Qaziler.az kulis.az-ın “İşdən kənar” layihəsindən 2008-2012-ci illərdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri olmuş Hulusi Kılıçla müsahibəni təqdim edir. Xatırladaq ki, layihədə müxtəlif peşə sahibləri ilə ədəbiyyat söhbəti aparılır.
- Hulusi bəy, xoş gördük! Sizi yenidən Azərbaycanda görmək çox xoşdur.
- Xoş gördük! Mənə də yenidən Azərbaycanda olmaq çox xoşdu. Bura çox tez-tez gəlirəm. Azərbaycan tarixi, möhtəşəm günlər yaşayır və bu günlərdə burada olmaq mənə çox əla təsir eləyir.
- Yaxşı edirsiniz. Bizim xalq da sizi sevir.
- Bizim xalq dediyiniz elə bizim xalqdır (gülür). Çox vaxt deyirlər, bura mənim ikinci vətənimdir, amma mən düşünürəm ki, vətənin birincisi, ikincisi olmur. Bura mənim vətənimdir. Türkiyə mənim üçün nədirsə, Azərbaycan da odur. Həmişə demişəm, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan bizim qardaşlarımızdı, ancaq Azərbaycan bizim əkiz qardaşımızdır. Aradakı fərq budur. Məsələn, biz ailədə beş bacı, beş qardaşıq. İnsanın birdən çox qardaşı ola bilər, amma əkiz qardaş nadir olur. Azərbaycan və Türkiyə əkiz qardaşdır. Şuşada imzalanan bəyannamə, Vətən savaşında göstərdiyimiz siyasi, diplomatik, hər cür dəstək də bunun sübutudur.
- Bura gələndə vaxtınızı necə keçirirsiniz?
- Hər fürsət tapanda gəlirəm. Burada çoxlu dostlarım var. Düzdü, hamısı ilə görüşməyə imkan olmur, ancaq çalışıram hamısına vaxt ayırım. Könlüm zəngindir, amma neyləyək ki, zaman cəhətdən kasıbam.
- Ədəbiyyatla aranız necədir?
- Yaxşıdır, amma çox əla olduğunu da deyə bilmərəm. Gündə azı yüz səhifə kitab oxuyuram, bunun nə qədəri ədəbiyyatdır, dəqiq bilmirəm. Siyasət, diplomatiya daha çox vaxtımı alır. Hadisələr, xəbərlər çoxdur və bunların hamısını izləmək lazımdır. Məsələn, zamandan geri qalmamaq üçün Putinlə Baydenin görüşünü mütləq izləməliyəm. Bu məsələlər çox vaxtımı alır, ona görə də ədəbiyyata yetərincə vaxt ayıra bilmirəm. Təəssüf ki...
- Azərbaycanla Türkiyə mədəniyyətini, ədəbiyyatını müqayisə edəndə, nə kimi fərqlər görürsünüz?
- Azərbaycan musiqidə Türkiyədən çox irəlidir. Ədəbiyyatı da yaxşı vəziyyətdədir. Mənə görə, Azərbaycanda tək əskiklik kino sahəsindədir. Film və seriallarda Azərbaycan Türkiyədən geri qalır. Türkiyə artıq film və seriallarda dünya liderlərindən sayılır. Azərbaycanın şairləri, aşıqları daha güclüdür. İlk Türk Dil Qurultayı da 1925-ci ildə burada keçirilib. Məsələn, Bəxtiyar Vahabzadə türk dünyasının çox önəmli bir şairidir. Məzarında həm Azərbaycan, həm Türkiyə bayrağının olması da çox gözəldir. Zəlimxan Yaqub da çox sevdiyim şairlərdən biri idi. Allah hər ikisinə rəhmət eləsin. Onların türk dünyası üçün xidmətləri çox böyükdür. Anar, Elçin, Çingiz Abdullayev - onlar da böyük yazıçılardır. Həmçinin, başda Üzeyir Hacıbəyov olmaqla, Azərbaycanın yetişdirdiyi musiqiçilər də türk dünyasında böyük yerə sahibdirlər.
- Sadaladığınız bu yazıçılarla şəxsi münasibətiniz, dostluğunuz varmı?
- Əlbəttə. Anar da, Elçin də, Çingiz də mənim dostlarımdır. Bir yerdə çörək kəsmişik. Elçinin“Ağ dəvə” əsəri çox sevdiyim əsərlərdəndir. Anardan, Çingiz Abdullayevdən də sevdiyim əsərlər var.
- Türkiyə ədəbiyyatından sevdiyiniz yazarlar kimlərdir?
- Türkiyə ədəbiyyatından da sevdiyim yazarlar var. Nazım Hikmət ən sevdiyim şairlərdəndir. Dünya miqyaslı şairdir. Yaşar Kamal da böyük yazıçıdır. Orxan Pamukun adını çəkməyəcəm, çünki məlum məsələlər var. Düzdür, gözəl yazıçıdır, amma bəlkə də elə “soyqırım” dediyi üçün Nobel mükafatına layiq görüldü. Bir yazıçı, bir şair heç bir şərt altında öz millətinin, dövlətinin mənafeyinin əleyhinə getməməlidir. Buna görə də onu böyük yazıçı saymıram. Adını çəkməyi belə lazım bilmirəm.
- Azərbaycana ilk gəlişiniz nə qədər müddət keçir?
- İlk dəfə 2008-ci ildə səfir kimi gəldim. 2012-ci ildə səfirlik müddətim bitdi. Türkiyəyə qayıdanda cənab İlham Əliyev məni “Dostluq” ordeni ilə təltif etdi. Onda prezidentə də dedim ki, mən bura öz vətənimə xidmətə gəlmişdim. Mənim üçün Azərbaycana xidmət etmək Türkiyəyə xidmət etmək, Türkiyəyə xidmət etmək Azərbaycana xidmət etməkdir. Buranı özüm seçdim. Başqa ölkəni də seçə bilərdim, ancaq öz xalqıma xidmət etmək istədiyim üçün Azərbaycana gəldim.
- Həmişə belə rəsmi geyimdə, kostyum-qalstukda olmaq sizi sıxmır?
- Həmişə belə geyinmirəm. Sadə köynək, şortik geyindiyim də olur. İndi verilişdən gəlirəm deyə belə geyinmişəm. İstəyirsiniz gedim, əynimi dəyişib gəlim (gülür).
- Yox, narahat olmayın, sadəcə maraqlı gəldi deyə soruşdum.
- Sərbəst geyimlər də geyinirəm. Həmişə kostyum-qalstukda gəzən adamlardan deyiləm.
- Bakıda ən çox nə etməyi sevirsiniz?
- “Tarqovı”da, Bulvarda gəzməyi... Dünən bulvarda gəzintiyə çıxmışdım. İndi sizə şəkil də göstərərəm. Xoşuma gəlir. Tanıyanlar çox olur. Yaxınlaşıb salamlaşırlar, şəkil çəkdirirlər. Bu şəkilləri çox paylaşmıram, çünki dostlarım Bakıda olmağımdan xəbər tutur, vaxt edib görüşə bilməyəndə də özüm narahat oluram.
- Mətbəximizdən hansı yeməkləri sevirsiniz?
- Azərbaycan mətbəxini çox sevirəm. Kabablar çox gözəldir. Ət yeməkləri çox ləzzətli olur burada.
- Elə bil, Azərbaycan yeməkləri Türkiyə yeməklərindən daha ləzzətli olur...
- Türkiyə yeməklərindən daha yaxşı ola bilməz, çünki Türkiyə mətbəxi Osmanlı mətbəxidir. Dünyanın müxtəlif mətbəx ölkələrindən nümunələr var. Liviya, Suriya, Bolqarıstan və digər ölkələrdən... Azərbaycan mətbəxi nisbətən məhduddur, çeşid azdır. Fikir vermişəm, azərbaycanlılar ağız dadını dəyişməyə meylli deyil. Türkiyəlilərdə bu sərhəd yoxdur. Çin mətbəxinə də rahat öyrəşərik, Fransa mətbəxinə də. Türkiyədə evdə bişən yeməklərin sayı daha çoxdur. Məsələn, badımcandan 50 növ yemək hazırlayırlar. Türkiyə mətbəxi zəngindir.
- Bizim adətlərimizdən hansılar xoşunuza gəlib, ya sizə maraqlı olub?
- Türkiyə ilə müqayisədə xoşuma gələn odur ki, burada qadınlar çox siqaret çəkmirlər. Ən azından küçədə, kafelərdə, fərqli məkanlarda bunu çox nadir halda görmək olar. Türkiyədə, təəssüf ki, belə deyil. Bir də buranın qadınları Türkiyənin böyük şəhərlərinin qadınlarına nisbətdə daha çox adət-ənənəyə bağlıdır, daha çox türk qadınıdır. Bu da xoşuma gəlir. Qadın-kişi münasibətləri də daha mədənidir.
- Musiqi zövqünüz necədir? Hansı janrda mahnıları dinləyirsiniz?
- Hər janrda musiqini dinləyirəm. Ritmik mahnıları sevirəm. 18 yaşlı gənclərin dinlədiyi mahnıları sevirəm, onlara qulaq asıram. Məsələn, Tarkanı sevirəm. Azərbaycanlı müğənnilərdən Xumar Qədimovanı sevirəm, Gülay Zeynallını dinləyirəm, Röyanı dinləyirəm. Tünzalə Ağayevanı, Brilyant Dadaşovanı dinləyirəm. Azərin zatən çox yaxın dostumuzdur.
- Muğamı sevirsiniz?
- Bəli, sevirəm. Muğam türk sənət musiqisi kimidir.
- Bir çox ölkələrdə olmusunuz. Mənə maraqlıdır, sizcə, dünyanın ən gözəl qadınları hansı ölkədədir?
- Ukrayna, Çexiya və Venesuella. Türk qadınları da gözəldir, amma bu sadaladığım ölkələrin qadınları daha gözəl olur. Fransızlar da pis deyil.
- Futbolla aranız necədi?
- Yaxşıdır. İzləyirəm. “Fənərbaxça” azarkeşiyəm. Türkiyə millisinin də buradakı oyunlarını izlədim, heyf ki, məğlub olduq. Şenol Günəş əslində, çox yaxşı məşqçidir, Türkiyəni dünya üçüncüsü etmişdi, amma bu dəfə çıxışımız yaxşı alınmadı.
- Sizinlə söhbətimiz Azərbaycanın qələbə günlərinə təsadüf edir. Sizcə, İkinci Qarabağ savaşı Azərbaycan mədəniyyətinə necə təsir edəcək?
- Elə təkcə Şuşa şəhəri türk dünyasının mədəniyyət mərkəzidir. Orada yetişən sənət adamları, şəxsiyyətlər Şuşanın bizim şah damarımız olduğunu göstərir. Qafqazın incisidir Şuşa. 30 illik ayrılıq bitdi. Bundan sonra Şuşa, Qarabağ yenidən mədəniyyət mərkəzinə çevriləcək. Oradan yenə böyük şəxsiyyətlər çıxacaq. Ən əsası, Azərbaycan xalqı ruh yüksəkliyi yaşayacaq və bu ruh yüksəkliyi yazmağa, yaratmağa kömək edəcək.
- Hulusi bəy, bizə vaxt ayırdığınız və xoş söhbətiniz üçün təşəkkür edirik.
- Siz sağ olun! Mənə də çox xoş oldu.