"İnanmıram, belə bir şey olsun" - Qurban Qurbanov

"İnanmıram, belə bir şey olsun" -  Qurban Qurbanov backend

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 27-ci turunda "Keşlə"yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.

Qol.az xəbər verir ki, o, qələbə münasibəti ilə futbolçularını təbrik edib:

- Bu oyunlarda soyuqqanlı və səbrli olmaq çox vacibdir. Bu gün futbolçular özlərini rahat və sərbəst hiss etdilər, eyni zamanda yaxşı oyun qurdular. Baxmayaraq ki, çoxsaylı qol epizodlarımız oldu. Amma vacib olan odur ki, hazırlaşdığımız kimi hücumlar qurduq və oyunu düzgün şəkildə sona yetirdik. Vacib olan 3 xalı qazandıq. Sənan Qurbanova  həm çempionatda, həm də Azərbaycan kuboku uğrunda mübarizədə uğurlar arzulayıram.

- Son tur "Neftçi" ilə "qızıl oyun" olacaq. Həmin oyunla bağlı nə deyə bilərsiniz?

- Bəzi nüanslar var, rahat da deyə bilərik, əksinə də ola bilər ki, çətin olsun. Amma futbolçularıma inanıram. Bu, həmin oyundur ki, görüşə sərbəst çıxmaq lazımdır. İnanıram ki, oyunçular buna da özlərini hazırlaya biləcəklər. Futbolçularımın durumu, hazırlığı yaxşı səviyyədədir. Oyuna da ən yaxşı tərəfdən hazırlaşacaqlar. Onunla da razıyam ki, sonuncu matçdır, burada çempionluq həll olunacaq. Hər bir halda mütləq şəkildə çalışıb çəkinmədən öz oyunumuzu göstərməliyik.

- Ardıcıl çempionluqlardan sonra bu il titul əldən getsə, necə olacaq?

- İnanmıram, belə bir şey olsun. Biz tək deyilik, idman və idman prinsipləri var. Qalibiyyət haqda düşünürük. Mən bura gələndən rəhbərliklə bir yerdə, ələxsus futbolçularla olan hər söhbətimdə, hər işimdə hədəfimiz o olub ki, hər oyun irəliləyək, hər matç qələbə qazanmağa çalışaq. İşimizi əgər düzgün qururuqsa, tələbimiz doğru-düzgündürsə, inşallah, nəticə də olacaq. Sabah biz çempion olmasaq, bizim üçün nə isə deyiləcəyinə inanmıram. Çünki ötən oyun da fikirlərimi bildirmişdim ki, biz bu komanda ilə sevərək və məsuliyyətlə işləyirik. Bu komandanın yaşaması, öz oyun üslubunun olması, hücüm futbolu oynaması, topa daha çox sahib olması bizim hədəfimizdir. Nə vaxtsa nəticə olmaya bilər, amma sonra daha çox olacaq. İnşallah ki, yaxşı nəticə əldə edəcəyik.

- Mahir penaltini vuranda siz işarə verdiniz.

- Oyun gedə-gedə ürəyimdən keçdi ki, penaltini Mahir vursun. Heç vaxt belə olmamışdı. İlk dəfə idi ki, fikrimdən keçdi. Ən ürəksiz qərarım idi. Mən qərarı daha ürəklə verirəm. Amma inanırdım ki, vuracaq. Normal hesab edirəm, bu da bir epizoddur. Mahir qol vurur. İnanıram ki, növbəti oyuna daha çox motivasiya ilə çıxacaq.

- Bu il komanda çox penaltini boşa verdi. Matiçin günahı varmı?

- Xeyr, bu o demək deyil ki, Matiç pis yerinə yetirir. Matiç bu gün vura bilməyə bilər, amma sabah öz ustalıq keyfiyyətindən istifadə edəcək. Belə halları normal hesab edirəm. Tanımış futbolçular da vacib oyunlarda qol vura bilmir.

- Ozobiçin Azərbaycan millisində oynamağı ilə bağlı hansı məlumatınız var?

- Bildiyim qədər onunla maraqlanırdılar. Amma son vaxtlar bu haqda məlumatım yox idi. Amma belə bir fikirlərinin olduğunu bilirəm.

- Fasilədə paltardəyişmə otağında "Neftçi"nin oyunu müzakirə olundu?

 - Xeyr, ümumiyyətlə müzakirə olunmadı. Heç maraqlanmadıq da, "Neftçi" udur və ya uduzur. Sadəcə biz gözəl birinci hissə keçirdik. Son 10 dəqiqədə top itkiləri oldu. Ümumən oyun yaxşı keçdi. Fikrim budur ki, belə oyunu davam etdirək və qoruyub saxlayaq.

- Ozobiç milliləşdirsə təzyiq olacaqmı?

- Oyunçu gətirilməsində heç bir milliləşdirilmənin rolu yoxdur. Bizə hansı mövqeyə oyunçu lazımdırsaz, onu axtarırıq, maraqlanırıq. Amma Ozobiçin pasportunun olması bizim üçün əlavə üstünlükdür. Yerli oyunçuların sayı komandada azdır, daha bir oyunçunun olması müsbət haldır. Həmişə demişəm millimiz üçün faydalı olacaqsa, olsun.

- "Neftçi" "Qarabağ" oyununa azarkeşlərin buraxılması üçün Operativ qərargaha müraciət olunub?

- Biz bütün qərarla hörmətlə yanaşmalıyıq. Əlbəttə arzumuz budur ki, oyunlarda azarkeşlər olsun. İnşallah ən doğru qərarı verəcəklər.

Diaspora