"Bu ilin may ayında qar əriməyə başladı və Azərbaycan Ordusu..." - İlham Əliyev

"Bu ilin may ayında qar əriməyə başladı və Azərbaycan Ordusu..." -  İlham Əliyev backend

"Müharibə bitəndən bəri 1 ildən çox müddət keçib və ümumiyyətlə, vəziyyət nisbətən sabitdir".

Qaziler.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 14-də Brüsseldə İspaniyanın “El Pais" qəzetinə müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidən danışırıqsa, vəziyyət Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha çox sabitdir: "Bunun səbəbi isə əfsuslar olsun ki, Ermənistanın qisas almaq cəhdlərindən vaz keçməməsidir. İkinci Qarabağ müharibəsində məğlubiyyət onlar üçün çox ağrılı oldu. Bu məğlubiyyət demək olar ki, onların otuz ildir davam edən “yenilməz ordusu”, “gücü”, “əsgər və komandirlərinin cəsarəti” haqqında müharibə təbliğatını və ideoloji zəminini darmadağın etdi. 44 gün davam edən müharibə zamanı Ermənistan ordusu tamamilə məhv edildi və onlar ötən il noyabrın 10-da kapitulyasiya aktına imza atmaq məcburiyyətində qalaraq bizim 44 günlük müharibədə geri almadığımız əraziləri geri qaytarmağa razılıq bildirdilər. Buna görə də Ermənistan cəmiyyətində, siyasi spektrində revanşizm əlamətləri görünür. Buna görə də Rusiya sülhməramlılarının xidmət etdiyi ərazidə buna imkanın olmadığını dərk edərək onlar dövlət sərhədində hərbi təxribatlar törətməyə cəhd göstərirlər".

"Digər məsələ isə ondan ibarətdir ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədi təyin olunmayıb. Buna səbəb 1990-cı illərin əvvəlində hər iki ölkənin müstəqilliyinin bərpasından dərhal sonra Azərbaycanın həmin hissəsinin işğalının baş verməsi idi. Buna görə həm fiziki, həm də siyasi olaraq sərhədləri demarkasiya və delimitasiya etmək mümkün deyildi. Beləliklə, keçən ilin noyabrında İkinci Qarabağ müharibəsi bitəndə həmin ərazidə iqlim şəraiti digər ərazilərdən fərqli idi. Uca dağlar və qarla dolu bir ərazi idi. Bu ilin may ayında qar əriməyə başladı. Bu baş verən kimi Azərbaycan Ordusu dövlət sərhədinə tərəf hərəkət etməyə başladı və bu sərhədin haradan keçməsi ilə bağlı olan anlayışımıza əsasən, dövlət sərhədində mövqe tutdu. Yəni, hadisə belə olub. Əfsuslar olsun ki, Ermənistan Azərbaycanın hər hansı bir səbəb olmadan Ermənistanın ərazisinə müdaxilə etməsi ilə bağlı iddialar irəli sürməyə başladı. Beləliklə, biz öz ərazimiz hesab etdiyimiz ərazidə dururuq", - dövlət başçısı qeyd edib.

İlham Əliyev vurğulayıb ki, Qarabağ müharibəsinin bitməsindən sonra lap ilk günlərdən Ermənistana sərhədlərin demarkasiyası üzərində işləməyə başlamağı və delimitasiya üzrə birgə işçi qrupunu yaratmağı və ərazidə bütün mübahisələri masa üzərində aydınlaşdırmağı təklif etdik: "Müharibə bitəndən sonra bir ildən çox müddətdə Ermənistan tərəfindən dövlət sərhədində hərbi təxribatlar törətmək üçün bir neçə cəhd edilib. Onların hamısı uğursuz oldu. Bütün bu səylər nəticəsində onlar öz hərbi mövqelərini itirdi və Azərbaycan dövlət sərhədində mövqelərini gücləndirdi. Eyni hal keçən ay baş verdi. O zaman onlar bilərəkdən Azərbaycan Ordusuna qarşı qəsdən təxribat törətdilər və bu, bir neçə gün davam etdi. İlk günlər ərzində atəş açılmırdı, çünki Azərbaycan əsgərləri həmin ərazinin onlara aid olmadığını və getməli olduqlarını onlara başa saldı və onlar da getdilər. Lakin bizə qarşı artilleriya hücumlarına başladılar. Bizdə bir neçə nəfər həlak oldu və yaralandı. İndi vəziyyət sabitdir. Biz özümüz heç nə planlaşdırmamışdıq, əks halda biz dayanmazdıq. Noyabrın 16-da baş vermiş toqquşma bir gündən az davam etdi. Səhər başladı və axşam saat 6-7 radələrində bitdi. Beləliklə, biz bunu planlaşdırsaydıq dayanmazdıq, çünki Ermənistanın istənilən yerdə bizi dayandırmaq üçün hərbi bacarığı yoxdur. Bizim belə planlarımız yoxdur və buna görə də biz dayandıq. Biz sülh istəyirik, yetərincə müharibə oldu. Biz sabitlik, proqnozlaşdırma və Ermənistan tərəfindən istənilən revanşizm cəhdləri riskinin sıfır səviyyədə olmasını istəyirik. Buna görə biz onların bütün manevrlərini, yenidən qruplaşmalarını və bizə təhlükəli ola biləcək hərbi potensial yaratmaq üçün bütün cəhdlərini çox yaxından izləyəcəyik. Bunun baş verdiyini görsək, təhlükəni dərhal aradan qaldıracağıq və onlar bunu bilirlər. Beynəlxalq oyunçular də bunu bilirlər. Müsbət dinamika görsək, biz, əlbəttə ki, bundan yararlanacağıq və sülhün gücləndirilməsinə öz töhfəmizi verəcəyik".

Diaspora