Azərbaycanın zəngin tarixə və bənzərsiz təbiətə malik qədim yaşayış məskənlərindən biri də İsmayıllı rayonunun Basqal qəsəbəsidir.
Basqal İsmayıllının ən qədim yaşayış yerlərindən biridir. Kənd 1933-cü ilə kimi rayon mərkəzi olub. 2500-3000 illik tarixi olan qəsəbənin adı Basqal toponimi çoxmənalı sözdür. Təmiz türk sözü olub "qala qur", "qala ucalt", "baş qala" mənasını ifadə edir. Basqalın əhalisi təxminən iki min nəfərdən ibarətdir.Əhali, əsasən, kəlağayı istehsalı, kömürçülüklə məşğuldur. Basqal iki hissədən ibarətdir. "O tay" adlanan hissə təxminən keçən əsrin 30-40-cı illərində salınıb. Sakinlərin əksəriyyəti toxucu və boyaqçı olub. Çayın sol sahili isə qədim Basqaldır. Basqalın küçələrini gəzərkən özünü sanki Bakının İçərişəhərində hiss edirsən. Daş döşənmiş küçələri, sıx tikililəri İçərişəhərə çox bənzəyir. Basqalda tikilən evlərin ən maraqlı xüsusiyyəti odur ki, evlər hamısı üzü qibləyə tikilib. Qəsəbədə Qoşabulaq, Dərəməhəllə, Dəmirçibazar, Qəlibgah, Xarabiyan, Qalabaşı adlı məhəllələr var. Hər məhəllənin adı isə orada yaşayanların məşğuliyyət növü, tarixi keçmişi, etnik tərkibi ilə bağlı yaranıb. Qədim tarixə malik Basqal qala və məscidləri ilə də məşhurdur.
Basqalı ölkəmizdə və dünyada tanıdan kəlağayısıdır. Basqal kəlağayının vətənidir desək, yanılmarıq. Basqal əsrlərboyu Şirvanın, bütövlükdə Azərbaycanın çox mühüm ipək məmulatı istehsalı mərkəzlərindən biri olub. Azərbaycanlı xanımların ənənəvi baş örtüyü olan ipək kəlağayılar Basqala xüsusi şöhrət qazandırıb. Kəlağayı elə baş örtüklərindəndir ki, ona hər zaman ehtiyac duyulur. Dəbin sürətlə dəyişildiyinə baxmayaraq örtüyün ölçüsü, naxışlarının forması olduğu kimi hələ də qalmaqdadır. Onu hətta dünyada ən uzunömürlü baş geyimlərindən biri kimi qəbul etmək olar. Basqal kəlağayısı təkcə ölkəmizdə deyil, bütün dünyada tanınır. 1862-ci ildə Londonda keçirilən ümumdünya sərgisində isə basqallı toxucu Nəsir Əbdüləziz oğlu kəlağayı və qanovuz parçaya görə sərginin medalı və xüsusi diplomu ilə təltif olunub. Hazırda Basqalda kəlağayı istehsalı ilə məşğul olan çox az sayda adam qalıb. Kənddə kəlağayı mərkəzi fəaliyyət göstərir. Yeri gəlmişkən, mərkəzdə sifarişlə kəlağayı hazırlanır. Bir kəlağayının qiyməti 30 manatdan başlayır. Əgər Basqaldan yadigar olaraq hədiyyə almaq istəsəniz, kəlağayıdan gözəl seçim ola bilməz. Xarici qonaqlar bu muzeyə böyük maraq göstərirlər. Buraya kəlağayının necə hazırlandığına baxmaq üçün ekskursiyalar təşkil olunur.
Xüsusilə yay aylarında sıx meşəsi və soyuq bulaqları ilə seçilən Basqal rayonumuza gələn turistlərin sevimli istirahət məkanlarındandır. Kənddə çoxlu istirahət məkanları yerləşir. Günlük evlər 30 manatdan istirahət mərkəzlərində isə 50 manatdan başlayan qiymətlərlə siz möhtəşəm Basqalda bir gün keçirə bilərsiniz.
Trend.az