Nuriyyə Hüseynovanın uğur düsturu – ZƏHMƏT VƏ SEVGİ

Nuriyyə Hüseynovanın uğur düsturu – ZƏHMƏT VƏ SEVGİ backend

Müsahibimiz Azərbaycanın Əməkdar artisti, xanəndə Nuriyyə Hüseynovadır. - Sizi QAZİLER.AZ saytının adından salamlayırıq. Mümkündürsə, bizim oxucularımız üçün əldə etdiyiniz uğurların formulasından danışasınız.

- Əlbəttə mən də döyüşçülərin saytına uğurlar arzulayıram və məni yad elədiyiniz üçün də təşəkkür edirəm. Təbii ki, bir sənətkar kimi, həm ailədə olub, ailəni yönəltmək, həm sənətlə məşğul olmaq, cəmiyyətdə mövqe tutmaq, insanlar arasında hörmət qazanmaq o qədərdə də asan bir iş deyil. Hələ bizim sənətə gəlincə, bu bizim sənətdə daha çətindir, amma mən hər zaman mübariz olmağa çalışmışam. Hər zaman zəhmətlə, əziyyətlə işlərimi görmüşəm və işlərimin öhdəsindən gəlmişəm. Həm sənətimi, həm də ailəmi çox sevirəm - yəni, bu sevgi olunca da insan işinin ardınca da çox asanlıqla gedir və işini sevə - sevə edir. Mən öz işimi çox sevirəm və bundan da zövq alıram.

- Deməli, nailiyyətinizin düsturu zəhmət və sevgidir?

- Bəli!

- Sənətə gəlişinizdən danışaq, neçə yasınızda sənətə gəldiniz və bu, necə baş verdi?

- Sənətə gəlişimi hər kəs bilir. Mən bunu dəfələrlə demişəm və bir çox saytlar, televiziya proqramları da bu haqda yazıb. Mən desəm ki, sənətə 5-6 yasımdan gəlmişəm, səhv olmaz. Çünki artıq mən orta məktəbdə oxuduğum Ordubad rayonunun Dırnıs kəndində birinci və ikinci siniflərdə oxuduğum zaman tədbirlərə qatılırdım və məktəbin bir çox proqramlarında çıxış edirdim. Doğulduğum Ordubad rayonunda və Naxçıvan şəhərində bir çox festivallara qatılırdım və beləliklə mənim səsim olduğunu hər kəs duydu, bildi. Artıq beşinci sinifə qədər mən orda məşhur idim, yəni məni hər kəs tanıyırdı. Amma Nuriyyə Məmmədova kimi, çünki ata familiyam Məmmədova idi. Beşinci sinifdə elə oldu ki, mən Bakıya gəldim, Bakıda da müsabiqədə mən qalib oldum. Maestro Niyazi, İslam Rzayev, Arif Babayev, Şövkət Ələkbərova, Vasif Adıgözəlov - bu insanların diqqət və qayğısı gördüm. İndiki Heydər Əliyev sarayında yekun konsertlə çıxış etdim və yekun konsertdə də bizim ulu öndərimiz Heydər Əliyev əyləşmişdi. O konsertdən sonra o qərar verdi ki, mən və mənim kimi bir neçə ifaçılar mütləq rayonlardan Bakıya gəlməlidir və Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almalıdır. Mən çətinliklə də olsa Bakıya gəldim. Ailəm əvvəl razı deyildi. Qız uşağının, həm də orta məktəb tələbəsinin tək Bakı şəhərində oxuması, özü - özünü idarə etməsi, qalması çox çətin idi. Bütün bu şeylərə valideynlərim narazı idi. Amma ulu öndərimizin istəyi ilə Həmkarlar İttifaqının o vaxtkı sədri Lidiya Rəsulovanın bizim evimizə göndərdiyi məktubu valideynlərimi çox yumşaltdı və mənim böyük dayım qərar qəbul etdi ki, mütləq mən oxumalıyam. Mən Bakıya gəldim. 1981-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbinə qəbul olundum. 1987 -ci ilə qədər orada oxudum və uğurlu da alındı. Mən məktəbi 1981-87 - ci illər arası yüksək qiymətlərlə bitirdim. Azərbaycanda keçirilən bütün dövlət tədbirlərində, festivallarda, yüksək səviyyəli konsert proqramlarında da və bir çox ölkədaxili və ölkədən kənarda olan proqramlara səfərlərə də qatıldım. Təhsilimi uğurla başa vurdum və 1987 - ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil oldum.


“Gənclər muğamı 30 yaşdan sonra tam təfərrüatı ilə anlayacaqlar və onu başqa cur ifa edəcəklər...”


- Nuriyyə xanım, bilirik ki, müəllim kimi də fəaliyyət göstərirsiniz. Bu sahədə işləriniz necədir?

- Mən əslində Konservatoriyanı bitirəndən sonra Asəf Zeynallı adına Bakı Musiqi Kollecində dərs demişəm. Müəllimlik fəaliyyətim ordan başlayıb, bir müddət orada işləyəndən sonra - 1995 - ci ilədək Bülbül adına Orta İxtisas Məktəbində müəllim işləməyə başlamışam və hal-hazırda bu günədək oranın müəllimiyəm. Eyni zamanda 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə dəvət olundum, müəllim kimi fəaliyyətə başladım bu günə qədər də orada da fəaliyyətim davam edir. Təbii ki, illər ərzində mənim uğurlarım çox olub, dövlət əhəmiyyətli tədbirlərdə çıxış eləmişəm, dövlətimiz mənim sənətimi yüksək qiymətləndirib, bir çox xarici ölkələrə, qastrol səfərlərinə göndərib və mən Azərbaycan musiqisini, mədəniyyətini də çox yüksək səviyyədə də bu ölkələrdə təbliğ etmişəm. 1995- ci ildə həm də Azərbaycan Dövlət Qədim Musiqi Alətləri Ansamblına solist gəlmişəm və illərdir həmin ansamblda solist işləyirəm. Təbii ki, Qədim Musiqi Alətləri Azərbaycanda bir nömrəli bir ansambldır, yəni ikincisi yoxdur və o ansambl 1995 - ci ildə Heydər Əliyevin sərəncamıyla dövlət statusu aldı. Bu günə qədər də öz fəaliyyətindədir. Gördüyünüz kimi, bax bu gün biz məşq edirik. Qarşıda səfərimiz var və inşallah gedib gələndən sonra mətbuata məlumat verəcəyəm.

2007 - ci ildə cənab prezidentimiz İlham Əliyevin imzasıyla Azərbaycan Respublikası Əməkdar Artist adını aldım.

- Qastrollardan danışdınız, hansı ölkələrdə Azərbaycanı təmsil etmisiniz?

- Dövlət ansamblının solisti olduğum üçün xarici ölkələrdə çox yüksək səviyyəli dövlət tədbirləri olur və biz o ölkələrdə Azərbaycan mədəniyyətini yüksək səviyyədə təbliğ edirik. Təbii ki, mənim olduğum ölkələr çoxdur - Amerika, Kanada, Almaniya, Fransa, Avstriya, Şərq ölkələrindən Dubay, Küveyt, Qətər, İordaniya, İran, Türkiyənin bir çox şəhərləri, Rumıniya, Macarıstan və digər çox ölkələrdə olmuşuq. Bu ölkələrə getmək, Azərbaycan musiqisini yüksək səviyyədə layiqincə təbliğ etmək mənim üçün qürurvericidir.

- Bəs indiki gənclərin ifası necədir, onlar sizi qane edirmi?

- Muğam sənətinə çox üz tutanlar var. Gələn də çoxdur, axın da çoxdur. Çünki muğam sənətinə dövlətimizin çox böyük qayğısı var və bu qayğı nəticəsində gənclərimiz də bu sahəyə çox meyl edir. Mənim özümün də istər İncəsənət Universitetində, istər Bülbül adına musiqi məktəbində yetərincə tələbələrim var, muğam sənətini sevirlər, bu sənətə də sevərəkdən gəlirlər, gözəl də səsləri var. Bu günkü ifaçılarımızın gözəl səsi var və aldıqları təhsil ikisi birlikdə onlara çox təkan verir. Üstəlik, dövlətimizin qayğısı onlara ilham verir, ruh verir ki, bu işi layiqincə sona qədər apara bilsinlər. Bir çoxunun ifalarını da çox yüksək səviyyədə bəyənirəm, məni çox qane edir. Öz üzərlərində çox işləyirlər, çalışırlar ki, ifalarını mükəmməl şəkildə təqdim etsinlər. Təbii ki, bu yaxşıdır və mən bunu alqışlayıram, çox bəyənirəm amma yaş etibarıyla hələ yaslarının o vaxtıdır ki, bunlar sadəcə öyrənirlər. Uzaqdan sanki durub baxırlar, belə deyək, onların muğamı bilməsi, yüksək səviyyədə oxumaqları öz yerində və onu tam təfərrüatı ilə dərk etmələri üçün zaman keçməlidir. Məsələn deyək ki, 30 yaşdan sonra tam təfərrüatı ilə anlayacaqlar və onu başqa cur ifa edəcəklər. Amma bu gün üçün yaslarına görə çox gözəl ifa edirlər və bu məni çox qane edir.

“Yayda hər kəs dincəlir, amma biz işləyirik...”

- Nuriyyə xanım, gələcək planlarınızdan danışardınız...

- Təbii ki, müəyyən planlarımız var, amma bu tək mənim deməyimlə deyil, gələcək planlar həm də Allahın işidir. Allahın qismətidir və biz öz işimizdəyik. Hər gün öz isimizin arxasınca gedirik, öz işimizi elə qururuq ki, nöqsanlarla, problemlərlə qarşılaşmayaq. Bilirsiniz ki, mən həm də Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda İrs Ansamblının bədii rəhbəri işləyirəm. İstər burada, istərsə də Qədim Musiqi Alətlərində Davamlı məşqlərimiz olur. Böyük proyektlərlə işləyirik. Allah qoysa, istəyirik sentyabrdan sonra payızda bir konsert verək, orada da gözəl solistlərimiz var. Hələ yeri dəqiqləşdirməmişik ki, biz bu konserti harada edəcəyik. Çox güman ki, Muğam Mərkəzində olacaq, çünki oranı nəzərdə tuturuq və orda da qədim musiqi alətləri ansamblıyla da işlərimiz çoxdur. Yayda hər kəs dincəlir, amma biz işləyirik, çünki planlarımız var və o planları həyata keçirmək lazımdır.

“Mənim Allahdan istəyim hər zaman bu olub ki...”

- Bir az da ailəniz haqqında danışardınız?

- Ailəmizdə sayımız artır - övladlarım təhsillidir hər ikisi - qızım da, oğlum da. Oğlum həkimdir –cərrahdır, qızım da musiqiçi, bəstəkardır. Hər ikisi evlidir, hərəsinin iki övladı var. Mənim 4 nəvəm var, mən arzu edirəm olmayanlara da qismət olsun. Bütün mənim dostlarıma, ətrafımda olan hər kəsə ailə sevinci, ailə səadəti arzu edirəm. Təbii ki, ailə xanımı olmaq asan bir şey deyil, ailə kiçik bir dövlətdir, ailəni qorumaq, ailənin problemlərinə tab gətirmək, ailənin çətinliklərinə dözüb dayanmaq hər adamın işi deyil. Hamı kimi mənim ailəmdə də yaxşı günlərim də olub, çətinliklərim də olub, biz hər zaman əl-ələ vermişik həyat yoldaşımla problemləri çözməyə çalışmışıq, övladlarımızı təhsilli böyütmüşük, ağıllı, vətənpərvər, vətənə sevgili böyütmüşük. Mənim uşaqlarımın özəl xüsusiyyəti vətənə olan sevgiləridir, bu gün də təbii ki, biz onların arxasındayıq. Oğlumun da, qızımın da ailəsində hər zaman sabitlik, əmin - amanlıq, sevgi dolu bir həyat olmasını əsirgəmirik. Böyüklüyümüzü hər zaman göstəririk. Şükürlər olsun Allaha! Hər zaman Allahımdan bir sey istəmişəm - hər bir insanın ailəsinə sağlıq ver, huzur ver, sevgi dolu gözəl günlər nəsib et, mənim də ailəmi o ailələrin içinə qat, bir cansağlığı...bir də sevgi, ailəmə, uşaqlarıma, həyat yoldaşıma bir sevgi dolu ömür arzu eləmişəm. Mənim Allahdan istəyim hər zaman bu olub ki, mənə övladlarımın pis gününü göstərməsin. Uca yaradandan nə yüksək var, dövlət, zənginlik, nə də yüksək şan - şöhrət istəmişəm. Mənim ən böyük sərvətim, varım, ən böyük dövlətim övladlarımdır, onların övladlarıdır, həyat yoldaşımdır, onları mənə çox görməsin. Allah Təala mənə verdiyi ağlımdan almasın və iki ayağım üzərində durmağa hər zaman mənə güc versin, hər zaman mən namaz da qılanda Allahdan bunu istəyirəm. Mənim ən böyük dövlətim xalqımın mənə olan sevgisidir, vətənimin gözəlliyidir, vətənimin necə deyərlər, sakit bir səkildə bu gün yaşayırıqsa, bu gün problemlərlə qarşılaşmırıqsa, bu, mənim üçün ən böyük sərvətdir. Mən hər zaman bunu istəmişəm.

“...Bu cəhalətdir, cəhalətdir, cəhalətdir!”

- Dindən danışdınız, dediniz namaz qılırsınız...

- Bəli, ibadət edirəm, amma dini fanat deyiləm və fanatları da sevmirəm, heç vaxt da istəmərəm ki, kimsə nəyinsə fanatı olsun. Allah Təala da buyurur ki, sizə övladınızdan əziz, qiymətli bir şey yoxdur, amma onu da dəlicəsinə, fanatik olaraq sevməyə ixtiyar vermirəm. Dinsiz - imansız insandan hər şeyi gözlə, hər pisliyi edə bilər, hər bir insanın, hər bir millətin dini-imanı və etiqad etdiyi inandığı bir sey olmalıdır. Bu təbiidir, bu normaldır, mən Allahımı sevirəm, namaz qılıram. Mənim ucun, Allahım var, Peyğəmbərim var, Quranım var. Elə insanlar var ki, düsünürlər ki, mən namaz qılıram, oruc tuturam, ibadət edirəm və bəzən elə insanlar var ki, namaz qılmaqda, ibadət etməkdə irad tuturlar ki, əlini düz tutmadın, düz durmadın. Bunlar mənim ucun cəfəngiyat söhbətlərdir. Mən Allahımı sevirəm, mən Allahımı düşündüyüm, bildiyim qədər, mənim ağlım, şüurum məni qane edəcək dərəcədə də ibadət edirəm, mənim ucun insanın əqidəsi, yolu, məsləyi düz olsun. Allah bir insan olaraq bizdən istəyi odur ki, yolunu düz tut, pislik eləmə, xəyanət eləmə, arxadan vurma, ağa qara, qaraya ağ demə, bir sözü özünə sərf edib bir basgalarının pisliyinə demə, bir başqalarının bədbəxtliyi üzərində öz xoşbəxtliyini qurma, doğru - düzgün ol, hər bir şeyə doğru - düzgün qərar ver.

Quran da bunu yazır, Peyğəmbərimiz də bunu bizə tövsiyə edir. Allahınızı sevin, Peyğəmbərinizi sevin, Quranınızı sevin, dininizi sevin, dinsiz - imansız insan olmaz! Vətəninizə xidmət edin, ananıza-atanıza xidmət edin, böyüklərə sayğı duyun, insanlara sayğı duyun - Allah da bizdən bunu istəyir. Təhsiliniz olsun, elminiz olsun, cəmiyyətinizə xeyir verin, bir xəstəyə şəfa verin, bir əlilin əlindən tutun, bir kimsənin əlindən tutun, bunların hamısı Allahın istəyidir, Quranın da tövsiyəsidir. Əgər bunları doğru - düzgün edərsənsə, sən Allahın ən müqəddəsisən, ən pak insanısan! Yox, əgər gənclərin əlində tutub pis - pis işlərlə məşğul olacaqsan, onları bu pis yola sürükləyəcəksən, aparacaqsan, beynini xurafatla dolduracaqsan, elmdən, təhsildən uzaqlaşdıracaqsansa - bu cəhalətdir, cəhalətdir, cəhalətdir!














Müsahibəni götürdü: Aydan Əlizamanlı,
QAZİLER.AZ

Diaspora