Qəbələ və Gəncədə türk hərbi bazası: “Buna doğru gedirik”

Qəbələ və Gəncədə türk hərbi bazası: “Buna doğru gedirik” backend

“Azərbaycan-Türkiyə ittifaqı müharibə günlərində gücləndi. Müharibədən sonra da az qala hər ay birgə hərbi təlimlər keçirilir, hər həftə Ankaradan Bakıya heyət gəlir. Yəni biz elə bir ittifaq qurmuşuq ki, bəzən bir millət, iki dövlət yox, bir millət, bir dövlət kimi hərəkət edirik. Bir sözlə, bu, vacib bir prosesdir və gələcək illərdə də davam edəcək. Qarabağda da quruculuq işləri başlayıb, türk şirkətlərinin də burada böyük payları var. İşlərimizi bu yöndə davam etdirməliyik, çox uğurlu strategiyadır”.

Qazilər.az politoloq Elxan Şahinoğlunun müsahibəsini təqdim edir:

- Ermənistan-Azərbaycan sərhədlərindəki gərginlik nə ilə nəticələnəcək?

- “Gərginlik” deyəndə ki, biz öz haqlarımızı tələb edirik, sərhədlərimizi müəyyənləşdiririk, texniki məsələləri həll edirik. Kimsə buna görə bizə mane olmur. Erməni tərəfi təxribatlara əl atır, bunun da qarşısını alırıq. Belə təxribatlardan birində hərbçiləri saxlanıldı, pilotsuz uçan aparatlarını (PUA) zərərsizləşdirdik. Yəni planlarımızı poza biləcək addımlar ata bilmirlər, biz öz işimizi görürük. Çalışırlar ki, hansısa ölkələrin Azərbaycana təzyiqlərinə nail olsunlar. Azərbaycan əleyhinə açıqlamalar verilsə də, bu da bizə mane olmur, əl-qolumuzu bağlamır. Yəni biz işimizi davam etdiririk, problem Ermənistanındır. Buna görə də qarşımızda ciddi problemlərin olduğunu düşünmürəm. Təxribatlar varsa da, qarşısını alırıq. Əgər böyük təxribatlar olacaqsa, antiterror əməliyyatları keçirəcəyik. Lap böyük təxribatlar da olsa, “Dəmir yumruq” əməliyyatları qaldığı yerdən davam edəcək.

- Ermənilər istər sərhəd, istərsə də Qarabağ daxilində təxribatlara əl atırlar. Belə bir məqamda da o sual yaranır ki, Ağdamda fəaliyyət göstərən Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin rolu nədən ibarətdir? Məsələn, bu mərkəz olmasaydı, bu gün hansı proseslərin şahidi ola bilərdik, bunun baş verənlərin miqyasının azaldılmasında bir rolu varmı?

- Hələ bu mərkəz yaradılanda demişdim ki, bunun elə ciddi rolu və fəaliyyəti olmayacaq. Bu mərkəzin səlahiyyəti də böyük deyil. Bu mərkəzin əsas fəaliyyəti Qarabağda atəşkəsə riayət olunmasını təmin etmək və PUA-larla kəşfiyyat uçuşları həyata keçirməkdir. Bunu da edirlər. Mərkəzin bundan başqa böyük səlahiyyətləri yoxdur. Monitorinq mərkəzi sərhədlərdə baş verənlərdən məsuliyyət daşımır, bunun üçün onun böyük bir səlahiyyəti yoxdur. Bu qurum sadəcə olaraq, Rusiya və Türkiyənin Qarabağda birgə fəaliyyətini təcəssüm etdirir, ayrı bir rolu yoxdur.

Sərhəd məsələsinə gəldikdə, bura üçüncü dövlətin qarışmasını istəmirik. Bunu özümüz Ermənistanla birlikdə həll etməliyik. Biz özümüzə aid olanları götürməliyik, bundan sonra demarkasiya prosesi başlamalıdır. İndi də bu işi özümüz görürük, heç kim və heç nə bizə mane olmur.

- Rusiya baş nazirinin müavini Aleksey Overçuk bölgədəki nəqliyyat xətlərinin yaxın gələcəkdə işə düşəcəyinə ümid etdiyini bildirib. Amma Ermənistan buna ciddi-cəhdlə mane olur. Belə olan təqdirdə, Rusiya buna görə Ermənistana təzyiq edəcəkmi?

- Ermənistanda keçiriləcək parlament seçkilərinin nəticələrini gözləmək lazımdır. Seçkilərə 20 gün qalır, bu müddət ərzində də, Ermənistan tərəfindən kommunikasiya xətlərinin açılması ilə bağlı addım atılmayacaq. Bu gün artıq Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan açıqlama verib ki, üçtərəfli komissiyanın işini dayandırıblar. Guya sərhəddəki gərginlik fonunda belə danışıqları davam etdirə bilməzlər.

Biz də tələsməməliyik, seçkiləri keçirsinlər, görək, bundan sonra necə bir hökumət formalaşacaq. Bundan sonra həm Rusiya, həm də Ermənistandan tələb edəcəyik ki, iki bəyanatın şərtləri yerinə yetirilsin.

- Bəs seçkilərdən sonra hansı gəlişmələrin şahidi ola bilərik?

- Seçkilərdən sonra bir neçə ssenari ola bilər. Birincisi, Paşinyan qələbə qazanır və təkbaşına hökumət qurur. İkincisi, qələbə qazansa da, səsləri kifayət etmir və koalisiya hökuməti formalaşır, əsas ortaq da Paşinyanın “Mənim addımım” bloku olur. Üçüncüsü, Köçəryan daşnak tör-töküntüsü ilə hakimiyyətə gəlir. Dördüncü ssenariyə görə, ordu içindəki bir qrup hərbçi və ya general seçkilərin nəticələrini tanımayaraq, hərbi çevriliş edir və Ermənistanda vətəndaş müharibəsi başlayır. Bu ssenarilərin hamısına hazır olmalıyıq. Yəni Ermənistandakı bu proseslər bu istiqamətlərdə inkişaf edə bilər.

- Son günlərdə Türkiyə və Azərbaycan arasında qarşılıqlı təmasların sayı artıb. Sizcə, iki ölkə arasındakı bu fəallığın bölgədəki son gəlişmələrlə əlaqəsi varmı?

- Bu, zəruri prosesdir. Azərbaycan-Türkiyə ittifaqı müharibə günlərində gücləndi. Müharibədən sonra da, az qala hər ay birgə hərbi təlimlər keçirilir, hər həftə Ankaradan Bakıya heyət gəlir. Yəni biz elə bir ittifaq qurmuşuq ki, bəzən bir millət, iki dövlət yox, bir millət, bir dövlət kimi hərəkət edirik. Bir sözlə, bu vacib bir prosesdir və gələcək illərdə də davam edəcək. Qarabağda da quruculuq işləri başlayıb, türk şirkətlərinin də burada böyük payları var. İşlərimizi bu yöndə davam etdirməliyik, çox uğurlu strategiyadır. Çünki Türkiyə artıq Azərbaycanda – Qarabağda yerləşib. Rusiya da artıq bu amili nəzərə alır, Ermənistan da qəbul etmək məcburiyyətindədir.

- Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçiriləcək. Digər yandan, Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov Türkiyəyə getdi. Bu gəlişmələr Azərbaycanda Türkiyə hərbi bazasının qurulması məsələsini yenidən gündəmə gətirib. İndiki situasiya bunun üçün uyğundurmu?

- Baza məsələsini ilk gündəmə gətirənlərdən biri də mənəm. Bu haqda on ildir danışıram. Hiss edirəm ki, artıq buna doğru gedirik və bu, doğru strategiyadır. Bütün hallarda Türkiyənin Azərbaycanda hərbi bazaları olmalıdır. Bu, Azərbaycanın təhlükəsizliyi üçün lazımdır. Düzdür, biz müharibədə qələbə qazandıq, amma təhlükələr yenə də qalır. Təkcə Ermənistandan yox, başqa istiqamətlərdə də təhlükələr yarana bilər. Bundan sığortalanmağın yolu Türkiyə ilə hərbi ittifaqın daha da gücləndirilməsindən, türk hərbi bazalarının Azərbaycanda yerləşdirilməsindən keçir. Rusiyanın Ermənistanda hərbi bazaları var, Türkiyə də bizim strateji müttəfiqimizdir. Türkiyənin Gəncə, Naxçıvan, Qəbələ və Qarabağda hərbi bazaları, kazarmaları olmalıdır ki, Azərbaycanın təhlükəsizliyi daimi olsun.

Teleqraf

Diaspora