Dünən axşam sosial şəbəkədə Kamran Orucov adlı Vətən Müharibəsi iştirakçısının Bakının “Torqovı” adlı ərazisində səyyar kitab satması maraqla qarşılandı.
Oxu.Az olaraq isə müəyyənləşdirdik ki, bu şəxs həm də müxtəlif yaş kateqoriyaları üzrə kikboksinq idman növündə yeddiqat Azərbaycan çempionudur. Onu tapıb müsahibə götürdük.
– Necə oldu ki, kitab satmağa başladınız? Bu artıq yarışlarda iştirak edə bilməməyinizə görədir, yoxsa necə?
– Kitablara həmişə marağım olub. Kitablar keçmişin səsləri, gələcəyin isə təməlidir mənim üçün. Satışı da mənə maraqlı gəlir. Çünki kitabsevər insanlarla söhbət çox maraqlı olur.
– Satışa yeni başlamısınız?
– Yox, müharibədən qabaq – sentyabrda. Həmin ayın 1-dən satışa başladım.
– Əsasən nəyə aid kitablar satırsınız?
– Tarixi, fəlsəfə, psixoloji və s. Ən çox türk dilində olan kitablardır.
– Hamısı öz kitablarınızdır?
– Bəli, çoxu özümə aid, oxuduğum kitablardır. Amma yeni kitablarım var satış üçün.
– Təxminən qiymətləri nə qədərdir?
– Yarışlarla əlaqəli olaraq İstanbulda çox olmuşam. Oradan həmişə kitab alırdım. Ona görə də oradakı qiymətləri çox yaxşı bilirəm. Amma Azərbaycanda kitab mağazalarına girirəm, görürəm ki, İstanbulda aldığım kitablar burada 3-4 qat artıq qiymətə satılır. Bu da məni qıcıqlandırır, mənə pis təsir edir. O qədər olub ki, Azərbaycanda hansısa kitabı almaq istəmişəm, amma pulum çatmadığı üçün ödəniş edə bilməmişəm. Ona görə də bacardığım qədər ucuz qiymətə satıram ki, alıcının pulu çatsın. Düzdür, kitabı almaq istəyən onsuz da alacaq. Amma Azərbaycanda kitab alıcısı azdır. Pulu çatmayana oxumaq istəyənə mən o kitabı hədiyyə də edə bilərəm.
– Başqa gəlir yeriniz yoxdur?
– Özəl kardio məşqlər keçirəm. İdmandan uzaqlaşdırılsam da, bu sahədən də azdan-çoxdan qazancım var. Həmin məşqləri onlayn və açıq hava şəklində keçirəm.
– Müharibəyə gedişiniz necə oldu?
– Müharibədə iştirak etmək bütün Azərbaycan gənclərinin borcudur. Oktyabrın 9-da çağırışla cəbhəyə yollanmışam.
– Cəbhənin hansı istiqamətində olmusunuz?
– Füzuli, Xocavənd istiqamətində döyüşmüşəm. Mən artıq müharibəyə çağırılanda bizim əsgərlər Cəbrayılı azad etmişdi. Xocavəndin Qırmızı Bazar qəsəbəsi istiqamətində döyüşümüz getdiyi vaxt, müharibənin dayandırılması əmrini aldıq.
– İndi keçək idmanla bağlı olan hissəyə. 2019-cu ilin noyabrında boks üzrə Azərbaycan çempionatında bürünc medal qazansanız da, sonradan AMADA sizi dopinqdən istifadəyə görə iki illik cəzalandırdı. Sizin cəzanız gələn ilin mayın 8-də başa çatacaq. Vətən Müharibəsində iştirak etdiyinizi nəzərə alaraq, AMADA-ya cəzanızın erkən başa çatdırılması ilə bağlı müraciət etməyi düşünürsünüzmü?
– Bu barədə mən də çox fikirləşmişəm. AMADA-ya bu barədə təklifimi edərəm. Köməklik olunsa, lap yaxşı olar. Açığı, cəza müddətində mənə peşəkar boksdan təkliflər çox gəldi. Məsələn, İstanbuldan belə təklif vardı. Müharibə vaxtı da idmansız qalmağıma görə bir az geri düşdüm. İndi öz gücümü qorumaq üçün idmanla məşğul oluram. Yarışlarda iştirak edə bilməsəm də, məşqlə kifayətlənirəm. Pandemiya ilə bağlı zallar bağlı olduğundan, açıq havada məşq edirəm.