Xalq artisti, diktor Rafiq Hüseynlinin həyat yoldaşı Səbinə Hüseynli Moderator.az-ın suallarını cavablandırıb.
- Səbinə xanım, bir müddət öncə sizinlə söhbətimdə bildirmişdiniz ki, Rafiq müəllim haqda film çəkirsiniz. Film sənətkarın doğum günündə-4 avqustda təqdim olunacaq yoxsa?
- Artıq bir ildən çoxdur ki, hələ 2020-ci ilin əvvəllərində planlaşdırmışdıq ki, Rafiqin xatirəsinə, 75 illik yubileyinə film həsr edək. Heydər Əliyev fondunun dəstəyi ilə bu film 4 avqust doğum günündə ərsəyə gələcəkdi. Amma pandemiyaya görə çatdıra bilmədik, gecikdik. Hazırda çəkilişlər bitsə də filmin üzərində iş gedir. Ümid edirik ki, payız aylarında film təqdim olunacaq.
- Rafiq müəllim doğum günlərini adətən necə qeyd edirdi?
- Adətən hər zaman, hər il doğum günlərini dostları ilə qeyd edirdi, əksəriyyəti əlbəttə ki, kişi məclisləri olurdu. Doğum günün səhəri isə ailəsi ilə yığışırdı. Amma 60 illiyini ailəvi qeyd etmişdik və bütün dostları ailəsi ilə birgə gəlmişdi.
- Rafiq Hüseynli Şuşada doğulmuşdu. Kaş Şuşanın alınması gününü görərdi. Şuşa haqda sizə nə danışırdı?
- Şuşa onun ən ağrılı yeri idi. İnanın ki, 2016-cı ildə aprel döyüşləri olanda gecəni səhərə kimi yatmırdı, fikirdən siqaret çəkirdi. Özünə gələ bilmirdi ki, orada nə baş verir? Bircə onu deyirdi ki, irəli getmək lazımdır, dayanmaq olmaz. Elə arzuları var idi ki, həyata onsuz keçdi. Bunlardan ən böyüyü Şuşanın işğaldan azad olunması idi. O günün arzusu ilə yaşayırdı, inanırdı, ümid edirdi.
- Şuşa alınan günü məzarını ziyarət edib, xəbəri ona çatdırdınız?
- Biz özümüz qızımla ora gedəndə mütləq Şuşadan torpaq götürüb Rafiqin məzarına tökəcəyik. Rafiqin atası, qohumları orada dəfn olunub, həmişə deyirdi ki, atamın qəbrinin üstünə gedə bilmirəm.
- Şuşada həmin məzarlığın qalıb-qalmaması ilə bağlı məlumatınız var?
-Çox təəssüf ki, heç bir məlumatım yoxdur. Rafiqin qohumları ilə sıx əlaqə saxlayıram, onlardan da soruşuram, hələ ki, heç bir məlumata sahib deyillər. Amma gözləyirik, nə vaxt icazə versələr o vaxt da Şuşaya gedəcəyik.
- Hansı qohumları ilə əlaqələriniz genişdir?
- Ata tərəfdən olan qohumlarının hamısı ilə münasibətimiz yaxşıdır.
- Rafiq müəllim elə bir diktor olub ki, o yad edilməyə bilməz. Onun xatirəsi hamının qəlbində əzizdir. Kimlər, hansı dostları onu bu gün yad edir?
- Dostları, tələbələri hər zaman bizimlə əlaqə saxlayırlar. Həmişə dostları ona qarşı sadiq olub. Rafiq televiziyada təkcə diktorluğu ilə deyil, həm də şəxsiyyəti ilə yadda qalıb. Həm peşəkar olduğuna görə, həm də şəxsiyyət olduğuna görə sevinib.
- Əlbəttə ki, böyük sənətkar olmaq bəzən həmin şəxsin böyük insan olmağı anlamına gəlmir.
- Rafiq hamı üçün doğma insan idi. O həqiqətən də insanlara, tələbələrinə qarşı doğmalıq münasibəti bəsləyirdi. Niyə tələbələri onu çox sevirdi? Deyirdilər ki, Rafiq müəllim başqa idi. O doğmalıq hissini tələbələrinə ötürürdü, hamısına övladı kimi yanaşırdı. Bir çox hallarda müşahidə edirdim ki, tamamilə televiziyaya aidiyyatı olmayan gəncləri televiziyaya cəlb edirdi. Mən bunu heç kimdən görmürdüm, heç edən də yoxdur! Hansısa bir məclisdə, tədbirdə gəncləri görüb ya səsi, ya görünüşü onu cəlb edirdi və o dəqiqə deyirdi ki, sən istərdinmi aparıcı olasan? İstəyirsənsə gəl məşğul olaq. Gənclər adətən hamısı axtarışda olur, onlara dəstək olub, istiqamət göstərmək mütləqdir. Rafiq özü onlarla məşğul olurdu, həmin gənclərdə də çox yaxşı alınırdı.
- Rafiq müəllimin heç vaxt müsahibələrində gəncləri aşağılayan fikirlərə rast gəlməmişik.
- Rafiqə çox gənclər müraciət edirdi, onlarla məşğul olurdu. Daha sonra deyirdi ki, oğlum yaxud da qızım, bəlkə sən özünü radioda sınayasan? Bəlkə sənin qələmin daha yaxşıdır? Onları yönləndirirdi, ürək-dirək verirdi ki, səndə bu daha yaxşı alınır. Belə bir insan idi. Ona görə də hamı onun xətrini çox istəyirdi.
- Neçə il birlikdə oldunuz?
- 17 il birlikdə olduq. 2000-ci ildə evlənmişdik. Ən çox ailə həyatını mənimlə olduğu illərdə yaşadı. Bundan öncəki ailə həyatları daha qısa olub.
- Təbii ki, hər bir ailədə olduğu kimi sizdə də yəqin ki, bir-birinizdən küsüb-incidiyiniz vaxtlar olub. Bu zaman onun könlünü necə alırdınız? İlk addımı kim atırdı?
- Xeyr, heç birimiz gözləmirdik ki, ilk addımı kim atacaq. Belə şeylər olmayıb. Heç nə olmamış kimi söhbətə davam edirdik. Üstündən bir müddət keçəndən sonra deyirdi ki, sən bu mövzuda haqlı idin, mən haqsız.
- Sevginin yaşı olur?
- Bizim ailə həyatı qurmağımız hamıya nümunə ola bilməz, bu o demək deyil ki, hər kəsdə bu alına bilər. Hər şey individualdır. Mənə uyğun idi, çünki belə bir şəxsiyyətlə ailə həyatı qurmuşdum, onun üçün də bu model uyğun idi, çünki onun qarşısına mən rast gəlmişdim. İkimizdə də uyğunlaşma var idi. Əsas odur ki, insanlar həyatda bir-birlərinə lazım olsunlar. Əgər lazımdırlarsa demək ki, onlar birlikdə olmalıdırlar.
- Evlilik təklifi özündən gəlmişdi?
- Əlbəttə ki, təklif ondan gəlmişdi. Mənim heç ağlıma gəlməzdi ki, Rafiqlə nə vaxtsa ailə həyatı quraram. Tələbəsi idim. Təklif edəndən bir müddət sonra ailə həyatı qurduq.
- Səbinə xanım, istərdim oxuduğu mahnılardan danışaq. Səhv etmirəmsə, diks də çıxartmışdı.
- Hə doğum günündə, 50 illik yubileyində bu mahnıları dostlarına, mənə ithaf etmişdi. Diskə ən çox sevdiyi 13 mahnını yazdırmışdı. Dostları dinlədilər, çox bəyəndilər. Həqiqətən də gözəl alınmışdı bu ifalar. Heç kəsə bənzəmirdi, özünəməxsus ifa tərzi var idi. Nərgiz Cəlilova ilə də çox gözəl dueti oldu.
- Sizə hansı mahnını həsr etmişdi?
- “Gecdir daha”.
- Amma heç nə üçün gec olmadı. Ələlxüsus da sevib-sevilmək üçün.
- Sevgi bütün etaplardan keçir. O etaplarda da onu qorumaq lazımdır.
- Rafiq müəllimlə birgə keçirdiyiniz illərə nə ad verərdiniz?
- Mən Rafiqlə böyüdüm, püxtələşdim, onun sayəsində çox şey öyrəndim. Həyata baxışım çox fərqli oldu. Onun ətrafında çox dostları var idi, onalrdan Rafiqə qarşı sadiqlik gördüm, içdən gələn sevgi, səmimi dostluq gördüm, haradasa satqınlıq da gördüm. Bu gördüklərim də erkən böyüməyimə səbəb oldu.
- Necə xasiyyətə malik insanları sevməzdi?
- Rafiq ümumiyyətlə elə bir insan idi ki, ən mürəkkəb xasiyyətə malik insan da onunla dostluq edirdi. Bu mənim üçün möcüzə kimi idi. Tamamilə qapalı xasiyyətə malik insanlar onunla dostluq etmək istəyirdi. Rafiqin dostu sözün əsl mənasında çox idi, düşməni yox idi. Ola bilərdi ki, kimlərsə ona qısqanclıqla yanaşsın.
- Rafiq müəllim sizdən öncəki həyat yoldaşları, ailələri haqda nəsə danışırdı? Keçmişi xatırlamağa meylli idi?
- Ümumiyyətlə Rafiqdə elə bir xasiyyət yox idi ki, keçmiş xanımları haqda nəsə danışsın. Ümumiyyətlə xanımlar haqda heç vaxt heç nə danışmayıb. Bu tamamilə Rafiqə xas olmayan xüsusiyyət, xasiyyət idi. Onun keçmişindən ən böyük xatirə yalnız oğlu idi. Çünki övladlarını çox sevirdi. Həmişə deyirdi ki, uşaqlarım bir-birlərini görmədi. Həmişə deyirdi ki, Leylinin 5 yaşını Rövşən görmədi, bunu hər zaman söyləyirdi.
- Müsahibələrinin birində demişdi ki, mən heç bir xanımımı incitməmişəm, sadəcə olaraq bizim ailə həyatımız alınmayıb.
- Ailə mürəkkəbdir, hər dəfə alınmır axı.
- Cəmiyyətimizdə bir neçə dəfə ailə həyatı quran insana qarşı münasibət o qədər də yaxşı olmur. O dəqiqə dedi-qodular, şayələr yayılır. Amma biz bunu Rafiq müəllimə qarşı görmədik.
- Alicənab insan idi, xanımlarla ayrılanda da mədəni formada ayrılırdı. İnciklik olmurdu aralarında.
- Məlum hadisədən sonra əfsanəvi diktorumuz Roza Tağıyeva ilə dost qalmışdı. Yəqin ki, sizin də hazırda münasibətləriniz yaxşıdır.
- Bəli, Roza xanımla münasibətimiz çox yaxşıdır. Ara-sıra zəngləşirik də, o mənim, mən də onun xətrini çox istəyirəm. Ona hər zaman hörmətlə yanaşıram, çünki Roza xanım övladı ilə bağlı çox çətin taley yaşayıb.
- Rafiq müəllimlə ayrılandan sonra dost qalmışdılar. Gəlib evdə oturub keçmişi xatırlayırdılarmı?
- O qədər də çox gəliş-gediş yox idi. Rafiq rəhmətə getməzdən 1 ay öncə Roza Tağıyeva və bir neçə dostu bizdə qonaq oldular. Söhbətləşdilər, zarafatlaşdılar, Rafiqə ürək-dirək verdilər ki, hər şey yaxşı olacaq. Necə bacarırdılarsa onu elə də dəstəkləyirdilər.
- Ölümündən bir neçə saat öncəni, dili söz tutub danışdığı vaxtları necə xatırlayırsınız?
- Mən bircə onu xatırlayıram ki, biz qızımla sonuna qədər mübarizə aparırdıq. Hər zaman da inanırdıq ki, möcüzə olacaq, Rafiq normal həyata qayıdacaq. İstər yataq şəraitində, istərsə də əlil arabasında olsa da sağ qalacaq. Sanki buraxmaq istəmirdik onu, belə bir mübarizə gedirdi. Halı pis olanda biz ona ürək-dirək verirdik, o danışmırdı, jestlərlə bildirirdi ki, hər şey yaxşı olacaq. Hər müayinə öncəsi qızım Leyli onu qucaqlayırdı və deyirdi ki, papa səndə hər şey yaxşı olacaq, mən buna inanıram. O da deyirdi ki, qızım sənin xətrinə hər şey edəcəyəm. Onun ölümünü heç cür qəbul edə bilmirəm, indi də mənə elə gəlir ki, Rafiq bizimlədir.
- Qızınız Leyli Hüseynlini artıq diktor kimi Aztv-də görürük. Demək ki, yaradıcılıq gendən gəlir.
- Qızım Rəssamlıq Akademiyasının rəngkarlıq fakültəsində təhsil alır, artıq 4-cü kursa keçib. 2-ci kursdan etibarən o AzTV-də çalışır. İnglis dilini mükəmməl bildiyi üçün televiziyanın nəzdindəki kursu müvəffəqiyyətlə keçib, inglis dilində xəbər aparıcılığına qəbul olundu. Bu gendən gəlir, onu nə mən, nə də Rafiq məcbur etməmişdi ki, aparıcı olsun. Bizim heç ağlımızda da bu yox idi. Sadəcə qismətdir.
- Bəs siz necə, hazırda hansı sənət üzrə fəaliyyətinizi davam etdirirsiniz?
- Mən kino sahəsi üzrə prodüsser-rejissor olaraq çalışırdım, 2013-cü ildən Rafiqin xəstəliyi ilə bu sahədən uzaqlaşdım. Çalışırdım Rafiqə daha çox diqqət ayırım. İndi hazırda Rafiqin filmi ilə bağlı daha çox işləyirəm. Ssenari və ideya müəllifi mənəm.