Bir çox astroloqlar hələ 2019-cu ildə planetlərin düzülüşünün bəşəriyyət üçün sınaq dövrü gətirdiyini proqnozlaşdırmışdı.
Astroloq və alimlər 2020-21-ci ilin son 100 ildə bəşəriyyət üçün güclü dönüş nöqtəsi olduğunu bildirirdi. Hazırda dünyada psixoemosional durum elə vəziyyətdədir ki, insanlar bütün baş verənlərin yuxu olmasını arzulayır. Bəs 2022-ci ildə nələr olacaq? Yenə də pandemiya ilə mübarizə aparacağıq? Azərbaycanı nələr gözləyir?
Bütün bu sualların cavabını tanınmış astroloq, 19 ildir bu sahədə çalışan Gülarə Səmədovadan almışıq.
O uşaqların ruhları bütün millətin karmasını təmizləmək üçün bilə- bilə ölümü seçmişdi
- Gülarə xanım, hər bir astroloq kimi siz il bitmədən yeni ilin astroloji xəritəsini, proqnozlar hazırlayırsız. Eləcə də dünyanın məşhur astroloqlarını izləyirsiz. Amma qayıdaq ötən ilə. 2020-cu ildə dünyanı böyük bəla gözlədiyini proqnozlaşdıra bildinizmi?
- 2020-ci ilin xəritəsinə baxdıqda, vəziyyəti analiz edəndə həm qorxulu, həm də maraqlı idi. Təkcə mən yox, bütün dünya, Rusiya astroloqları proqnoz vermişdilər. Mən seminarlarımda demişdim ki, 2020-ci il yanvarın 10-dan Yer üzünü ciddi fəlakət gözləyir. Çünki məhz bu gün Tam Ay tutulması baş verəcək. Paralel olaraq, həmin gün 2 böyük planet Pluton və Saturnun birləşməsi baş verdi. Bu 200 ildə bir dəfə olur. Saturn karma, məhdudlaşdırma, qadağa, Pluton isə təbii fəlakətlər planetidir. Bu iki planet Oğlaq bürcündə kəsişdi. Bu o deməkdir ki, çox böyük, qlobal nəsə baş verəcəkdi.
Bəşəriyyətin təmizlənməsinə başlanılacaq. Adətən təmizlənmə ya təbii fəlakət- sel, zəlzələ, vulkan və s. vasitəsilə olur, ya da xəstəliklər, epidemiya. Mən də epidemiya demişdim. O vaxt pandemiya sözü dəbdə deyildi. Üstəlik, hər 100 illik tsikldə dünyada bir epidemiya baş verir. Üçüncü məqam – Apollon tsikli idi. Bu Günəş dövrü 11 il sürür. Hər 4 ildən bir Yüksəliş, pik və eniş dövrü olur. Bu tsiklin eniş dövrü də 2020-ci ilə düşdü. Beləliklə, hər şey qanunauyğun baş verdi, hər şey üst-üstə düşdü. Bu təsadüfi deyildi, bütün bunlar insanlığın təmizlənməsi üçün baş verməli idi. Hamı gözləyirdi ki, kimsə sehrli çubuqla onların işini həll edəcək. Əslində isə biz əvvəlki illəri kainatdan kredit götürüb yaşayırdıq. Kredit götürdüyümüz bank da bankrot oldu. İndi hər şeyi silib süpürüb, yenidən başlamalıyıq.
- Deməli, hər şey bütöv Ay tutulmasından başladı. Yəni Ayın yerə təsiri bu qədər böyükdür?
- Ay tutulması zamanı Yerdə psixi, mənəvi, psixoloji aspektlər güclənir. Neqativ, qeyri-düzgün emosiyaların partlayışı baş verir. İnsanlıq ya sevgi, sülh, ya da qorxu ilə idarə olunur. Əgər qorxu çoxdursa, ölümlər də çox olur. 2020-ci ildə qorxu pik həddə idi. Bu da dağıdıcı enerjidir. Bütün astrologiya 3 reankarnasiya üzərindədir: keçmiş, indi, gələcək. Əgər bir insan dərs çıxarıb, keçmişin səhvlərini düzəltmirsə, dəyişmirsə, 42 yaşdan sonra onu sındırıb, düzəltməyə çalışırlar. Uğursuzluq, xəstəlik və s. ilə sınağa çəkilir. Sağlamlıq problemləri ən sonuncu verilir.
Dünya sağlamlığı ilə ona görə dərs aldı ki, o dəyişmək istəmirdi, əksinə, daha da qəddarlaşırdı. Biz əslində Plutona, Saturna çox sağ ol deməliyik ki, heç olmasa insanları ayıltdı. Bəlkə də oyanış və təmizlənmək üçün bu seçilmiş ən asan, yumşaq yoldur. Karmik təmizlənmə gedir.
Kimlərsə meydandan gedir, çünki yorulub, kimlərsə dəyişə bilməyəcəyi üçün, kimlərsə bu il ona görə getdi ki, sanki nəslin, şəcərənin ağırlığını, karmik yükünü üzərinə götürdü, özünü qurban verdi. Bunlar könüllü seçim idi.
- Axı kifayət qədər cavan insanlar itirdik, uşaqlar ata-anasız qaldı. Korona olmasaydı, onlar bəlkə də 20-30 il yaşayacaqdı.
- Bəli. Bu, ruhların seçimidir. Bu insanlar ölümü ilə bu fəlakətdə təmizləyici rol oynadılar. 2020-ci ildə biz nə qədər şəhid verdik. İl boyu şəhidlərə ağladıq. Amma mən belə izah edirəm, o uşaqların ruhları bütün millətin karmasını təmizləmək üçün bilə- bilə ölümü seçmişdi. Onlar bunun üçün Yer üzünə gəlmişdi. Baxın, ən gözəl, yaraşıqlı oğlanlar, hamısı say-seçmə. Onların ölümü ilə bir xalq olaraq keçmişin karmasından, damğasından, ləkəsindən təmizləndik, sanki yenidən doğulduq. 30 ilin neqativindən təmizləndik. İstənilən yenilənmə üçün itkilər olur. 2020-ci ilin astroloji aspekti ayrıca olacaq Azərbaycan xalqını karmik olaraq təmizlədi.
Elə hesab edin ki, biz indi ayrı aləmdə, ayrı planetdə yaşayırıq.
- Deməli, biz böyük bir mübarizə dövründəyik? Sanki özümüzlə müharibədə...
- Bəli. Hazırda Sutökən (Dolça) erasıdır. Dolça inqilabi yeniliklər, azadlıqlar, reformalar, dəyişikliklər, metamorfozi, proqres imkanları verir. Amma insanlar arzulayır ki, hər şey tez bitsin, 2018-ci ildən əvvəlki həyata qayıtsınlar. Çox insan deyir, nə vaxt əvvəlki kimi olacaq? Deyirəm: Heç vaxt. Bilirsiz, dünya, qalaktika, qaydalar fizika, kvant səviyyəsində dəyişib. Biz isə ilişib qalmışıq bir dar keçiddə. Biz anlamırdıq ki, kvant sıçrayışı bizi keçmişə yox, güclə də olsa gələcəyə itələyəcək. Elə hesab edin ki, biz indi ayrı aləmdə, ayrı planetdə yaşayırıq. Nə olsun ki, Yer planeti fiziki olaraq yox olmayıb.
1988-ci ildən elmi olaraq sübut olunub ki, Yerin oxu hansı ki, bu oxu ətrafında hərlənir müəyyən bucaq altında dəyişib. Bu zaman tektonik göstəricilər, qütblər, maqnit sahələri, iqlim dəyişir. Yer dəyişdikcə, planetlərin də ona istiqaməti dəyişir. Bunlar sözlə ifadə edilməyəcək nəhəng dəyişikliklərdir. Hələ hamısı deyil. Ona görə insan psixikası dözmür, hamı deyir nə oldu axı dünyaya? Belə vəziyyətdə astroloqlar belə nə deyəcəyini bilmir, o ki ola, insanlar.
Dünya primitiv səviyyədən ali səviyyəyə keçir. İnsanları da sanki kobud da çıxsa deyim, təpiklə vurub o axına salmaq istəyirlər.
Pandemiyada insanların psixikası dəyişdi, çox adam özünü, ərini, uşağını, ən yaxınını tanıya bilmirdi. Eləsi var ailəsi ona ağır gəldi, qaçmaq istəyirdi, qaçanlar da var. Ərimlə alınmır, arvadımı istəmirəm, uşaqlar bezdirib. İnsan heç özü özündən baş aça bilmir. Əgər sən bu adamlarla yola gedə bilmirsənsə, bacarmırsansa, o zaman niyə ərə getmisən, niyə evlənmisən? Uşaqları kimin üçün dünyaya gətirmisiz? Onun bunun üçün? Ona görə də nəticəsi budur. Bir çox işgüzar adamlar evdə qaldıqda başa düşdü ki, əvvəlki işini istəmir. Çox qadınlar biş-düşə başladı, evdə çörək bişirdilər. Evdə çörək bişməsi güclü enerji, bərəkət mənbəyidir. Neçə illərdir evlərdə çörək bişmir? Çoxu anladı ki, işi, ailəsi, həyatı onu sıxır, nəyinə lazımdır bunlar? Bundan sonra sənə həqiqətən nə lazımdırsa, onu etməlisən.
- Bu mübarizədən, dəyişimdən kimlər keçə biləcək? Nə etməliyik ki, keçid daha rahat olsun?
- Hər bir bürcün ən aşağı və yüksək səviyyəsi var. Əgər bu gün insan daha çox mənfi, aşağı səviyyəsindədirsə, oyundan çıxaracaqlar. Onlar üçün sağlamlıq, uğursuzluq problemləri olacaq. Əgər yüksək səviyyədədirsə, o insanı bütün İlahi qüvvələr dəstəkləyəcək. Yeni doğulmuşlar, xüsusən 2012-ci ildən sonra doğulanlar 3-cü planet səviyyəsindədirlər. Onlar bizdən qat-qat üstündürlər. Bizim nəslin 42 yaşında əldə etdiyi düşüncə, fikirlərə onlar indi sahibdir. Yəni bu günün 10-15 yaşında uşağı indiki nəslin 40-42 yaşında insanına bərabərdir. Onlar sürətlə irəli keçir, biz isə köhnə düşüncələrlə onları geri çəkirik, qəbul etmirik.
Ona görə valideyn gələndə ki, uşağımın gələcək seçimi barədə proqnoz ver, mən bunu etmirəm. Çünki bu dövrün uşaqlarının dəyişən dünya ilə nələr edəcəklərini öncədən demək mümkün deyil. Valideynlər öz uşaqlarına, 2010-cu ildən sonra doğulanlara qarşı daha çox sevgi, dəstək göstərib, onlara mane olmamalıdır. Əks- təqdirdə uşaqlar soyuqlaşıb, uzaqlaşıb, ümumiyyətlə, keçmiş nəsildən imtina edəcək.
Axına qoşulmaq və geri qalmamaq üçün, ürəyinizdə, kürəyinizdə olan bütün yükləri buraxmalısız. Nə etməlisiz? Bağışlayıb buraxacaqsız. Bunun üçün xüsusi metodlar var. Din də ola bilər. Kollektiv dua etmələr olmalıdır. İstənilən ruhi mənəvi metodları seçə bilərsiz. Mən həmişə deyirəm ki, bir var inam, bir var iman. Əgər Allaha iman varsa, nə olsa qəbul etməlidir. Qəbullanan insan həyəcanlı, təşvişli olmur. Baxın insanlar nevrozdur, əsəbədir, qorxudan ölür. Niyə? Çünki sakitliyi Allahdan yox, özlərindən gözləyir. Özlərini Allah yerinə qoyub. İnanırlar, hansısa dindədirlər, amma ürəklərində iman yoxdur. Yüksək səviyyəyə çıxmaq üçün onunla danışmalısan, ona arxayın olmalısan.
- Bəs pandemiya bu il də davam edəcəkmi? Yeni xəstəliklər gözlənilirmi?
- Pandemiya əvvəlki kimi olmasa da, davam edəcək. Dalğalar olacaq. Amma bütövlükdə bu il yola saldığımız ildən çox fərqlənəcək. Daha əvvəlki masştabda xəstəliklər, ölümlər olmayacaq. İndi hamı fikrini ona cəmləyib ki, necə edək koviddən sağalaq, kovidə yoluxmayaq? Nəyə görə heç kim düşünmür, necə edək ki, insanın immunitetini, sağlamlığını artıraq? Heç həkimlər də bunu demir. İnsanlara deməliyik ki, daha çox təmiz havada gəz, idman et, düzgün qidalan, şənlən, müsbət fikirlərə köklən. İmmuniteti sağlam, ayıq tutmağın yolu insana rahatlıq vermək, təmiz havada olmasını təmin etmək, dincəlməsidir. Bütün günü qapalı, maskalı, qorxu altında saxlamaqla insanın təbii müdafiıə mexanizmini qaldırmaq olmaz.
Pandemyada insan sağlam qalmaq üçün daim dua vəziyyətində olmalıdır. Gecə gündüz İlahi qüvvələr, Tanrı. Qoruyucu mələkləri ilə danışmalıdır ki, onu qorusunlar. Kovid deyildiyi qədər dəhşətli deyil. Hər il xərçəngdən Azərbaycanda nə qədər insan ölür. Qat-qat koviddən çox. Statistika var, baxın.
Bu 4 bürcdən bərk-bərk yapışın...
- Hansı bürcdən doğulanlar üçün il daha şanslı, hansılar üçün gözlənilməz olacaq?
- 2022-ci ildə Əqrəb və Buğa bürcündə Ay tutulmalar olacaq. Ona görə Ay tutulmasına düşən bürclərdə doğulanlar üçün həmin ərəfədə çətinlik ola bilər. Bunlar Əqrəb, Buğa, Şir, Oxatandır. Bu bürclər həm də çox güclüdür, onlar mübarizə aparacaq. İl Balıqlar üçün çox uğurlu olacaq. Xərçəng, Oğlaq, Qız bürcləri də şanslı bürclədir. Amma Qızlar üçün ilin ikinci yarısı çox imkanlar olacaq. Qoç və Dolçalar üçün də pis keçməyəcək. Bu 4 bürc üçün il tramplin olacaq.
Digər bürclər əgər ətraflarında bu 4 bürcdən insan varsa, onlardan möhkəm yapışsın, onların fikrindən yararlansın.
- Azərbaycan hansı bürcə düşür və bu xalqın taleyinə necə təsir edir? Bu il Azərbaycanı nələr gözləyəcək?
- Azərbaycanın böyük hissəsi Əqrəb bürcü altındadır. Bir ölkə olaraq müəyyən çətinliklərimiz ola bilər. Amma astrologiyada ölkə üçün proqnozlarda dövlət başçısının da zodiakı əsas götürülür. Bizim rəhbər hansı bürcdəndir: prezident Oğlaq, vitse-prezident Qız bürcü. Deməli, bizim üçün qorxulu heç nə yoxdur. Ölkə başçısı üçün il uğurludur, o bütünlükdə uğurlu seçimlər edəcək. Dolça erasında dövlətlər, xalqlar dostluq, sülh altında yaşamalıdır. Dünyadakı mövcud konflikli qaynar nöqtələr, separasiyalar həll olunmalıdır və olunur. Ona görə bizdə müharibə qaçılmaz idi. Biz ayrı səviyyəyə qədəm qoymalıyıq. Amma hələ ki, bu bizdə alınmır. Çünki hərə yorğanı öz üzərinə çəkir. Əslində, Azərbaycan xalqı dünyada ən sülhsevər millətdir. Bu bizim millətin vergisidir, nemətdir. Eləcə də Azərbaycan müqəddəs torpaqdır. Bizim qoruyucu mələklərimiz də çoxdur. Ümumiyyətlə, Əqrəb enerjisi 4 fazadadır. Azərbaycanın 4 seçim imkanı var.
1- Əqrəb - kərtənkələ. Çox aqressivdir, bir söz desən hücum edib sancacaq. Zəhərlidir. Qisascıldır.
2- Əqrəbin özü. Super eqosu var. Özünü günahkar bilir. Hər şeyi öz üzərinə götürür, hətta özü-özünü məhv edər.
3- Əqrəb- Qartal. Bilirsiz ki, Azərbaycan ərazisi qartal formasındadır. Bizim ali fazamız odur. Biz yüksəlməliyik, xırda, mənasız şeylərə əhəmiyyət verməməliyik, qadanlarımızı geniş açıb yüksəkdə uçmalıyıq. Qartal nəhəng potensial, gücdür. Kərtənkələdən qartala gedən yol bütünlükdə Azərbaycandır. Ona çatmağımıza hələ var.
4- Ən ali dərəcə Əqrəb - göyərçin. Bu, artıq müqəddəslikdir, ilahilikdir. Allaha inanan insanlar bu torpaqda çoxalmalıdır. Bizim torpaqlarda həmişə dua edən insanlar olub. Güclü dinlər burda yaranıb. Nə qədər bizim ərazidə İlahiyə bağlı, təmiz, dua edən qəlblər olacaq, bir o qədər Azərbaycan güclənəcək.
Azərbaycan xalqı elə yol tutmalıdır ki, kərtənkələdən qartala qalxsın. Bu 2 il bizə bu dərsi öyrətdi. Nə qədər tez nəticələr çıxarıb, qorxu əsarətindən çıxsaq, bir o qədər tez xilas olacağıq.
- Yeni il günü ilin simvoluna uyğun geyinmək, davranmaq, hansısa simvollara əməl etmək lazımdırmı?
- İlk olaraq onu deyim ki, təqvimlə 31 dekabrın Yeni ilə aidiyyəti yoxdur. O sonradan xristianların dini tarixdən əlavəsidir. Əsl real yeni il dekabrın 21-i Qış günəş bərabərliyi günündən başlayır. Məhz bu günü Yeni il kimi qeyd etmək, qarşılamaq, arzular, niyyətlər tutmaq, planlar qurmaq günüdür. Çin qoroskopuna görə isə 2022-ci il fevralın 1-i daxil olur. Zərdüşt astrologiyasına görə, bir yeni il də Novruzdadır. 2022-ci il su pələngidir, rəngi mavidir. Ona görə tünd mavi, göy, gümüşü rənglər seçməliyik. Masada daha çox ət yeməkləri olmalıdır.
Bir xəbərdarlığım var ki, 20 dekabrdan2022-ci ilin 31 yanvarına qədər iri investisiyalar, xərclər, ev alqısı, satışı, yeni biznesə yatırım və rəsmi nikaha daxil olmaq, nişan, ailə qurmaq üçün uyğun deyil. Çünki Venera retroqradı dövrüdür. Bu bir ayı gözləmə mövqeyi alın. Bütün yeni planlar, layihələr üçün fevralı gözləyin. Kənd təsərrüfatı, mədəniyyət, incəsənət üçün uğurlu il olacaq. Bütün maliyyə fırıldaqları, piramidalar, müxtəlif oyunlar, naməlum layihələr dağılacaq. İqtisadi problemlər, bahalaşma baxımdan may ayında krizis ayı ola bilər. Amma bahalaşma qlobal problemdir, tək -tək ölkələrdən asılı deyil.
Ehtiyat etdiyimiz ay martdır. Ola bilər süni və ya təbii olaraq nələrsə baş versin. Martı yola verə bilsək, may ayından yüksəliş olacaq. İl stabilləşəcək.
2022- ədalət ilidir. Düz yolda olanların işi yaxşı olacaq. İnsanlar bacardıqca, özünü bir kuzə kimi pozitiv fikirlərlə doldurmalıdır. Kovid, pandemiya, ölüm barədə düşünməyi yığışdırın. Heç statistika ilə də maraqlanmayın. Bu sizə aid deyil. Televizora baxmayın. Ancaq konsert, mədəniyyət, komediya, musiqi izləyin. Biz cəhənnəmi 2020-ci ildə yaşadıq, bitdi. 2023-cü ildən Günəş tsikli dəyişəcək, enerji yüksələcək, bəşəriyyət özünə gələcək.
Medicina.az