“Qarabağın hər guşəsində olmaq, oranı qarış-qarış gəzmək istərdim”
“Niderland kişisi evdə yemək hazırlamağı sevir”
Niderland-Belçika koordinasiya şurasının əlaqələndiricilərindən biri, diaspor fəalı İlkanə Yusifova xaricdəki fəaliyyəti ilə bağlı Modern.az-a müsahibə verib:
- Uzun müddətdir ki, ölkə xaricində yaşayırsınız. İşləriniz necə gedir? Azərbaycan həqiqətlərini Avropada tanıtmaq üçün hansı işləri həyata keçirirsiniz?
- Artıq 2000-ci ildən təməlli olaraq Avropada yaşayıram. 2006-ci ilin sonundan isə Hollandiyada yaşayır və fəaliyyət göstərirəm. Fəliyyət göstərdiyim hər bir ölkədə Azərbaycan haqqında məlumat vermək, regionda Azərbaycanın üzləşdiyi probləmləri ictimaiyyətə çatdırmağı özümə vəzifə bilmişəm.
Azərbaycanda yığdığım təcrübələri avropalı əməkdaşlarımızla bölüşmüşəm. Son illər isə xüsusilə 44 günlük Vətən müharibəsi zamanı həqiqətləri Niderland ictimaiyyətinin müxtəlif təbəqələrinə çatdırmışıq. Bu işdə həyat yoldaşım da mənə yardımçı olurdu.
Həyat yoldaşım Niderland vətandaşıdır, burada doğulub, böyüyüb. Müharibə zamanı Azərbaycan həqiqətlərini çatdırmaq üçün həmişə yanımda olub, imza toplanmasında da fəal iştirak edib. Eləcə də bizim icmanın üzvüdür. Müharibə dövründə dəmir yumruq kimi birləşmişdik.
- Bəs, Avropada hansı çətinliklərlə üzləşirsiniz? Bu barədə fikirlərinizi bilmək istərdik...
- Təəsüflər olsun ki, Niderland ermənipərəst ölkədir. Bu da ermənilərin öncədən lobbiçiliklə məşğul olmasından və bir neçə nəsil keçməsindən irəli gəlir. Yəni onların Niderland cəmiyyətinə inteqrasiyası daha əvvəldən başlayıb. Azərbaycan icması isə Avrovada, eləcə də Niderlandda yenidir. Buna görə də biz bir neçə addım geridəyik, haqq səsimizi çatdırmaq çətin olub. Amma sevindirici haldır ki, artıq Niderlanda ikinci nəsil formalaşır və biz bu nəsildə öz yerimizi tutmağa başlamışıq.
Başqa bir çətinlik xarici dildə məlumatların və əyani materialların az olmasıdır. Biz bunun üzərində işləməyə başlamışıq. Digər problemimiz isə icma arasında yaranan pərakəndəlik halları idi. Artıq bu məsələlər də öz həllini tapmaqdadır. İlk növbədə qeyd etməliyik ki, dövlətimiz və Diaspor Komitəsi bizə dəstək verir.
Əvvəllər burada bəzi hallarda media ilə iş zamanı problemlə üzləşirdik. Çünki Niderland cəmiyyəti Azərbaycan həqiqətənləri haqqında az məlumatlıdır. Buna görə də bizim üzərimizə böyük işlər düşür.
- Təmsil etdiyiniz ölkədə Azərbaycanı necə tanıyırlar? Azərbaycanla bağlı fikirləri nədən ibarətdir?
- Əvvəllər çox çətin idi. Lakin son illər görülən işlər, idman və beynəlxalq yarışlar sayəsində ölkəmizi yaxından tanımağa başlayıblar. Eləcə də müharibə zamanı erməni lobbisinin Azərbaycanın əleyhinə çıxışlar etməsinə baxmayaraq, insanlar ölkəmizlə maraqlanmağa, məlumatlar əldə etməyə çalışırdılar.
Niderlanddan olan dostum mənə şəxsən bildirdi ki, onlar Azərbaycana necə yardım edə bilərlər. Məsələnin belə ciddi olduğunu bilmirdilər.
- Dediyiniz kimi, Niderlandda erməni lobbisi aktiv fəaliyyət göstərir. Bəs oradakı azərbaycanlıların fəaliyyəti nədən ibarətdir? Erməni təxribatlarına, onların ölkəmizə qarşı apardıqları kampaniyalara qarşı hansı işlər görülür?
- Əlbəttə, biz icmanın bacarıqları çərçivəsində müəyyən işlər görürürk. Müharibə dövründə daha da birləşmişdik. Biz burada təbliğatlarımızı gücləndirmişik. Televiziya, radio, və qəzetlərdə çıxışlar etməyə başlamışıq. Lazım olanda izdihamlı mitinqlərə çıxırıq. Hər yerdə haqq səsimizi qaldırıb, ermənilər susdururuq.
-Ümumiyyətlə, Avropadakı azərbaycanlılar daha çox hansı sahələrdə çalışırlar?
- Avropada yaşayan azərbaycanlılar müxtəlif təbəqələrdə yer tuturlar. Məsələn, aramızda həkimlər, vəkillər, universitet müəllimləri,iqtisadçılar, idmançılar və digər sahələrin təmsilçiləri var.
Bundan əlavə, elmi işlərlə məşğul olan alimlərimiz və tələbələrimiz də var ki, onların icmanın gələcək inkşafına öz töhfələrini verəcəklərinə inanıram.
- Bəs, Azərbaycan və Avropa arasında hansı oxşar və fərqli cəhətlər var?
- Niderland xalqı çox dəqiq və intizamlıdır. Onlar düşündüklərini danışırlar və çox liberaldırlar. Bəzən fərqli və kobud görsənə bilərlər. Bir Niderland kişisi axşam işdən evə erkən dönüb, ailəsinə yemək hazırlamağı çox sevir. Əvvəl ailə işləri cütlüklər arasında razılaşdırılır və bütün işlər bərabər görülür. Cütlüklər bir yerdə özlərini xoşbəxt hiss etmirlərsə, liberal şəkildə ayrılıb, dost qalırlar.
Burada yağışlı hava şəraitinə baxmayaraq, insanlar yürüşə çıxmağı, velosiped sürməyi sevirlər. Geri döndükdən sonra bütün ailə oturub, çay içir, stolüstü oyunlar oynayırlar.
- Azərbaycan üçün darıxırsınızmı?
- Əlbəttə, ölkəm üçün darıxıram. Mən özüm Qarabağda anadan olmuşam, Qarabağın hər guşəsində olmaq, oranı qarış-qarış gəzmək istərdim. Ailəmlə bərabər Azərbaycanın hər bir bölgəsini gəzmişik. Lakin son bir ildə pandemiya səbəbindən Azərbaycana gələ bilmədik.
Ümid edirəm ki, gələn yay arzumu gerçəkləşdirəcəm. Biz ölkəmizi çox sevirik və Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması üçün əlimizdə gələni etməyə hazırıq.
- Bildiyiniz ki, Vətən Müharibəsində qazandığımız tarixi Zəfərin ildönümünə 2 aydan az vaxt qalıb. Zəfərin bir illiyini ölkə xaricində necə qeyd edəcəksiniz? Bununla bağlı hazırlıqlar görülürmü?
- Bəli, bununla bağlı layihələrimiz var. 27 sentyabrda şəhidlərimizin anım gününü, eyni zamanda, noyabrın 8-də Zəfər gününü qeyd etməyə hazırlaşırıq. Layihələr üzərində işləyirik, tamamlandıqdan sonra ictimaiyyətə açıqlayacağıq.