Əksər insanlar yuxudan ayılan zaman ilk öncə smartfon barədə düşünür

Əksər insanlar yuxudan ayılan zaman ilk öncə smartfon barədə düşünür backend

“Braun Research” marketinq şirkətinin mütəxəssisləri ABŞ-ın yaşlı nəslinin mobil telefonlarla bağlı vərdişlərini tədqiq ediblər. Məlum olub ki, insanların çoxu yuxudan ayılan zaman ilk növbədə mobil telefonlarını yada salırlar.


Bildirilir ki, bu il aparılan tədqiqatın nəticələri göstərir ki, smartfonlar bu gün həqiqətən gündəlik həyata güclü təsir göstərir. Çoxları üçün onlar gün ərzində sosial əlaqə üçün birinci və sonuncu vasitədir.

Tədqiqata görə, insanların təxminən 35 faizi smartfonu düşünərək yuxudan ayılır, daha 17 faiz qəhvə, 13 faiz dişləri təmizləmək barədə fikirləşir. İnsanların yalnız 10 faizi öz həyat yoldaşı haqqında düşünür. Daha 6 faiz respondent etiraf edib ki, yuxudan ayılarkən televizoru yandırmağı, daha 4 faiz hansı geyimi geyinməyi götür-qoy edir.

Hesabatda həmçinin adi insanların yatmazdan əvvəl nə ilə məşğul olmaları ilə bağlı informasiya təqdim edilib. Belə ki, respondentlərin 23 faizi bildirib ki, onlar əllərində smartfon yuxuya gedirlər. Müqayisə üçün qeyd edək ki, gənclər arasında analoji göstərici 44 faizə bərabərdir.

Bununla yanaşı, gənc və yaşlı nəslin nümayəndələrini təmsil edən rəyi soruşulanların 36 faizi qeyd edib ki, gün ərzində daima telefonlarını yoxlayır. Gənclər arasında bu göstərici 54 faizə çatır.

Mütəxəssislər hesab edir ki, smartfonun əl altında olması bəzən həyatı rahatlaşdırmasına baxmayaraq biz zaman-zaman onsuz istirahət etməyi vərdiş halına çevirməliyik. Bu, gərginlik hissini azaltmağa və bizi kənar, real dünya ilə əlaqədə saxlamağa imkan verəcək, - “Vokruq Sveta” yazır.
Diaspora