Türkiyənin məşhur "Kurtlar Vadisi Pusu" serialının baş qəhrəmanlarından biri olan aktyor Erhan Ufak Bakıya gəlib.
Musavat.com xəbər verir ki, Erhan Ufaq media nümayəndələrinin suallarını cavablandırıb.
- Erhan bəy, ölkəmizə ilk dəfə gəlirsiniz?
- Azərbaycana bir neçə dəfə gəlmişəm. Biz yad ölkəyə gəlməmişik, sanki öz vətənimizə ayaq basmışıq.
Amma təbii ki, həyəcan keçiririk, hər dəfə gələndə eyni hissləri yaşayıram.
- Sizin yaradıcılığınızda "Kurtlar Vadisi" serialı xüsusi rol oynayıb. Fəaliyyətinizdə serialın önəmi nədən ibarətdir?
- "Kurtlar Vadisi" serialı bizim adımızı tanıdan, məşhur edən bir layihədir.
- "Kurtlar Vadisi" serialının davamı olaraq "Kurtlar Vadisi Xaos"un çəkilməsi haqqında xəbərlər yayılmışdı. Bu nə dərəcədə doğrudur?
- Hələ ki, dəqiq məlumatımız yoxdur. Bu haqda serialı çəkən şirkət qərar verir. Əgər serialın davamı çəkiləcəksə, xəbər verəcəklər. Birlikdə bu haqda öyrənəcəyik. Hələ ki, serialın davamının çəkilməsi haqqında məlumatımız yoxdur.
- "Kurtlar Vadisi Xaos" serialı çəkilən zaman layihədə yer alacaqsınızmı?
- Serial çəkiləcəksə, layihədə yer alacam.
- Aktoy Necati Şaşmazla dostluq münasibətiniz davam edirmi?
- Hər hansı problemimiz yoxdur. Münasibətimiz çox gözəldir. Hazırda pandemiya dönəmidir. Bütün serial və proqramların yayımı dayandırılıb. Bütün aktyorların və eləcə də mənim həmkarlarımızla çox gözəl münasibətimiz var.
- 14 il "Kurtlar Vadisi" serialında çəkilmisiniz. Belə bir layihədə yer almaq sizin üçün nə deməkdir?
- 14 il davam etmək başqa bir hissdir. İnsanlar səni sevir, tanıyır. Dünyanın hansısa ölkəsinə gedən zaman səni tanıyırlar, hörmət edirlər, sevirlər.
- Hazırda Türkiyə seriallarında dram janrına daha çox üstlünlük verilməyə başlanılıb...
- Bunun da müddəti var. Bəlli bir dönəmdə sevgi, komediya janrı üstünlük təşkil edirdi. İnsanların xüsusi marağına səbəb olan seriallar çəkilir. Həmin layihə tutduqdan sonra davamı çəkilir.
- Türkiyədə "Netflix" sosial platforması üstünlük təşkil edir. Sizə televiziya yoxsa sosial platformada yer almaq daha asandır?
- Aktyor kimi fəaliyyət göstərirsənsə, hər hansı çərçivə olmamalıdır. Televiziya da, platforma da ola bilər.
- Sizi Azərəbaycanda "Kurtlar Vadisi" serialının Güllü Erhanı kimi tanıyırlar.
Ölkəmizdə reaksiyalar necədir?
- Adımla da, obrazımla da müraciət edirlər. Adım Erhan Ufakdır, obrazım isə Güllü Erhandır. Ona görə də hər hansı çətinliyim yoxdur.
- Türkiyənin tanınmış şirkəti olan "Osman Sınav" Qarabağla bağlı film çəkəcək.
- Bu haqda Bakıya gələrkən məlumat verdilər. İnşallah film çəkərlər. Çox gözəl bir layihədir.
- Qarabağla bağlı layihədə yer almaq istərdinizmi?
- Təbii ki, böyük məmuniyyətlə Qarabağ haqqında çəkilən layihədə yer almaq istəyərdim.
- Vətən müharibəmizdə qalib gəldik. Təəssüratlarınız necədir?
- Qarabağ bizim məbədimizdir. Qarabağ bizimdir və heç kimə verməyəcəyik.