“Bütün sahələrdə monopolistlər var, arxasındakılar da elə-belə adamlar deyil”

“Bütün sahələrdə monopolistlər var, arxasındakılar da elə-belə adamlar deyil” backend

Vahid Əhmədov: “Korrupsiyaya bulaşanlar, xalqı incidənlər mütləq bir gün cavab verməli olacaq”

 

“Toylar mütləq bərpa olunmalıdır”

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov ölkə gündəmilə bağlı Modern.az-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

 

- Vahid müəllim, 31 maydan etibarən Azərbaycanda sərt karantin rejiminin yumşaldılmasına start verilib. Bunun iqtisadi fəallığa təsirlərilə bağlı fikirləriniz maraqlıdır.

 

- Çox şükür, metronun açılması ilə insanlar normal şəkildə işə gedib-gəlir. Düzdür, şəhərdə bəzi yolların bağlı olması müəyyən çətinliklər yaradır, amma bu da müvəqqətidir. Yumşaldılmalarla pandemiya zamanı müəyyən sahələrdə yaranmış problemlər, bəzi insanların əməkhaqlarındakı narazılıqlar öz həllini tapacaq. Təsərrüfat, istehsal sahələrindəki fəaliyyət davamlı olacaq. Təbii ki, bu da Azərbaycan iqtisadiyyatına öz müsbət təsirlərini göstərəcək. Amma biz qəti şəkildə arxayınlaşmamalıyıq. Çünki dünyadakı pandemiya, lənətə gəlmiş virus hələ tam lokallaşdırılmayıb. Ona görə də gigiyenik qaydalara, təmizliyə, qapalı məkanlarda tibbi maskadan istifadəyə diqqət etməliyik. Bəzi xarici ölkələrdə yoluxma sayında artımlar müşahidə olunur. Sevindiricidir ki, bizdə kifayət qədər azalma var, amma dediyim kimi, bu, bizi arxayın salmamalıdır. Pandemiya dövründə Azərbaycan sərt, qapalı dövlət də olmadı, müəyyən qadağalarla vəziyyət nəzarət altına alına bildi və hazırda müsbət dinamika davam edir. Bunun davamlı və dayanıqlı olması üçün hamımız səy göstərməliyik.

 

- İqtisadi fəallıqdan söz düşmüşkən, xoşumuza gəlsə də, gəlməsə də toylar Azərbaycan iqtisadiyyatının əsas sütunlarındandır. O şəkildə ki, bu sahə ilə əlaqəli olan hər kəs bir-birini dolandırır. Gözəllik salonları, şadlıq sarayları, bazarlar, müğənnilər, musiqiçilər, müxtəlif xidmət sahələri və s. toy biznesindən qidalanır. Yumşalmalar fonunda toyların keçirilməsilə bağlı yenilik gözlənilə bilərmi?

 

- Yoluxma saylarındakı azalmalar toyların keçirilməsinə imkan verir. Ona görə də toylar bərpa olunmalıdır. Bunun üçün müəyyən qaydalar işlənib hazırlanmalıdır. Təbii ki, söhbət 1000, 500 nəfərlik toylardan getmir. Açıq havada 100-150 nəfərlik toylara icazə verilməlidir. Həm də siz deyən kimi, toy insanlar üçün iş yeridir. Yəqin ki, növbəti yumşaldılmalarda buna gediləcək. Çünki toy, yeni ailələrin qurulması vacib məsələlərdən biridir. İnsanlar var ki, pandemiya başlayandan toy gözləyir, nişanlı qalıblar, yaşları ötür.

 

- Elə dediyiniz insanlardan gizli toy edənlər də var...

 

- Mən o insanları başa düşürəm. Amma bu, qanun pozuntusudur. Gənc qızlar, oğlanlar ailə qurmaq istəyirlər. Onları da başa düşmək lazımdır. Ona görə insanların bu istəklərinə qanuni şəkildə icazə vermək lazımdır ki, sabahısı gün toya basqın edilməsin, qanqaraçılıq olmasın. Mənim fikrimcə, toylarla bağlı Operativ Qərargah tərəfindən qərarlar veriləcəyi gözlənilir. Şəxsən mən bunun tərəfdarıyam. Toylar olsun, amma pandemiya gözlənilmək şərilə. Bu barədə həmkarlarım tərəfindən parlamentdə də məsələ qaldırılıb, düşünürəm ki, müsbət həllini tapacaq.

 

- Vahid müəllim, parlamentdə vəziyyət necədir, ötən ilin büdcəsinin icrası ilə bağlı aparılan müzakirələr nə dərəcədə qənaətbəxş oldu? Ümumiyyətlə,  pandemiya dövründəki büdcənin icrasını necə qiymətləndirirsiniz?

 

- Bilirsiniz, 2020-ci ilin dövlət büdcəsi ən çətin dövrü əhatə etdi. Bir tərəfdən pandemiya, bir tərəfdən də 44 günlük Vətən müharibəsinin büdcə xərcləmələrinə çox təsiri oldu. Bütün bunlara baxmayaraq istər Maliyyə Nazirliyi, istər İqtisadiyyat Nazirliyi büdcənin gəlir hissəsinin artırılmasını təmin etdi. 24.6 milyard manata yaxın vəsaitlə faktiki olaraq, əvvəlcədən planlaşdırılmış xərclərin ödənilməsi təmin olundu. Hələ 2 milyarda yaxın vəsait COVID-19-la mübarizəyə sərf edildi. Bunun da bir hissəsi tibb işçilərinin əməkhaqlarının ödənilməsinə, bir hissəsi avadanlıqların alınmasına, bir hissəsi modul tipli xəstəxanaların təşkilinə xərcləndi, 276 milyon manat da sahibkarlara dəstək məqsədilə ayrıldı və s. Bir sözlə, dövlət büdcəsinin 35 faizinin sosialyönümlü olmasını nəzərə alsaq, Azərbaycan hökuməti 2020-ci ildə qarşıya qoyulan sosialyönümlü məsələlərin öhdəsindən gəldi.

 

- Büdcəsi hələ də neftdən asılı olan ölkə üçün hazırda “qara qızıl”ın qiymətləri çox əlverişlidir. Bu günə olan məlumata görə dünya birjalarında 1 barrel neftin qiyməti 70 dolları ötüb. Hər nə qədər qeyri-neft sektorunu dirçəltməyə çalışsaq da, neft qiymətlərinin yüksəlməsi bizə həm də bir rahatlıq verir.

 

- Əslində buna rahatlıq verir demək olmaz, rahatlıq verməməlidir də. 2020-ci ilin dövlət büdcəsinin gəlirlərində neft gəlirləri 14 faiz idi. 12.2 milyard manat Dövlət Neft Fondundan transfert idi, 1.8 milyard manat da neft pulları idi ki, bu da ümumilikdə 14 milyard manat edirdi. Neft əsas ixrac potensialımızı təşkil edir. Son vaxtlar İqtisadiyyat Nazirliyi tərəfindən yeni iş yerlərinin açılması istiqamətində çox ciddi işlər həyata keçirilir. Ümid edək ki, yaxın gələcəkdə qeyri-neft sektorunun inkişafını əyani şəkildə daha geniş görəcəyik.

 

- Vahid müəllim, bura həm də ölkə başçısının da dediyi kimi, işğaldan azad edilmiş ərazilərimizdə yaradılacaq sənaye parkları hesabına minlərlə iş yerlərinin açılacağını əlavə etmək olar.

 

- Bəli, cənab Prezident Ağdama sonuncu səfəri zamanı iqtisadi zona yaradılacağını elan etdi. Ərazidə fabrik və zavodlar, sənaye müəssisələri istifadəyə veriləcək. Bu isə yüzlərlə, minlərlə insanın işlə təmin edilməsi deməkdir. İşğaldan azad edilmiş ərazilərdə iqtisadi zonalar yaradılır. Bu çox böyük əhəmiyyət kəsb edir. Təbii ki, neftdən asılılığın qalması bizi də narahat edir. Neft qiymətləri yüksək olanda müəyyən arxayınlıq da yaranır. Amma hökumətin iqtisadi qurumları qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyulmuş məqsədə çatmaq üçün səyləri davam etdirəcəklər. Qarabağ bu xüsusda böyük əhəmiyyət kəsb edəcək.

 

- Qəribə bir paradoks var: inkişaf gedir, Azərbaycan yenidən qurulur. Amma bu inkişafla bərabər korrupsiya da qol-qanad açır. İcra başçılarının, ayrı-ayrı rəsmi qurumların rəhbər şəxslərinin, hətta pandemiya dövründə baş həkimlərin həbsi hansısa nəticə çıxarılmadığı qənaətinə varmağa vadar edir. Çünki yüksək postda təmsil olunan bəziləri hələ də xalqın olanını, dövlətin büdcəsini talamaqda davam edirlər.

 

- Bu istiqamətdə proses davam edir. Dövlət başçısı öz qəti mövqeyini bildirib. O deyib ki, Azərbaycanda korrupsiyaya yox deyilməlidir. Bunu hamı başa düşməlidir, istər nazir olsun, istər icra başçısı olsun, istər komitə sədri olsun, istər şirkət rəhbəri olsun, istərsə də baş həkim olsun. Kimliyindən asılı olmayaraq, pulu hər şeydən üstün tutanlar, korrupsiyaya bulaşanlar, xalqı incidənlər mütləq bir gün cavab verməli olacaq.

 

Bir vaxtlar Azərbaycanda vergi siyasətində çox ciddi problemlər vardı, sahibkarlar çox əziyyət çəkirdi. Mikayıl Cabbarov vergi sahəsinin şəffaflaşdırılması üçün ciddi islahatlara getdi. Faktiki olaraq sahibkarlardan tələb olunan odur ki, vaxtında ödənişlərini etsinlər, sənədləri qaydasında olsun. Ümid edək ki, digər sahələrdə də bu şəffaflığa nail olunacaq. Bu gün “Azərbaycanda korrupsiya yoxdur” deyilə bilməz. Bu dəqiqə Azərbaycanda çox ciddi inhisarçılıq, monopoliya var. Hansı sahədə desəniz, monopolistə rast gəlmək mümkündür, özü də arxasındakılar elə-belə adamlar deyil. O insanlar ki, korrupsiyaya qurşanırlar, onların axırı yaxşı olmayacaq. Çünki ölkəmizdə korrupsiyaya qarşı Prezident, Prezident Adminstrasiyası, Dövlət Təhlükəsizliyi Xidməti, hüquq-mühafizə orqanları səviyyəsində mübarizə aparılır. Ona görə də etimad sahibi olan, vəzifə etibar edilən hər kəs bunu dərk etməlidir.

 

“Vəzifəyə gəlməklə böyük pullara sahib olacağam” düşüncəsi çox geridə qalıb. Son həbslər də bunu diqtə edir. O fikirlə gələnlər, elə o fikrə də qurban gedirlər. Biz cənab Prezidentin rəhbərliyilə müasir, modern Azərbaycan qururuq. Əksini düşünənlər, elə əks qütbdə qalmalı olacaqlar. Və təəəssüf edirəm ki, onların sayı kifayət qədər çoxdur. Baş verənlərdən dərs çıxarmırlar, büdcəni talaya-talaya öz sonlarını hazırlayırlar. Bəzi icra başçıları, dövlət qurumlarının sədrləri, şirkət rəhbərləri elə bilirlər ki, vəzifəyə rüşvət yığmaq üçün təyin ediliblər. Bunların hamısının qarşısı alınacaq.

Diaspora