"Vətən müharibəsi zamanı bizim əsas işimiz düşmənin əsas qüvvələrini öz üzərimizə cəmləşdirərək digər qoşunlarımızın uğurlu əməliyyatlar aparmasına şərait yaratmaq idi. Bundan başqa, düşmən qüvvələrini aldatmaq və qoşunlarımızın digər istiqamətlərdə hücuma keçməsini yüngülləşdirmək tapşırığı almışdıq".
Bunu "Report"un Ağdama ezam olunan əməkdaşına açıqlamasında Azərbaycan Ordusunun mayoru Ramin Nəzərov deyib.
Onun sözlərinə görə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və sərkərdəlik qabiliyyəti nəticəsində ötən ilin bu günü Azərbaycan Ordusu Ağdam şəhərinə daxil oldu: "Bundan sonra isə Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində şəxsi heyətimiz üçün yeni modul tipli yataqxanalar tikildi. Bununla da şəxsi heyətimizin mənəvi-psixoloji vəziyyəti və məişət şəraiti yaxşılaşdırıldı. Mən bir daha xalqımızı, dövlətimizi inandırmaq istəyirəm ki, bizim torpaqlara bundan sonra yadelli qüvvələrin ayağı dəyməyəcək. Biz buna imkan verməyəcəyik. Biz bilirdik ki, düşmənə qalib gələcəyik, onları məhv edəcəyik və torpaqlarımızdan uzaqlaşdıracağıq. Bunun üçün də əvvəlcədən şəxsi heyətimizə dövlətə, millətə sevgi, düşmənə isə nifrət hissi oyadılmışdı".
R.Nəzərov bildirib ki, düşmən Ağdamda yeni tikililər inşa etməyib: "Ancaq mühəndis-istehkam qurğularından, minalardan, oyuq və səngərlərdən geniş istifadə ediblər. Biz Ağdama gələn zaman bunun şahidi olduq".
Azərbaycan Ordusunun zabiti Ağdama daxil olan zaman gözlərinin yaşardığını vurğulayıb: "Uçurulan, dağıdılan evlərə baxdım. Daha sonra məscidimizi ziyarət etdim. Düşmənlər məscidimizi pis günə salmışdılar, orada mal-qara saxlamışdılar. Düzdür, buna pis olsam da, işğaldan azad edilən torpaqlara ayağımızı basdığımıza görə sevinirdim. Hazırda burada xidmətimiz düzgün qaydada təşkil edilir. İşğaldan azad edilən ərazilərdə xidmət etməyimizlə qürur duyuruq".
Azərbaycan Ordusunun Ağdam rayonunun "N" saylı hərbi hissəsində xidmət edən digər bir hərbi qulluqçusu, baş leytenant Elçin Musayev qeyd edib ki, Ağdamın işğaldan azad edilməsi xalqımız, dövlətimiz üçün tarixi hadisədir: "Bizim bölmələrin əsas tapşırığı düşmən qüvvələrini Ağdam istiqamətində cəmləşdirmək, qoşunlarımızın digər istiqamətlərdə uğurlu əməliyyat aparmasına şərait yaratmaq idi. Ağdam rayonu Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində hərbi əməliyyatlar keçirilmədən siyasi yolla düşməndən azad edilib. Hazırda Ağdamın işğaldan azad edilən ərazilərində bölmələrimiz yerləşdirilib. Burada xidmət edən şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir. Azərbaycan Ordusunun zabiti kimi işğaldan azad edilən Ağdamda xidmət etməyimlə qürur duyur, fəxr edirəm".
Baş çavuş Yasin Alıyev isə vurğulayıb ki, düşmən əvvəldən Azərbaycan Ordusunun Ağdam istiqamətindən hücuma keçəcəyini zənn edirdi: "Bunun üçün ermənilər xüsusi artilleriya, hava hücumundan müdafiə və motoatıcı qüvvələrini bu istiqamətə yönəltmişdi”.
O bildirib ki, Vətən müharibəsi zamanı cəbhənin üç istiqamətində aparılan döyüş əməliyyatlarında iştirak edib: “Mənim üçün ən uğurlu və yaddaqalan isə Ağdam istiqamətində gedən döyüşlərdir. Bizim üzərimizə düşən vacib və dəqiq vəzifə ondan ibarət idi ki, düşmənin birinci müdafiə xəttini sıradan çıxaraq və onların əlavə mövqelərindəki qüvvələrini bura cəlb edək. Ordumuzun şücaəti və qəhrəmanlığı sayəsində düşmən qarşımızda tab gətirə bilmədi. Biz burada müdafiəni güclü şəkildə quraraq ermənilərin üç fərqli vaxtda hücumunun qarşısını aldıq. Bu zaman Azərbaycan Silahlı Qüvvələri cəbhənin digər istiqamətlərindən hücuma keçərək torpaqlarımızı işğaldan azad etməyə müvəffəq oldu".
Baş çavuş döyüşlərdə göstərdiyi xidmətinin dövlət tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib: "Mən cənab Prezident tərəfindən "Ağdamın azad olunmasına görə", “Döyüşdə fərqlənməyə görə” və “İgidliyə görə” medalları ilə təltif olunmuşam. 44 günlük Vətən müharibəsində iştirak etdiyim üçün qürur hissi duyuram".
Qeyd edək ki, bu gün Ağdamın Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən bir il ötür. Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci il noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarılıb. Həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və Ağdamda bayrağımız ucaldılıb.