Prezidentdən Beynəlxalq Məhkəmənin qərarına münasibət

Prezidentdən Beynəlxalq Məhkəmənin qərarına münasibət backend

"İlk növbədə, mən demək istərdim ki, beynəlxalq məhkəmə, həmçinin bizim Ermənistana qarşı işimizlə bağlı ilkin rəyini açıqlayıb. Mən deyərdim ki, indiyədək bu qurumun qəbul etdiyi qərar balanslaşdırılmışdır. Əgər siz Ermənistana verilən tövsiyəni oxusanız, yəqin ki, daha dəqiq və daha israrlı ifadələr görəcəksiniz. Bizə gəlincə, Azərbaycanda dövlət siyasətimiz münasibətlərin normallaşdırılması məqsədi daşıyır. Ona görə də, bu, bizim mövqeyimizdir və mən bunu açıq şəkildə bəyan edirəm".

Qaziler.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 14-də Brüsseldə İspaniyanın “El Pais" qəzetinə müsahibəsində deyib.

"İctimai rəyə gəlincə, başa düşmək lazımdır ki, demək olar, 30 il ərzində Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan mədəni irsinə qarşı soyqırımı törədib. Bizim şəhər və kəndlərimiz yerlə-yeksan edilib. Avropa və dünyanın digər yerlərindən olan jurnalistlər də daxil olmaqla, minlərlə ziyarətçi onların bizim tarixi abidələrimizə, şəhər və kəndlərimizə etdiklərini öz gözləri ilə görüblər. Ağdam mövcud deyil, Füzuli mövcud deyil, tamamilə yerlə-yeksan edilib və bunlar - bütün binaların qəsdən dağıdılması və dini abidələrimizin məhvi Birinci Qarabağ müharibəsi zamanı deyil, işğal dövründə törədilib. 67 məsciddən 65-i tamamilə dağıdılıb. Yerdə qalan 2 məsciddə onlar azərbaycanlıların heysiyyətini təhqir etmək üçün donuz və inək saxlayıblar. Ona görə də, təbiidir ki, Azərbaycanda çox sayda insan, xüsusilə əzizlərini itirən, ərazilərini itirən insanların Ermənistana qarşı mənfi hissləri var. Bu, təbiidir. Mən “xeyr, müharibə başa çatıb, indi gəlin dost olaq” desəydim, bu, səhv olardı. Bu, vaxt aparacaq. Lakin məsələ dövlət siyasətindədir. Mən artıq dəfələrlə demişəm ki, tariximizdəki bütün bu faciəvi hadisələrə, dağıntılara, Xocalıdakı soyqırımına baxmayaraq, biz səhifəni çevirməliyik. Əgər gələcəyə baxmaq, sabit vəziyyət yaratmaq, yeni müharibə riskini tamamilə minimuma endirmək istəyiriksə, səhifəni çevirməliyik. Bizim siyasətimiz budur. Saxlanılan şəxslərə gəlincə, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycan Ermənistandan qabaq bütün hərbi əsirləri azad etdi.

Beynəlxalq müşahidəçilər bunu sübut edə bilərlər. Hazırda saxlanılan şəxslər hərbi əsir hesab edilə bilməzlər, çünki onların əksəriyyəti noyabrın sonunda, müharibə başa çatandan demək olar ki, 20 gün sonra işğaldan azad edilmiş ərazilərə terror aktları törətmək üçün göndəriliblər. Onlar bu terror aktlarını törədiblər, nəticədə bir neçə hərbçi və mülki şəxs həlak olub və onlar saxlanılaraq məsuliyyətə cəlb ediliblər. Onların bəziləri humanitar məqsədlərlə azad ediliblər. İndiyədək biz 100-dən çox saxlanılan şəxsi azad etmişik. Cinayət törədənlər isə mühakimə olunublar. Beləliklə, bu insanlar heç bir beynəlxalq konvensiya ilə hərbi əsir hesab edilə bilməzlər. Digər məsələ ondan ibarətdir ki, saxlanılan şəxslərin bəziləri, biz onları geri qaytarandan sonra, – onlardan 10-unu 10 gün əvvəl qaytarmışıq, – Ermənistanda həbs olunub. Bu, bizə, bu insanlara, onların qohumlarına çox ciddi bir siqnaldır. Biz onları Ermənistana qaytarmışıq, onlar isə həbs ediblər. Ola bilsin ki, onlar bu şəxslərə işgəncə verəcəklər. Onların çox sərt təcrübəsi var, çünki bizim əsirlərin Ermənistan həbsxanasındakı dəhşətli vaxtlar barədə danışdıqları onu göstərir ki, bu insanlar çox ağır işgəncələrə məruz qalacaqlar. Ona görə də, əgər biz daha çox adam qaytarsaq, onlar həbs olunacaqlar. Bu, real faktdır və bunu təsdiq etmək olar", - Prezident bildirib.

Diaspora