Təəssüf ki, onun nə adını, nə şəklini sizlərə təqdim edə bilmirəm. Buna icazəsi yoxdur. Haqqında onu deyə bilərəm ki, F16 pilotudur.
Azərbaycan şahinidir. Təhsilini Türkiyədə alıb. Hazırda həm Azərbaycanda, həm də Türkiyədə ortaq şəkildə faəliyyət göstərir. Bundan əlavə, Türkiyə Müdafiə Nazirliyi və Azərbaycan Müdafiə Nazirliyinin təşkil etdiyi xüsusi təhlükəsizlik idarəsinin nümayəndəsidir. Özünü sirr kimi saxlamasının bir səbəbi də budur. Bizim üçün ən önəmlisi ölkəmizin səmalarını qoruyan şahinlərimiz barədə sizə məlumat vermək, bu yolu getməyə həvəsi olan gənclərimizin maraqlandığı sualları cavablandırmaqdır.
- Necə oldu ki, məhz hərbi pilot olmağa qərar verdiniz?
- Atam hərbçi idi, onu uniformada görərək sevdim bu işi. Balaca olarkən Səbail rayonunda “Şahinlər” yay məktəbi təşkil olunmuşdu. Bax bu məktəbin bizim gələcək həyatımızda, peşə seçimizimdə böyük rolu oldu. O məktəbin yetirmələri sonralar Vətən Müharibəsinin iştirakçıları oldular, hamısı hərb sahəsini seçdilər. Heyf ki, indi fəaliyyət göstərmir. Mənim heç unutmadığım bir uşaqlıq xatirəm var. Bakıda Nizami küçəsində gəzirdik. Heç gözlənilmədən rəhmətlik Prezidentimiz Heydər Əliyev gəldi ora. Əhali başına toplandı. Mən də anamın qucağında idim. Əlini başıma çəkib dedi ki, sən böyük adam olacaqsan. Onun bu sözlərini heç unutmadım və öngörü kimi qəbul etdim. Əminəm ki, mütləq onun dediyi kimi böyük adam olacağam. O anı heç bir zaman unutmuram və bu görüşə görə özümü xoşbəxt adam hesab edirəm. Naxçıvanski adına hərbi liseyə yüksək qiymətlərlə qəbul olunduğum üçün birbaşa Türkiyəyə göndərildim. Ana qoynundan ayrılanda 14 yaşım var idi. Sonra elə oxuduğum hərb okulunun nəzdində xarici ölkələrə səyahətlər etdim, vaxtından əvvəl sərbəstliyə alışdım. Daha sonra təhsilim Hava Harb Okulunda oxudum. Bu gün qürurla deyirəm ki, mən azərbaycanlıyam, oranı bitirirkən bizə verilən xüsusi devrə namus üzüyü və qılıncı da qürurla gəzdiririəm.
- Bu peşədə ən böyük arzunuz nədir?
- Ən böyük arzum general olmaq və özüm kimi pilotların yetişməsində iştirak etməkdir. Azərbaycanın buna ehtiyacı var. Yetəri qədər ədiblərimiz, şairlərimiz, başqa səhələr üzrə peşəkarlarımız var. Pilotlarımız, ölkəmizin səmalarını qoruyan igidlərimiz də çox olsun.
- Cəsur şahinin ən böyük qorxusu nədir?
- Qanadlarımı itirməkdir. Qanadlarım doğmalarım, əzizlərimdi, bir də qəlbimdəki. Nənəmi itirməkdən çox qorxuram bir də. O mənim üçün çox əzizidir, istəyirəm bütün uğurlarıma şahid olsun.
- Bir hərbçi eyni zamanda fədaidir?
- Bəli, həm hər an qurban olmağa, həm də qurban verməyə hazır fədai olmalıyıq. Hər şey Vətən üçün.
- Pilotları sevən xanımlar çoxdur yəqin?
- (gülür) Hə, yəqin uniformaya aşiq olurlar. Elə mən də uniforma aşiqiyəm. Amma istərdim məni sadəcə, mən olduğum üçün sevsinlər, xarakterimə, şəxsiyyətimə görə.
- Bəs hansısa səbəblə pilotluqdan uzaqlaşsanız, düşünmüsünüz ki, nə ilə məşğul olacardınız?
- Bizim hər birimizə əlavə ikinci ixtisas öyrədilir, ikinci diplomumuz var. Mən IT mütəxəssisiyəm. Bir gün Allah etməmiş uça bilməsəm, sırf komüter, proqramlaşma sahəsində çalışacağam, amma bu da birbaşa sənətimlə bağlı olacaq. Artıq bir layihəm Türkiyədə qəbul olunub. Mənim layihəm dronların yer üzündəki hərbi maneələri tanıyıb məhv etməsinə yönəlmişdi. Amma ümumilikdə mən səmalardan qopmaq istəmirəm, ölsəm belə, ölümüm də bu yolda olsun arzusundayam.
- Çılğın insan kimi görünürsüz...
- Macərapərəst cəsur olmasaydım, yəqin pilot ola bilməzdim. Bu tənbəllərin işi deyil. Adrenalini buradan alıram. Avtomobil sürəndə də beləyəm.
- Hansı asandır - yerdə, ya göydə sürmək?
- Göydə komandalara uymaq məcburiyyəti var.
- Pilotlar üçün ən önəmli şey nədir?
- Devrə ruhu. Sən yoldaşına güvənməlisən, yarı yolda qoymamalısan, o da eyni sənin üçün bu addımı atmalıdır. Komanda işidir. Yoldaşların sənin ailəndir. Həmişə eyni yoldaşlarla kabinəyə oturmuruq. Ona görə hamıyla yola getməliyik, harmoniya içində olmalıyıq. Biz savaşa həmişə hazır olmalıyıq. Bir hərbi pilotun yataqdan qalxıb təyyarənin sükanı arxasına keçməsi ən gec 10 dəqiqə təşkil etməlidir. Buna görə də çox zaman hərbi təyyarəçilər hərbi bazanın həyətində ailələri ilə birlikdə qalırlar ki, zamanında çata bilsinlər. Çünki bizlər üçün saniyələr çox önəmlidir.
- Pilotlar nə qədər maaş alır.
- Rütbəyə görə dəyişir. 3 min dollardan 10-15 min dollara qədər olur. Amma bu təbii ki, böyük bir zəhmətin sonrasında ortaya çıxır.
- Pilot olmaq üçün nələr tələb olunur?
- Boy 180-dən , çəki 90 kiloqamdan çox olmamalıdır. Yoxsa kokbitdə problem yaşayar. Mütləq fiziki sağlamlığı olmalıdır. Yaxşı görməlidir, danışmalıdır. Türkiyədə hərbçilərin dil qabiliyyətinə də çox önəm verilir, “düşməni öncə dilinizlə, sonra silahınızla yenin” deyirlər. Və bizim şüarımız “heç zaman təslim olma” şəklindədir.
- Rutin uçuşlara necə hazırlaşırsınız?
- Həftələr öncə uçuş günləri planlaşdırılır. Özün öncədən hava durumunu öyrənib, komandirlərə xəbər verməlisən. Hava pis olursa, yedək gündən istifadə edirsən. Təyyarənin bir dəfə yerdən qalxıb havalanması ilə yerə enməsi termin olaraq sorti adlanır. Bakıdan fərqli olaraq Türkiyə pilotların paraşütlə tullanma məqşləri məktəbin yox, özlərinin hesabına aprılır. Ən azı ömrün boyu 3 dəfə tullanmalısan. Təyyarənin texniki idarəedilməsi, qəza baş verərsə, nəyi necə etməyi dərhal xatırlamaq üçün demək olar ki, hər gün bəzi texniki bilgiləri təkrar edirik. Çünki qəza yaşanarsa, özünü itirməməlisən, qırıcı təyyarədə sənin dəqiqələrin yox, saniyələrin olur və o saniyələrin yüzdə biri ərzində hərəkət etməli, qərarlar verməlisən. Hər uçuş öncəsi mütləq sağlamlıq vəziyyətin yoxlanılır. Yerdə simulyatorlarda 64 saat uçmadan qırıcı təyyarənin sükanı arxasına keçə bilməzsən. Xüsusi geydiyimiz formalar isə qanın beynimizə sızmasının qarşısını alır. Qan damarlarını sıxır. Pilotların təhsili daim davam edir. Oxumağa hər zaman davam. Havaçılqıda qanunlar qanla yazılır.
- Hanıs qırıcı təyyarəni sürmək asan və ya çətindir?
- Rusiya uçaqları daha çətindir. Miqlər. Çünki mexaniki idarəetməsi var. Bu, sanki mexaniki sürət ötürücü qutusu olan avtomobili sürdükdən sonra, avtomat sistemli avtomobili sürməyə bənzəyir. İkinci daha asan olur. Məktəbdə bizə bütün bunların hamısını sürməyi öyrədirlər. Sərnişin təyyarələrini idarə etmək üçünsə xüsusi sertifikatlar almaq, kurslardan keçmək lazım gəlir.
- 44 günlük müharibədən sonra həyatınızda nələr dəyişdi?
- Hesab edirəm ki, tək mənim yox, bütün hərbçilərimizin həyatında dəyişiklik oldu. Biz qürurla gəzən qalib xalqın övladlarına çevrildik. Dünya artıq bizdən danışdı, bizim hərbçilərimiz, Şuşa döyüşlərimiz nümunə göstərildi, biz indi daha özgüvənli, daha qürurluyuq. Xaricdə səfərlərdə olanda hiss edirik ki, indi bizə tamam başqa gözlə baxılır, daha ehtiramla yanaşırlar. Və sonda hər bir şəhid anasının əllərindən öpürəm, ehtiramımı bildirirəm, şəhid olan qardaşlarımı rəhmətlə anıram.
Bizimyol.info