“Erməni üzərində qələbə çalmaq dəbi keçmişdə qaldı“ - Karapeti məğlub edən güləşçimiz

“Erməni üzərində qələbə çalmaq dəbi keçmişdə qaldı“ -  Karapeti məğlub edən güləşçimiz backend

Azərbaycanın Yunan-Roma güləşçisi, Tokio-2020-nin bürünc medalçısı, dünya və Avropa çempionu, Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun baş leytenantı Rafiq Hüseynovun Yenisabah.az-a müsahibəsi:

- Rafiq bəy, Tokio-2020 oyunlarına hansı hisslərlə qatıldınız? Yəqin ki, ən böyük arzunuz qızıl medal qazanmaq idi...

- Mən 26 il olimpiya üçün hazırlıq keçmişəm. Bir neçə dəfə olimpiya oyunlarını müəyən səbəblərə görə buraxmalı olmuşam. Bəzən zədə, bəzən hazır olmamağım səbəbindən. Bu dəfə isə olimpiya oyunlarına tam hazır idim. Eyni zamanda bundan öncəki yarışların hər birində yaxşı nəticə göstərmişdim. Şükürlər olsun ki, bu oyunlarda da qalib gəldim. 

- Erməni rəqibinizi məğlub etdiniz, Azərbaycan xalqı sizinlə fəxr edir. Bu haqda nələr deyə bilərsiniz?

- Erməni üzərində qələbə çalmaq dəbi keçmişdə qaldı. Torpaqlarımızı işğal etmişdilər, məğlub olmuşduq və yarışlar vasitəsi ilə ermənilər üzərində qələbə qazandıqca özümüzə stimul verirdik.

Lakin bizim ordumuz ermənilər üzərində elə bir qələbə çaldı ki, bundan sonra idman meydanında nə qədər qələbə qazansaq da onların kölgəsində qalacağıq.

Mən bunu böyük bir qələbə saymıram. Acından ölən, kasıb bir ölkə nümayəndəsi ilə özümü müqayisə etmək fikrim yoxdur. Sadəcə, medal qazanmaq üçün olimpiyaya getmişdim, qalib qayıtdım.

Xalqımız bu qələbə üçün sevinc hissi duyur, çünki onlara qarşı nifrət hissimiz var. Lakin mənim üçün o qədər də önəmli deyil, əsas olan qalib gəlmək idi.

- Olimpiya oyunlarından sonra paralimpiya oyunlarına start verildi və nəticə daha yüksək oldu, bunun səbəbi nədir?

- Olimpiya oyunları ilə paralimpiya oyunları arasında fərq böyükdür. Çünki olimpiya oyunları idmançıların səviyyəsinə görə daha ağır olur. Paralimpiya idman növlərində hansısa həvəskar bir idmançı da çıxış edə bilər, olimpiya oyunlarında isə bu qeyri-mümkündür. Olimpiya oyunlarında professional idmançılar yer alır.

Bizim komandanın zəif çıxış etməsinin səbəbkarı pandemiya oldu.

Nə olacağını bilmədiyimiz bir dövrdəyik. Pandemiya yalnız Azərbaycan idmançılarına deyil, digər ölkələrin öndə gedən idmançılarına da təsir etdi. Eyni zamanda ciddi yuxu problemlərimiz oldu, komanda olaraq adaptasiya dövrünü keçə bilmədik. Adaptasiya dövrü də bəxtdən asılı olan bir şeydir. Komputer deyilki , proqramla keçəsən. Bu səbəbdən komandamız istədiyimiz kimi çıxış edə bilmədi.

- Gələcək kariyeranızla bağlı hansı planlarınız var?

- İdman sahəsində planla hərəkət etməyi sevmirəm. Çünki bəzən qurduğun planlar sənin fikirləşdiyinlə üst-üstə gəlmir. Hazırda dünya çempionatına hazırlaşıram, başqa bir şey düşünmürəm. Gələcəkdə nə olacağını zaman göstərəcək.

- Sizə ayrılan mükafatı necə dəyərləndirməyi düşünürsünüz?

- Bu mənim ilk mükafatım deyil. Müxtəlif yarışlarımdan sonra da mükafatlar almışam.

Bu vəsaiti isə ilk öncə şəxsi problemlərim üçün xərcləməyi düşünürəm. Bu gün elə bir dövrdə yaşayırıq ki, sabah nə olacağını bilmək mümkün deyil. Bu səbəbdən elə hərəkət etmək lazımdır ki, gələcək üçün bir kapitalın olsun. Müxtəlif planlarım var. Onların üzərində çalışmalıyam. Məktəb açmağı düşünürəm. Doğrudur verilən mükafat mənim görəcəyim iş müqabilində çox kiçik bir puldur, lakin düşünürəm ki, dövlət tərəfindən yenə də dəstək olacaq və mən planlarımı realizə edəcəm.

- Son olaraq bu qalibiyyətinizi digərlərindən fərqləndirən nədir?

- Olimpiya oyunları digərlərindən ilk öncə adına görə fərqlənir. Çətinlik baxımından dünya və Avropa oyunları daha ağırdır. Çünki olimpiya oyunlarında idmançıların say fərqi az olur.

Bu yarışda medal qazanmaq olimpiya idman növü ilə məşğul olan hər bir idmançının arzusudur. Mən də hər zaman bu idmançılar sırasında olmuşam. Düşünürəm ki, bu medalı almaq digərlərindən daha üstündür, bu baxımdan çox sevincliyəm. Lakin artıq olimpiya oyunları geridə qaldı, qarşıda bizi yeni macəralar gözləyir.

Diaspora