Qəhrəman döyüşçü: “Mühasirəyə düşəndə ermənilər Azərbaycan dilində danışırdılar” - MÜSAHİBƏ - FOTO

Qəhrəman döyüşçü: “Mühasirəyə düşəndə ermənilər Azərbaycan dilində danışırdılar” -  MÜSAHİBƏ - FOTO backend

Vətən müharibəsi iştirakçılarından olan Əsədov Tərlan İntiqam oğlu 1998-ci ildə Cəlilabad rayonunun Göytəpə kəndində anadan olub. Həqiqi hərbi xidmətini Goranboyda N saylı hərbi hissədə çəkib.

Tərlan müharibə başlamazdan öncə könüllü olaraq hərbi xidmətə getmək üçün müraciət etdiyini deyir. Ötən il sentyabr ayında isə təlimlərə çağırılan Tərlan deyir ki, cəmi bir həftə sonra müharibə başladı və onlar ön sıralara göndərildilər.

Oxu.Az-ın əməkdaşı 30 illik torpaq həsrətinə son qoyan döyüşlərlə bağlı Vətən müharibəsi iştirakçısı Tərlan Əsədovla həmsöhbət olub.

Qəhrəmanımız deyir ki, xidmət etdiyi hərbi hissədə silahlanaraq Füzuli istiqamətində yola düşüblər:

“Biz döyüşə gedəndə Füzuli istiqamətində yaşayan əhali bütün əsgərləri ruhlandırırdı. 24 saat yol getdik və bizim üçün təyin edilən mövqeyə çatdıq. Həmin ərazidə bir gecə müşahidə apardıq, silahları doldurub müharibəyə tam hazır vəziyyətdə gözlədik. Birinci taborumuz artıq döyüşə başlamışdı, biz isə arxada, səngərdə idik. Hər birimiz torpaqlarımızı azad etmək üçün səbirsizlənirdik. Nəhayət dörd gün sonra bizə hücum əmri verildi. Qarşıya qoyulan üç döyüş tapşırığını uğurla başa vurduq. Füzuli istiqamətində Dördtəpə və digər üç yüksəkliyi düşmənlərdən azad etdik”.

Üç qrupa ayrıldıqlarını deyən T.Əsədov vaxtın, xüsusilə də bir dəqiqənin belə nə dərəcədə önəmli olduğunu döyüşdə anladığını deyir:

“Biz dayanmadan irəliləyirdik. Hətta qarşıda atışma olmadan belə, bizi görən ermənilər silahlarını da atıb qaçırdılar. Həmin istiqamətdə bir müddət atışma getdi, normal olaraq güllələr bitdi. Artıq silahların ucuna süngü bıçaqları taxaraq irəliləyirdik. İrəlilədikcə qarşımıza ermənilərin atıb getdiyi silah və güllələr çıxırdı. Onları da ehtiyat üçün götürürdük. İki uğurlu döyüş əməliyyatından sonra bizim tabor komandirimiz snayperlə başından vuruldu. Bizi gecələmək üçün dərəyə göndərdilər və əvəzləyici tabor komandiri göndərdilər”.

Səhəri isti, gecəsi şaxtalı keçən müharibə günlərini T.Əsədov qürurla xatırlayır. O deyir ki, gecə əsgərlər hamısı bir-birinə sığınırdı, səhər isə yenidən hücuma davam edirdik.

Qəhrəmanımız deyir ki, üç uğurlu döyüş tapşırığından sonra onlar mühasirəyə düşüblər:

“Səhər saat 7-8 radələrində 11 tank bizi mühasirəyə aldı. Birinci biz elə bildik öz tanklarımızdır. Düşmən tanklarını qənimət kimi götürüb, özümüz də istifadə edirdik deyə, fərqinə varmadıq ki, bu, bizimkilər deyil. Tanklara daha yaxın olan yoldaşlarımız onlara azərbaycanlısız deyə sual verdiklərində bizim bayrağımızı çıxartdılar. Bizim dilimizdə də danışdıqları üçün çaşdırdılar bizi. Qabaqda olan heyət atəş açma əmri verdi və tank iriçaplı silahlarla onları atəşə tutaraq şəhid etdi. Bizim iri heyət geri çəkilərək mühasirədən çıxmağa çalışdı. Çıxanlar çıxdı, çıxa bilməyənlər şəhid oldu...”

Cəbrayıla gedən istiqamətdə dəstənin pusquya düşdüyü zirvəyə tabor komandiri Cavid Hüseynovun adı verilib.

Fərqli mövqelərə bölündükdən sonra T.Əsədov və iki əsgər yaralı silah yoldaşlarına yardım ediblər. Bir müddət sonra N saylı hərbi hissədən onlara kömək gəlib. Köməyə gələn dəstə düşmən tanklarından birini vurduqdan sonra digər tanklar geri çəkilməyə başlayır və onlar mühasirədən çıxmağa müvəffəq olurlar.

T.Əsədov mühasirədən çıxdıqdan sonra şəhid olan silah yoldaşlarını sanitar maşınlara topladıqlarını unuda bilmədiyini deyir:

“Şəhidlərimizi arxa cəbhəyə yola saldıq. Daha sonra bizə Cəbrayıl istiqamətində daha bir döyüş tapşırığı gəldi. Nə od qalamaq olurdu, nə geyimlərimizi dəyişmək, istirahətsiz növbəti döyüşə getdik. Bu dəfə qəlpə bölük komandirimizin başını yardı. Əsgər yoldaşlarımızdan biri şoka düşdü və biz onun silahını alıb boşaltdıq. Qorxduq ki, özünə ziyan yetirər. Həmin an biz strateji yüksəkliklərdən birində idik. Bizə dəstək gəldi. Müdafiə və təhlükəsizlik artırıldı”.

Topxana meşəsinin içi ilə Şuşaya qalxdıqlarını deyən T.Əsədov susuzluqdan əsgərlərin dodaqlarının çatladığını deyirdi:

“Ora maşınla çıxmaq olmurdu. Zirehli texnika görəndə minaatanla vururdular. Çətinliklə dörd dağ aşdıq. Çatanda gördük ki, xüsusi təyinatlılar Şuşanı düşmən işğalından azad edib. Noyabr ayında biz Laçın dəhlizində mövqelərimizi tutduq. Orada da düşmənlə atışma oldu.

Artıq ayın 10-da rabitə vasitəsilə bizə xəbər verdilər ki, müharibə bitib. Bir müddət yenə müdafiədə gözlədik, daha sonra hərbi maşınlarla hərbi hissələrə aparıldıq. Daha sonra isə tərxis edildik.

Müharibədə iştirak etməzdən qabaq bunu kinolarda görürdük. Atışma nədir, gözünün önündə silah yoldaşının, dostunun ölməsi nə deməkdir. Ac-susuz günlərlə yaşam mücadiləsi verməyin nə demək olduğunu 44 gündə anladıq. Silah səsləri, pulemyot səslərinin vahiməsini müharibə zamanı anladıq. Bu səslər, görüntülər bir daha çətin bizim yadımızdan çıxsın”.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Tərlan Əsədov “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Diaspora