədər inkişaf edib, millət əvvəlki millət deyil. Gənclərimiz artıq kifayət qədər dəyişiblər. Fikir verdiniz, onlar 44 günlük müharibədə torpaqlarımızın azadlığı, Azərbaycanın müstəqilliyi uğrunda ölümə getdilər. 3 minədək şəhid verdik, minlərlə qazimiz oldu. Mən arxayınam ki, müstəqilliyimiz əbədi və daimidir, burada heç bir problem yoxdur.
- Təcrübəli ictimai-siyasi xadim olaraq müstəqilliyimizin əbədi olmasından, daha da möhkəmləndirilməsindən ötrü nələri təklif edərdiniz? 2022-ci illə bağlı gözləntiləriniz necədir?
- Əlbəttə, ölkəmizdə müəyyən problemlər qalmaqda davam edir, xüsusilə də sosial sahə bizi narahat edir. Müəyyən qədər qiymət artımları var. Düzdür, cənab Prezident fərmanlar imzaladı, müəyyən qədər bunun qarşısı alınır. Amma dünyada ərzaq qıtlığı, ərzaq çatışmazlığı narahatlığı, həmçinin inflyasiya problemi var. Azərbaycan da bir sıra məhsulları idxal edir. Bu sahədə müəyyən işlər görülür.
- Siz iqtisadçı deputatlar, həmçinin müstəqil iqtisadçılar problemləri önləmək, yaxud aradan qaldırmaq üçün hökumətə 2022-ci il üçün təkliflər paketi təqdim etmək niyyətində deyilsiniz ki?
- Sizə açığını deyim, mən özüm hökumətin iqtisadi bloku ilə mütəmadi görüşürəm, həmişə əlaqələrim var. Maliyyə blokudur, iqtisadi blokdur, bank sektorudur və sairlə əlaqə üçün heç bir problem yoxdur. Müəyyən məsələləri müzakirə edirik, bəzi məsələlər də qəbul olunur. Məsələn, inflyasiya, yaxud qiymət artımı ilə əlaqədar İqtisadiyyat Nazirliyi müəyyən şərhlər verdi, mən o şərhlərlə razılaşıram. Çünki inflyasiyanın müəyyən hissəsi Azərbaycana xaricdən idxal olunur. Biz xaricdən mal idxal edirik, onun da üstündə Azərbaycana qiymət artımı gəlir. Amma daxildəki problemləri də həll etməliyik. Yəni subyektiv qiymət artımına imkan verməməliyik ki, inflyasiya ikirəqəmli olsun. Bu sahədə də işlər gedir və problem yoxdur. Hökumətin özünün bununla əlaqədar kifayət qədər planları var və biz də o planların yerinə yetirilməsinə köməklik etməyə çalışırıq. Mən 2022-ci ildə də devalvasiya gözləmirəm. Azərbaycanın kifayət qədər imkanı var ki, gələn il devalvasiyaya getməsin. Hesab edirəm ki, idarə olunan məzənnə sistemini 2022-də də qoruyub-saxlamaq lazımdır. Çünki Qarabağda çox böyük quruculuq işləri gedir. Qarabağda işləyən xarici şirkətlər istəməzlər ki, Azərbaycanda devalvasiya oldun. Bu mənada 2022-ci ildə devalvasiya gözləmirəm. 2022-ci ildə bizim üçün əsas məsələ Qarabağda quruculuq işlərini daha da sürətləndirmək, daha yüksək nəticəyə nail olmaqdır. Biz çalışmalıyıq ki, tezliklə əhalinin 50-60 faizinin Qarabağa köçürülməsinə nail olaq, bu, bizim üçün çox önəmlidir. Fikir verdiniz, cənab Prezident hətta ad günündə Hadrutda, Şuşada oldu. Hadrutda gözəl bir “Komando” hərbi birləşməsi yaradıldı. Oradakı zabit və əsgərlərimizi hamımız gördük, qürurlandıq. Belə bir hərbi birləşmənin yetişməsi silahlı qüvvələrimizə böyük diqqətin nəticəsidir. Bu sahədə çox ciddi işlər gedir və inşallah, hər hansı problemimiz olmayacaq. Yalnız müəyyən sosial məsələlər var ki, onları həll etməliyik.
- Ənənəvi sual: Rəqabət Məcəlləsinin “bəxt”i açılacaqmı?
- Mən hökumətin hesabat iclasında da məsələyə toxundum. Cənab Baş nazirdən xahiş etdim ki, sizə müraciət edirəm ki, nəhayət, Rəqabət Məcəlləsi qəbul olunsun! O da mənə söz verib ki, Məcəllə Milli Məclisə göndəriləcək. Yəqin ki, yaz sesssiyasında bu Məcəlləyə baxacağıq. Arzu edirəm ki, Məcəllə qəbul olunsun.
- Vahid müəllim, ilayrıcına saatlar qaldı. Media Qrupumuza, oxucularımıza, xalqımıza ünvanlı sözünüz, arzu-istəyiniz varsa, buyurun...
- Mən “Yeni Müsavat” rəhbərliyini, şəxsən səni, bütün Media Qrupunu – orda mənim dostlarım çoxdur – hər birinizi təbrik edirəm. “Yeni Müsavat” Azərbaycanın müstəqilliyinin qorunub-saxlanmasında böyük rolu olub. Sizin qəzet müstəqilliyimizin ilk illərində önəmli və xüsusi yeri olan, öndə gedən bir qəzet, bir kollektiv olub. Bu gün də mən demirəm ki, tam, müəyyən qədər öz mövqeyini qoruyub-saxlayan kifayət qədər təcrübəli insanlar var. Mən sizin hər birinizi yeni il münasibətilə təbrik edir, işlərinizdə uğurlar arzulayıram. Arzu edək ki, qəbul olunacaq “Media haqqında” qanun Azərbaycanda azad, demokratik medianın inkişafına öz müsbət təsirini göstərəcək. Gözləntim var ki, üçüncü oxunuşda müəyyən dəyişikliklər olsun, çünki bununla bağlı ciddi müzakirələr gedir. Mən medianın sərbəst, azad, demokratik olmasını istəyirəm. Çünki bu, cəmiyyətin inkişafı üçün çox vacibdir. Sizin qəzet vasitəsilə millətimi təbrik edirəm. Dünya azərbaycanlılarını təbrik edirəm. 44 günlük müharibədə hamı bir nəfər kimi, dövlət başçısının yanında oldular. Gələnilki quruculuq işlərində də, digər məsələlərdə də biz yumruq kimi birləşib, qarşımızdakı məsələri həll etməliyik. Hamımızı təbrik edirəm!
“Yeni Müsavat”