Qafqaz Müsəlmanları İdarəsinin sədri,şeyxülislam Allahşükür Paşazadənin “Xameneinin fətvası qələbəmizin carçısı idi” bəyanatı ölkədə və qardaş Türkiyədə birmənalı qarşılanmayıb.
Şeyxi bu çıxışına görə ittiham edənlər Türkiyənin dəstəyini və döyüşən hərbçilərimizin rolunu qiymətləndirməməsindən təəssüfünü ifadə edib.
Bu arada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçilərindən biri- M.Mücahit Küçükyılmaz da Şeyxə ironiyalı cavab yazıb:
“Demək ki, Xamenei Ermənistana silah göndərəndə Azərbaycana da fətva göndərirmiş” deyə o sosial şəbəkədə yazıb.
Gununsesi.info-nun baş redaktoru Pərviz Həşimliyə eksklüziv müsahibəsində Hacı Allahşükür Paşazadə ona ünvanlanan ittihamlara cavab verib.
– Doğurdanmı, siz hesab edirsiniz ki, torpaqlarımızın işğaldan azad olunmasında Xameneinin fətvası rolu oldu?
– Mən təəssüf edirəm ki, çıxışımı yanlış, təhrif edilmiş formada cəmiyyətə təqdim ediblər. Mən hər şeydən əvvəl din xadimi kimi danışmalıyam. Din xadimu olmayan istənilən müsəlman belə bu cür ifadələrdən istifadə edir.
Ordumuzun, Ali Baş Komandanımızın uğurlarını necə deməmək olar?
Məni ittiham edənlər o çıxışıma tam baxsınlar.
– Yəqin ki, Ərdoğanın müşavirinin dediklərindən də xəbəriniz var…
– Bəli, mən bunu eşitdim. O adamın dindən xəbəri yoxdur. Bu adam öz çıxışı ilə Azərbaycan və Türkiyə arasında olan qardaşlıq münasibətlərinə kölgə salır.
Deyir ki, İran Ermənistana raket göndərir. Mən raketdən danışmamışam, Allahdan danışmışam, duadan danışdım.
Onun cümləsində belə bir fikir var idi ki, İran Ermənistana silah göndərir. Axı, sənin sübutun varmı? Prezident deyir ki, yox. Azərbaycan prezidentinin, onun köməkçisi Hikmət Hacıyevin çıxışında deyilib ki, belə bir şey olmayıb. Nə Gürcüstandan, nə də İrandan Ermənistana silah yardımı olmayıb.
– İrandan gedən yük maşınlarının görüntüsü də yayılmışdı…
– Mən hansısa sosial şəbəkədə yayılmış şəkillərə yox, Prezidentimin dediklərinə inanıram.
Sənin əgər başqa bir mənbən varsa, onu açıqlamaq lazımdır. Onu biz məhkəməyə verə bilərik ki, sən açıqla görüm, bunu hardan götürmüsən.
– Şeyx həzrətləri, zaman-zaman adınızı İranın adamı kimi hallandırıblar. Bu iddialara necə yanaşırsınız?
– Mən heç vaxt heç kimin qucağında olmamışam. Məni ittiham edənlər çalışır ki, ölkədə sünni-şiə qarşıdurması yaratsın. Bu, başqa maraqlardan doğur. Hər şeyin fərqindəyik. Mən din adamıyam, nə İranın, nə də Türkiyənin adamı deyiləm.
Azərbaycanın vətəndaşıyam. Həyatım boyu dəfərlərlə mən bunu sübut etmişəm , ömrümü düzgün yaşamışam. Amma bəzi adamlar siyasi formada bundan istifadə etmək istəyirlər.
İran da bizim qonşumuzdu. Türkiyə də eyni qaydada qonşumuzdu.
Türkiyə bizim həm də yaxın qardaşımız dostumuz, həmişə bizim yanımızda olan dövlətdir.
İran da bizə dost dövlətdir, bunu deyən mən deyiləm, bunu deyən dövlətimin başçısıdır. Orda 30 milyona yaxın bizim soydaşlarımız var, biz onlarla əlaqə saxlamalıyıq və onlarla münasibətimiz olmalıdır.
İranın lap belə səhvi olsa belə, onunla düşmənçilik etməməliyik. Elə adamlar var. Onlar maraqlıdır ki, İranı Ermənistana tərəf itələyək. Bizim siyasətimizdə İranı özümüzə yaxın eləmək var. Onu yaxın etmək də o demək deyil ki, Azərbaycanı onların qucağına veririk. Siyasi baxımdan biz dost olmalıyıq, münasibətdə olmalıyıq.
– Türkiyənin bu müharibədəki xüsusi rolunu, bizə dəstəyini qəbul edirsinizmi?
– Əlbəttə, edirəm. Ona görə söhbətimizin əvvəlində dedim ki, çıxışımı tam dinləsinlər.
Mən orda əvvəlcə Türkiyə dövləti və onun başçısı Ərdoğan həzrətlərinə təşəkkürümü bildirdim. Başqa cür ola da bilməz. Yəni, mən bunu istəsəm də olmaz.
Fətva söhbətini sırf mənəvi baxımdan demişəm.
Hamımız müsəlman kimi gündəlik həyatımızda ” Allah kömək olsun” “Duaçıyam” və sair kimi sözlərdən istifadə edirik.
Mən də din adamıyam, siyasi adam deyiləm. Allahdan danışmışam. Paralel olaraq da Hikmət Hacıyevin çıxışından heç bir addım da o tərəfə çıxmamışam. Xameneinin fətvası ordumuza dəstək anlamında qəbul olunmalıdır. Bu sözlər Ermənistana gözdağı idi.
Bir daha qeyd edim ki, bəzi qüvvələr istəyir ki, Türkiyə, İran və Azərbaycan arasında bir münaqişə salsın. Mən elə bilirəm ki burda Ermənistanın barmağı var. Ermənistanın barmağı olmasa da ermənipərəstlərin barmağı var. Mən ömür boyu həm sunnilərin, həm də şiələrin rəhbəri olmuşam, onlar məni ağsaqqal kimi qəbul edirlər.
Mənim gəlinim türkdür. Evimdə türklər yaşayır.