Son günlər İranla Azərbaycan arasında yaşanan gərginlik səngimək bilmir. Din xadiminin verdiyi açıqlamadan sonra iki qonşu ölkə arasında yaşanan bu gərginlik artıq fərqli məcraya yönəlib. İran Azərbaycanla sərhəddə hərbi təlimlər keçirir, rəsmi şəxslərdən təhdid dolu bəyanatlar verilir.
Mövzu ilə bağlı Redaktor.az-ın suallarını təhlükəsizlik eksperti Seymur Şeydayev cavablandırıb. O bildirib ki, İranın Qarabağla bağlı narahatlığı anlaşılandır.
- İranla Azərbaycan arasında yaşanan gərginliyin səbəbi nədir? İranın Azərbaycana aqresiyyası nədən qaynaqlanır?
- İran qədim dövlətçilik ənənələri olan bir dövlətdir. İranda dövlət başçıları və starteji araşdırmaçılar bilir ki, Qarabağ məsələsi həll olunduqdan sonra qarşıda duran əsas hədəf Bütöv Azərbaycan məsələsi olacaq. Dünyanın siyasi xəritəsində iki yerə bölünmüş bir çox dövlətlər olub. Artıq onların demək olar ki, hamısı birləşib, ikisindən başqa. Koreya və Azərbaycan. Qarabağ məələsinin həll olmasına da İran məhz buna görə mane olub. İranın böyük qorxusu Şimali və Cənubi Azərbaycanın birləşməsdir. Çünki İranın bir tərəfində 85 milyonluq böyük və güclü Türkiyə Cümhuriyyəti, digər tərəfində isə Türkiyə ilə qardaş olan 10 milyonluq Azərbaycan dövləti yerləşir. Bir məsələni də unutmayaq ki, İranda 40 milyona yaxın Azərbaycan türkü yaşayır. İran da hər iki tərəfədən güclü türk dövləti ilə əhatələnmək istəmir. Bu mənada İranın narahatlığlını anlaşılandır.
- Din xadiminin açıqlamasından sonra vəziyyət daha da gərginləşdi. Azərbaycanda din xadimləri isə məsələyə münasibət bildirməkdən çəkinir. Bunun səbəbləri nədir?
- Azərbaycandan fərqli olaraq İran dini dövlətdir və dövlət idarəçiliyində din əsas götürülür. Orada hər bir din xadimi dövlətin mövqeyindən kənar çıxış edə bilməz.
Azərbaycan isə dünyəvi dövlətdir. Burada din xadimləri müstəqil şəkildə fikir bildirirlər. Əgər din xadimlərimiz bu mövzuda fikir bildirmək istəmirlərsə, bunun səbəbi Qafqaz Müsəlmanları İdarəsindən soruşulmalıdır. Düşünürəm ki, media nümayəndələri də bu məsələdə aktiv iştirak etməlidir.
- İran Qarabağda İsrail hərbçilərinin olması ilə bağlı iddialar səsləndirir...
- İran həmişə İsrailin Azərbaycana dəstək göstəməsini əsas gətirir. Lakin bu barədə əllərində heç bir dəlil-sübut yoxdur. Əgər belə bir fakt olsaydı onlar çoxdan ortaya qoyardılar. Qarabağda hazırda Rusiya sülhməramlıları və Türkiyənin monitorinq mərkəzi var. İranın xarici işlər naziri deyib ki, Azərbaycana gələndə səs yazıları gətirəcəm. Bu məsələyə mən inanmıram. Əgər əlində elə bir səs yazısı olsaydı onu Azərbaycana gətirməzdi, birbaşa beynəlxalq qurumlara müraciət edərdi. Məncə İran sərhəddə keçirdiyi hərbi təlimlərinə haqq qazandırmaq üçün bir bəhanə olaraq bunu uydurub.
- Xameneyinin Azərbaycanla bağlı verdiyi açıqlamaları necə dəyərləndirirsiniz?
- İranın ali dini lideri Xameneyinin dediklərində həqiqət payı var. Çünki Azərbaycana quyu qazan İran dünya siyasətində təklənmiş vəziyyətdə qaldı. ABŞ, Rusiya, hətta Ermənistan da İrandan üz döndərir. Xameneyi düz deyir ki, öz qardaşlarına quyu qazanlar öncə özləri quyuya düşər, necə ki, bu dəqiqə İran özü bu vəziyyətddir.
- İranın azad edilmiş ərazilərdə narkotik ticarətini itirməsi bu gərginliyə əsas səbəb ola bilərmi?
- Dünyada ən çox gəlir gətirən sahələrdən biri də narkotik ticarətidir. İşğal olunmuş ərazilər 30 il ərzində nəzarətsiz zonaya çevrilmişdi. Həmin əraizlərdə narkotik vasitələrin əkib-becərilməsi və xaricə çıxarılması İrana külli miqdarda gəlir gətirirdi. İndi isə İran bu gəlirdən məhrum olub. Gərginliyin əsas səbəblərindən biri də məhz budur. Bu məsələ ilə bağlı Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev də öz müsahibəsində bildirib.
- Necə düşünürsünüz, iki ölkə arasında gərginlik yaxın zamanda aradan qalxa bilərmi?
- Əminəm ki, iki ölkə arasındakı gərginlik tezliklə öz həllini tapacaq. İnanmıram ki, İran Azərbaycanla müharibə etmək fikrinə düşsün. Hər halda İranın siyasi və dini liderləri orada 40 milyona yaxın Azərbaycan türkünün İranda yaşaması kimi vacib faktoru nəzərə alarlar. İkincisi isə müharibə olarsa, başda ABŞ olmaqla əksər dövlətlər Azərbaycana dəstək göstərəcək. Çünki Azərbaycan ərazi iddiasında deyil və heç kimin torpağına girmir. Üçüncüsü isə dünya dövlətləri tərəfindən İrana olan təzyiq və sanskiyalar daha da artırıla bilər. Bu mənada İran müharibəyə başlaya bilməz və görünən gərginlik sülh yolu ilə həll ediləcək.