Məşhur prokuror koronavirusa şeir həsr etdi: “Hamı təlaş içindədi”

Məşhur prokuror koronavirusa şeir həsr etdi: “Hamı təlaş içindədi” backend

Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Sabir Abdinov BakuPost-un redaksiyasına son yazdığı şeirləri göndərib.

Onlar arasında koronavirusa həsr olunan, insanları evdə qalmağa səsləyən şeir də var.

Qeyd edək ki, Sabir Abdinov uzun illərdir ki, prokurorluq orqanlarında çalışmaqla yanaşı bədii yaradıcılıqla məşğuldur, 5 kitabın müəllifidir.
Tanınmış bəstəkarlar Nadir Əzimov, Vüqar Camalzadə, Vüsal Qurbanov, Rauf Məmmədov, Sahil Əliyev və başqaları tərəfindən 100-dən çox şeirinə mahnılar bəstələnib.

"Mənə dəniz verin", "Yağış istədim", "Bağışla" (ifaçı Eyyub Yaqubov), "Gəlmədin" (ifaçı Qədir Qızılsəs), "Xəbərin yox" (ifaçı Zülfiyyə Xanbabayeva), "Bilirəm, getmisən" (ifaçı Zaur Rzayev), "Yarpaq yağışı" (ifaçı İlhamə Quliyeva), "Bir gün" (ifaçı Mətanət İsgəndərli), "Bu gecə" (ifaçı Rüfət Mehdiyev), "Bu axşam" (ifaçı Emin Nəsirli) və digər mahnıların sözləri ona məxsusdur.
Sabir Abdiovun son şeirlərinin bir-neçəsini təqdim edirik:

HƏMRƏY OLAQ, EVDƏ QALAQ

Bu virusun adı tacdı,
Qəfil gəldi, yaman acdı,
Hər qapını tez də açdı,
Həmrəy olaq, evdə qalaq.

Taclı virus gəlib Çindən,
Dünya boyu biçindədi,
Hamı təlaş içindədi,
Həmrəy olaq, evdə qalaq.

Körpə, qadın, qoca bilməz,
İnsanlığın adın bilməz,
Bu dünyanın dadın bilməz,
Həmrəy olaq, evdə qalaq.

Bu baharın gülmür üzü,
Batıb səsi dağın, düzün.
Susub quşlar, yoxdur sözü,
Həmrəy olaq, evdə qalaq.

Daha bəsdir, dayan, insan,
Daha gecdir, oyan, insan!
Bir-birinə həyan insan,
Həmrəy olaq, evdə qalaq.

Bu yaz donub.., qara daşdır,
Bu olanlar təbiətin
Bəlkə bizə qarğışıdır?!
Həmrəy olaq, evdə qalaq.

1 aprel 2020-ci il.


GƏL, BİR AZ SÖHBƏT EDƏK

(yaş yarımlıq nəvəm Ümrəsultana)


Bezdim bu dünyanın
ölüm xəbərlərindən,
müharibə xəbərlərindən.
Bezdim dünyanı silkələyən virus xəbərlərindən,
bezdim dartışmalardan,
mənasız yarışmalardan.
Gəl, bir az söhbət edək sənin dilində,
bir az da oynayaq sənin kimi.
Nə yaxşı ki, sən bu dünyanın
bu bəd xəbərlərindən,
müharibələrindən,
viruslarından,
ölümlərindən xəbərsizsən, xəbərsiz.
Gəl, bir az söhbət edək sənin dilində,
bir az da oynayaq sənin kimi.
İlahi, dünya necə də gözəldi!
Bir az da oynayaq,
bir az da danışaq.
Bəlkə bu dünya düzəldi,
bəlkə də bu xəbərlər səngidi,
dayandı...
Gəl, quzum,
gəl, bir az da söhbət edək
sənin dilində,
bir az da oynayaq
sənin kimi.
Deyəsən çox yordum səni,
get, bir az da yat,
sonra da
gülüşünlə
dünyanı oyat!
Qarışdırma yuxunu,
gülüşünlə, təbəssümünlə
barışdır insanları,
barışdır təbiətlə insanları,
barışdır hamını,
barışdır!

29 mart 2020-ci il.
Diaspora