Nəbiyev Tural Nəbi oğlu 1983-cü ildə Füzuli rayonunun Horadiz qəsəbəsində (indiki Horadiz şəhərində) anadan olub. Müəllim işləyir. Eyni zamanda bələdiyyədə çalışır. General Bərxudarov onu arxa cəbhədəki fəaliyyətinə görə təltif edib. O arxa cəbhənin qəhrəmanlarındandır.
Özü barədə çox danışmır Tural müəllim. Sadəcə, “Bu 44 gündə nələr gördük, nələr” deyir.
44 günlük Zəfər dastanımızın bir tərənnümçüsü də o olacaq. Sözün həqiqi mənasında arxa cəbhədə gecəni gündüzlərə qataraq yollarda, postlarda olub, əlindən gələn köməyi edib, tibb işçilərinə, hərbiçilərə. İndi xatirələrini bir kitab halına salmaq niyyətindədir. Heç nə unudulmasın deyə...
“Müharibədən əvvəl və başlayandan sonra arxa cəbhə olaraq əlimizdən gələni etməyə çalışdıq. Şəhid olan qardaşlarımızı Əhmədbəyli kənd məsçidinə yola saldıq, yaralı qazilərimizi qarşılayıb onları Horadiz xəstəxanasına, Olimpiya İdman Kompleksində yerləşən Hospitala, rayonumuzun müxtəlif yerlərində olan xəstəxanalara, Diaqnostika Mərkəzinə çatdırılmasına kömək olduq.
İlk gündən bizim uşaqlar qruplar halında Horadiz şəhər xəstəxanasında yaralılara kömək etmək, tibbi maşınların yanında oturub rayonumuzun həmin anda müxtəlif yerlərində fəaliyyət göstərən xəstəxanalara yaralı və yaxud da Şəhid aparılmasına kömək etmək (təcilli tibbi yardım maşınları ilk vaxtlarda yolları tanımırdılar), gələn “TIR” dolu suları boşaltmaq, hərbi maşınlara, təcili tibbi yardım maşınlarına yükləyib ön xəttə çatdırılmağa köməklik etmək, ön xətdən hərbi tibbi maşınlarda (“sanitarka”larda) gətirilən yaralı və yaxud da Şəhidlərimizi təcili tibbi yardım maşınlarına mindirib xəstəxanalara göndərilməsində köməklik etmək, sığınacaqlardakı insanlarımıza yardım etmək, Şəhid və yaralı yaxınlarına kömək edib onların tapılmasına kömək etmək və s. məsələlərdə fəaliyyət göstərmişdilər. Bununla yanaşı, hərbi zona olduğundan əraziyə yad adam gələndə, icazəsiz çəkiliş aparanda bunların qarşısının alınmasında fəaliyyət göstərmişdilər. Cəbhəyə getmək üçün gətirilən əsgərləri gecələmək üçün öz evlərinə aparıb qulluq edənlər olmuşdu. Adlarını çəkməyib ümumi hər birinə təşəkkür edirəm, “Var olun” deyirəm” ,- deyir Tural müəllim.
Duyğularını ən yaxşı özü dilə gətirə bilər. Odur ki, öz dilindən eşidək:
“Boynuma alıram - ağladım, Vallah, ağladım. İşğaldan azad olunan torpaqlarımızı eştdikcə ağladım, kimsənin görmədiyi yerdə ağladım. Ağır yaralı əsgərin "buraxın, mənim heç nəyim yoxdur" dediyini görəndə ağladım. Hər yaralıya, Şəhidə öz oğluymuş kimi yüyürən atanı görəndə ağladım. Gücü ancaq öz əkdiyi yerkökünü əsgər balasına gətirən yaşlı adamı görəndə ağladım. Şəhid olan oğluna verdiyi sözü tutmaq üçün azad olunan torpaqları görmək üçün gələn atanı görəndə ağladım. Ermənistana layiq olduğu cavabı verməyə gedən əsgəri görəndə də, söz verənlərin bəzilərini geriyə dönən, bəzilərini dönməyən görəndə də ağladım. Ağladığımı gizlətmirəm, evi dağılanların əsgərin bir telinə yüz belə evlərin qurban olduğunu deyənləri görəndə. Ağladım, Vallah. Nə gizlədim, ön xətdən gələn əsgərə “otur ayaqqabını təmizləyim” deyənləri görəndə. Komandiri ağır yaralandığı halda əmrə tabe olmayaraq onu döyüş meydanında tək buraxmayan əsgəri gördükdə. Əsgərə çörək çatdıra bilməyən çörək sexindən ac qalsa da, çörək almayan sakinlərimizi gördükdə ağladım. PUA gördükdə yaxınlıqdakı əsgərlərini qorumaq üçün yol qırağında əl edərək diqqəti özünə cəlb edən sakinlərimizi gördükcə ağladım. Yaralı əsgərin qanaxmasına, ağrısına baxmayaraq, “öncə Şəhidi düşürün” dediyini eşidəndə ağladım. Ağladım qürurumdan, ağladım 30 illik bir problemin 44 günə həll oluna bildiyini gördüyümdən. Heç kimin görmədiyi yerlərdə ağladım, itirdiklərimizi biləndə, qazandıqlarımızı görəndə ağladım. Ağlamaq üçün deyil, ağlatmaq üçün deyil, sadəcə var oluğumuzu hiss etdiyim üçün ağladım. Qınamayın məni bəzən bilərəkdən, bəzən də bilməyərəkdən ağladım”.
Tural müəllim qələbənin sorağını ilk eşidənlərdən olub. Və 30 il sonra həsrətini çəkdiyimiz ana yurdun torpağını öpə bilməsə də, tozunu gözlərinə sürtüb, ürəyinin yanğısını söndürmək üçün:
“Oktyabrın 3-ü idi. Bir hərbi maşın dayandı, içindən kişilər düşdü. Nəyəsə ehtiyacları var deyə soruşdum. Siqaret, su təklif etdim. Cavab eyni oldu: “Hər şey var”. Buna baxmayaraq, etdiyimizdən etdim. Maşın tozlu idi. Hardan gəldiklərini soruşdum. Qürurla, gülümsəyərək azad olunmuş ərazilərdən gəldiklərini dedilər. 30 il bəlkə də yola çıxanda bizdən o tərəfdən gələn maşınlara hardan gəlirsən və həsrətlə alacağımız o cavabı dedi. İnanın həmin an sevincimdən nə edəcəyimi, nə deyəcəyimi belə bilmədim. Halımı gördü və özü danışdı. Maşına su tökdülər, işlək vəziyyətə salanda əlimi maşının kənarındakı toza sürtdüm. Gözlədim, uzaqlaşdılar. Əlimi qaldırıb bir xeyli toza baxdım və öpdüm. Qoxuladım, heç bilməzsiz, necə gözəl ətri gəlirdi. Dünyanın ən gözəl qoxusu, Vətən qoxusu”.
Müəllim müqəddəs peşədir. Onu Tural müəllim kimi öz əməli ilə daha da müqəddəsləşdirib örnək olanlara eşq olsun. Bu 44 gün bizə əslində kim olduğumuzu, nə qədər gözəl insanlar olduğumuzu yenidən xatırlatdı.
Bizimyol.info