Bu, böyük təşviş yaratdı: Ramiz Mehdiyev məni axtarırdı ki... - VİDEOMÜSAHİBƏ

Bu, böyük təşviş yaratdı: Ramiz Mehdiyev məni axtarırdı ki... -  VİDEOMÜSAHİBƏ backend

“Elchi.az” saytının baş redaktoru Əli Həziquliyev Publika.az-a müsahibə verib.

Ə.Həziquliyev Azərbaycan mediasının ümumi durumunu dəyərləndirib, jurnalistlərimizin peşəkarlığından danışıb. Peşəkarlıqda inkişaf etmiş ölkələrdən geri qalmağımızın səbəblərini açıqlayıb.

O, həmçinin, “Kütləvi informasiya vasitələri haqqında” yeni qanun layihəsi ilə bağlı qane olduğu və olmadığı məqamları dilə gətirib. Medianın İnkişafı Agentliyinin (MEDİA) keçirdiyi son müsabiqənin nəticələrinə münasibətini bildirən Əli Həziquliyev onu qane edən və etməyən məqamlardan danışıb.

Müsahibəni təqdim edirik:

- Media haqqında qanun layihəsi ilə tanışsınız? Layihədə sizi qane edən və etməyən məqamlar nələrdir?

- Bu qanun layihəsi parlamentdə müzakirə olunana qədər yəqin ki, bizim tanış olmaq imkanımız olmayacaq. Rəsmi dövlət media qurumlarında, bəzi sayt və televiziyalarda bu qanun layihəsi kiçik və dar çərçivədə jurnalistlər tərəfindən müzakirə olunur. Onların da bir hissəsi açıq, digər hissəsi qapalı olur. Yəni müəyyən məlumatlar mediadan gizlədilir. Bu gün Azərbaycan cəmiyyətində bu layihəni hazırlaya biləcək, təkliflər verəcək jurnalistlərdən gizli saxlanılır. Yeni qanun layihəsindən Azərbaycan jurnalistlərinin xəbəri yoxdursa, bunu jurnalistlərə necə tətbiq edəcəklər? Media boşluqları doldurmalıdır. Tək mən yox, 90% jurnalist bu qanun layihəsi ilə tanış olmayıb, tanış olmaq imkanları da yoxdur. Dövlət media strukturlarında kiçik müzakirələr təşkil olunur, toplantılar şəklində onları təqdim edənlərin özlərinin istədiyi maddələri təqdim edirlər. Peşəkar olmaq üçün bütün dövlət strukturları medianın üzünə açıq olmalıdır. Uzun illərdən sonra biz nail olduq ki, mitinqlərdə jurnalistləri ön plana çıxara bilək, nə baş verdiyini heç olmasa fotoreportyorlar görə bilsin. Buna uzun müddət sonra nail ola bildik. Mətbuat Şurası bu sahədə xeyli irəliləyişlər etdi, vahid uniformalar hazırlandı, jurnalistlər orada sərbəst iştirak edə bildilər. Biz bu gün əlimizdə olan araşdırma ilə bağlı sorğunu hansısa dövlət orqanına, investisiya holdinqinə göndərsək, onlardan bizə cavab gələcəkmi? Ümumiyyətlə, cavab gələcəkmi? Sahil Babayevə və yaxud SOCAR rəhbərliyinə sorğu göndərsək, bizə cavab verən olmayacaq. Sadəcə mətbuat xidməti səviyyəsində nəyisə yazmamağı tövsiyə edəcəklər. Peşəkarlıq mühiti yaradılmalıdır. Dövlət orqanlarına tapşırıq verilməlidir ki, jurnalistin sualına bir cümlə ilə də olsa, cavab verib geri qaytarmaq lazımdır. Bunu etmirlər. Bu baxımdan jurnalist peşəkarlığını süni şəkildə tormozlayırlar. Jurnalistikamız da birtərəfli informasiya verməyə məcbur olur. Bu da meydana çıxandan sonra məhkəmə çəkişmələri başlayır.

- MEDİA Agentliyinin keçirdiyi son müsabiqənin nəticələrinə münasibətinizi öyrənmək istərdik. Nəticə Sizi qane edirmi?

- Biz öyrəşmişik ki, adətən nəticəni müzakirə edək. Ancaq o nəticəyə qədər bir çox səbəblər var. Ümumiyyətlə, jurnalistika dediyimiz informasiya, yazı fəlsəfənin səbəb-nəticə, zaman-məkan, zərurət-təsadüf kateqoriyalarının üzərində qurulub. Adi bir informasiyada bu detallar nəzərə alınır, bu kateqoriyalar orada gözlənilir. Biz bu gün MEDİA Agentliyinin keçirdiyi müsabiqənin səbəbini araşdırmalıyıq. Niyə MEDİA Agentliyi ölkə mediasına dövlətin adından pul verməlidir? Bu, hansı səbəbdən belə olmalıdır? Tutaq ki, səbəbi bildik, bu qərar doğrudurmu? Və yaxud da doğrudursa, ədalətlidirmi? İstənilən sahədə doğru olmaq ədalətli olmaq demək deyil. O pullar mətbuata niyə verilir? Zaman-zaman Azərbaycan mediası bu və ya digər formada daxildən və xaricdən maliyyələşib. Daxildə oliqarxlar və yaxud da dövlətin ayrı-ayrı strukturları öz maraqları çərçivəsində maliyyə ayırıblar. Azərbaycana xaricdən təsir edən dövlətlərin missionerləri də mətbuatımızı maliyyələşdirib. Dövlət bir zaman ayıldı və medianı bir araya gətirmək, bir yerə yığmaq istədi. İstədi ki, media həqiqətən də Azərbaycan mediası olsun. Bu baxımdan bu layihələr ortaya çıxdı. Bəs biz buna nə qədər nail ola bildik? Mediaya bu sahədə pul yatırımları olanda həm iqtidardan, həm müxalifətdən olan, həm də bir çox müstəqil qəzetlər seçildi. Orada ədalət prinsipi pozulmuşdu. Demək olar ki, burada 50% nəyəsə nail oldular. Bunun özünün yaratdığı fəsadlar var. Kənarda qalan qəzetlər əlavə maliyyə mənbələri axtardılar. Dövlət o saytları bir növ özününküləşdirdi, digərləri isə ya xaricin, ya da daxili məmurların ümidinə qaldı. Sonra bir qrup saytlar ortaya çıxdı. Onların da bir hissəsi öz mövcudluqlarını qorumaq uğrunda fikirləşməyə başladılar. Böyük məmurlara əlləri çatmayanlar kiçik məmurlardan yapışdılar. Bu şəkildə öz mövcudluqlarını qorumağa çalışdılar. Bu, MEDİA Agentliyindən əvvəl yaradılan bir sistem idi. İndi bu agentlikdə gənc, enerjili kadrlar yer alır. Düzdür, normal insanlardır. Əhməd müəllim media sahəsinə kənardan gəlsə də, ətrafımda olan insanlar onun haqqında çox yüksək fikirlər söyləyirlər. O, media sahəsi ilə bağlı öz üzərində işləyib, xarici təcrübədən yararlanıb. Ancaq Azərbaycan mediasını bilirmi, tanıyırmı? Bizim bəlamız bundadır. Gələnlərin hamısı xarici medianı öyrənməyə çalışır. Avropa mediası Avropa cəmiyyətinə aiddir, biz cəmiyyətimizi onların səviyyəsinə çatdırmalıyıq. Bizim Avropada olanı burada tətbiq etməyimiz yanlışdır, biz Avropa insanının düşüncələrini bura gətirməliyik. Ona hakim olandan sonra medianı da onlardan götürüb tətbiq edə bilərik. Ancaq sovet hökumətinin qurduğu sosializm sistemi bizi 70 il geri saldı. Bu cəmiyyətdə, Azərbaycan mətbuatında indiki Avropa strukturlarının mediası keçərli deyil. Biz bunları keçməliyik, keçməsək, yenə yarımçıq qalacaq. Bu bölgünün özü ədalətsizdir.

- Məqsəd nədir?

- Məqsəd ikinci mərhələdə reket adlandırdığımız aztəminatlı saytları bir növ ram etmək, ələ almaq idi. Ələ almaq olmasa da saxlamaq, böyütmək, inkişaf etdirməkdir. Məqsəd mövcud medianı inkişaf etdirmək, yeni medianı həyata qaytarmaqdır. Biz isə bu və ya digər formada dövlətin hansısa strukturlarından maliyyələşən sayt və qəzetləri yenə yığdıq və yardımı onlara etdik. Cəmiyyətimizi, dövlətimizi, mətbuatımızı narahat edən media yenə də kənarda qaldı. Baxış fərqli olmalıdır. Yuvarlaqlaşdıranda saytlara ümumilikdə 120 min manat pul ayrılıb. Bu məbləğ 39 sayta verilir, onların 30-nun bu və ya digər formada o pula heç ehtiyacları da yoxdur. Onlar ayrı-ayrı strukturlardan, reklamdan o maliyyəni alırlar, inkişaf da edirlər. Bu pul onların heç təsərrüfat xərclərini ödəmir. Ancaq dövləti və cəmiyyəti narahat edən media yenə də kənarda qaldı. Onları almaq olardı. Bunun hər birinə 1000 manatdan pul vermək olardı, bu da 120 sayt edərdi. Onlara şərait yaratmaq olardı ki, sizin o qapıda, bu qapıda aldığınız pulu dövlət sizə verir ki, inkişaf edəsiniz və normal reklam bazarına girəsiniz. Bu şəkildə saytları çəkmək olardı. Digər tərəfdən, dövlət bu saytları inkişaf etdirmək istəyir. Ancaq dövlətin marağında olmalıdır ki, bu saytlar lazım olanda dövlətin yanında olsun. Biri var 120 sayt, biri də var 40 sayt dövlətin yanında olsun. Biz yenə xarici missionerlərə bazarı buraxdıq ki, bu saytlara sahiblənə bilmirik, gəlin, siz alın və bizə qarşı işlədin. Bir halda ki, onlar məqsədli şəkildə bu saytın başında durublarsa, sona qədər də duracaqlar və özlərinə mənbə axtaracaqlar. Bu saytlar yenidən missionerlərin əlinə keçəcək. Buna görə da onları öz əlimizdə saxlamaq lazımdır. Hansısa formada onlara dəstək olunmalıdır ki, gözləri başqa maliyyə mənbələri axtarmasın. Ancaq bu məsələ həll olunmadı. Gələcəkdə necə olacağını bilmirəm. Yardım etdikləri saytların özləri belə narazıdır. Heç kəsi razı sala bilmədilər, nə pul ayırdıqları razı oldu, nə də kənardan sayt gətirib razılar sırasına qoşa bildilər. Bu şəkildə məqsədə nail olunmadı. Prosesə gəldikdə isə, bölgü ədalətlidir. Müəyyənləşdirilən kriteriyalara uyğun gələn saytlar dövlətdən yardım ala biləcək. Ancaq o kriteriyaların özünün formalaşdırılması belə ədalətsizdir.

- "Media haqqında" qanunda müddəa var ki, ali təhsili olmayan şəxslər reyesterə daxil edilməyəcək. Amma müsabiqədə qalib gəlmiş təhsilsiz media rəhbərləri var. Bu qəribəliyi necə izah etmək olar?

- Jurnalistika peşədir. Əvvəlcədən də var idi ki, media rəhbərləri təhsilsiz ola bilərlər, özəl biznesdir. Ancaq qanunda belə təsbit olunubsa, bu şəkildə də olacaq. Mən kifayət qədər təhsilsiz insanlar tanıyıram ki, çox gözəl qələmləri var. Jurnalistika sahəsində çalışan kifayət qədər insan var ki, bu sahənin məzunu deyil. Jurnalistika bitirməyən biri yazı yazmağı bacarırsa, təhsil almayan insan da bunu bacarır. Dövlət əgər bu qərarı qəbul edibsə, normaldır. Mediamızın təhsilsiz insanların əlinə düşməsi medianı məhvə aparır. Çünki təhsil, heç oxumasa belə universitet həyatı, auditoriya insanlara etika və estetikanı, subardinasiyanı, davranış qaydalarını öyrədir. Onlar həyati praktikaya sahib olurlar. Ali təhsilsiz insanın istənilən quruma rəhbər vəzifəyə təyin olunması acınacaqlıdır. O cümlədən də mediada. Bu qərarı normal qəbul edirəm.

- Biz medianın inkişafını əsas götürməliyik, yoxsa süni şəkildə iş yerlərinin açılmasını? Bu, digər sahələrin uğursuzlarının mediaya axınını sürətləndirməyəcəkmi?

- Biz təbii, yoxsa süni seçim yolu ilə getməliyik? Təbiətdə təbii seçmə deyilən nəzəriyyə var. Təbii seçmə eyni zamanda güclülərin yaşamasıdır. Təbiət özü bu seçimlərlə hərəkət edir. Biz təbii seçmə yolu ilə gedəriksə, mediamız inkişaf edəcək. Süniliyi seçəcəyiksə, artıq iş yerlərini açacağıq. Sadəcə boş iş yerləri olacaq, insanlara yeni iş yeri verəcəyik. Medianın bugünkü tələbləri təkcə mediada olmamalıdır, bu, cənab Mikayıl Cabbarovun apardığı vergi islahatları ilə də həll olunmalıdır. Onlar bu tələbləri qoymalıdır. Necə ki, özəl bir müəssisəyə bu tələblər qoyulur. MEDİA Agentliyinin funksiyası deyil ki, siz orada işçini qonorarla saxlayacaqsınız, yoxsa mütləq ki, bu qədər işçi götürməlisiniz. MEDİA Agentliyi üzdə olan, görünən medianın tələbatlarına cavab verməlidir. Görünən medianın üzərində işlənilməlidir. Onun işçiləri üzərində işləmək bu qurumun işi deyil. Bu baxımdan MEDİA Agentliyinin ədalətsizliyi bir növ burada idi. Kifayət qədər saytlar var ki, onların müəyyənləşdirdiyi kriteriyalardan kənarda qaldılar, heç müraciət edə bilmədilər. Ədalətsizlik bunda idi. Kriteriya müəyyən edib jurnalistika sahəsində tələb kimi qoymaq ədalətsiz yanaşma idi. Ancaq tələb qoyulandan sonra qalib gələnlər ədalətli idi. Onların işçi sayı da, ofisi də, müqaviləsi də var idi. Amma bu kriteriyalara uymayan saytlar var ki, kənarda qaldılar. Məsələn, öz saytımın yerləşdiyi idarə ilə heç bir müqaviləm yoxdur. İdarə mənimlə müqavilə bağlayanda dövlətə vergi verməlidir, mən onunla müqavilə bağlayanda cibimdən verdiyim pulu rəsmiləşdirməliyəm. Bu, vaxt itkisidir. Mən işçimə əməkhaqqı verəndə bunu xəlvət verirəm, çünki onu rəsmiləşdirəndə dövlətə vergi verməliyəm, əlavə də mühasib saxlamalıyam. Buna maliyyəm yetərli deyil, mənim maliyyəm 2-3 nəfər işçini saxlamaq üçün yetərlidir. Vergilər Departamenti bunu artıq tələb kimi ortaya qoymalıdır, Əmək Müfəttişliyi gətirib bunları etməlidir ki, mən bunu məcbur olub edəcəm. Ancaq MEDİA Agentliyi bu tələbləri qoymamalı idi. Bu agentlik mənə açılan qapını sərbəst açmalı idi, məni məcbur etməməli idi ki, pəncərədən daxil olum. Onlar əvvəlcədən olunacaq müraciətlərin qarşısını aldılar. Müraciət olunandan sonra onların arasından seçmək olardı. Yenə də o tələbləri qoymaq olar. Ancaq bu sayt mövcuddursa, mənim ora müraciət etmək hüququmu tanımalı idilər. Bunlar isə əvvəlcədən qarşısını aldılar, narazıların sayını azaltdılar. Sonra isə müsabiqədə qalib olanlar, eyni zamanda qalib olmayanlar arasında narazılıqlar oldu. Dövlətin bu xoş məramı narazı ordusu formalaşdırırsa, demək burada nəsə düz getmir. Demək, yeni qaydalar fikirləşib tapmaq, yeni qaydalar tətbiq etmək lazımdır. Elə etmək lazımdır ki, hamı müraciət edə bilsin. Mən müraciət edə bilməyəndən sonra kimdən narazı qalacam? Qaydalar məni kənara atdı. Bu qaydalar qanunla tətbiq olunan qaydalar deyil. Bu qaydaları çıxaran insanların özlərinin mediada olmaması məsələsi var. Məsələn, orada qayda müəyyənləşdirənlərdən biri əvvəllər mediada olub, sonra turizm şirkəti yaradıb, bu sahə ilə məşğul olub. Digər bir şəxs isə gəzmədiyi qapı qalmayıb, harada, hansı mediada daha çox pul verilirdisə, gedib orada işləyib. Özü cibindən bir manat xərcləyib nə media yaradıb, nə struktur formalaşdırıb, nə də cəmiyyətə bir fayda verib. Hazır, mövcud olan medialarda işləyib əməkhaqqısını alıb. Axı öz cibinin pulu ilə media yaradanlar var. Azərbaycan mediasına töhfə verən insanların əksəriyyəti öz ciblərinin pulu ilə bu medianı yaradıblar. Məsələn, Rauf Arifoğlu 90-cı illərdə öz cibinin pulu ilə media yaradıb, dövlətdən maliyyə almayıb, bu vəziyyətə gətirib çıxarıb. Onu necə kənarda qoymaq olar? Bu, onun haqqıdır. Bu məsələlərdə bunlar nəzərə alınmalı idi ki, kim bu medianı öz şəxsi maliyyəsi ilə dirçəldib. Vaxtilə 15-20 qəzet var idi, onların nüfuzu var idi, ümumiyyətlə, qəzetçiliyin hörməti var idi. Bu gün çap mediası, jurnalistikamız hörmətdən düşüb. Bu gün Azərbaycanda nə mətbuatın çəkisi, nə verilən önəm, nə də o dərəcədə maraqlı insanlar var.

- Qaliblər arasında mövcud olmayan sayt adı da var. O saytın qələbəsində hansı amil əsas götürülüb? Onun ictimai rəyə təsiri, tirajı, onlaynı necə müəyyən edilib?

- Mənim də orada bildiyim saytlar var ki, o kriteriyalara uyğun deyillər. Ad çəkmək istəmirəm. Bu insanlar, hansı ki, mətbuatla bağlılığı olmayan, turizmdən, dəniz gəmiçiliyindən gələn insanlar bu kriteriyaları müəyyənləşdirirlərsə, hansısa qanun yoxdursa və bu 3 nəfər kriteriya müəyyən edirsə, burada nə istəsən gözləyə bilərsən. Məsələn, bu gün orada Şura yox idi, Müşahidə Şurası və ya İdarə Şurası formalaşmayıb. Prezident onu hələ təyin etməyib. Bunlar özlərindən sonrakı mərhələdə verdikləri qərarı təsdiqləyəcək üst qurum olmalı idi, bu qurum yoxdursa, bu qaydaları özləri müəyyənləşdirib, özləri də sevə bilərdilər. Onların 3 min manatı verib-verməməsi ilə nə mətbuat sağalasıdır, nə də öləsi. Sadəcə olaraq bu şəxslərin işə ilkin olaraq bu cür başlamaları özlərinin əleyhinədir. Yeni yaranan qurumun debütü bu cür başlaması özlərinə mənfi gətirir. Bu, onların bundan sonra necə işləyəcəyinə işarə idi. Mən sayt tanıyıram ki, ofisi də yoxdur, özündən başqa işçisi də yoxdur, normal saytdır, işləkdir, onların kriteriyalarına uyğun gəlməyən əjdaha sayt deyil, ancaq bu kriteriyaları keçə bilmirlər. Düzdür, veriblər, kiminsə dostu, kiminsə tanışı olub. Bu da ideal seçim deyil. Bunun üstünə çox getmək olmaz. Sadəcə biz çalışmalıyıq ki, onların bundan sonra mətbuatla bağlı verdikləri qərara təsir edə bilək. Azərbaycan mediası bunun üçün bu gün toparlanmalı və o qərarlara təsir etməlidir. Bunu təkcə müsabiqədən kənarda qalan saytlar etməməlidir, bunu eyni zamanda siz də daxil olmaqla, nüfuzlu saytlar, Aynur Camalqızı, Rauf Arifoğlu, Vüsalə Mahirqızı, Eynulla Fətullayev etməlidir. Hansı ki, bu gün onların rəyləri dövlət üçün önəmlidir. Bunlar özləri təkliflər verməlidirlər ki, biz bəlli, bəs yerdə qalanlar necə olacaq, onlarla necə işləyəcəyik? Biz mətbuat toplumu olaraq bu təkliflərlə çıxış etməliyik. "Məndən ötdü, qardaşıma dəydi" prinsipi ilə etməməliyik. Hamı toplanmalı, təkliflər verməlidir. Media haqqında yeni qanun çap olunsun, medianın müzakirəsinə çıxarılsın. Biz onu dərc olunanda hamı kimi görəcəyik. Əvvəlcədən görək, niyə gizlədirsiniz? Qoy, mətbuat indidən bilsin ki, çıxıb başqa işin arxasınca gedəcək, yoxsa 6 ay vaxt itirəcəklər. Medianı quran, inkişaf etdirən elə insanlar var ki, beziblər, amma getmək də istəmirlər. Mən də şəxsən getmək istəmirəm. Mən 16 il Ramiz Mehdiyevlə, Əli Həsənovla mübarizə aparmamışam, onların "qara siyahısı"na düşmüşəm sadəcə. 16 il öz cibimlə, dostların köməyi ilə qəzet çıxarmışam. Artıq keçmişəm az büdcəli sayta. Növbəti 16 ilimi də onların "qara siyahısı"nda davam etdirmək istəmirəm. Salsalar belə, heç onlara müraciət etməyəcəm. Sadəcə onlar ədalətli bölgü ilə işləməlidirlər.

Onlar təlim keçirlər, təlimi ADA Universiteti keçirsə, çox gözəl, universitet özü bilər kimi çağıracaq. O jurnalistlər də 15-20 il Azərbaycan mediası üçün canını qoyanlardır, digərlərini tanımırsan. Bu, nüfuz üçün deyilsə, doğrudan da onlara dərs keçməkdirsə, tanınmayanları çağırsınlar. Bu medianın inkişafında olan dərs keçəcək jurnalistləri çağırıb niyə onlara dərs keçirsiniz?! Bu, nə deməkdir axı! Rəşad Məcidə orada hansısa 40-cı dərəcəli, "Əl-Cəzirə"nin kameramanı Azərbaycan jurnalistikasından dərs keçir. Axı bu dərs keçən adamın özü Azərbaycan cəmiyyətini tanıyırmı, Azərbaycan jurnalistikasının hansı səviyyədə olduğunu bilirmi? O şəxs öz təcrübəsindən danışacaq. Bu, Rəşad Məcidə lazım deyil, o, özü dərs keçəndir. Rəşad Məcidi inkişaf etdirmək istəyirsinizsə, göndərin "Nyu-York Tayms" qəzetinin redaksiyasına. O, qəzet jurnalistidir. Getsin, baxsın onların ofislərinə. Niyə göndərmirlər? Çünki Rəşad Məcid o ofisi görüb gələndən sonra ya tüpürüb gedəcək, ya da tələb edəcək ki, o şəraitdən bizə də yarat. Əvəzində isə kənardan bir neçə adam gətirirlər, büdcə silmək üçün 15-20 adam toplanır, çay, kofe içib gedirlər. Bunun özü belə jurnalist toplumunda narazılıq yaradır. Eynulla Fətullayev çox gözəl yumoristik sarkazm, satirik tipli bir status yazmışdı. Deyirdi ki, Azərbaycanda çox gözəl yeni media menecerləri formalaşır. Gəncdirlər, istedadlıdırlar, enerjilidirlər, kiçik bir çatışmazlıqları var, yazı yaza bilmirlər, jurnalistikanı bilmirlər. Budur. Bunlarla nə etmək istəyirsiniz? Yazı yaza bilmir, jurnalistikadan xəbərləri yoxdur, onlardan media menecerləri düzəldirlər. Azərbaycanda media menecerləri deyəndə Aynur Camalqızı, Rauf Arifoğlu, Vüsalə Mahirqızı, Eynulla Fətullayev, Trend-in rəhbərliyi, bir neçə sayt idarəçisi yada düşür. Hələ yeni-yeni formalaşır menecerlər. Siz mövcud olan bu menecerləri kənara qoydunuz. Yeni kiçik-kiçik insana zorla maliyyə xərcləyərək bu şəxslərin üzərinə çıxarmaq özü ədalətsizlikdir. Burax təbii seçimə, özləri gəlib yaradacaqlar. Nə Rauf Arifoğlunu, nə Aynur Camalqızını, nə də Vüsalə Mahirqızını kimsə formalaşdırmayıb. Bu menecerlər özləri formalaşıb, onları niyə məhv edirsiniz? Onların üstündə hərəkət elə, yeniləri çıxdıqca siyahıya sal, üzərində işlə. Bu kriteriyalarla seçim 60-70 faizin üzərində çox ədalətlidir, ancaq kriteriyaların özü ədalətsizdir.

- Mediada hamı islahat istəyir. O islahatı necə təsəvvür edirsiniz? Nələr edilməlidir ki, mediada sözün əsl mənasında bir təmizlənmə və aydınlanma yaransın?

- Heç bir inkişaf etmiş dövlətdə belə media bu problemlərdən xali deyil. Biz sadəcə olaraq hansı faizlə nə qədər yarada biləcəyimizi düşünməliyik. Medianın bu problemlərdən təmizlənməsi yolu yaxın 5-15 il ərzində görünmür. Bunun yeganə yolu odur ki, universitetlərdə gənc kadrlar praktik hazırlanmalıdır. Nəzəriyyələr bütünlüklə çıxarılmalıdır. Jurnalistikada istedadlı şəxslər seçilməlidir. Onları cığıra salmaq olmaz. Onlar jurnalist olmaq istəyirlərsə, necə ki, həkimlər xəstəxanalarda yetişir, bu gənclər də redaksiyalarda yetişməlidirlər. Onlar ilin 9 ayını redaksiyalarda oturmalı, 1 ayı isə müəllim qarşısında nə öyrəndiklərini deməlidirlər. Ancaq müəllimlərə maaş verməkdən ötrü onları bütün ili nəzəriyyə ilə yükləyirlər. Bu olmazsa, jurnalistikamız da peşəkarlaşacaq, yeni menecerlər ortaya çıxacaq, o zaman özü-özünü tənzimləyəcək ki, bizə arxadan yeni kadrlar gəlib. Sovet dövründə sistem qurulmuşdu, heç kəs cizgidən kənara çıxa bilmirdi. Ancaq o dövrdə indikindən qat-qat güclü felyetonlar olub. Mən 90-cı illərdə 70-ci illərin "Kommunist" qəzetini oxudum. Dəhşətə gəldim, biz elə bilirdik onlar çox yazmırlar, ancaq onlar hər şeyi yazırmışlar. Yazılar jurnalistikanın bütün rakurslarına baxanda çox peşəkardır, nöqtə, vergülünə qədər peşəkarcasına yazıblar. Tənqidi də, tərifi də peşəkarcasına ediblər. O şəkildə ediblər ki, o yazıya dərhal reaksiya göstərilib, problem aradan qaldırılıb. Jurnalistikamızda mövcud olanı düzəltməyə cəhd edirik, ancaq kökdən gələnləri düzəltmək lazımdır. Jurnalistika sahəsinə məsul olan şəxslər də bu cəhdləri edirlər. Ancaq cəhdin özü yanlış olmasın, jurnalistikamız az da olsa bu problemlərdən təmizlənsin. Biz ya radikal əməliyyatlara, ya da müalicəyə getməliyik. Birinci bu prinsipi formalaşdırmalıyıq ki, biz hansı yolu tutmuşuq. Həm radikal əməliyyat, həm də müalicə vaxt aparır.

- Pozner deyir ki, universitetlərdə jurnalistika fakültələri ləğv olunmalı və jurnalistika kursları yaradılmalıdır. Jurnalist olmaq üçün 5 il təhsil almağa gərək yoxdur. Ali təhsilli, istedadlı şəxslər seçilərək jurnalistika məktəblərində yetişdirilməlidir. Siz necə düşünürsünüz?

- Çox doğru fikirdir. Filologiya fakültəsinin tələbəsi hansısa jurnalistika kursunu keçməlidir. Sovet dövründə bu var idi. Mən baytarlıq oxuya-oxuya paralel olaraq ictimai peşə fakültəsində jurnalistika kursunu oxuyurdum. 2 il həftədə 2 dəfə dərsə gedirdik. Düzdür, bu, yetərli deyildi. Ancaq var idi. Oradan da jurnalistikaya gəlmək olur. Jurnalist olmaq üçün mütləq deyil ki, gedib 5 il jurnalistika təhsili alasan. Filologiya da, riyaziyyat da, biologiya da oxuya bilər. İctimai peşə fakültələri bərpa olunmalıdır. Orada muğam kursundan jurnalistikaya, ictimai peşələrə qədər kurslar var idi. Jurnalist üçün 20 ölkənin mətbuatını ayrı-ayrılıqda öyrənməyə ehtiyac yoxdur. Əgər jurnalistika elmi ilə məşğul olmaq istəyirsə, getsin oxusun, öyrənsin. Ancaq bu da fayda vermir. ABŞ təcrübəsini öz ölkəndə tətbiq edə bilmirsənsə, onu öyrənməyə də gərək yoxdur. Jurnalistika fakültəsinin ləğvini yox, ancaq kursların yaradılmasını təqdir edirəm. Qoy, fakültə də qalsın. Ancaq kurslar da yaradılsın. Ölkəmizdə elə bir qayda da yoxdur ki, jurnalist mütləq ki, jurnalistika fakültəsini oxuyan şəxsdən olacaq. Bu fakültənin ləğv edilib-edilməməsinin o qədər də önəmi yoxdur.

- Ölkə mediasının maddi durumu ürəkaçandırmı? Sizcə, bir jurnalistin orta aylıq əməkhaqqı nə qədər olmalıdır?

- Azərbaycan mediasına dövlət tərəfindən kifayət qədər xərc çəkilib. Azərbaycan jurnalistinə xeyli vəsait ayrılıb. Jurnalistlərə evlər verilib, qəzetlərə yardımlar olunub. Demək olar ki, digər sahələrlə müqayisədə və gördüyümüz işin müqabilində əməkhaqları normaldır. Tam səmimi deyim, bu gün elə böyük iş də görmürük. Bizi elə çərçivəyə salıblar ki, araşdırma da apara bilmirik. Sadəcə klaviatura arxasında işləyirik. Deməzdim ki, yüksək səviyyədədir, amma aşağı da deyil.

- Ən yaddaqalan reportajınız, yazınız, məqaləniz hansı olub?

- Çoxdur. Mən jurnalistika sahəsində sanki kamikadze olmuşam. Girişdiyim bir sahəni təkcə məqalə ilə bitirməmişəm. Silsilələr yazmışam. Ən yaddaqalanını deyim. 2003-cü ildə "Ramiz Mehdiyevin uşaqları" başlığında bizdə yazı getmişdi, özüm yazmışdım. Düzdür, xüsusi jurnalistika qabiliyyətimi işə salıb yazdığım yazı deyildi. Sadəcə siyasi idi. Bu, üst dairələrdə çox böyük təşviş yaratmışdı. Hamı məni axtarırdı, telefonuma zənglər gəlirdi. Ramiz Mehdiyev yazı ilə maraqlanıb. Səbəb isə yazının sifarişçisinin İlham Əliyev olub-olmadığını öyrənmək olub. Bu, xüsusi olaraq yadımda qalıb. Çünki İlham Əliyev niyə mənə yazı sifariş versin ki?!

- İlk maaşınızı da öyrənmək istərdik.

- 1993-cü ildə AXCP hərəkatının imformasiya mərkəzinin bir müddət müdir əvəzi işlədim. O dövrdə ilk olaraq 40 dollar maaş almışam, müdir əvəzi işləyəndə isə 60 dollar aldım. “Cümhuriyyət” qəzetində işləyəndə isə 50 dollar almışam. İkisində birlikdə işləyəndə maaşım 110 dollar edirdi ki, bu da o dövr üçün böyük pul idi. Sonradan məni müxalifət qəzetinə rəhmətlik Süleyman Osmanoğlu 300 dollar maaşa çağırdı. Sonra isə 1995-96-cı illərdə Rauf Arifoğlu məni 500 dollar maaşa "Müsavat" qəzetinə çağırdı. Düzdür, vəd olunan pulların hamısı verilmirdi, ancaq konkret olaraq danışıqlarda o rəqəmlər gedib.

- Boş vaxtlarınızı necə dəyərləndirirsiniz?

- Boş vaxtlarımı dostlarla dəyərləndirirəm. Çay süfrəsi arxasında söhbət edirik, bu tip diskussiyalarla medianın durumunu, Azərbaycanda siyasi vəziyyəti incələyirik, müzakirələr aparırıq.

Diaspora